İnsan üçün çox təhlükəli bir düşmən olan Şeytan – xəyali deyil, real bir varlıqdır. Var olma səbəbi isə insanların imtahanıdır. Bu real və hiyləgər düşmənin insanları azdırması və günahlara təşviq etməsi üçün özünəməxsus metodları, Şəriət dili ilə desək, vəsvəsələri,  bir çox insanın əbədi səadətə çatmasına əngəl olub.

Quran, Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) hədisləri və həyat təcrübələrini örnək alaraq bu hiyləgər və amansız düşmənin bir neçə şüarına toxunmaq istəyirik. Necə deyərlər: “düşmənini tanımasan, ona qalib gələ bilməzsən”.

1-ci şüar: “Bir dəfə etməklə bir şey olmaz…” – Şeytanın ən məşhur şüarlarındandır.  Şeytan bu şüar vasitəsilə insanı həm içki içməyə, həm qumara, həm də zinaya təşviq edir. Hələ bu azmış kimi həmin insanı bir müddət sonra işlətdiyi günahlara dəvət edir.

Həmin an insan “axı, bunu kim deyib” , “hansı kitabda yazılıb ki, ilk edilən günahların cəzası yoxdur?” deyə düşünməz.. Əslində bütün məsələlər elə “ilk edilənlərlə” başlamırmı? Siqaret çəkən insanlar bu şüarın ən böyük qurbanlarından hesab oluna bilərlər…

2-ci şüar: “hələ gəncsən, cavansan…”

İnsanın həyatda formalaşmasında ən böyük faktorlardan hesab olunan — ətrafı (dostları, tanışları və s.) bu şüarı həyata keçirir. Yəni sanki belə demiş olurlar: “..dünyaya cəmi bir dəfə gəlirsən.. bir dəfə yaşamaq üçün şansın var… həyatı doyunca yaşamalısan.. həyat gənc ikən daha gözəldir… qocaldığın zaman dinə/ibadətə üz tutarsan…”

Sanki Allah qatından 60-70 il yaşayacağına dair sənəd almış kimi, dini ilə maraqlanmağı 40 yaşına qədər təxirə salır. Məgər Allah insanı 40 yaşına qədər nemətləndirmədi? Sanki nemətlər 40 yaşından sonra gəlməyə başladı…

 3-cü şüar: “əsas odur ki, qəlbin təmiz olsun…”

Sanki belə demiş olur: “nə qədər namaz qılmasan da, oruc tutmasan da, Quran oxumasan da, eyb etməz. Əsas odur ki, qəlbin təmiz olsun. Sən dürüst ol, yan-yörənlə gözəl davran, ibadət etmədiyin üçün cəzalandırılan deyilsən”. Bu şüarla Şeytan insanı necə də “rahatlaşdırmış” olur. Həmin insan bunları düşünə bilmir: “Allah sənin dürüst olmağını, ətrafınla gözəl davranmağını və (qəlbinin təmizliyi ilə bərabər) ibadət etməyini səndən tələb edir. Allaha ibadət edənlərin qəlbləri çirkli deyil ki. Ümumiyyətlə, qəlb nə ilə təmizlənir, bunu bilirsənmi?…”

 4-cü şüar: “Allah ilə bəndəsi arasına girmək olmaz…”

Əslində bu söz zahirən yanlış deyil. Əlbəttə ki, insan Rəbbinə ibadət edərkən araya vasitəçi qoymamalıdır. Hər bir insanın Uca Allahla birbaşa olaraq ünsiyyət qurma haqqı vardır.

Lakin məsələ bizim vurğuladığımız kimi deyil. Şeytan bu şüarı ilə bu cür ismarıc vermiş olur: “Sən bildiyin kimi yaşa və istədiyin qədər günahkar ol. Savabın və günahınla Allaha sən özün hesab verəcəksən, başqaları deyil. Buna görə onlar kimdir ki, sənin həyatına qarışırlar?!..” Beləliklə, insan haqq dəvətinə qarşı laqeyd olur və yavaş-yavaş həmin dəvətçilərdən uzaqlaşmağa başlayır.

5-ci şüar: “Təqaüdə (pensiyaya) çıxandan sonra…” – Şeytanın növbəti şüarıdır.

Yəni: “Allahın dininə vaxt ayırmağın üçün hələ tezdir. Gəncliyini doyunca yaşa, gələcəyini təmin et, nə zaman yaşlandığın üçün dünya həyatı zövq verməməyə başladı, bax, o zaman dininlə maraqlanmağa başlayarsan.. Beləliklə, ibadətlərin daimi olmuş olar. Onsuz da bilirsən ki, başlayıb, sonra dayandırmaq böyük günahdır…” Bu şüara aldanaraq Cəhənnəmə yollanmış nə qədər insan var.

Həmin insan hər hansı bir qəbristanlığa gedərək mərhumların  60-70 %-nin altmış yaşına çatmadan, yəni təqaüdçü olmadan bu dünyadan köçdüklərini bilmiş olsaydı, yəqin ki, bu şüara aldanmazdı. Bu, nə cür anlayış və cəsarətdir ki, insan etməli olduğu qulluq və ibadəti 20-30 il gecikdirməyə qərar verir və uzun ömür yaşayacaqlarına əmin bir şəkildə rahatlıqla həyatlarına davam edirlər?!…

 6-cı şüar: “Zəmanənin tələblərinə uyğunlaşın…”

Sanki belə demiş olur: “Zəmanənin tələbi belədir, zəmanəni dəyişəcək deyilsən ki… Ona görə camaat necədirsə, sən də elə ol. Əks halda, geridəqalmış olacaqsan…”

Yaxşı, bəs zəmanənin tələb etdiyi – insanlıq xarici şeylərdirsə, necə? Maraqlısı budur ki, Şeytan bu şüarını İslami yaşayış tərzinin hakim olduğu bölgələrdə əsla məşhurlaşdırmaz.

Həmin insan əgər ədalətlidirsə, “hər kəs bataqlıqda batırsa, sən də batmalısan” , “hər kəs iflasa uğrayıbsa, sən də müflis olmalısan” prinsiplərini də qəbul etməlidir, elə deyilmi?

 7-ci şüar: “hamı belə edir…”

Sanki hər kəsin filan əməli etməsiylə cəza yüngülləşmiş olur. Bu şüara aldanmış olanlar, onları doğru yola dəvət edən kəslərə bu sözləri deyirlər: “…məni tənqid edirsən, amma bunu təkcə mən etmirəm ki. Yaxşı, mən xəta etdim, bəs milyonlarla adam necə?.. O qədər insanın diqqətindən qaçması necə mümkün ola bilər?!..” Halbuki, hər bir insan Allah qarşısında ayrı-ayrılıqda hesab verəcək. Həmin insanlar Allahın onlara belə buyuracağını gözləyirlər: “Əmr və qadağalarıma tabe olmayanların saylarının çox olması səbəbiylə səni bağışlayıram. Onların xətrinə sən də qurtuldun..” (?)

Əslində isə, Uca Allah elə deyil, belə buyurur:

“…Bəndələrimdən (nemətlərimə) şükür edəni azdır!” (Səba, 13)

8-ci şüar: “Heç nə olmaz, heç nə olmaz, Allah bağışlayar…”

Şeytan “bir dəfə etməklə heç nə olmaz” şüarı bir effekt vermədiyi zaman bu şüarını ortaya atar. Sanki belə demiş olur: “Edəcəyin bu əməl haramdır, əlbəttə ki, günah qazanacaqsan. Lakin unutma ki, bir çox insan bu günaha əməl edib. Allah isə hamısını bağışlayıb. Tövbə edərsən, əfv olunar. Allah özü demir ki, tövbə etsəniz, günahlarınızı bağışlayacam?..”

Şübhəsiz ki, Uca Allah rəhmlidir, mərhəmətlidir və vədi haqqdır. Lakin Allah, Şeytanın növbəti hiyləsi haqqında insanları xəbərdar edərək buyurur:

“Ey insanlar! Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu dünya sizi aldatmasın, tovlayan (şeytan da) sizi yoldan çıxartmasın.”(Fatir, 5)

Beləliklə, insan “bir dəfə etməklə heç nə olmaz” deməklə, günahı dadmış olur, “tövbə edərsən, bağışlanar” deməklə, günahlara öyrəşir. Lakin nə vaxt günahlarından tövbə edərək əməllərini islah etməyə qərar verərsə, o zaman 9-cu şüar gündəmə gəlir:

9 cu şüar: “Bu qədər günah etdikdən sonra çətin ki, bağışlanasan…”

Beləliklə, insan ümidsizliyə düşərək belə düşünməyə başlayır: “Madəm ki, əfv olunmayacam, Cəhənnəmə atılacam, o halda haramı tərk etməyin nə mənası varki?…”

Halbuki Uca Allah mərhəmətli və günahları bağışlayandır. İstər uzun illər haramların içində üzən, səmimi bir tövbə edərək bir daha o günahlara dönməyəcəyinə dair söz verən insan, Allah tərəfindən bağışlanır. Uca Allah Şeytanın bu şüarına aldanan bəndələrini belə xəbərdar edir:

“..Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər. (Yusuf 87)

Yəni, ümid heç bir zaman qurtarmamalıdır. Uca Allah günah işləyib, peşman olanlar barəsində belə buyurur: “(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “ey mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!.” (Zumər 53)

İnsan nə zaman ağlını işlədərək düşünməyə başlasa, Şeytanın 10-cu şüarı gündəmə gəlir:

10-cu şüar: “Belə şeyləri çox fikirləşmə, başını itirərsən, dəli olarsan…”

Görəsən, alimlər, professorlar ixtiralar edərək dünyanı yeni texnologiyalarla tanış edərkən, çox düşünərək, ağıllarını işə salaraq dəli oldular? Belə düşünən varmı? Halbuki Uca Allah düşünən, təfəkkür edən bir camaatı tərifləyərək belə buyurur:

“Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə (yüklənmiş halda) dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, (Onun) bütün heyvanatı (yer üzünə) yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, düşünən insanlar üçün dəlillər vardır…” (Bəqərə, 164)

11-ci şüar: “Cəhənnəmdə bir müddət yansaq da, onsuz da Cənnətə girəcəyik…”

Cəhənnəmin necə bir məkan olduğunu bilməyən insanlar Şeytanın bu yalanına rahatlıqda aldanırlar. Halbuki onları əti sümükdən ayıran alov, mədəni bulandıran qanlı irin, əzabı daha da yaxşı dadsın deyə vücudunun dağlar böyüklüyündə böyüdülməsi, bağırsaqları parça-parça edən qaynar sular, iztirabın bir saniyə belə dayanmaması, yalnızlıq, unudulma, yandırıcı isti, dondurucu soyuq, ölümsüzlük və s. kimi şiddətli əzabların gözlədiyini dərk etsəydilər, bəlkə belə deməzdilər. İnsan ağlının dərk etməsinin mümkün olmadığı Cəhənnəm əzabından Allaha sığınırıq!..

Şeytanın bu şüarla oynadığı digər oyun isə Cənnətin gözəlliklərini və ağılasığmaz möhtəşəmliyini insan gözündə unutdurmasıdır.

 12-ci şüar: “Bir ata-babalarımızdan belə görmüşük…”

Bu şüarın təsiri əsasən əməllərinə bidət və xurafat qarışmış insanlarda hiss olunur.  Sual: Bəs ata-babaları xəta etmişlərsə necə? Cavab: bunu düşünəcək nə vaxtları, nə elmləri, nə də istəkləri var..

Sanki belə demiş olurlar: “Bizə heç bir şey demə. Bütün nəsihətlərinə qulaqlarımız bağlıdır. Biz din olaraq “atalar dini”ni qəbul etmişik, vəssalam…” Ata-babalarının xəta vəya doğru dediklərini araşdırmayan bu insanların halı eynilə Peyğəmbərimiz (s.a.s.) dövründəki müşriklərin halına necədə bənzəyir: “Ayələrimiz onlara (müşriklərə) açıq-aşkar olaraq oxunduğu zaman: “Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən (bütlərdən) döndərmək istəyən bir adamdır!” deyərlər” (Səba, 43).

 13-cü şüar: “Amandır, diqqətli ol, beynini doldurmasınlar…”

Әslində (onların dedikləri kimi desək) “beyinlərinin doldurulması” axirət həyatı üçün qurtuluş deyildirmi? (təbii ki, faydalı və xeyirli məlumatlarla “beyin doldurulması”ndan söhbət gedir. Təbii ki, beyin hər cür fikirlərə açıq olmamalıdır.) Təəssüf ki, bunu hər kəs bu cür anlamır. Səfeh həyat sürən dostunu doğru yola dəvət etmək istəyən bir kimsənin danışdığı hekayə bu şüarın praktiki misalıdır: Dostunu səfeh həyatdan daha xeyirli və gözəl həyata dəvət edən bir müsəlman, həmin dostuna gözəl bir İslami kitab hədiyyə vermişdi. Lakin maraqlısı budur ki, dostunun valideynləri bundan məmnun olmadılar. Övladlarını doğru-düzgün tərbiyə etməyi bacarmayan bu valideynlər isə sevinmək əvəzinə görün, oğullarına nəyi “tövsiyyə” edirdilər: “Onlar sənin beynini doldurmaq istəyirlər. Həmin kitabı o insana geri qaytar və onunla əlaqəni kəs!..” Tәbii ki, valideyn – öz övladı üçün pislik istәmәz, onlar bizim baş tacımızdır. Sadәcә olaraq, valideynlәr dә hәr şeyi mükәmmәl bildiklәrini düşünmәmәlidirlәr, çünki hәyatda hәr bir kәsin nәzәrdәn qaçırmış olduğu önәmli dәyәrlәr ola bilәr. Görünür, bu valideynlər oğullarının (vә ya qızlarının) səfeh və əxlaqsız həyatından çox məmnundurlar… Kaş ki, bu vəsvəsəni onlara Şeytanın verdiyini biləydilər…

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 21.03.2015 | Oxunma sayı: 3. 402 baxış