featured-image-963

Uca Allaha həmd olsun ki, ən ülvi nemətlərini bizə bəxş etmişdir. Artıq Allah Təalanın nemətləri bizim üzərimizdə tamamlanmışdır. Bunun açıq aşkar dəlili Qurani-Kərimin Maidə surəsinin 6-cı ayəsi bizə kifayət edər. Həmin ayədə uca Allah bizə buyurur: «Mən bu gün sizin dininizi kamilləşdirdim, sizə nemətimi tamamladım və islamı sizin üçün din olaraq bəyəndim».

Şəni uca Allah (s.v.t) burada din olaraq göndərdiyi islamı bizim üçün nemət adlandırmışdır. 70 il müddətində Allaha inanmayan, Allahın düşmənləri tərəfindən gizlədilən, yayılmasına, yaşanmasına icazə verilməyən, bizə nemət olduğunu fərq etmədiyimiz bu islam nemətini indi-indi öyrənməyə, öyrətməyə və yaşamağa çalışır və həqiqətən də bunun böyük nemət olduğunu fərq etmədiyimiz bu islam nemətini indi-indi öyrənməyə, öyrətməyə və yaşamağa çalışır və həqiqətən də bunun böyük nemət olduğunu dərk edirik. Dərk edərək də bunu özümüzə yaxın bildiklərimizə bildirir, onları Allahın bu böyük nemətindən faydalanmağa dəvət edirik.
Qəlbi Allahın adını layiqincə dərk edəcək genişlikdə olan, Allaha qulluq vəzifələrini tam, mükəmməl bir hörmət və səmimiyyətlə yerinə yetirərək həqiqi sevginin zirvəsi sayılan qulluq haqqını Allaha tam ödəyən bir insan heç bir insana möhtac olmaz, insanların ən zənginləri arasında yer alar. İmam Qazali «Əl-Məqsadul-əsna» əsərində (səh.38-də) deyir ki, «Qulun Allah adından alacağı dərs Allah kimi heç kimə möhtac olmamaqdır. Yəni qəlbini tamamilə Allaha açmaq, güc və qüvvəni Ondan bilmək, Ondan başqa heç bir şeyi görməmək, onun xaricində bir şeyə dönüb baxmamaqdır. Sadəcə Ondan qorxmaq və Ona ümid bəsləməkdir. Qul axı niyə belə olmasın ki? Axı insan bu adla həqiqi varlığın tək Allah olduğunu bilir, Ondan başqa hər şeyin yox lacağına inanır. İlk yox olanlar arasında da özünü görür (İbn Kəsir, Kurbubi, İsmail Hüsna).
Mən isə deyirəm ki, insan asanlıqla bu səviyyəyə çata bilmir, bunun üçün o müəyyən imtahan dövrlərindən keçməlidir. Bu gün müasir vətəndaşlarımızın içərisində, xüsusilə islama qarşı böyük meyli və rəğbəti olan həm gənc, həm orta, həm də yaşlı vətəndaşlarımız var. Onlar islamı öyrənir, öyrədir və gücləri çatan qədər də əməl edirlər. Lakin islamın ilk dövrlərində olduğu kimi, bu gündə onlar (islama rəğbəti olanlar) təzyiqə, iftiraya, əziyyətə məruz qalır, incidirlər. Xüsusilə bu gün biz gənclərin əsas problemlərindən biri dini savadı olmayan yaxınlarımızın bizim dini işlərimizə müdaxilə etmələri, xeyir iş görməyimizə mane olmaları, bizləri ən xeyirli ev olan Allahın Qurani-Kərimdə adını zikr etdiyi məscidlərə getməyimizə qadağa qoymalıdır.
Məscidlər Allahın evləridir. Məscidlər yer üzərində olan ən xeyirli evlərdir. İbadət yeridir. Məscid sözü ərəbcə «süsud» sözündən götürülüb, mənası səcdə edilən yer deməkdir. Bizdən əvvəlki ümmətlər ibadət üçün təyin lounan yerə məbəd, xristianlar kilsə, yəhudilər isə «havra» deyirdilər.
Məhəmməd Peyğəmbərin (s.a.s) Mədinədə ilk işi məscid tikməklə başladı. Bu məs¬cid islam tarixinin səhifələrində islam dövlətinin idarəsini təmin edən bir şah damarı ol¬du və Məhəmməd peyğəmbərdən (s.a.s) sonra gələn müsəlmanların izlədikləri bir sünnət (yəni yol) oldu.
Məhəmməd Peyğəmbər (s.a.s) məsciddə, elm məclislərində iştirak etməyə təşviq etmiş və belə demişdir: «Bir dəstə Allahın evlərindən birində Allahın kitabını oxumaq, öz aralarında onu müzakirə etmək üçün toplaşsalar mütləq ilahi feyz həzrət və sakitlik onların üzərinə enər, rəhmət onları bürüyər, mələklər ətraflarına dolanar və Allah öz dərgahında olanların yanında onları xatırlayar».
Allah Təala bizə əmr edir: (Ey insanlar!) Rəbbinizdən sizə endirilinə (Qurana) tabe olun (əmrlərini yerinə yetirin və qadağan etdiklərindən çəkinin). Allahdan başqa heç kimi dost bilib ona tabe olmayan necə də az öyüd alırsınız (Araf surəsi 3-cü ayə), başqa ayədə buyurur: «Bu kitab (Quran) sizə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir kitabdır. Ona tabe olun və Allahdan qorxun, ola bilsin ki, sizə mərhəmət olunsun (Ənam surəsi 155-ci ayə). Bu ayəni oxuyan hər bir müsəlman əmin olur ki, kimin qohumu olsan da, kimin övladı və ya valideyni, hansısa bir Allah dostunun qohumu olsan da səmimi qəlb ilə Allaha yönəlib, nazil etdiyi əmrlərini və qaydalarını, sərhədlərini qorumasan sənə mərhəmət olunmaya bilər, hətta Allahın və Onun rəsulunun əmrlərini yerinə yetirsən də belə yenə qürurlanmamalı, Allahın qəzəbindən əmin olmamalı, daima Allahdan qorxmalısan. Ona görə də əgər xeyir işlər görməyi bacarmarıqsada, xeyir işlər görüb məscidə gedənlərə, elm məclislərinə gedənlərə mane olmamalıyıq.
Namaz qılmağın, xüsusilə məscidə gedib camaatla namaz qılmağın böyük fəziləti, xeyiri və faydası vardır. Allah Təala Qurani-Kərimdə buyurur ki: «Həqiqətən də (sizdə şübhə olmasın ki,) məscidlər Allaha aiddir. Ona görə də Allahla yanaşı heç bir kəsə ibadət etməyin (Cin surəsi 18-ci ayə)». Bu ayə ölüb dünyadan köçmüş olan, eşidib görməyən, çağırışa cavab verməyən, gücü heç nəyə çatmayan, heç kimə kömək etmək səlahiyyətində olmayan pirləri, qəbirləri, daş və ağacları, dağları, dəmirli zincirləri ziyarət edərək bununla Allaha yaxınlaşacaqlarını zənn edən savadsız, avam insanlara kifayətdir ki, onlar dini yalnız Allaha xas qılmaq üçün məscidlərə getsinlər, ən azından özləri getməsələr belə məscidə gedən övladlarına və ailə üzvlərinə mane olmasınlar.
Böyük sələf alimi İbnul-Cevzi «Təlbisul iblis (şeytanın hiylələri)» adlı kitabında Abdullah b.Ömərdən atası Ömərin (r.a) Cabiyə adlanan yerdə onlara belə xitab etdiyini deyir: «Rəsulullah (s.a.s) aramızdan ayağa qalxıb bizə belə dedi: «Kim cənnətin ortasını istəyirsə camaatla namaz qılmağa davam etsin. Həqiqətən də şeytan tək olanla bərabərdir. İki nəfərdən də uzaqdır (Tirmizi, Fitən 7. Əhməd)». Başqa bir sözündə Rəsulullah (s.a.s) belə buyurur: «Allahın əli camaatla bərabərdir. Şeytan isə camaatdan uzaq qalanla bərabərdir (Tabarani, Hakim)», başqa bir sözündə peyğəmbər (s.a.s) deyir: «Allahın Əli camaatla bərabərdir. Kim camaatdan ayrılarsa şeytan onu əhatə edər. Qurdun sürüdən ayrılan qoyunu qapıb qaçdığı kimi, şeytan onu qapıb qaçar (Əhməd)».
Muaz b.Cəbəldən rəvayət olunur ki, peyğəmbər (s.a.s) belə dedi: «Sürünün qurdu olduğu kimi insanların da qurdu var ki, o da şeytandır. Sürüdən ayrılan və ya ən kənarda duran qoyunu qapıb qaçar. Buna görə də qətiyyən parçalanmayın və bir-birinizdən uzaqlaşmayın. Camaat namazına, məscidə gedin və camaatla bərabər olun». Əbu Zzər əl-Ğifari rəvayət edir ki, Allahın Rəsulu (s.ə.s) belə buyurdu: «İki adam tək adamdan, üç adam iki adamdan, dörd adam üç adamdan daha xeyirlidir. Camaata bağlı qalın, Allah Təala ümmətini ancaq hidayət (doğru yol) üzərində toplayar (Əhməd)». Müaviyə b.Əbu Süfyan rəvayət edir ki, Rəsulullah (s.a.s) bir gün bizə belə xitab etdi: «Bilin ki, sizdən əvvəl özlərinə kitab verilənlər 72 firqəyə bölündülər. Bu ümmət isə 73 firqəyə bölünəcək. Yetmiş ikisi cəhənnəmə, biri isə cənnətə daxil olacaq, o da camaatdır. Ümmətimdən elə kimsələr çıxacaqdır ki, onlara quduzun bulaşdığı kimi bidətlər (dində yeniliklər) bulaşacaqdır (Əbu Davud, ibn Mace)».
Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.a.s) belə dediyini rəvayət edir: «Camaat namazı bir adamın evində və (işində) bazarda qıldığı namazdan iyirmi beş dəfə artıqdır. Həqiqətən də sizdən biriniz ən gözəl bir şəkildə dəstəmaz alar və ancaq namaz qılmaq üçün məscidə gələrsə, məscidə girənə qədər atdığı hər addım üçün Allah onun dərəcəsini yüksəldər və onun bir xətasını silər. Məscidə girdiyi vaxtdan orada qaldığı müddətcə namazda olmuş sayılar, namaz qıldığı yerdə durduğu müddətcə mələklər onun üçün: «Allahım! Onu bağışla! Allahım! Ona mərhəmət et!» deyə dua edərlər (Buxari, Təcridi-sarih 299-cu hədis)». Əbu Musa (r.a) Rəsulullahın (s.a.s) belə dediyini rəvayət etdi: «Namazda mükafata görə insanların ən böyüyü uzaqdan yeriyib gələndir. İmamla bərabər namaz qılmaq üçün namazı gözləyən, dərhal qılıb yatan kimsədən savata görə daha böyükdür (Səhih Buxari, 392-ci hədis).
Əbu Hüreyrə (r.a) deyir: «Peyğəmbər (s.a.s) dedi: «Kiminsə məsciddə alış-veriş etdiyini görsəniz ona belə deyin: «Allah Təala sənin ticarətini xeyirsiz etsin» (Nəsai və Tirmizi rəv.edib). Hakim b.Hizam (r.a) deyir ki, peyğəmbər (s.a.s) buyurub ki, məscidlərdə cəzalar tətbiq olunmaz və qisas alınmaz» (Hədis həsəndir, Əbu Davud və Əhməd rəv.edib). Aişə (r.a) deyir ki,: «Səd b.Muar Xəndək döyüşündə yaralanmışdı. Peyğəmbər (s.a.s) məsciddə onun üçün çadır düzəltdirmişdi ki, onu yaxından ziyarət etsin (Buxari, Müslim)». Bu hədisdə adı keçən dəyərli səhabə Səd b.Muar Ənsar (Mədinəli) səhabələrdən idi. O, Bədir və Uhud döyüşlərində iştirak etmiş və Xəndək döyüşündə yaralananda çoxlu qan itirmişdi. Buna görə şəhid olmuşdu. Peyğəmbər (s.a.s) onun üçün məsciddə çadır düzəltdirmişdi ki, onu yaxından ziyarət etsin. Həmçinin Rəfidə adlı qadın həkim onu müalicə etsin. Həmin səhabə Allaha dua etmişdi ki, əhdə xəyanət edən və müşriklər tərəfə keçən Qureyzə qəbiləsindən qisas alana qədər onu öldürməsin. Allah Təala onun duasını qəbul edir. Bəni Qureyza qəbiləsinin kişiləri öldürüldükdən, qadın və qızları əsir alındıqdan sonra Allah Təala onun canını alır. Aişə (r.a) başqa bir sözündə deyir: «Mən məsciddə oynayan həbəşilərə baxırdım və Peyğəmbər (s.a.s) də məni gizlədirdi (Buxari, Müslim rəv.edib)». Həbəşilər bu cür oynamağı sevərdilər. Peyğəmbər (s.a.s)də onların bu məqsədlərini yerinə yetirməyə məsciddə imkan verib ki, şəriətin rahatlığına dəlil olsun. Peyğəibərin (s.a.s) bu hərəkəti dinə şiddət kimi baxanlara və həmçinin dində ola-ola özlərini həddindən artıq ciddi, qaşqabaqlı və şiddətli aparan müsəlmanlara bir rəddir.
Beləliklə, məscidlər əvvəldə də qeyd etdiyimiz kimi Allahın ən mübarək evləridir. Allahın ən mübarək evlərində Onun əmr etdiyi kimi, namaz qılmaq, elm öyrənmək, saleh əməllər işlətmək üçün məscidlərə getməyimizə heç kimin mane olmaq haqq və hüququ yoxdur. Belə olanlar Allahdan qorxsunlar, məscidə xeyir əldə etmək üçün gedən övladlarına, ailələrinə, əlləri altında olanlara mane olmasınlar. Uca Allah bizləri daima məscidləri sevən, namaz üçün məscidə gələn, müsəlman qardaşı ilə çiyin-çiyinə, daban-dabana səf tutaraq Allahı zikr edən qullardan etsin. Amin.

Həsənov Əkrəm
Əlyazmalar İnstitutu

Bənzər Məqalələr