featured-image-3693

Əbu Hureyrə (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Həqiqətən Allah demişdir: “Kim Mənim dostumla düşmənçilik edərsə, ona müharibə elan edərəm. Qulumun Mənə yaxınlaşmaq üçün etdiyi işlərdən Mənim üçün ən sevimli olanı ona vacib buyurduğum əməllərdir. . Qulum nafilə ibadətlərlə Mənə o qədər yaxınlaşır ki, hətta onu sevərəm. Əgər onu sevdimsə, onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən istəsə, istədiyini mütləq ona verərəm. Sığınacaq diləsə, mütləq ona sığınacaq verərəm. Mən görəcəyim bir işdə, ölmək istəməyən möminin canını aldıqda tərəddüd etdiyim kimi heç bir şeydə tərəddüd etmirəm. Çünki Mən ona yamanlıq etmək istəmirəm.” Buxari rəvayət etmişdir.(Buxari: ? 6502.)

ŞƏRH

Bu hədis, övliyaların vəsfini verən, fəzilətini və qədrini bildirən möhtəşəm hədisdir.
Allah xəbər vermişdir ki, Onun dostları (övliyaları) ilə düşmənçilik etmək, Allahın Özü ilə düşmənçilik və müharibə etməkdir. Kim Rəbb ilə ədavət, bütün mülklərin sahibi ilə müharibə edərsə, mütləq zəlil olar. Allah kimi himayəyə götürərsə, o, qələbə çalar. Səbəb isə, Allah dostlarının Allahın sevdiyi işlərdə Allahın istəyinə tam uyğun davranmalarıdır. Allah onları sevmiş, onlara kifayət etmiş və lazım olan işlərdə yardımçıları olmuşdur.

Sonra uca Allah öz dostlarını kamil şəkildə vəsf etmişdir. Onlar, vacib və nafilə əməllərlə: öncə namazla, orucla, zəkatla, həclə, yaxşı işləri əmr edib pis işlərdən çəkindirməklə, cihadla, Allahın və bəndələrinin vacib haqlarını ödəməklə Allaha yaxınlaşanlardır.
Onlar, bu dərəcədən sonra nafilə ibadətlərlə Allaha yaxınlaşmaq mərhələsinə keçərlər. Hər bir vacib ibadətin növünə uyğun nafilə ibadət mövcuddur. Bu növ ibadətlərdə böyük savab vardır. Bu savablar isə vacib ibadətləri kamilləşdirir, savablarını tamamlayır.

Allahın dostları (övliyaları) vacib və nafilə əməlləri yerinə yetirənlərdir. Allah onları Özünə dost götürmüş, sevmiş, razılığına aparan bütün yolları asanlaşdırmışdır. Onları hər bir işlərində (haqqa) müvəffəq etmiş, düzgün istiqamətləndirmişdir. Onlar eşidəndə Allah üçün eşidər, baxanda Allah üçün baxar, əl tutanda, yaxud bir yerə gedəndə Allaha itaət üçün gedərlər.
Onları bütün hərəkətlərində doğruya yönəltməklə yanaşı, dualarını da qəbul edər. Nə istəsələr, dini və dünyəvi xeyrə səbəb olanı onlara nəsib edər. Şərlərdən Ona sığınsalar, onlara sığınacaq verər.

Bununla belə onlara hər bir hallarında lütfkarlıq göstərir. Əgər Allah bəndələrinin ölümünü mütləq etməsəydi, Onun dostları ölümdən azad olardılar. Ölüm məşəqqətli və dəhşətli olduğu üçün, Allah dostları ondan xoşlanmır, Allah da onlara əziyyət vermək istəmir. Lakin bu əmr qəti olduğuna görə, ölüm onlar üçün də qaçılmazdır.
Bu hədisdə Allah Öz dostlarının simalarını və müxtəlif növ məziyyətlərini açıqlamışdır. Onların, yaxşı işlərdə yarışan hər kəsin qayəsi olan Allah sevgisinə nail olduqları deyilmişdir. Allah Özünün onlarla birgə olduğunu, onlara kömək etdiyini, onları dəstəklədiyini, doğru yönə istiqamətləndirdiyini və dualarını qəbul etdiyini buyurmuşdur.

Bu hədis, Allahın məhəbbətini və bu məhəbbətin Allah dostlarının dərəcələrinə görə fərqləndiyini isbat edir.
Peyğəmbərin (s.a.v), Allahın dostlarını vacibləri yerinə yetirən və nafilə ibadətləri çox edən kimi vəsf etməsi, Allahın onları iman və təqva ilə vəsf etməsinə tam uyğundur. O buyurur: “Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər.” (Yunus, 62, 63).
Mömin və təqvalı olan hər kəs Allahın dostudur. Çünki iman etiqadı, qəlb və əzaların əməllərini şamil edir. Təqva isə, bütün haramları tərk etməkdir.

Bu hədis əzəmətli bir əsasa: vaciblərin nafilələrdən irəli olmasına, dəlalət edir. Vacib əməllər Allah üçün nafilələrdən daha sevimli və daha savablıdır. Çünki hədisdə buyurulur: “Qulumun Mənə yaxınlaşmaq üçün etdiyi işlərdən Mənim üçün ən sevimli olanı ona vacib etdiklərimdir.” Buna görə də rəqabət zamanı vaciblər nafilələrdən önə çəkilirlər.

—————–
MÖMİNLƏRİN
KÖNÜL MÜJDƏSİ
Müəllif:
AbdurRahmən əs-Sədi
Ərəbcədən tərcümə edənlər:
Ramil Həsənov
Abdur-Rahim Muradlı

Bənzər Məqalələr