Xoşbəxtliyə aparan yollardan biri də, kitab oxumağa vaxt ayırmaq, oxumağa önəm vermək, faydalı məlumatlarla ağlı və dərrakəni inkişaf etdirməkdir.

 

Müdriklərdən biri belə demişdir: “Kitab – səni tərifləməyən, aldatmayan bir dost, bezdirməyən bir yoldaş, əziyyət verməyən bir qonşudur. O elə bir dostdur ki, sənə qarşı hiylə qurmaz, ikiüzlülük edərək səni aldatmaz.

 

Kitab elə bir dostdur ki, ona baxdıqca zövq alarsan, dünya görüşünü artırar, dilini açar, vərəqlərini çevirdiyin barmaq uclarını gözəlləşdirər, danışıq qabiliyyətini artırar, könlünü xoş edər, xalq içində hörmətini artırar və ali insanlarla dostluq qazandırar. Ömrünün sonuna qədər insanlardan öyrənə bilməyəcəyin şeyləri yorulmadan, qapıda gözlətmədən -qısa bir müddət ərzində- kitab sayəsində öyrənə bilərsən. Səndən üstün olmayan birisi qarşısında diz çökmək, sevmədiyin kimsələrlə ünsiyyətdə olmaq və zənginlərə yaltaqlanmaq məcburiyyətində qalmazsan.

 

Kitab – gündüz itaət etdiyi kimi, gecə də, evində olduğu kimi, səfərdə də sənə itaət edər. Yuxunu əsla bəhanə etməz, yorğun olmaz, ona ehtiyacın olduğu zaman sənə naz etməz. Sən ona maddi olaraq bir şey verməsən də, o sənə fayda verməyi dayandırmaz. Onu tərk etsən də, itaətə davam edər. Səni düşmənlərinə satmaz, başqasına möhtac etməz. Ondan tam faydalana bilməsən də, qapıların önündə boş-bekar oturmaqdan və gedib-gələnlərə baxmaqdan çəkindirməsi belə sənə kifayət edər.

 

Lakin, kitab oxuduğu halda ondan ibrət götürməyənlər də vardır. Ona sahib olduqları halda, təcrübəsini, əqlini və insani keyfiyyətlərini artırmayan, dini və dünyəvi yaşayışını islah etməyənlər, malını israf edənlər və insanlara yaxşılıq etməyənlər heç də az deyildir.”

 

Dahi alim Muhəlləb öz övladlarına belə deyərdi: “Övladlarım, yalnız zireh və kağız satıcıları (hərb və kitab sahəsinə xidmət edənlər) üçün ayağa qalxın.”

 

Kitabların ən dəyərlisi, ən şərəflisi və ən ucası Qurani Kərim’dir. Uca Allah buyurur: “(Bu,) (insanları) xəbərdar etmən və iman edənlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. Ona görə qəlbin heç narahat olmasın.” (Əraf surəsi, 2).

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr