featured-image-878

Möminin ən mühüm və ən ümdə əlamətlərindən biri əqidəsində, sözündə və əməlində doğru olmasıdır. Allah taala buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və doğru olanlarla olun!” (ət-Tövbə, 119) Alimlərin yekdil fikrincə, doğruluq əməlin aşkarda və gizlində doğru olmasına şamil olunmalıdır ki, bu vəsf də kimə aid edilirsə, şübhəsiz o həqiqi siddiq hesab olunur.

Siddiqlərin birincisi Əbu Bəkrdir (Allah ondan razı olsun!). O, ilk vaxtlardan rəsulullahı (ona və ailəsinə Allahın salavatı və salamı olsun) təsdiq etdi və dəstəklədi. Eyni zamanda Allaha itaət, faydalı söz söyləmək və şərrin qarşısını almaq doğruluqdan hesab olunur. Allah taala buyurur ki, “Allaha və Peyğəmbərə itaət edənlər Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır! Bu mükafat Allah tərəfindəndir. Bilən Allah kifayət edər”. (ən-Nisə, 69-70) Allah taala möminlərin sifətləri haqda buyurur: “Allaha və peyğəmbərinə iman gətirənlər – məhz onlar öz Rəbbi dərgahında olan siddiqlər və şəhidlərdir”. (əl-Hədid, 19)
Kim sözlərində və əməllərində doğruluğa nail olsa, sahibini Cənnətə aparan gözəl səciyyəyə yiyələnər. Doğruluq bütün insanlar tərəfindən qəbul olunan söhbət, bütün hakimlər tərəfindən qəbul olunan şahidlikdir. Yalançılıq isə tamamilə bunun əksidir. Buxari və Müslimdə rəvayət olunan hədis müsəlmanın həyatında doğruluğun nə qədər əhəmiyyətə və əzəmətə malik olduğuna dəlalət edir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Həqiqətən, doğruluq yaxşılığa, yaxşılıq isə Cənnətə aparır. Insan doğru danışa-danışa Allah dərgahında dürüst kimi yazılır. Yalançılıq isə pisliyə, pislik də Oda aparır. Insan yalan danışa-danışa Allah dərgahında yalançı kimi yazılır”. Allah ən doğru biləndir.

www.islamevi.az

Bənzər Məqalələr