Yaxın tarixdə, dünyanın müxtəlif bölgələrində zülmə, işgəncəyə, soyqırıma məruz qalan müsəlmanların fəryad səslərinə heç bir dindaşının və heç bir müsəlman dövlətinin səs verməməsini gördükdə, ağıllara yenə də Əndəlüs faciəsi gəlir. Səkkiz əsrlik müsəlman torpaqlarından qovulduqda və qanları töküldükdə, dövrün ən güclü müsəlman dövlətlərinə məktublar, fəryadnamələr göndərərək, yardım istəyən Qranada’lıların yardımına çatan olmadı. Əbul-Bəka Salih b. Şərif, belə fəryad edirdi:

“Hər yüksəlişin vardır bir sonu.

Nə üçündür bu qədər mal, mülk, şan qüruru

Sanki heç olmamışdı, əvvəldən yox idi (Əndəlüsün müsəlmanların əlindən çıxmasını nəzərdə tutur)

Şatıbə’nin (indiki Valensiya), Mursiyə’nin (Mursia) başına gələnlər..

Cəyyan (indiki Jaen) nə oldu?

Torpağından elm qoxusu gələn Qurtuba (Kordoba)..

Alimlərinin adı taa uzaqlardan gələn Qurtubaya nə oldu?

Məscid kilsədir artıq, hilal yerinə xaç asılı..

Nur üzlü azan yerinə, qurtarmayan bir kilsə zəngi, bayquş uğultusu..

Ey döyüşün qaranlığı və toz-dumanı içərisində parlaq qılınclarını vuran qəhrəmanlar ordusu!

Qardaşı üçün can verəcək kimsə qalmadımı yer üzündə?!

Özünü haqq’a həsr etmiş bir nəfər yoxdurmu?!

Əndəlüsdən, Əndəlüsün biçarə xalqından xəbəriniz varmı?

Hər yer onların fəlakətini eşitdi,

sizin qulağınız kar, gözünüz kor, qəlbiniz iflicdirmi?” (“Fəryadnamə”)

Üç müsəlman diyarına göndərilən bu fəryad namələri oxuyan insan üçün, kiçik qalalarda aylarla düşmən mühasirəsində qalmış və təcili bir dəstəyə möhtac olan məzlumların halını təsəvvür etmək heç də çətin deyil.. Fəryadnamə’nin müəllifi olan Əbul-Bəka, Əndəlüs’ün (bu günkü İspaniya) Rundə şəhərinin (indiki Malaqa’ya bağlı Ronda əyalətinin) müdrik şəxslərindən idi. Bu şəhərin taleyi də çox acınacaqlı oldu.. Müdafiə üçün əliverişli olan bu yüksək qala şəhəri əhalisi, uzun müddət düşmənə təslim olmayaraq qəhrəmancasına vuruşdu..

Ronda (Malaga, İspaniya)

Ümid etdikləri dəstəyi ala bilməmələri, həmçinin qida və silah-sürsat ehtiyatının tükənməsi səbəbiylə bu şəhər də təslim olmağa məcbur olmuş, lakin düşmən qəddarlığı bir daha təcəlli etmişdi. Bir gündə 3000-dən çox müsəlman kişi qılıncdan keçirilir, qadın-uşaq isə əsir edilirdi.

“Fəryadnamə” cavabsız qaldı. Bəli, dövrün güclü müsəlman dövlətləri, müxtəlif ciddi səbəblərdən dolayı, öz qardaşlarına lazımi yardımı edə bilmədilər. Bəli, tarixi məlumatları tədqiq etdikdə, üzürlü səbəblərinin olduğunu hörmüş oluruq. ..Hərbi dəniz qüvvəsinin yetərsizliyi və digər siyasi əngəlləri uzun siyahısını burada qeyd etmənin nə faydası var ki? Nəticə olaraq, nəhəng bir Əndəlüs İslam mədəniyyəti barbar katolik ispanlar tərəfindən məhv edildi. Təəssüf ki, xatirələrdə – yardıma olan əngəllər deyil, məhz faciələr qalacaq..

Nə baş verirdi? Bu gün dünyaya demokratiya dərsi keçən avropalılar, müsəlmanları zorla xristianlaşmağa məcbur edirdilər. Çünki, kilsənin verdiyi fətvaya görə, 8 əsrlik İslam torpaqları, “müqəddəs xaçlı yürüşü” ilə “fəth” edildiyinə görə, “təmizlənməli” idi. Nə idi bu “təmizlənmə”? Yəni, orada bir müsəlman belə yaşamamalıydı..

Kastilya (İspaniya) Kraliçası İsabella

|| ||Ferdinand və müsəlmanların inşa etdikləri əl-Həmra sarayında aşiq olduqları, o zaman dəb sayılan ərəb paltarlarında gəzən Kraliça İzabella, böyük həvəslə bu fətva’nın həyata keçirilməsini təmin etdilər. Elm və mədəniyyət banilərinin bütün izləri, beləcə silinirdi..Məscidlər ya kilsəyə çevrilir, ya da tamamilə dağıdılırdı. Bircə məscidin belə qorunub saxlanmaması, amansız vəhşiliyin bir göstəricisidir. Xristian ispanlar, Sevilya (Sevilla) şəhərində dağıtmış olduqları məscidlərin, xoşlarına gələn hər hansı bir minarəsini, kilsə zəngli qüllə kimi saxlayırdılar. Çünki, müsəlmanlara nifrət etsələr də, memarlıqlarına heyran idilər. Əndəlüs məscidlərindən xatirə olaraq qalmış qüllələrdən biri də, Sevilya şəhərinin bəzəyi olan Giralda’dır. Müsəlmanların möhtəşəm sənət əsərləri, o dövrdə elm və mədəniyyətdə çox geridə qalmış avropalılar tərəfindən bu formada məhv edilməsəydi, günümüzdə dünya, bəlkə daha da böyük məsafələr qət edə bilərdi..

Tarixdə ən sürətli şəkildə baş vermiş qəsbkarlıq hadisəsi də müsəlmanların Əndəlüsda itirdiyi son mərkəz olan Qranada şəhərində baş verdi. İşğalçı ispanlar, minlərlə müsəlmanın öz ata-babasından miras qalmış evini dövlət əliylə ələ keçirir və ev sahiblərini, cansız bir varlıq kimi küçəyə atırdılar. Tarix bu cür qəddarlığa şahid olmamışdır.

Tarixin ən böyük mədəniyyət və elm məhvinin məkanı, Qranada şəhəri sayıla bilər. Əndəlüsün nəhəng elmi mirası olan kitablar, “ərəbcə olan nə varsa yandırılmalıdır” devizi ilə Bib Rambla meydanında yandırıldı. İslama qarşı olan kin və nifrətləri səbəbilə, mədrəsə, kitabxana və evlərdən toplanılan yüz minlərlə elmi əsər məhv edildi. Bilirsinizmi nəyə görə? Çünki, həmin dövrdə o kitabları anlayacaq elmi səviyyələri hələ formalaşmamışdı. Günümüzdə Bib Rambla meydanında, həmin barbarlığın heç bir izi qalmamış, meydanı xaç’lar bəzəmişdir.

Törətdikləri əməllərin, əslində böyük bir barbarlıq olduğunu, yalnız elmin Avropada inkişaf etməyə başlamasından sonra anlamağa başladılar. Lakin, artıq nəhəng bir mədəniyyəti darmadağın etdikləri üçün çox gec idi..

Bib Ramble meydanı (Granada)

Hazırladı: Ayxan Yaquboğlu

Bənzər Məqalələr