Yaradan çox Mərhəmətli və Ucadır. Bu qədər neməti bəxş edən Əzəmətli bir varlığa bunun qarşılığı olaraq təşəkkür etməmək, nankorluqdan başqa bir şey deyil…

Bu səbəblə də, Rəbbimiz bizi tərbiyə edərək, Onu yad etməyə, Ona şükür etməyə çağırmışdır. Bunun qarşılığında isə, bəxş etdiyi nemətlərin sayını daha da artırmağa davam edir…

Şükür sayəsində insan neqativ həyatdan və narazı auradan qurtulmuş olur. Daha pozitiv, daha müdrik olur, habelə, qəlbində inanılmaz bir rahatlıq meydana gəlmiş olur. Bu, onun həyatının hər anına və gələcək həyatına da təsir edir.. Bərəkət də məhz buna deyilir. Ucalıq və Əzəmət sahibi Allaha, bəxş etdiyi saysız-hesabsız və olduqca dəyərli olan nemətlərin müqabilində şükür etməyin vacibliyi haqda O, belə buyurmuşdur:

“Və Rəbbinin sənə olan nemətindən danış!” Yəni, problemlərə fokuslanma, otur, əlində olan nemətləri düşün, onları xatırla, onlardan danış və şükür et. Başqa bir ayədə isə, belə buyurur: “Belə olduqda siz Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!” (Bəqərə, 152) Yəni, xoş günündə Onu yada salaraq zikr et ki, problemin olduqda da O, sənin dualarını qəbul etsin.. Yəni, Məni itaət, ixlas və sevgi ilə xatırlayın ki, Mən də sizi xatırlayım. Yəni, sizi daha yüksək dairələrdə tərif sahibi edim, hidayətə çatdırım, dünyada xeyir içində yaşadım, axirətdə isə mərhəmət göstərim.

 

Allahı çoxlu zikr etmək qəlbi Ona bağlı edir. Ona bağlı qəlb isə, xoşbəxt olur. Ola bilsin ki, o qəlbin milyonluq sərvəti yoxdur, amma o sərvət sahiblərindən də böyük qəlb rahatlığı və huzuruna sahib olacaq. Bəzilərinin həsrətində olduğu o qəlb rahatlığı…

Bu səbəblə də Uca Allah, Onu çox zikr etməyi əmr edir. Quluna faydası var deyə.. Özünün heç bir tərif və ya şükrə ehtiyacı yoxdur. Əgər qul, Allahın möcüzələri və saysız nemətlərinə diqqətlə nəzər yetirərsə, qəlbini qorxu bürüyər və Rəbbinə üz tutar. Uca Allah belə buyurur:

“Sizə gələn hər bir nemət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız!” (Nəhl, 53)

 

Süleyman peyğəmbər Bəlqisi, taxtının yanında görərkən dediyi sözlər çox dəyərlidir:

“Bu, Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, yalnız özü üçün şükür edər; kim nankor olsa, həqiqətən, Rəbbim möhtac deyildir, kərəm sahibidir!” (Nəml, 40)

Bəzi elm adamları şükrün üç təməl sütunu olduğunu qeyd etmişlər: Neməti zahirdə danışmaq, batində təsdiq etmək və haqq sahiblərinə (üsyan etməyərək) itaət etmək..

Dahi alim İbn Qayyim, bəndənin şükür etməsinin üç əsasla həyata keçdiyini və bu üçündən birinin olmamasıyla, insanın şükür etmiş sayılmayacağını demişdir: ‘Birincisi, Allahın nemətini etiraf etmək; İkincisi, Ona həmd-şükür etmək; Üçüncüsü, razı olduğu şəkildə Ondan kömək istəmək.’ Yəni, duanı tərk etməmək.. Çünki, duasız həyat qaranlıqdır, zülmətdir, sıxıcıdır. Qəlb öldükdə, dua ilə dirilər. Quran isə, o qəlbi Allaha doğru ən böyük sürətlə gətirər..

 

İnsanlar bəxş edilmiş nemətlərə görə müxtəlif təbəqələrə bölünürlər. Uca Allah belə buyurmuşdur:

“Verdiyimiz nemətlərlə sınamaq üçün sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi diğərinizdən üstün edən Odur. Həqiqətən, sənin Rəbbin tezliklə cəza verən və şübhəsiz ki, bağışlayan, rəhm edəndir!” (Ənam, 165)

 

Məşhur təfsirçi alim İbn Kəsir, yuxarıdakı ayə barəsində belə demişdir:

“Yəni, ruzidə, əxlaqda və problemlərdə insanlar müxtəlifdir. Uca Allahın Qurani-Kərimdə buyurduğu kimi, bunun da hikməti vardır: “Məgər sənin Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını öz aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün tutduq. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından (mal-mülkdən) daha yaxşıdır!” (Zuxruf, 32)

Yəni, sizə verdiyi nemətlərin müxtəlifliyi ilə sizi yoxlayar və imtahana çəkər; varlı öz var-dövləti ilə, kasıb isə, kasıblığı ilə imtahan olunar – mənası qəsd olunmuşdur.” Bir sözlə insan, şükür və üsyan paradoksu ilə ciddi bir imtahandadır. İmtahanı keçənin mükafatı isə, Allahın razılığı – yəni, dünya və olacağına heç bir şəkk-şübhə olmayan əbədi həyat/axirət xoşbəxtliyidir.

Narazılıq və üsyan nemətləri artırmaz, bərəkəti gətirməz, işləri yoluna salmaz. Lakin şükür, bütün nemətləri -sanki bir maqnit kimi özünə doğru çəkər və artırar. Naşükür insan, yerində sayar, şükür edən isə, irəli addımlayar. Təkcə qazanılan qəlb rahatlığı, minlərlə nemətə dəyər.. Narazılıq insanı yeyib bitirir, simasına qədər təsir edir. Uzun sözün qısası, şükür edənin əldə edəcəkləri daima artan şkala üzrə davam edər. Bu, Allahın verdiyi zəmanətdir:

“O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıracağam…” (İbrahim, 7)

 

Uca Allah bizi əmrlərinə itaətkar, bəxş etdiklərinə şükür edən, düçar etdiklərinə isə səbirli bəndələrindən etsin! Çünki, Allahın dediyi kimi Qullarımdan şükür edənlər azdır.” (Səba, 13) Səhabələr “Allahım, bizi o azlardan et!” – deyə dua edərdilər. Ey Rəbbimiz, bizi də!…

 

 


www.islamevi.az

(Red: Ayxan Yaquboğlu | 2022)

Bənzər Məqalələr