featured-image-629

Rububiyyə — Rəbb sözündəndir. Lüğətdə tərbiyə edici, yardımçı, islah edən və s. mənaları ifadə edir.

İstilahı mənası isə — hər bir şeyin Rəbbinin və mütləq Malikinin Allah olduğuna, ortağının olmadığına, tək yaradıcı o olduğuna, bütün kainatı idarə edən, qullarını yaradıb onları ruziləndirən, həyat verən və canlarını alanın o olduğuna kəsin olaraq inanmaq, Allahın qəza və qədərinə, zatında vəhdəniyyətinə, yəni bir və tək olduğuna inanmaq deməkdir. «Həmd olsun Allaha — aləmlərin Rəbbinə». (əl-Fatihə 1). «Aləmlərin Rəbbi olan Allah nə qədər uca, nə qədər böyükdür». (əl-Əraf 54). «Hökm əlində olan Allah nə qədər uca, nə qədər uludur. O, hər şeyə qadirdir!» (əl-Mülk 1). «Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan odur. O, hər şeyi biləndir!» (əl-Bəqərə 29). «Göyləri və yeri xəlq edən zülmətləri və nuru yaradan Allaha həmd olsun». (əl-Ənam 1).
Tövhidin bu növünü Məkkə dövrünün müşrikləri də belə qəbul edirdilər. Onlar bilirdilər ki, hər bir şeyi yoxdan var edən, ruzi verən, öldürən, dirildən, tədbir edən uca və böyük olan Allahdır. «De ki, sizə göylərdən ve yerdən ruzi verən kimdir, qulaqlara və gözlərə sahib olan kimdir, ölüdən diri, diridən də ölü çıxaran kimdir, hər şeyi səhmana salan kimdir. Onlar Allahdır deyəcəklər. Bəs onda Allahdan qorxmursunuz? O, sizin həqiqi Rəbbiniz olan Allahdır. Haqdan sonra ancaq azmaq gəlir. Elə isə necə üz döndərirsiniz?». (Yunus 31- 32). «De ki: «Əgər bilirsinizsə bu yer və yer üzərində olanlar kimindir?» Onlar mütləq: «Allahındır» deyə cavab verəcəklər. Sən de ki: «Bəs elə isə düşünmürsünüz». De ki: «Yeddi göyün Rəbbi və böyük əzəmətli ərşin sahibi kimdir?» Müşriklər mütləq: «Allahındır» deyə cavab verəcəklər.Onda sən de ki: «Bəs elə isə qorxmursunuz?». De ki: «Əgər bilirsinizsə hər şeyin hökmü əlində olan, himayə edən, amma çzünün himayəyə ehtiyacı olmayan kimdir?» Onlar mütləq: «Allahındır» deyə cavab verəcəklər. Sən de ki: «Bəs elə isə nə üçün qaçırsınız?» (əl-Muminun 84-89). Həqiqətən əgər sən müşriklərdən «Göyləri və yeri kim yaratmışdır?» deyə soruşsan, onlar mütləq «Allah!» deyə cavab verəcəklər. De ki, həmd olsun Allaha!». (Loğman 25).
Gördüyünüz kimi, bu şeyləri müşriklər də belə rədd etmirdilər. Bunun belə olmasına səbəb qulların qəlbləri fitrətdən yeganə Rəbb olanı qəbul edəcək şəkildə yaradılmış olmalarıdır.
Allah — subhənəhu və təala — nın ruzi verməsi!
«Mən onlardan ruzi istəmirəm, mən onlardan məni yedirtmələrini də istəmirəm! Şübhəsiz ki, ruzi verən də, yenilməz qüvvət və hikmət sahibi olan Allahdır». (əz-Zariyyat 57-58). «De ki, göylərdən və yerdən sizə ruzi verən kimdir? (əgər onlar sənə bilmirik cavab versələr) de ki, Allahdır. Elə isə doğru yolda olan, yaxud açıq-aşkar azan bizik, yoxsa siz». (Səba 24). «Sizi yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra (Qiyamət günü) dirildən məhz Allahdır. Şərikləriniz içərisində bunlardan heç olmasa birini edən varmı?». (ər-Rum 40). Əbu Abdurrahmən Abdulla b. Məsid — radıyAllahu anhu — rəvayət edir ki, doğru sözlü və doğru sözü təsdiq olunan Rəsulullah — səllAllahu aleyhi və səlləm — buyurdu: «Sizdən hər birinizin yaradılışı onun anasının qarnında qırx gün nütfə şəklində olaraq bir yerə gətirilir. Sonra bu müddət qədər alaka şəklində olur. Sonra yenə bu müddət qədər mudaka şəklində olur. Sonra ona bir mələk göndərilir, mələk ona ruh üflədikdən sonra dörd xüsusiyyəti yazmaqla əmr olunur. Ruzisini, əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt olacağını».
Allahın bizi ruziləndirməsinə ağlı dəlilə gəlincə, bizlər yemək yiyərək və içərək yaşaya bilərik. Yiyəcək və içəcəyi də Allah yaratmışdır. «Bəs əkdiyiniz toxuma nə deyirsiniz? Onu bitirən sizsiniz, yoxsa biz? Əgər biz istəsəydik onu bir saman çöpünə döndərər, siz də mat-məətəl qalıb: «Biz ziyana uğramış, bəlkə də məhrum olmuş kimsələrik deyərsiniz? Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz yoxsa biz? Əgər istəsəydik, onu ac bir su edərdik. Elə isə niyə şükr etmirsiniz?» (əl-Vaqiə 63-70).
Allah — subhənəhu və təalanın — nın bizi əbəs yerə yaratmaması!
«Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz». (əl-Muminun 115). «Məgər insan elə güman edir ki, başlı — başına buraxılacaq . Məgər o, tökülən bir qətrə nütfə deyildimi? Sonra laxtalanmış qan oldu və Allah onu yaradıb surət verdi. Sonra da ondan bir kişi, biri qadın olmaqla iki cift yaratdı. Elə isə O — Allah ölüləri diriltməyə qadir deyildirmi?» (əl-Qiyamət 36-40).
O, ölüləri diriltdikdən sonra da dirildicidir, diriltdikdən əvvəl də dirildicidir. Hər şey ona möhtacdır. Hər işin sonu ona dönəcəkdir. O, heç bir şeyə ehtiyacı olmayandır. Allah heç kimsəni yaratmazdan əvvəl də Rububiyyət sifətlərinə sahibdir. Allah yaratdıqlarını onlar öldükdən sonra da onları yoxdan yaratdığı kimi elə də dirildəcəkdir. O, yaratdıqlarını var etdikdən sonra yaradıcı olduğu kimi, onları var etmədən əvvəl də yaradıcı idi.
Uluhiyyət, İsim və sifətlərin Tövhidindən fərqli olaraq Adəm oğullarının fitrətdən, qəlbdən qəbul etdikləri Tövhid də elə budur.

Hazırlayan: Kamal Hüseyn

Bənzər Məqalələr