Uca Allahın insanlara göndərmiş olduğu haqq din, ilk peyğəmbər olan Nuhdan etibarən başlamışdır. Son peyğəmbər/elçi olan Muhəmmədin ﷺ gəlişi ilə, bu ilahi din tamamlanmışdır. Bir sözlə, hər bir peyğəmbər -bəzi fərqliliklər olmaqla- eyni dinə, eyni İlaha, eyni inanca dəvət etmişlər. Bu səbəblə də, bir çox eyni əmrləri təbliğ edərək, Allahın dininə çağırmışlar. Ənam surəsinin 151-ci ayəsindən 153-cü ayəsinə qədər olan ilahi əmrlərə «on əmr» və ya «on vəsiyət» deyilir və bunlar, bütün peyğəmbərlərin şəriətlərində (dini qanunlar toplusunda) mövcuddur.

 

“De:  “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya yaxşılıq edin! Yoxsulluq qorxusu ilə övladlarınızı öldürməyin! Sizin də, onların da ruzisini Biz veririk. Pis işlərin açıq olanına da, gizli qalanına da yaxın durmayın! Allahın haram buyurduğu cana haqsız yerə qıymayın! Bunlar, (Allahın) sizə əmrləridir. Ola bilsin ki, siz düşünüb anlayasınız.

Yetimin malına, xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, həddi-buluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun! Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz zaman (lehinə və ya əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi (dini vəzifələrinizi, andlarınızı) yerinə yetirin. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd-nəsihət qəbul edəsiniz!”

 

Son olaraq isə, bu 10 əmrin (şərik qoşmamaq, valideynlərə yaxşı münasibət göstərmək, uşaq tələf etməmək, gizli günahlardan uzaq olmaq, aşkar günahlardan çəkinmək, insan öldürməmək, yetimin haqqına əl uzatmamaq, tərəzidə ədalətli olmaq, ədalətli danışmaq, Allahın bütün əmrlərinə riayət etmək) insanlıq üçün ən doğru, ən faydalı yol olduğu və buna əks olan bütün davranışların insanı Allahdan və insanlıq standartlarından uzaqlaşdıracağına diqqət çəkilmişdir:

 

“Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!” (Quran, 6/151-153)

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr