featured-image-3660

«Əba hədisi»
Hədisi Aişə (Bu rəvayətlə, “əshabələr Əlinin fəzilətini gizlədirdilər” — sözünü deyənlərin yalançı olduqları aşkar olunur. Aişənin, Əliyə nifrət etdiyini iddia edirlər, amma o, Əlinin fəziləti haqqında bu hədisi demiş və İmam Müslim bu hədisi öz səhih əsərində nəql etmişdir.) rəvayət etmişdir. Rəvayətdə deyilir ki, bir gün Peyğəmbər (s.a.v) səhər vaxtı əynində əba ilə bayıra çıxıb Əlini, Fatiməni, Həsəni və Hüseyni əbasının altına alaraq dedi: “Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” (əl-Əhzab:33)” ( Səhihi Müslim: Kitabu Fədailus əshabə, 2424.)

Bəziləri bu hədisə əsasən deyirlər ki, Allah onlardan çirkinliyi aparmaq istəyir və Allah nəyi istəyirsə o da baş verir. Allah onlardan çirkinliyi aparmışdırsa demək onlar artıq məsum (günahsız) sayılırlar. Onlar məsum sayılırdılarsa, demək başqalarından fərqli olaraq, onların xəlifə olmaları daha gərəkli idi.
Lakin aşağıdakı səbəblərə görə bu, batil iddia sayılır:

Birinci:
“Tathir” ayəsi adı ilə tanınan bu ayə Peyğəmbərin (s.a.v) zövcələri barəsində nazil olmuşdur. Belə ki, Allah təala buyurur: “Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər! Allahın evlərinizdə oxunan ayələrini (Quranı) və hikməti (Peyğəmbərin qoyduğu qayda-qanunu) xatırlayın. Allah (möminlərə) lütfkardır, (bəndələrinin bütün əməllərindən) xəbərdardır!” ( əl-Əhzab: 32-34.)

Bu ayələrin düzülüşünə diqqət yetirən kimsə, onların xüsusi olaraq Peyğəmbərin (s.a.v) zövcələri barəsində nazil olmasına əmin olar. Onlar ayənin “Allah sizdən” (ərəb. Liyuzhibə ankum) – sözlərininin qadın cinsində (ərəb. ankunnə) deyil, kişi cinsində (ərəb. ankum) deyilməsini əsas gətirirlər. Həmçinin bu yerdə də “sizi tərtəmiz (pak) etmək istər” (ərəb. Liyutahhirakum) — sözlərini qadın cinsində (ərəb. Liyutahhirakunnə) deməmişdir. Deyirlər ki, burada cəm forması kişi cinsində işlədildiyi üçün bu ayənin məzmununa Peyğəmbərin (s.a.v) zövcələri deyil, hədisin dəlalətinə görə Əli, Fatimə, Həsən və Hüseyn daxildirlər. Bu isə batil bir iddiadır. Çünki ayə özündən əvvəlki, “Siz ey Peyğəmbərin zövcələri! Evlərinizdə qərar tutun”, “Allahın evlərinizdə oxunan ayələrini (Quranı) və hikməti (Peyğəmbərin qoyduğu qayda-qanunu) xatırlayın” – ayələr ilə əlaqəlidir. Bu ayələrdəki müraciət xüsusi olaraq Peyğəmbərin (s.a.v) zövcələrinə aiddir.

İkinci:
Ayədəki qadın cinsi şəkilçilərinin kişi cinsi şəklçiləri ilə əvəz edilməsi Peyğəmbərin (s.a.v) də Əhli beytlə birgə qeyd edilməsinə görədir. Belə ki, Allah təala İbrahim peyğəmbərin zövcəsi haqqında belə buyurmuşdur: “(Mələklər İbrahimin arvadına) dedilər: “Allahın əmrinə (əmr etdiyi bir şeyə) təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah təriflənib şükür olunmağa, öyülüb mədh edilməyə layiqdir!” ( Hud: 73.)
İbrahim və zövcəsi, hər ikisi ev əhliydilər. Amma Allah təala onlara kişi cinsini bildirən şəkilçilərlə xitab etmişdir. Musa haqqında isə belə demişdir: “Musa (onillik xidmət) müddətini başa vurub ailəsi ilə birlikdə (Misirə tərəf) yola çıxdığı zaman Tur dağı tərəfdə bir od gördü. O, ailəsinə dedi: “Siz (mən qayıdanadək burada) durun. Mən bir od gördüm. Bəlkə, gedib ondan sizə bir xəbər, yaxud bir köz gətirim ki, qızınasınız!” (əl-Qəsəs: 29.)
Musa ilə zövcəsi vardı. Lakin Allah təala xitabı kişi cinsini bildirən şəkilçilərlə etmişdir.
“Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” Qeyd olunan ayədə şəkilçilərin kişi cinsində işlədilməsinə səbəb, Əli, Fatimə, Həsən və Hüseynin ayəyə aid olmalarına görə deyil, əksinə orada Peyğəmbərin (s.a.v) qadınları ilə birlikdə xatırlanmasıdır. Əslində Əli, Fatimə, Həsən və Hüseyn bu ayənin dəlalət etdiyi mənaya görə deyil, Əba hədisinin dəlalətinə görə Peyğəmbərin  əhli beytindən sayılırdılar. Əli, Fatimə, Həsən və Hüseynin əhli beytən olmalarına dəlil, Əba hədisidir. Demək, Peyğəmbər  əbasını açıb onları əbasının altına alaraq: “Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” — ayəsini oxumaqla, onların öz əhli beytindən olduqlarını isbatlamışdır.

Üçüncü:
Peyğəmbərin (s.a.v) əhli beyti dedikdə buraya, onun zövcələri, Əli, Həsən, Hüseyn, Fatimə və başqaları şamil olunur. Belə ki, rəvayətlərin birində Zeyd ibn Ərqəm, “Peyğəmbərin (s.a.v) zövcələri əhli beytdən sayılırlarmı?” — məzmunlu bir sual ilə soruşulduqda demişdir: “Onun zövcələri, əhli beytindən sayılırlar. Onun sədəqə yemələri haram olan əhli beyti isə Əli, Cəfər, Əqil və Abbasın ailələridir”. (Səhihi Müslim: Kitabu fədailus əshabə, 2408.)
Demək Peyğəmbərin (s.a.v) əhli beyti deyiləndən daha böyükdür. Ayənin dəlalət etdiyi mənaya əsasən qadınları, Əba hədisinin dəlalətinə görə Əli, Həsən, Hüseyn və Fatimə, Zeyd ibn Ərqəmin hədisinə əsasən isə Əli ibn Əbu Talib, Cəfər ibn Əbu Talib, Əqil ibn Əbu Talib və Abbas ibn Əbdülmüttalibin ailələri onun əhli beytindəndirlər. Adı çəkilənlərin hamısı Peyğəmbərin (s.a.v) əhli beytindən sayılırlar. Ümumiyyətlə Haşim övladlarının hamısı əhli beytdən sayılırlar və onlara sədəqə yemək haram edilmişdir. Buna dəlalət edən hədis, Əbdülmüttalib ibn Rəbiə ibn əl-Haris ibn Əbdülmüttalibin dediyi rəvayətdir. Rəvayətdə deyilir: “Rabiə ibn əl-Haris və Abbas ibn Əbdülmüttalib bir araya gəlib dedilər: “Vallah gəl bu iki uşağı (məni və Fəzl ibn Abbası) Peyğəmbərin (s.a.v) yanına göndərək, gedib onunla danışsınlar. Bəlkə onları sədəqə üzərinə gözətçi təyin edər və onlar da başqaları kimi iş görər və onlar kimi də qazanc əldə edərlər””. Rəvayətçi deyir: “Onlar bu söhbəti etdikləri zaman Əli ibn Əbu Talib gəlib onların başı üzərində dayandı və onlar bu təkliflərini Əliyə də bildirdilər. Əli dedi: “Bunu etməyin. Allaha and olsun ki, Peyğəmbər (s.a.v) bunu edən deyildir”.” Rabiə ibn əl-Haris, Əlinin sözünü kəsərək dedi: “Allaha and olsun ki, sən bunu bizə həsəd aparıb deyirsən. Sən Peyğəmbərin (s.a.v) kürəkənliyini qazanmısan amma biz buna görə sənə qarşı həsəd aparmamışıq”. Əli dedi: “Onda göndərin getsinlər”. Uşaqlar getdilər, Əli isə onların yanında oturdu.

Peyğəmbər (s.a.v) Zöhr namazını qıldıqdan sonra onlar tez-tələsik ondan öncə onun evinin önünü kəsdirdilər. Rəvayətçi deyir: “O gələnə qədər biz qapının önünü kəsdirdik. O gəlib bizim qulağımızdan tutub dedi: “Gizlətdiyiniz nədirsə deyin”. Sonra o və arxasınca da biz evə daxil olduq. Həmin gün o Zeynəb binti Cəhşin yanında idi. Rəvayətçi deyir: Biz söhbətin kim tərəfindən başladılmasını biri-birimizin boynuna atırdıq. Sonda birimiz danışıb dedi: “Ey Allahın elçisi, sən insanların ən xeyirxahı və ən çox qohumluq əlaqələrini qoruyanısan. Bizim artıq evlənmək vaxtımızdır. Biz də başqaları kimi sənə xidmət göstərib bunun müqabilində qazanc əldə etmək istəyirik. Bizi sədəqələrin bir hissəsinə nəzarətçi təyin et”. Rəvayətçi deyir: “O, uzun müddət susdu və biz yenə də ona nə isə demək istədikdə, Zeynəb pərdənin arxasından bizə, onu danışdırmamağımızı işarə ilə bildirdi”. Daha sonra Peyğəmbər (s.a.v) buyurdu: “Məhəmmədin ailəsinə sədəqə yemək yaraşmaz. Doğrudan da sədəqə insanların çirkabıdır”.
(Müslim: Kitabuz Zəkat, 1072. Rabiə ibn əl-Haris, Əbdülmüttalib ibn Haşimin oğludur. O, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əmisi oğlu hesab olunur. Bu əsasla bütün Haşim ailəsi əhli beytdən sayılır.)

Dördüncü: Ayədə, Allahın onları çirkinlikdən təmizlədiyi qeyd olunmur. Çünki Allahın bu istəyi qədərə bağlı olan istək (ərəb. iradətul qədəriyyə) deyil, şəriətə və sevgiyə bağlı olan istəkdir (ərəb. iradətun şəriyyə). Bu isə o deməkdir ki, Allah onların çirkinliklərinin təmizlənməsini istəyir. Heç şübhəsiz, Allah Fatimənin, Həsənin, Hüseynin, Əlinin, Peyğəmbərin zövcələrinin, Əqilin, Cəfərin və Abbasın ailəsini paklığa çıxartmışdı. Amma ayədə nəzərdə tutulan istək şəriətlə bağlı olan istəkdir. Ona görə də Peyğəmbər (s.a.v) onları əbanın altına alarkən belə demişdi: “Ey Allahım, bunlar mənim əhli beytimdir, onları paklığa çıxart”.
(Camiut Tirmizi: Kitabul Mənaqib. Bab, Mənaqibi əhlu beytin nəbiy, 2787.)
Əgər artıq Allah təala onları (tathir ayəsinin nazil olması ilə) paklığa çıxartmışdısa, nə üçün Peyğəmbər (s.a.v) bir daha bu duanı edirdi?!
Peyğəmbərin (s.a.v) belə dua etməsi, ayədəki istəyin şəriətlə bağlı olan bir istək (ərəb. iradətun şəriyyə) olduğunu sübut edir. Bunun bir misalı bu ayədir: “Allah sizə (bilmədiklərinizi) bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları sizə göstərmək və tövbələrinizi qəbul etmək istər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir! Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə (düz yoldan) sapdırmaq istəyirlər. Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsin, çünki insan (şəhvətini cilovlamaq və itaətin çətinliyinə dözmək baxımından) zəif yaradılmışdır”. ( ən-Nisa: 26-28. )

Allahın bu ayədə buyurduğu istəklər, şəriətlə bağlı olan istəklərdir. Allah bütün insanların üzərində olan yükü yüngülləşdirmək və onların hamısının tövbəsini qəbul etmək istər. Amma bütün insanların tövbəsini qəbul etmişdirmi?
İnsanlar ya mömin, ya da kafir olurlar. Allah bütün insanların tövbəsini qəbul etməmişdir. Allah təala buyurur: “Sizi yaradan Odur. Kiminiz kafirsiniz, kiminiz mömin. Allah nə etdiklərinizi görəndir!” ( ət-Təğabun: 2.)

Beşinci: Allah təala hər bir möminin çirkinliklərdən təmizlənməsini istər. Ona görə də Peyğəmbər (s.a.v) namaz qılmaq istəyən müsəlmana natəmiz yerlərdən uzaq olmağı əmr etmişdir. Ayələrin birində Allah təala belə buyurur: “Libasını təmizlə!” ( əl-Müddəssir: 4. )
Həmçinin Allah təala bizə dəstəmaz almağı əmr etmiş, boynuna cənabət düşənlərin qüsl almalarını buyurmuşdur.

Altıncı: Çirkablardan təmizlənmək Əliyə, Fatiməyə, Həsənə və Hüseynə (Allah onlardan razı olsun) xas olan bir vəsf deyil. Bu xüsusiyyətə digər insanlar da nail olmuşlar. Belə ki, Allah təala buyurur: “(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır (rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir.” ( ət-Tövbə: 103.)

“Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı məsh edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun. Əgər cünub olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin). Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!” (əl-Maidə: 6.)

“O vaxt (Bədr vuruşunda) Öz tərəfindən (köməyindən) arxayınlıq əlaməti olaraq, Allah sizi xəfif bir uyğuya daldırmış, sizi (çirkdən-pasdan) təmizləmək (və ya dəstəmaz almaq), Şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi (qələbəyə inamla) doldurmaq və (quma batmasın deyə) ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı.” ( əl-Ənfal: 11.)

Yeddinci: Onlardan çirkabın aparılması, onların Peyğəmbərdən  sonra xəlifə olmalarına dəlalət etmir. Biz tam yəqinliklə inanırıq ki, Allah təala Əlini çirkablardan təmizləmişdir. Elə ona görə də o, möminlərin mövlası (dostu, sevimlisi) olmuşdur. Həsən, Hüseyn, Fatimə və eləcə də Peyğəmbərin (s.a.v) zövcələri bu keyfiyyətə nail olmuşlar. Bu səbəbdən Allah təala Peyğəmbərin (s.a.v) zövcələrini möminlərin anaları adlandırmışdır. Belə ki, Allah təala buyurur: “Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. (Möminlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (möminlərin) analarıdır. Qohumlar (bir-birinə vərəsə olmaq baxımından) Allahın Kitabında möminlərdən və mühacirlərdən daha yaxındırlar. Amma (qohum olmayan) dostlarınıza (vəsiyyətlə) bir yaxşılıq edə (bir irs qoya) bilərsiniz. Bu (hökm) kitabda (lövhi-məhfuzda) yazılmışdır…” ( əl-Əhzab: 6.)

Mövzunun əvvəlində əshabələrin fəzilətləri haqqında qeyd etdiyimiz ayələrə əsasən uca və nöqsansız Allah, Peyğəmbərin (s.a.v) bütün əshabələrindən çirkinliyi təmizləmişdir. Bununla da onlar müsəlmanların mövlaları (dostları, sevimliləri) olmuşlar. Onu da bilmək lazımdır ki, çirkabdan təmizlənmək həmin insanın məsum olmasına dəlalət etmir. Əgər bu onun məsumluğuna dəlalət etmirsə, demək öz növbəsində onun mütləq rəhbər olmasına da əsla dəlalət etmir.

Lənətləşmək ayəsinə gəlincə, ayədə deyilir:  – Sənə göndərilən elmdən sonra buna dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!” (Ali İmran).

Bu ayə əhli-beytin üstünlüyünü və məziyyətini bildirir. Ayənin nə yaxından, nə də uzaqdan imamlıqla heç bir əlaqəsi yoxdur.

—————
Tarixi Hadisələrin Təhlili Kitabı
Şəriət Elmləri Doktoru
Osman Xəmis
Tərcümə etdi
Abdurrəhim Muradlı

Tarixi Hadisələrin Təhlili Kitabı, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin DK235B saylı məktubu əsasında nəşr edilmişdir.

Bənzər Məqalələr