featured-image-3710

Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Allah, endirdiyi hər dərdin əlacını da nazil etmişdir.” Buxari.
(Buxari: Tibb ? 5354. İbn Macə: Tibb ? 3439.)

ŞƏRH

Burada nazil etmək, təqdir etmək mənasında işlənmişdir.
Bu hədisdə qəza və qədərin təsdiqi və səbəblərin isbatı vardır.
İrəlidə qeyd olunduğu kimi bu böyük əsas Quranda və Sünnədə öz təsdiqini tapmışdır. Bunu ağıl və fitrət də təsdiq edir. Bütün dini və dünyəvi xeyir və şər işlər Allahın qəza-qədəri ilə baş verir. O, bunların hamısını Öz elmi ilə əhatə etmiş, qələmi ilə yazmış və istəyi ilə həyata keçirmişdir. Allah xeyrə və zərərə aparan səbəbləri insanlar üçün müyəssər etmişdir. Hər kəs yaradıldığı qayə üçün müyəssər edilmişdir; hamı ya dini və dünyəvi xeyrə, ya da zərərə yetişəcəkdir. Xoşbəxt, Allahın onu asan işlərə, Cənnətə, dini və dünyəvi islaha yönəltdiyi şəxsdir. Bədbəxt isə, işləri tərsinə gedəndir.

Bu hədisin ümumi məfhumuna görə batini və zahiri xəstəliklərin hamısının müalicəsi üçün dərmanlar vardır. Bu əlaclar ya baş verməyən xəstəliyin qarşısını alır, ya da mövcud xəstəliyi qismən, yaxud bütünlüklə aradan qaldırır.
Hədis qəlbin müalicəsinin öyrənildiyi kimi, bədənin də müalicəsinin öyrənilməsinə təşviq edir və bunun faydalı səbəblərdən olduğunu önə çəkir. Tibbin bütün əsas və təfsilatlı məsələləri bu hədisi açıqlayır. Çünki şəriət bizə xəbər vermişdir ki, hər bir dərdin dərmanı var. Bu səbəbdən biz tibb elminin öyrənilməsinə və həyata keçirilməsinə çalışmalıyıq.

Əvvəllər bəzi insanlar elə güman edirdilər ki, müəyyən xəstəliklərin məsələn, vərəmin çarəsi yoxdur. Lakin tibbin yüksəlişi və insanların yeni elmi uğurlar qazanması nəticəsində onlar bu hədisdə söylənilənin həqiqət olduğunu və ümumi məna daşıdığını başa düşdülər.
Tibbin əsaslarından biri də düzgün qidalanmadır. Belə ki, insan, iştahası olana və əvvəl yediyi tam həzm olunana qədər yemək yeməməli, daha faydalı qida növünü seçməlidir. Qida seçimi ölkəyə, fərdə və xüsusi hallara uyğun seçilir. Bundan əlavə mədəni həzm edə bilməyəcəyi səviyyədə doldurmaq da lazım deyil. Bu işdə tərəzi uca Allahın bu ayəsi olmalıdır. O buyurur: “…yeyin-için, lakin israf etməyin…” (Əraf, 31).
Müəyyən qida növlərinin orqanizmə pis təsir etdiyi bəlli olduqdan sonra onlar miqdarından, özündən və vaxtından asılı olaraq, ya birdəfəlik, ya da müvəqqəti tərk edilməlidir. Əgər dərman içmədən təbii üsullarla xəstəlik aradan qaldırıla bilirsə, bu daha yaxşı və xeyirlidir. Yox əgər dərmanın qəbulu zəruridirsə, o, lazımi miqdarda istifadə edilməlidir. Dərmanı yalnız bu sahəni bilən və ya təcrübəsi olan həkim təyin etməlidir.
Bil ki, təmiz havada olmaq, bədəni və paltarı təmiz saxlamaq və pis qoxulardan uzaq dayanmaq sağlamlığı möhkəmlədir. Həmçinin orta dərəcəli idman hərəkətləri (yəni, bədəni çox yormayan məşqlər) əzaları, əzələləri və vətərləri bərkidir. Bununla da bütün artıq maddələr bədəndən çıxmış olur və ağır qidalar həzm olunur. Tibbə aid təfsilatlar həkimlərə bəllidir. Lakin bizim qeyd etdiyimiz bu əsasa hər kəsin ehtiyacı vardır.

Peyğəmbərdən (s.a.v) səhih yolla nəql edilir ki, O buyurmuşdur: “Şəfa üç şeydədir: Qan aldırmaq və ya bal içmək, yaxud da odla dağlamaqda. Qara zirə isə, hər dərdin şəfasıdır.” ( Buxari: Tibb ? 5357. İbn Macə: Tibb ? 3491. Əhməd: 1/246.)

Başqa bir hədisdə buyurulmuşdur: “Hind qustunda ( Qust: dərman bitkisidir. Hindistan qustu qara, dəniz qustu isə ağ rəngdə olur.) yeddi xəstəliyin şəfası vardır. Onun məlhəmin-dən boğazı xəstə olanın burnuna, plevritə ( Ağ ciyər pərdəsinin iltihabı.) tutulanın ağzı¬na damızdırın.” ( Buxari: Tibb ? 5383. Müslim: Salam ? 2214. Əbu Davud: Tibb ? 3877. İbn Macə: Tibb ? 3462.)

Peyğəmbər (s.a.v) buyurmuşdur: “Qızdırma Cəhənnəmin istisindəndir. Onu su ilə soyudun.” ( Buxari: Xəlqin başlanması ? 3088. Əhməd: 1/291.)
O (s.a.v) həmçinin gözdəyməyə, (əqrəb və s. tərəfindən) zəhərli sancmaya və bədəndəki yara-xoraya qarşı ovsun (ruqyə) oxunmasına icazə vermişdir.
(Müslim: Salam ? 2196. İbn Macə: Tibb ? 3516. Əhməd: 3/118.)

Digər hədisində buyurmuşdur: “Əgər gözdəyməyə görə qüsl almanızı tələb etsələr, qüsl alın.”
(Müslim: Salam ? 2188. Tirmizi: Tibb ? 2062.)

“Peyğəmbər (s.a.v) pislik daşıyan dərmanlarla müalicə olunmağı da qadağan etmişdir.”
(Tirmizi: Tibb ? 2045. Əbu Davud: Tibb ? 3870. İbn Macə: Tibb ? 3459. Əhməd: 2/446. Əlbani səhih olduğunu söyləmişdir.)

“O (s.a.v) , ayaq ağrısına qarşı xına qoymağı əmr etmişdir”.

——————-
MÖMİNLƏRİN
KÖNÜL MÜJDƏSİ
Müəllif:
AbdurRahmən əs-Sədi
Ərəbcədən tərcümə edənlər:
Ramil Həsənov
Abdur-Rahim Muradlı

Bənzər Məqalələr