Dua etməyin mühüm qanunlarından biri də – duanı yalnız çətin hallarda deyil, hər bir zaman; yəni sağlam, varlı, xoşbəxt olanda da etməkdir. Çünki şən və xoş anlarda dua etmək, çətinlik və müsibətlərdə edilən duanın qəbul olmasına səbəb olur. Həyat isə, daima xoş və şən keçmir, xoşbəxtlik öz yerini kədərə, kədər də öz növbəsini sevincə ötürür. Bu, həyatın dəyişməz nizamıdır.

Əbu Hureyrədən rəvayət olunan hədisdə Peyğəmbər (ona salam olsun) buyurmuşdur: “Kim Allah-Təalanın onun duasını şiddətli və çətinlik anında qəbul etməsini istəyirsə, xoş anlarında çoxlu dua etsin” (Tirmizi, 3382).

Yalnız çətin anlarda Allahı yada salmaq – müşriklərin xüsusiyyətlərindən sayılırdı. Allah düşmənləri olan müşriklər, yalnız çətin anlarında Allah-Təalaya üz tutaraq dua edər, xoş anlarında isə Allahı unudaraq onlara nə bir xeyir verə bilən, nə də bir zərər verə bilməyən daşlara, ağaclara və digər bütlərə yalvararaq kömək istəyərdilər. Allah-Təala onlar barəsində belə buyurmuşdur:

“İnsana bir zərər toxunduqda tövbə edərək Rəbbinə yalvarar. Sonra (Allah Öz) dərgahından ona bir nemət əta etsə, əvvəlcə kimə dua etmiş olduğunu unudar və (xalqı) Allah yolundan (islam dinindən) çıxartmaq üçün Ona şəriklər qoşar. (Ey Peyğəmbər! Ona) De: “Hələ küfrünlə bir müddət dövran sür. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!” (Quran, 39/8).

Bununla yanaşı, Allah-Təala xoş, gözəl, əmin-amanlıq anlarında Onu unudaraq mal-dövlətinə, cah-cəlalına, vəzifəsinə arxayın olub çətinlik və bədbəxtlik üz verən zaman isə Onu ötəri yad edənlər barəsində belə buyurmuşdur:

“İnsana bir zərər toxunduğu (sıxıntı üz verdiyi) zaman Bizə dua edər. Sonra dərgahımızdan ona bir nemət əta etdikdə: “Bu mənə yalnız biliyimə (ticarətdən, qazanc işlərindən başım çıxdığına) görə verilmişdir!” – deyər. Xeyr, bu bir imtahandır, lakin onların (insanların) əksəriyyəti (cahilliyi üzündən bunu) bilməz! Şübhəsiz ki, bu sözü onlardan əvvəlkilər (keçmiş ümmətlər) də demişdilər. Lakin qazandıqları (dünya malı) onlara heç bir fayda vermədi (əzabı onlardan dəf edə bilmədi)” (Quran, 39/49-50).

İbn Abbasdan rəvayət olunan hədisdə Peyğəmbər (ona salam olsun) ona buyurmuşdur: “Allahı xoş anında (ibadət və dua edərək) tanı ki, Allah da səni çətin anında tanısın.” (Əhməd, 1/293).

Böyük alim Dəhhaq demişdir: “Uca Allahı xoş anlarınızda xatırlayın ki, O da sizi çətin anlarınızda xatırlasın. Necə ki, Yunus peyğəmbər Allahı xoş anlarında Ona ibadət və zikr edərək xatırlayardı. O vaxt ki, balıq onu uddu Allah onu balığın qarnından sağ-salamat xilas edərək belə buyurdu:

“Əgər o, (Allahı) çox zikr edənlərdən (həmçinin: namaz qılanlardan) olmasaydı, yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı.” (Quran, 37/143-144).

Firon da yer üzündə fitnə-fəsad törədər və Allaha ibadət etməyərək Onu xatırlamağı unutmuşdu. O vaxt ki, dənizdə boğulmağa başladı dedi: “İndi Allaha iman etdim” Lakin Allah-Təala onun imanını qəbul etməyərək belə buyurur:

“İndimi? (Ölüm qabağı, bütün var-dövlətin, hakimiyyətin əlindən çıxdıqdan sonramı iman gətirirsən?) Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun!” (Quran, 10/91).

Böyük alim İbn Rəcəb, bu məsələyə diqqəti çəkərək belə demişdir: “Kim Allahı xoş və firavan günlərində tanımazsa Allah da onu ağır günlərində nə dünyada nə də ki, axirətdə tanımaz” (Nuru-l-iqtibəs, səh. 43).

Əbu Dərda (Allah ondan razı olsun) demişdir: “Şən günlərində Allaha dua et ki, O da sənin duanı çətin günlərində qəbul etsin” (Musannəfu Abdir-Razzəq, 11/180).

Hazırladı: Ayxan Yaquboğlu

Bənzər Məqalələr