İslam dini – elm dinidir. Lakin, bir çox insan, İslam’ın təşviq etdiyi elm’in, təkcə dini elmlər olduğunu hesab edir. Əslində isə, bu gözəl dini insanlıq üçün müjdə olaraq göndərən Uca Allah, “dini elm və dünyəvi elm” deyə bir ayırım etməmişdir. Təbii ki, elm’in zirvəsi – Allahın varlığı və ucalığı haqqında olan elmdir/Qurandır. Lakin, ayə və hədislərdən əlavə, digər elm növləri də daima müsəlmanların baş tacı olmuşdur.

 

Dünyəvi elmlərə qiymət vermədikcə, müsəlmanlara “yuxarıdan aşağı” baxanlar, yer üzündə durmadan yüksəlir, biz isə, iş tamamilə onların əlinə keçənə qədər aşağıya doğru gedirik.

 

Dünyamıza hakim/sahib olmaları bir yana, bizi dinimizdən də döndərə bilirlər. Çünki, dünyası olmayanın, Dini də olmaz! Uca Allahın bizdən istədiyi bu deyildir! O bizə yönəlik istəyi haqda buyurur:

“Allah iman edib, yaxşı əməl işləyənlərə onları yer üzündə varislər/hakimlər edəcəyini vəd etmişdir”. (Quran, 24/55)

 

Əgər dünya lazımsız olsaydı, Uca Allah, möminləri varis təyin etməzdi. Çünki, yalnız müsəlmanların gətirdiyi ədalət sistemiylə dünya zalımlardan xilas ola bilər.

 

Unutmamalıyıq ki, bu yanlış yanaşma tərzilə öz geriləməmizə, habelə, digərlərinin səviyyəsindən aşağı düşməmizə səbəb ola bilərik.

 

Bəziləri, dünyəvi əlaqəli elmlərə etinasız yanaşmalarının yaşatdığı müsibətlərdən heç bir şeyin fərqinə varmırlar. Elə bir etinasızlıq ki, onun nəticəsində içində olduqları zillətə düşmüş, nə bir and, nə də bir əhdə riayət etməyən düşmənlərindən asılı hala qalmışlar.

 

Bəziləri isə, ona fayda verməyən bəsit məsələlərlə məşğul olaraq, bunu “din” deyə zənn edir.

 

Həmin şəxslər, bu halı görüncə, səbəb olaraq hər şeydən öncə qəzavü-qədəri (taleyi) göstərər.

 

Məsuliyyəti Qədər’ə yükləyən bütün Dünya tənbəllərinin halı budur! Bir çox müsəlmana tənbəlliyi sevdirən, elə bu xüsusiyyətdir! Beləcə onlar arasında işsiz, gücsüz “Dərvişlər” adlanan firqə ortaya çıxdı. Reallıqda bu insanlar, İslam toplumunun bədənində iflic olmuş orqandan başqa bir şey deyillər.

 

Bu yanlış düşüncəli insanlar, alışdıqları təqlid bazalı dini elmdən başqa hər elmlə mübarizə aparırlar. Lakin unudurlar ki, Təbiət və Riyaziyyat elmləri, Həndəsə, Mexanika, Astronomiya, Tibb, Kimya, Stratiqrafiya və insan toplumuna faydalı olan digər hər bir elm, əslində elə Dini elmdir! Birbaşa olmasa da, nəticə etibarıyla bu belədir!

 

Bəzi ayələrdə ləfzi və mənəvi işarələr vardır ki, ayədə bəhs olunan elm’in, Dünya elmi olduğuna dəlalət edir. Çünki bunlar, yaradılış haqqında bəhs edən ayələr əsnasında qeyd edilir. Maraqlısı budur ki, Qurani-Kərimdə bu cür ayələr, namaz, oruc kimi əməli ibadətlərdən bəhs edən ayələrdən dəfələrlə çoxdur. Məsələn Uca Allah buyurmuşdur:

“Görmürsənmi Allah səmadan su endirdi və sonra onunla müxtəlif rəngli meyvələr çıxardıq? Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı, və tünd qara cığırlar əmələ gətirdik. Eləcə də insanlar, heyvanlar və mal qara da müxtəlif rənglidir. Qulları içində Allahdan ancaq alimlər qorxar. Allah İzzətlidir və Bağışlayandır”. (Quran, 35/27-28)

 

Fikir verdinizsə, ayədə dünyəvi elmlərə də işarə vardır. Deməli, “dini və dünyəvi elm” deyə ayırım etmək, əslində tam doğru bir şey deyildir. Çünki, yuxarıdakı ayədə haqqında danışılan alimlər, Allahın varlığını dini elmlərlə bərabər, dünyəvi deyə adlandırdığımız elm növləri vasitəsilə daha yaxşı dərk edə bilərlər.

 

“Oxu” deyə əmr edən bir din, sonra “oxudunmu” deyə soruşmazmı?..

 

Şəkib Arslan’ın “Li Məzə Təəxxaral Muslimun” adlı kitabından (101-137) istifadə olunmuşdur.

 

Məqaləni PDF olaraq yüklə

 

Hazırladı: Ayxan Yaquboğlu

Bənzər Məqalələr