Tarix boyu müsəlmanlar, müxtəlif dönəmlərdə dəfələrlə zəif dönəmlərdən keçmiş, düşmən zülmü altında əzilmişlər. Bəzən Uca Allahın lütfü, əzabının içində, bəzən də əzabı, lütfünün içində gizli olur. Bu müəmmaların həqiqəti, zaman keçdikcə ortaya çıxmış; lütf və ya əzab olması aydınlaşmışdır. Bunun tarixdəki ən gözəl misallarından biri – “Monqol istilası”dır.

Həqiqətən də İslam mədəniyyəti zirvədə ikən, ortaya çıxan monqol zülmü, İslam aləminin dağıdılmasına, müsəlmanların kütləvi qətllərinə və şəhərlərin xarabalığa çevirilməsinə səbəb olmuşdur. Zülm deyərkən ağla gələn ilk isim olan Hülakü xan, o zamanki İslam xilafətinin baş şəhəri və göz bəbəyi olan Bağdadda, dini və elmi əsərləri bir kərpic kimi istifadə edərək özünə saray belə tikdirmişdir. Lakin, bu qorxunc zülm istilası, İslamın həmin torpaqlardan daha da irəlilərə, habelə Anadolu və Avropaya doğru daha da sürətlə yayılmasına səbəb olmuşdur. Beləcə, tarixin ən zəif dönəmlərindən birini yaşayan İslam ümmətinə “təzə qan” olaraq türk xalqlarının qatılımı daha da sürətlənmiş, bu dəfə, tam əksinə – müsəlman qəssablarının baş şəhərləri (məsələn, Konstantinopol) fəth edilmişdir. Monqol zülmü nəticəsində müsəlmanların mərkəzi olan Abbasi xilafəti və dönəmin ən güclü müsəlman dövləti olan Səlcuqlu dövləti dağılmış, İslam aləmi pərişan olmuşdur. Bu ağır dönəmlərdə heç kim düşünməzdi, ağlına belə gətirməzdi – LAKİN (!) bu acılardan sonra Şanı Uca Allah, lütf edərək müsəlmanlara Osmanlı, Məmlük, Qızıl Orda və digər nəhəng İslami dövlətlər bəxş etmiş, düşmənlərinə qalib etmişdir.

Yəni, çətinliklər uzun çəkməz, şeytani oyunlar “oynayanların” hiylələri tezliklə boşa çıxar, Çingiz xanın Buxara məscidlərində diri-diri yandırdığı müsəlmanların qanı yerdə qalmadığı kimi, bu gün də zülmə məruz qalmış heç kəsin ahı da yerdə qalmaz. Monqollar ya tarix səhnəsindən rüsvay edici bir şəkildə silinib getdilər, ya da elə İslamı qəbul edib müsəlmanlara qoşularaq zülmə qılınc oldular.

Zəfər – həmişə ağrı və acıların içərisində gizlənmiş, əzab kimi görünsə də, lütf olduğu aydın olmuşdur. Qan tökməklə oynanılan oyunlar fayda verməz, zalımlar üçün, (qələbə hesab etdikləri) lütf’ün içərisindəki əzab gerçəkləşər, şəhid verənlər Allahın yardımı ilə gec-tez bu oyunları darma-dağın edərlər. “Çətinliklər nə qədər artarsa, qurtuluş bir o qədər yaxındır” demiş – bizdən öncə yaşamış xeyirli insanlar.

Hazırladı: Ayxan Yaquboğlu

Bənzər Məqalələr