Səbrin dörd növü vardır:

 

1. Bədənin ixtiyarı səbri. Bu, insanın öz iradə və ixtiyarı ilə bədəninə yükləmiş olduğu ağır işlərə olan səbridir.

 

2. Bədənin məcburi səbri. Bu, başqasının etdiklərinə olan səbridir. İnsanın döyülmə, xəstəlik, yaralar, soyuq, isti və oxşar şeylərin acılarına, sızıntılarına olan səbridir.

 

3. Nəfsin ixtiyari səbri. Bu, şəriət və ağılla gözəl olmayanları etməməyə olan səbirdir.

 

4. Nəfsin məcburi səbri. Bu da sevgilisinə qovuşması mümkün olmadıqda nəfsin ona səbri kimidir.

 

Səbrin bu dörd növü insana məxsusdur. Fəqət bədənin və nəfsin məcburi səbrində heyvanlar da buna ortaqdır. Üstəlik heyvanların bir qismi bu səbirdə insanlardan daha qüvvətlidir. İnsanlar heyvanlardan ancaq səbrin ixtiyari qisimlərində fərqlənirlər. İnsanlardan bir çoxları heyvanlarla ortaq olan səbrin qisimlərində asanlıqla səbir edər, amma yalnız insanlara məxsus olan səbrin qisimlərinə isə səbir etməzlər.

 

“Səbrin növlərindən hər hansı birində mələklər də bizə ortaqdırmı?” sualına cavab olaraq demək olar ki, mələklər ağılları və dinlərinə zidd olan həvəs və istəkləri ilə və nəfslə imtahan edilmirlər. İbadət və itaət onlar üçün bizim nəfəs almağımız kimidir. Həvəs və şəhvət gücü qarşısında din və ağıl gücünü hakim etməkdən ibarət olan gerçək səbir onlara aid deyildir. Lakin onlara da layiq bir səbir var ki, o da özlərinə qarşı çıxacaq istək, şəhvət və xüsusiyyətlərinə rəğmən yaradılmış olduqları fitrət üzrə davam və səbat etmələridir.

 

İnsanın səviyyəsi, onun səbri – istək və şəhvət gücünə üstün gəlirsə mələklərin, əksinə istək və şəhvət gücü səbrinə üstün gəlirsə şeytanların, yəmək, içmək və cinsi münasibət kimi xasiyyətlərinin gücü səbrə üstün gəlirsə, heyvanların səviyyəsi ilə eyniləşir.

 

Qatədə (Allah ondan razı olsun) demişdir: “Allah-Tәala mələkləri şəhvətsiz və ağıllı, heyvanları ağılsız və şəhvətli, insanları isə həm şəhvətli, həm də ağıllı olaraq yaratmışdır. Buna görə kimin ağlı şəhvətinə üstün gəlirsə, o mələklərlə, əksinə şəhvəti ağlına üstün gəlirsə o heyvanlarla bərabərdir.” 

 

İnsanda doğulduğu zaman, yalnız o an (yaşaması, inkişaf etmәsi) üçün möhtac olduğu yemə və içmə arzusu vardır. Bu haldakı səbri, heyvanların səbri kimidir. Yaxşı və pisi fərqləndirə bilmə yaşından əvvəl, insan üçün ixtiyari səbir yoxdur. Sonra oyuncaqlarla vә digәr oyunlar arzusu yaranır.. Bununla zəif də olsa ixtiyari səbir inkişafa başlayır, sonra cinsi arzu hərəkətə gəlir və ixtiyari səbir inkişaf etmiş və güclənmiş olur. Daha sonra ‘AĞLIN SULTANI’ hərəkətə gəlməklə güclənir və səbir ordusundan yardım istəyir. Fəqət bu ağıl sultanının ordusu, istək sultanının ordusuna qarşı dura bilmir..  Səbir, ağıl və hidayət işıltıları axirətin fayda və zərərlərini anlamağa kifayət etməsə də, dünyanın bəzi fayda və zərərlərini qavramağa kömək edir.

 

Bundan sonra insan üzərinə din-iman günəşi doğur. Onun aydınlığında dünya və axirətin təfsilatı ilə fayda və zərərlərini və nəticələrini görür, mübarizə üçün zirehini geyinir, növbənöv silahları alır, sonra xasiyyət və istək qüvvələri ilə ağıl və hidayət qüvvələri arasında sürən savaşa qatılır. Allah-Tәalanın yardım etdiyi tərəf zəfər çalır, yardım etmədiyi tərəf isə məğlub olur. İnsan bu iki tərəfdən birində öz yerini almadıqca, silahlar yerə qoyulmur. O, bu dünya ilə axirətdən hansı üçün yaradılmışsa oradada yerini alır.

 

Uca Allah bizlәri, axirәt üçün yaradılmışlar tәrәfindә әbәdi sәadәtә nail olanlardan etsin!

 

 

Böyük alim İbn әl-Qayyim’in “Uddәt’us-Sabirin” adlı kitabından geniş şәkildә istifadә olunmuşdur.

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr