Xoşbəxtlik və xoş əhval-ruhiyyəyə əngəl olan səbəblərdən biri – bəsit şeylər üçün üzülməkdir. Ağıllı insan isə, dünyanı deyil, yalnız axirəti düşünər. Saleh insanlardan biri öz dostuna belə nəsihət edərdi: “Bütün düşüncən tək bir nöqtədə cəmlənsin: Allahla görüşmək düşüncəsi, axirət düşüncəsi və Onun hüzurunda durmaq düşüncəsi.”

 

“O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır!” (Haqqa, 18).

 

İnsan həyatında bundan daha önəmli bir düşüncə ola bilərmi? İşinmi, vəzifənmi? Pulunmu, uşaqlarınmı?.. Mal-dövlətinmi, şan-şöhrətinmi?.. Evlərinmi, saraylarınmı?.. Xeyr! Bunların heç biri bu düşüncədən daha önəmli ola bilməz. Uca Allah Öz düşmənləri olaraq adlandırdığı qəlblərindəki küfrü gizlədərək, zahirdə müsəlman kimi görünən və kafirlərdən daha aşağı dərəcədə olan münafiqlər haqqında belə buyurmuşdur:

“..O biri qisminiz isə ancaq öz canlarının harayına qalaraq: “Bu işdə bizim üçün bir şey (xeyir) varmı?” – deyə Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar…” (Ali İmran, 154).

Bəli, yuxarıdakı ayədə haqqında danışılanlar, münafiqlərdir. Müsəlmanlar Allahın razılığını qazanmaq uğrunda canlarını fəda etməyə hazır olduqları bir vaxt, onlar sadəcə öz nəfslərini, mədələrini və şəhvətlərini düşünürdülər. Bunların xaricində ali bir düşüncələri yox idi.

 

Səhabələr “ağacın altında Peyğəmbərə beyət” adlı məşhur tarixi hadisədə son nəfəslərinə qədər peyğəmbərlə bərabər olacaqlarına dair andlaşdıqları zaman münafiqlər yenə də axirəti deyil, dünyanı düşünürdülər. Onlardan biri öz dəvəsini axtarmağa getmiş və “mənim bu dəvəmi tapmağım, sizin beyətinizdən (peyğəmbərlə andlaşmağınızdan) -mənim üçün- daha xeyirlidir” – demişdi. Bu məşhur hadisədən sonra peyğəmbərimiz (ona Salam olsun) belə buyurmuşdu: “Allah qırmızı dəvənin sahibindən başqa hamınızı bağışladı.”

 

Ali düşüncələrin deyil, dünya malının arxasınca düşmək, insanı nələrdən məhrum edərmiş.. Allahın bağışlamasından daha üstün axı nə ola bilər ki?!..

 

Münafiqlərdən digəri isə, öz canının dərdinə düşmüş və öz yaxınlarına “bu isti havada döyüşə çıxmayın” – demişdi. Bu sözə qarşılıq olaraq Uca Allah bu ayəni endirdi:

“..(Ya Peyğəmbərim!) De: “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər!” (Tövbə, 81).

 

Onlardan bəziləri isə, mal-dövlət və övladlarının dərdinə düşmüşdülər: “..Mal-dövlətimiz və ailələrimiz başımızı qatdı (səninlə yola çıxa bilmədik). (Allahdan) bizim bağışlanmağımızı dilə!..” (Fəth, 11).

 

Həqiqətən də bu sadaladığımız düşüncələr, zəif xarakterli və ali düşüncədən (Allah və axirət düşüncəsindən) məhrum olan insanların bəsit qayğılarıdır. Üstün şəxsiyyətə və ali düşüncəyə sahib olan səhabələr isə, bunlar üçün deyil, Allahın razılığını qazanmaq üçün çalışırdılar. Bizlərə ən gözəl örnək isə, məhz onlardır..

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr