İnsanlara qarşı kin bəsləmək və daima intiqam almağa can atmaq – insanı həyatda bir çox şeylərdən məhrum edir. Yəni insan, etdiklərinin (intiqam və qəzəb) qarşılığı olaraq bir çox bədəl ödəməyə başlayır. Kimisi rahatlığından, kimisi əsəblərindən, kimisi sevincindən, kimisi də canından və qanından bu bədəli ödəyər. Çünki kin və intiqam arzusu, insanı rahat yaşamaqdan məhrum edir. Beləliklə də məğlub olan, daima insanın özü olacaqdır.

 

Uca Allah bunun çarəsini/dərmanını bizə xəbər verərək, Öz sevdiyi qulları bu cür vəsf etmişdir:

 
“.. (Onlar) qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.” (Ali İmran, 134).

Uca Rəbbimiz intiqam və pisliyi deyil, onların əksini etməyi əmr etmişdir:
“Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!” (Əraf, 199).

 

Əziz insan! Bil ki, düşmənçilik etmək çox asan, dostluq münasibətləri qurmaq isə çox çətindir. İnsana fayda verən düşmənçilik deyil, dostluq və mehribanlıqdır. Uca Allah sənə qarşı edilən pisliyə intiqamla deyil, yaxşılıqla qarşılıq verməyinə görə, düşmən olduğun kəsi, sənə dost edəcəyini bildirmişdir. Aşağıdakı ayəni yaddaşlara həkk etməkdə çox böyük faydalar vardır:
“Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!” (Fussilət, 34).

 

Düşmənlikmi, dostluqmu?.. Sənə axirətdə fayda verəcək olanı özün seç..

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr