Uca Allah bizlərə, mərhəmət yolunu tutmağa və düşmən sülhə razı olarsa, artıq qan tökülməsinin dayandırılmasına çağırmışdır.

Əgər onlar sülhə yönəlsələr, sən də sülh yönəl və Allaha təvəkkül et! Şübhəsiz ki, O eşidəndir, biləndir. (Quran, 8/61)

 

Hər halda bunu bilməyən bir müsəlman yoxdur və buna görə də, şablon sözlərdən istifadə edərək, bu haqda uzun-uzadı yazmaq istəmirik.

 

Sülhə çağırışla bərabər, torpaq, vicdan və din azadlığına qarşı təcavüz edilməsi halında, səssiz qalmamaq və düşmənlə vuruşmaq da əmr olunmuşdur.

Xoşunuza gəlməsə də, döyüş sizə vacib edildi. Bəlkə də xoşlanmadığınız bir şey sizin üçün xeyirli, xoşlandığınız bir şey isə sizin üçün zərərlidir. Allah bilir, ancaq siz bilməzsiniz. (Quran, 2/216)

 

Döyüş/müharibə – insanların sevərək, zövq alaraq etdikləri bir şey deyil. Fitrəti və ruh sağlamlığı pozulmamış kəslər – öldürmək, dağıtmaq və əzab verməkdən əsla zövq almaz. Lakin, bədənin qalan hissəsini qurtarmaq üçün qanqren olmuş əlin kəsilməsi və ya qapalı yerdə qalmış uşağı oradan çıxarmaq üçün qapının sındırılması – nə cür zəruridirsə, müharibə də cəmiyyət üçün həmin formada zəruri ola bilər. Yəni, torpaq və mənəviyyat azadlığını təmin etmənin, habelə düşmənin zülm və təcavüzkarlığına son verilməsinin yeganə yolu – müharibə ola bilər. Dinimizə görə bu kimi hallarda döyüşmək – insanlıq üçün xeyirli və şərəfli davranışdır. Muhəmməd peyğəmbər də, daima sülh yolunu tutmağa çalışsa da, azğınlaşmış və Onu doğma torpaqlardan çıxmağa məcbur etmiş düşmənlə döyüşməyə məcbur qalmışdır.

 

Bir sözlə, bu kimi hallarda – zalım tərəfə bir kəlmə belə demədən, zülmə məruz qalmış tərəfə edilən (daxili və xarici) “sülh” çağırışları, zülmə ortaq olaraq, zalımın tərəfində olmağın bariz bir sübutudur. İllərlə erməni zülmündən əziyyət çəkən Azərbaycan xalqı daima sülh yolunu tutmağa çalışsa da, 30 ildir qurtarmayan zülm, təcavüz və torpaq işğalının yeganə qurtuluş yolu olaraq  – VƏTƏN MÜHARİBƏSİ etməyə məcbur qalmışdır. Bu, eyni zamanda – azğınlaşmış düşməni sülhə məcbur etmə mübarizəsidir. Səmimi, obyektiv və düşmənə tərəfdar olmayan hər bir kəs – bu şərəfli yolda Azərbaycan dövləti və xalqının yanında olmalıdır.

 

Uca Allah, ordumuz və xalqımızı müzəffər, düşmənlər və onun havadarlarını isə, məğlub etsin!

 

 

Ayxan Yaquboğlu (islamevi.az)

#QarabağAzərbaycandır

Bənzər Məqalələr