On ildir ki Oscarın verilmə mərasimlərini izləmirəm. Lakin, Joaquin Phoenix’in çıxışı bir növ “viral” olduğuna görə diqqətimi çəkdi. Phoenix, insanların heyvanlara qarşı davranışları barədə danışdıqda bizə, müəllifi 1561-ci ildə vəfat etmiş, “İslam qanunlar toplusu” kitabından, heyvanlarla əlaqəli bəzi maddələrini xatırlatdı:

 

1) Heyvan sahibinə, heyvanı -ondan faydalana bilməyəcəyi hala gəlsə belə- yedizdirməsi və içizdirməsi lazımdır. (1)

2) Heyvana baxması, onu bəsləməsi və (özü etmədiyi təqdirdə) onu otaracaq birisini tapması lazımdır.

3) Heyvana daşıya bilməyəcəyi yükü yükləməsi haramdır. (2)

4) Heyvanın balasına zərər verəcək şəkildə heyvanı sağmaq haramdır.

5) Heyvanın döşünün yaralanmaması üçün, sağan adamın dırnaqlarını qısaltması bəyənilən əməldir.

6) Heyvan öldüyü təqdirdə insanlara zərər verməmək üçün onun leşini başqa yerə nəql etmək, heyvan sahibinə vacibdir.

7) Heyvanın üzündən vurmaq və üzünü dağlamaq haramdır, üzündən başqa yeri isə sadəcə ehtiyac üçün dağlamaq olar.

8) Heyvanı lənətləmək haramdır. Böyük alim Əhməd b. Hənbəl demişdir: “Saleh insanlar, heyvanı lənətləyənin şəhadətini qəbul etmirlər.” (3)

9) Heyvanın sahibi, heyvana baxmaqdan imtina edərsə, buna məcbur edilər, yenə də imtina edərsə və ya bunu etmək gücündə olmazsa, heyvanı satmağa, icarə verməyə və ya (yeyilən heyvan olduğu təqdirdə) kəsməyə məcbur edilər. Bundan sonra da imtina edərsə, hakim – bu üç  variantdan ən faydalısını icra edər və ya heyvanın sahibinin adından borc götürər ki, heyvan üçün xərclənsin.

10) Heç bir heyvanı aclıqdan və ya susuzluqdan ölməsi üçün bir yerə həbs etmək olmaz. (4)

 

Təbii ki, İslam qanunvericiliyindəki bu hökmlər, Quran və səhih hədislərdən istinadən tərtib olunmuşdur. Lakin, bunları sırf qanuni maddələr şəklində qeyd etməyimizin iki məqsədi vardır:

 

  • İslam qanunvericiliyinin heyvanlar haqqında ayrıca maddələr toplanması səviyyəsinə çatacaq dərəcədə inkişaf etdiyini göstərilməsi. Əslində bu maddələr, 16-cı əsrdə bir yerə toplanmayıb, bundan qat-qat qədim kitablarda da onlara yer verilir. Bu kitabı seçməyimizin səbəbi, sadəcə bu kitabın bu dəqiqə əlimizin altında olmasıdır.

 

  • İkinci səbəb isə, biz müsəlmanların heyvanlara qarşı davranış qaydaları barədə olan hədislərin, sadəcə bir məsləhət, nafilə əməl kimi başa düşmədiyimizi göstərmək idi. Gördüyünüz kimi, qeyd olunan maddələri yerinə yetirməyən insanlar, uxrəvi (dünyadan sonrakı axirət həyatında olacaq) cəza ilə bərabər, bu dünya məhkəmələrində də cəzalana bilərlər.

 

Bununla yanaşı, yaxın tarixdə dünyada heyvanlara qarşı şiddətin aradan qaldırılması və heyvan haqlarının qorunması haqqındakı aktual müzakirə, həssasiyyət və yeni qanunları gördükdə, İslamın necə də möhtəşəm bir mədəniyyət sistemi olduğunu daha da aşkar şəkildə anlamış oluruq. Əsrlər öncə, təkcə heyvanların hüquqları haqqında dünyanın hələ tanış olmadığı bu cür qanun maddələrinin tərtib olunması, bunun növbəti bir əyani sübutudur.

 

Son olaraq Muhəmməd Peyğəmbərin  “Ana ilə balasını ayıranı, Allah Qiyamət günü sevdiklərindən ayırar” sözünü xatırlamaqda fayda vardır.  Maraqlısı budur ki, bir çox İslam hüquqşunası, bu hökmün heyvanlara da şamil olacağını demişdir. Misal üçün, Muhəmməd ət-Tarablusi, bu məsələ haqqındakı bəzi hüquqşunasların görüşlərini qeyd etdikdən sonra deyir: “Bunun mənası odur ki, (heyvan ilə balası arasında) ayırmaq (heyvana qarşı) əzabdır və bu qadağan olunub” (5).  Muhəmməd b. Əhməd Şirbini isə, heyvanlar haqda belə deyir: “Anasının südünə ehtiyacı olmadığı təqdirdə onu anasından ayırmaq olar, lakin bu, bəyənilmir. Əks təqdirdə isə (südə ehtiyacı olduğu halda ayırmaq), haramdır.” (6)

 

 


(1) Müəllifin “lazımdır” sözü iki mənaya daşıyır: birincisi, bu axirətlə bağlı bir hökmdür, yəni heyvanı yedizdirmək vacibdir, bunu etməmək isə haramdır. İkinci hökm isə, dünyavi hökmdür: hakim məsləhətin gərəkdirdiyi zaman bu vacibi yerinə yetirməyən insana həbs, pul cəzası və sair növ cəzalar tətbiq edə bilər.

Heyvandan faydalanmanın mümkün olmaması isə, onun xəstələnməsi, sümüyünün qırılması və buna oxşar hallarda olur. Bu zaman o, yeyilən heyvanlardan olarsa, sahibi onu kəsmək və ya infaq etmək (ona baxmaq) arasında seçim edə bilər. İt kimi, yeyilə bilməyən heyvanlardan olduğu təqdirdə isə, ona baxması vacibdir.

(2) Haram hökmü olduğuna görə, həmin insan, bu əməlinə görə günah qazanır. Bununla yanaşı, bu dünyada da, İslami məhkəmə hakimi, məsləhət gərəyi – müəyyən cəza da tətbiq edə bilər.

(3) Müəllifin, şəhadətin qəbul olunmaması ilə qəsd etdiyi, bu insanın məhkəmə və bənzəri orqanlarda şahid qismində iştirak edə bilməməsidir. 

(4) Musa b. Əhməd əl-Həccəvi, “əl-İqna li Talib əl-İntifə”, Darul-Mə`rifə, Beyrut, Livan, 4/155.

(5) Muhəmməd Tarablusi (v. 954), “Mavahib əl-Cəlil”, 2003, Dar Aləm Kutub, 6/238.

(6) Muhəmməd Şirbini (v. 977), “Muğnil-Muhtac”, 1994, Darul Kutub İlmiyyə, 2/38.

 

 

 

 

www.islamevi.az

Materiallardan istifadə edərkən istinad zəruridir.

Bənzər Məqalələr