Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu rəvayət etmişdir: “Varlının üzərinə düşəni (borcunu və s.) gecikdirməsi zülmdür. Əgər sizlərdən birinin borcunu ödəmək varlıya həvalə olunarsa, qoy o razılaşsın.” Buxari və Müslim rəvayət etmişlər. ( Buxari: Həvalət ? 2166; Müslim: Məsəqat ? 1564; Tirmizi: Buyu ? 1308; Nəsai: Buyu ? 4691; Əbu Davud: Buyu ? 3345; İbn Macə: Əhkam ? 2403; Əhməd: 2/380; Malik: Buyu ? 1379; Darimi: Buyu ? 2586.)

ŞƏRH

Bu hədis, borcu qaytaranda və onu tələb edəndə bunu layiqli şəkildə yerinə yetirməyi əmr etmiş, bu iki əmrə və ya onlardan birinə zidd olmağı qadağan etmişdir.
“Varlının üzərinə düşəni (borcunu və s.) gecikdirməsi zülmdür.” Yəni, vacib olan haqqın qaytarılmasını çətinləşdirmək zülmdür. Çünki o, ədalətə riayətin tərk edilməsidir. Belə ki, borcunu ödəməyə imkanı olan şəxs haqq sahibinin tələbini və ya şikayətini gözləmədən borcunu qaytarmalıdır. Borcunu ödəməyə imkanı ola-ola onu gecikdirərsə, o, zalımdır.

Varlı, maddi imkanı olub borcunu qaytarmaq iqtidarında olan kimsədir.
Hədisin məfhumuna görə, işi çətinliyə düşənin borcu gecikdirməsində problem yoxdur. Çünki Allah, haqq sahibini, çətinliyə düşənin işləri asanlaşana qədər gözləməsini vacib etmişdir.

Hədisdən belə başa düşürük ki, maddi zülm, kiminsə malını haqsız yerə götürməklə məhdudlaşmır. Bura başqasının malını hər cür haqsızlıqla ələ keçirmək və ya haqqını tapdalamaq daxildir.
Kim başqasının malını qəsb edər, oğurlayar, haqqını tam, yaxud da qismən danar, ona məxsus olmayan haqqı iddia edər, bir müddət gecikdirər və ya üzərinə düşəndən az miqdarda ödəyərsə, etdiyi haqsızlığın dərəcəsinə uyğun zalımlardan sayılar. Zülm isə, qiyamət günü zülmkar insanlar üçün zülmətlər olacaqdır.

Sonra növbəti cümlədə vəfalı olmağın gözəl şəkildə tələb edilməsi vurğulanmışdır. Buyurulmuşdur ki, kimin haqqı çatan bir məsələ olarsa, qarşı tərəflə yorucu və şiddətli səkildə deyil, yaxşı tərzdə və yüngülləşdirərək davransın. Onun üçün çətinliklər törətməsin. Haqq sahibinə zərər vurmayacaq və naqislik gətirməyəcək bir işə yönələrsə, ona maneçilik edilməsin. Əgər haqqını zəngin birinə yəni, gecikdirməyən, mane olmayan və vəfalı olmağa gücü çatana həvalə edərsə, qoy belə də etsin. Çünki bu, əhdinə vəfalı olmaq və comərdlikdir.

Buna görə də uca Allah hər iki məsələni xatırladaraq belə buyurmuşdur: “…(Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, qanbahası müqabilində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) “diyə” (qanbahası) verməlidir…” (Bəqərə, 178). Haqq sahibinə borclu ilə xoş davranmaq, borcluya isə haqq sahibinin haqqını gözəl şəkildə qaytarmaq əmr olunur.

Peyğəmbər (s.a.v) hədisdə bu gözəl xüsusiyyət sahibi üçün dua etmiş və buyurmuşdur: “Satdığı, aldığı, borc götürdüyü və borcunu tələb etdiyi zaman comərd olan bəndəyə Allah mərhəmət göstərsin.” ( Buxari: Alış-veriş ? 1970. Tirmizi: Alış-veriş ? 1320. İbn Macə: Ticarət ? 2203.)

Hər bir davranışda, borc almaqda və onu tələb etməkdə comərd olmaq lazımdır. Belə şəxs üçün həm dini, həm də dünyəvi xeyir arzu edilir. Çünki onu bu davranışı qəbul edilməsi labüd olan bu mübarək duaya aiddir.
Bu, əyani şəkildə də müşahidə olunmuşdur. Həqiqətən sən bu vəsflərə sahib olan elə bir tacir tapa bilməzsən ki, Allah onun ruzisini başından tökməsin, üzərinə bərəkət yağmasın. Bunun əksi isə, camaatın işini çətinə salan, müamilə etdiyi adamlara zülm edən kəsdir. Verilən cəza əmələ müvafiqdir. Asanlığın əvəzi asanlıq olmalıdır.

Əgər varlının (borcunu) gecikdirməsi zülm sayılırsa və borclu olduğu şəxs şikayətçidirsə, onu qarşı tərəfin haqqını ödəməyə məcbur etmək vacibdir. Əgər ödəməzsə, ödəməsi üçün tənbeh olunar. Yaxud da ola bilər ki, borc verən onu bağışlayar. Əgər o, borc sahibini şikayət etməsi səbəbi ilə xərcə salarsa, xərcini borclu ödəməlidir. Çünki səbəb odur və o, haqsızlıq etmişdir. Haqsız yerə başqasını ziyana salan şəxs buna görə zəmanət daşıyır.

Bu hədis borcun yönəldilməsi məsələsində təməl rolunu oynayır. Buradan belə nəticəyə gəlinir ki, əgər kiminsə borcunu ödəmək varlıya həvalə olunarsa, borc sahibi buna etiraz etməməlidir, razılaşmalıdır.
Hədisin məfhumuna görə imkanı olmayana həvalə olunarsa, bununla razılaşması zəruri deyil. Çünki bu, borc verənin maraqlarına ziddir.
Yönəldilməsi icazəli sayılan borclara gəlincə, bura müqavilə ilə təsdiqini tapmış borclar, satılmış malların dəyərləri və s. aiddir.
Əgər borcun ödənməsi varlıya həvalə olunarsa, borcunu yönəldən şəxs məsuliyyətdən azad olur. Baş verə biləcək hər hansı bir ziyanı isə, borcu ödəməsi həvalə olunan şəxs aradan qaldırmalı olacaqdır. Allah daha doğrusunu bilir.

—————–
MÖMİNLƏRİN
KÖNÜL MÜJDƏSİ
Müəllif:
AbdurRahmən əs-Sədi
Ərəbcədən tərcümə edənlər:
Ramil Həsənov
Abdur-Rahim Muradlı

Share Button
Tarix: 19.04.2013 | Oxunma sayı: 957 baxış