Uca Allah öz bəndələrinə qarşı çox mərhəmətlidir. Onların doğru yolda olmaları üçün peyğəmbərlər və kitablar göndərməsi – bunun ən bariz sübutudur. Uca Allah, bəndələrinin etdikləri gözəl əməllərə görə onları dərhal mükafatlandırar, bol-bol savab yazar və bunun müqabilində onların bir çox xətalarını bağışlayar. Lakin, bəndələrini cəzalandırmağa tələsməz, onlara xətalarından dönmək üçün dəfələrlə şans verər.

 

Rəvayətə görə Nadr b. Həris kimi bəzi Məkkə müşrikləri, Hz. Muhəmməd’in ﷺ peyğəmbərliyini inkar etmiş və “Ey Allah, əgər Muhəmməd’in peyğəmbərliyi doğrudursa, dərhal göydən başımıza daş yağdır və ya bizə ağrılı bir əzab göndər!” – demişdilər. Bunun üzərinə aşağıdakı ayə nazil olmuşdu:

“Əgər Allah insanlara, xeyri tezliklə istədikləri kimi, şəri də o tezliklə versəydi, şübhəsiz ki, əcəlləri çoxdan tamam olmuşdu. Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri öz azğınlıqları içərisində şaşqın (öz başına) bir vəziyyətdə qoyarıq!” (Yunus surəsi, 11).

 

Buradan anlayırıq ki, Uca Allah, bəndələrinin etdikləri günahlara görə onları dərhal cazalandırmaz. “Bəlkə peşman olar, xətalarını düzəldərək tövbə edər/haqqa qayıdar” – deyə, cəzalarını gecikdirər. Tövbə etməyənlərə isə, onlar üçün təyin edilmiş bəlli bir vaxta qədər möhlət verilər. Verilmiş bu vaxtın sonunda onların cəzası ya dünyada verilər, ya da cəza – axirətə saxlanılar.

 

Deməli, xətalar və günahlarla dolu həyat yaşayan biz bəndələr üçün yanlışlardan dönmək və Allaha qayıtmaq üçün hələ də gec deyil.

 

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr