featured-image-3659

Əhli sünnə yekdil olaraq, Peyğəmbərdən (s.a.v) sonra Əbu Bəkrin xəlifə olduğunu qeyd edirlər. Amma digərləri isə bu məsələdə onlara müxalif çıxaraq Əlinin, Əbu Bəkr, Ömər və Osmandan (r.a) xəlifəliyə daha haqlı olduğunu deyirlər. Onlara görə Peyğəmbərdən (s.a.v) sonra ilk xəlifə mütləq Əli (r.a) olmalıydı. Onlar bu iddialarına Qurandan və Əhli Sünnənin, istər “Səhihi Buxari”, “Səhihi Muslim” və ya digər sünnə və müsnəd kitablarından bir neçə əsas belə gətirirlər. Biz, o dəlillərin daha əhəmiyyətlisini və səhihini qeyd edib, məsələ ilə nə qədər əlaqəli olduğunu açıqlayacağıq.

Hər şeydən öncə onu deyim ki, Əli (r.a) , barəsində ifrata varılmağa ehtiyacı olmayan bir kimsədir. Belə ki, o, Peyğəmbərin (s.a.v) ən xeyirxah və cənnət qadınlarının xanımı sayılan qızı Fatimə ilə evlənən kürəkənidir. O, Peyğəmbərin (s.a.v) əmisi oğlu, həm də Raşidi xəlifələrin dördüncüsüdür. Xülasə, onun imtiyazları həddindən artıq çoxdur. Lakin bizim məqsədimiz Əlinin (r.a) imtiyazlarını sadalamaq deyil. Onun imtiyazları artıq öz təsdiqini tapmışdır. Onları xatırlamağa ehtiyac yoxdur. Bizim əsas məqsədimiz, həmin imtiyazların Əlinin özündən əvvəlki xəlifələrdən bu işə daha layiq olmasına dəlalət edib-etməməsini nəzərdən keçirməkdir.
Əli ibn Əbu Talibin (r.a) xəlifəliyə, Əbu Bəkr (r.a), Ömər (r.a) və Osmandan (r.a) daha layiqli olmasını deyənlərin dəlillərini iki qismə ayırmaq olar: Əqli və nəqli dəlillər:
Birinci qism: Nəqli dəlillər. Onlar aşağıdakılardır:
1. “Qədr-Xum” hədisi;
2. “Əba” hədisi və lənətləşmək ayəsi;
3. “Vilayət” ayəsi;
4. “Məqam” hədisi;
5. “Yaxın qohumlar” ayəsi;
6. İki ağır əmanət hədisi;
7. “Əli məndəndir, mən də Əlidən” hədisi;
8. “On iki” hədisi;
9. “Elm şəhəri” hədisi;
10. “Xəbərdarlıq” hədisi.

İkinci qism: Əqli dəlillər:
1. Peyğəmbərdən (s.a.v) sonra ən şücaətli insan;
2. Ən elmli insan;
3. Nəsəb və qohumluq baxımından Peyğəmbərə (s.a.v) ən yaxındır;
4. İslamı ilk qəbul edəndir;
5. Heç vaxt bütə səcdə etməyib.

Əlinin Əbu Bəkrdən, Ömərdən və Osmandan )r.anhum) xəlifəliyə daha layiq olduğunu deyənlərin nəqli dəlilləri və onlara cavab

«Qədr-Xum hədisi»

Zeyd ibn Ərqəm (r.a) deyir ki, Məkkə və Mədinə arasında Xum adlanan yerdə Peyğəmbər (s.a.v) bizə vəz etdi. İlk olaraq Allaha həmd səna etdi, bizə (dinimizi) xatırlatdı, sonra isə dedi: “Ey insanlar, mən də bəşər övladıyam, Rəbbimin elçisinin gəlməsinə və mənim də onu qarşılamağıma çox az qalıb. Mən sizə iki ağır yükü tərk edib gedirəm. Birincisi, Allahın kitabıdır. Hidayət və nur ondadır. Allahın kitabını əsas götürün və ondan tutunun”. Bir müddət, Allahın kitabı haqqında danışıb, insanları ona rəğbətləndirdi və sonra dedi: “(İkincisi) Əhli beytimdir. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram”.
Husayn ibn Səburə Zeydə dedi: “Ey Zeyd, Peyğəmbərin (s.a.v) əhli beyti kimlərdir? Onun yoldaşları onun əhli beytindən deyillər?”
Zeyd dedi: “Bəli, yoldaşları da əhli beytindəndir. Əhli beyti, ondan sonra özlərinə sədəqə yemək haram olanlardır”.
O dedi: “Bəs onlar kimlərdir?”
Zeyd dedi: “Onlar, Əlinin, Əqilin, Cəfərin və Abbasın ailəsidir”.
O dedi: “Bunların hamısına sədəqə haram edilmişdir?”
Zeyd dedi: “Bəli”. ( Səhihi Müslim, Kitabu Fədailus Əshabə, 2408.)
Başqalarının rəvayətində, məsələn Tirmizinin, (Camiut Tirmizi. Kitabul Mənaqib. Bab, Mən qablə Əli. 2712.) Əhmədin, (Müsnədi Əhməd, 5, 347. ) Nəsainin “əl-Xəsais” əsərində, (Xəsaisu Əli, səh, 96, 79.) Hakim (əl-Müstədrək, 3, 110.)və digərlərinin kitablarında hədisə belə bir əlavə vardır. “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”.

Bu haqda digər əlavələr də qeyd olunur. Məsələn, “Allahım, onu dost tutanı sən də dost tut, ona düşmən kəsilənə isə Sən də düşmən kəsil. Ona kömək olana, Sən də kömək ol. Onu alçaldanı, Sən də alçalt. O, harada olsa haqqı da onunla bərabər et”. Bu kimi əlavələr çoxdur, lakin hal-hazırda onların qeyd edilməsinə ehtiyac yoxdur.
“Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” sözləri Tirmizinin, Əhmədin, Nəsainin “əl-Xəsais” əsərində, Hakim və digərlərinin kitablarında Peyğəmbərdən (s.a.v) səhih sənədlərlə rəvayət olunmuşdur.

“Allahım, onu dost tutanı, Sən də dost tut” əlavəsinə gəlincə, bəzi elm adamları bu rəvayətin səhih olduğunu vurğulamışlar, lakin daha doğru rəyə əsasən bu əlavə səhih deyildir.
“Ona kömək olana, Sən də kömək ol. Onu alçaldanı, Sən də alçalt. O, harada olsa haqqı da onunla bərabər et!” Bu isə Peyğəmbərin  adından uydurulmuş bir əlavədir.

Bəziləri “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” hədisini, Əlinin (r.a) , Peyğəmbərdən (s.a.v) sonra xəlifə olmasına dəlil gətirirlər. Onların iddiasına görə “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” sözlərinin mənası, Əlinin xəlifə olması deməkdir. Çünki burada mövla sözü vali, yəni, itaəti vacib olan ağa, mənasını verir. Hədis, bu baxımdan Əlinin birinci xəlifə olmasına dəlalət edir.

Həmçinin bu hədis Əlidən də rəvayət olunmuşdur. Belə ki, bir gün o, Kufədə, Rəhbə adlı yerdə olanda demişdir: “Kim, Peyğəmbərin (s.a.v) Qədr Xum günü mənim haqqımda belə dediyini eşitmişdir: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.” (əs-Silsilətus Səhihə: 1750.)
Bu sözə on iki nəfər Bədr döyüşünün iştirakçısı şahidlik edir.

Peyğəmbərin (s.a.v) bu sözləri Əliyə deməsinin səbəbi:
Onların iddiasına görə, Peyğəmbər (s.a.v) qızmar istidə, Cuhfə ərazisində yerləşən (həcilərin yol ayrıcı sayılan) Qədr Xumda, “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” – fikrini çatdırmaq üçün, yüz mindən çox insanı bu yerdə dayandırmışdı. Onlar bu hədisə, əvvəldə dediyimiz əlavələri də artıraraq məsələni belə qələmə verirlər.

Doğru rəyə görə bu hədisin iki səbəbi vardır:

Birinci: Bureydə ibn əl-Huseyyib (r.a) deyir: Xalid ibn əl-Valid xüms payını (Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Xalidi Yəmən vilayətinə döyüşə göndərmişdi. Xalid qələbə çaldıqdan sonra xüms payını bölmək üçün Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir nəfər göndərməyi ərz etdi.) ayırmaq üçün bir nəfərin göndərilməsi haqqında Peyğəmbərə (s.a.v) xəbər çatdırır. Əli (r.a) gəlib xüms payını ayırır və sonra xüms payından özünə bir kəniz seçib ona yaxınlıq edir. Bureydə deyir: “Mən buna görə Əliyə nifrət edirdim. O artıq (cənabətdən təmizlənmək üçün) qüsl də almışdı. (Demək, Əli xüms payını böldükdə əsirlərin arasından bir nəfər kənizi gütürüb ona yaxınlıq etdi və sonra çıxıb qüsl aldı.) Mən Xalidə dedim: Sən bir buna bax?!”
Biz Peyğəmbərin (s.a.v) yanına gəldikdə bu haqda ona xəbər verdim. Peyğəmbər (s.a.v) isə mənə dedi: “Ey Bureydə, sən Əliyə nifrət edirsən?” Mən dedim: “Bəli”. Peyğəmbər (s.a.v) dedi: “Ona nifrət etmə, onun xümsdə ondan artıq payı vardır”. ( Səhih əl-Buxari: Kitabul Məğazi. Bab, Bəsu Əli və Xalid iləl Yəmən, 4250.)
Digər bir rəvayətdə isə Peyğəmbərin  Bureydəyə belə dediyi nəql olunur: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”.( Cami Tirmizi: Kitabul Mənaqib. Bab, Mənaqibu Əli, 3712.)

İkinci: Beyhəqi, Əbu Səiddən rəvayət edir ki, “Əli (r.a) onları sədəqə malından olan dəvələrə minməyi qadağan edir və onların üzərinə bir nəfəri başçı təyin edib özü Peyğəmbərin  yanına gedir. Əli (r.a) onlarla yolda rastlaşdıqda təyin etdiyi başçının dəvələrin minilməsinə icazə verdiyini gördü. Əli (r.a) dəvələrin minilməsini və dəvələrin üzərində minik əlamətlərinin görsənməsini gördükdə qəzəbləndi və təyin etdiyi müavinini tənqid etdi”.

Əbu Səid (r.a) deyir: “Biz Peyğəmbəri (s.a.v) gördükdə, Əlidən (r.a) çəkdiklərimizi ona xəbər verdik”. Digər rəvayətdə isə deyilir ki: “Xümsün içərisinə paltarlar var idi. Onlar həmin paltarlardan geyinmək istədikdə, Əli (r.a) onlara qadağan etdi. Bunları eşidən Peyğəmbər (s.a.v) dedi: “Ey Səd ibn Malik (Əbu Səid), qardaşın Əli haqqında dediklərin barədə bir az tələsmə. Allaha and olsun ki, sən onun Allah yolunda yaxşı çalışdığını bilirsən”. İbn Kəsir bu rəvayət haqqında demişdir: “Bu rəvayətin sənədi yaxşıdır və Nəsainin şərtinə uyğundur. Beyhəqi və başqa alimlər onu rəvayət etmişlər”.
İbn Kəsir deyir: “Əlinin başçılıq etdiyi qoşun, sədəqə dəvələrindən istifadənin qadağan edilməsini, Əlinin müavini tərəfindən qoşuna paylanan paltarların Əli tərəfindən geri götürülməsini əsas tutub, onun haqqında çox dedi-qodu edirdilər. Peyğəmbər (s.a.v) həcc əməllərini bitirib Mədinəyə qayıdarkən Qədr Xum adlı yerdə dayanıb insanlara vəz etdi. Vəzin əsas mövzusu Əlinin məziyyətlərini qeyd etməkdən və onun haqqında müsbət fikirlər söyləməkdən ibarət idi. Əksər insanların qəlbində Əliyə qarşı yaranan kin-küdurəti aparmaq üçün onun fəzilətlərini qeyd edirdi”. ( əl-Bidayə vən Nihayə: 5, 95.)

Demək, Peyğəmbərin (s.a.v) həmin hədisdə Əli haqqında o sözləri deməsinin səbəbi bu idi. Peyğəmbər (s.a.v) bu söhbəti Məkkədə, Minada və ya Ərafada olarkən etmədi, əksinə Mədinəyə qayıtmasını gözləyirdi. Görəsən bunun səbəbi nə idi? Çünki bu məsələ yalnız Mədinə camaatına aid idi. Əli (r.a) haqqında danışanlar onunla birlikdə qoşunda olan mədinəlilər idilər. Qədr Xum Məkkədən iki yüz əlli kilometr uzaqlıqda, Cuhfə adlı yerdə yerləşir. Bu yerin həcilərin yol ayrıcı olduğunu deyən kimsə yalançıdır. Çünki həcilərin toplanan və ayrılan yerləri Məkkədir. Heç vaxt həcilərin ayrıldığı yer Məkkədən iki yüz əlli kilometr uzaqlıqda ola bilməz. Məkkə camaatı Məkkədə qalır, Taif camaatı Taifə, Yəmən camaatı Yəmənə, İraqlılar da İraqa qayıdırlar. Həccini yekunlaşdıran hər bir insan öz ölkəsinə qayıdır. Ərəb qəbilələri də bu qaydada öz yurdlarına dönürdülər. Peyğəmbərlə  yalnız Mədinəlilər və yolu Mədinədən keçən həcilər qalmışdı. Peyğəmbər  vəzini onlara etmiş və demişdir: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”. Əhli sünnə ilə qeyriləri arasında olan fikir ayrılığı, bu sözlərin doğru və ya yalan olmasında deyil, bu sözlərin məfhumundadır. Müxaliflər deyirlər ki, “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” – sözlərinin mənası “Mən kimin rəhbəriyəmsə, Əli də onun rəhbəridir.” — deməkdir. Əhli Sünnənin məfhumuna görə isə, Peyğəmbərin (s.a.v) , “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” – sözlərində deyilən mövla ifadəsinin mənası, düşmənçilik sözünün antonimi olub, kömək və sevgi mənasını daşıyır.

Bu mənanı söyləməyə bir neçə əsas vardır:

1. Bəzi elm adamlarının səhih saydıqları bu əlavə mövla sözünü açıqlayır. Hədisdə Peyğəmbər (s.a.v) deyir: “Allahım, onu dost tutanı Sən də dost tut, ona düşmən kəsilənə isə Sən də düşmən kəsil.” Burada deyilən dost və düşmən sözləri: “Əli də onun mövlasıdır” — ifadəsini açıqlayır. Bu söz, Əli ibn Əbu Talibin insanlar tərəfindən sevilməsi üçün deyilən sözlərdir.

2. Əli buna və bundan da artığına layiqdir, amma Peyğəmbər (s.a.v) bu yerdə Əliyə (r.a) görə dayanmamışdı. Peyğəmbərin (s.a.v) bu yerdə dayanmasında məqsəd, istirahət idi. Məkkədən Mədinəyə getmək uzaq səfər sayılır. Bunun üçün beş və ya yeddi gün vaxt lazımdır. Ona görə də Peyğəmbər (s.a.v) səfər əsnasında bir neçə dəfə istirahət etməli olurdu. Həmin yerdə də Peyğəmbər (s.a.v) insanlara Allahın kitabını və özünün Əhli beytini xatırlatdı. Onlara hörmətlə yanaşmağın, şənlərini uca tutmağın və eləcə də onlara itaət etməyin vacibliyini vurğuladı. Daha sonra Əli barəsində bəhs edilən məqamlara toxunaraq dedi: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”.
3. Ərəb dilində “Mövla” sözünün dəlalət etdiyi mənalar, bu sözün, kömək və sevgi mənasında olmasını göstərir. İbn əl-Əsir deyir: “Mövla sözü Allah, mülk sahibi, nemət verən, kömək edən, sevilən, and bağlayan, əsarətdə olan və ya azad olunan kölə, əmi oğlu və kürəkən mənalarında işlədilir”. ( ən-Nihayə fi ğəribil hədis: 5, 228.) Demək ərəblər Mövla sözünü bütün bu mənalarda istifadə edirlər.

4. Hədisdə Əlinin rəhbərliyinə dəlalət edən heç bir məna yoxdur. Əgər Peyğəmbər (s.a.v) bu hədisdə Əlinin xəlifəliyini bəyan etmək istəyirdisə o zaman, İbn əl-Əsirin qeyd etdiyi kimi, özündə bir neçə mənanı daşıyan sözlə bunu ifadə etməzdi. Onun belə deməsi daha doğru olardı: “Məndən sonra Əli mənim xəlifəmdir, yaxud Əli məndən sonra rəhbərdir və ya mən öləndən sonra Əli ibn Əbu Talibi eşidib, itaət edin.” Amma Peyğəmbər (s.a.v) , açıq aşkar məna daşıyan və fikir ayrılığına son nöqtə qoyan, bu ifadələrin heç birini işlətməmişdir. Əksinə Peyğəmbər (s.a.v) bu sözlərlə kifayətlənmişdir: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”.
( Müxaliflərin böyük alimlərindən sayılan ən-Nuri ət-Təbərisi deyir: “Qədr Xum günü, Peyğəmbər özündən sonra Əlinin xəlifə olması haqqında açıq-aşkar bir söz qeyd etməmişdir. O, bunu ümumi məna daşıyan və bir neçə mənalarda müştərək olan bir ifadə ilə vurğulamışdır. Bu ifadənin hansı mənaya dəlalət etməsini araşdırıb təyin etmək lazımdır”. Faslul Xitab, 205-206.)

6.Allah təala buyurur: “(Ey münafiqlər!) Bu gün artıq nə sizdən, nə də kafirlərdən (günahlarınızın bağışlanması üçün) heç bir fidyə qəbul olunmaz. Məskəniniz Cəhənnəmdir. Sizin mövlanız (sizə yaraşan) odur. Ora necə də pis sığınacaqdır!” ( əl-Hədid: 15.)
Bu ayədə Allah təala, kafirlərlə daha yaxın və sıx ünsiyyətdə olan cəhənnəmi, mövla adlandırır. Allah bizi cəhənnəm odundan qorusun.

7.Mövla vəsfi, Peyğəmbərin (s.a.v) vəfatından öncə də, sonra da Əlinin daimi simalarındandır. Hətta bu keyfiyyət Əlinin (r.a) vəfatından sonra da qalmaqdadır. Əli, Peyğəmbərin (s.a.v) sağlığında möminlərin mövlası olduğu kimi, onunun ölümündən sonra da möminlərin mövlası olmuşdur. O hal-hazırda bizim mövlamızdır. Belə ki, Allah təala buyurur: “Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, tam mütiliklə (Allaha) namaz qılır və zəkat verirlər.” (ən-Nihayə fi ğəribil hədis: 5, 228.)
Əli də iman gətirənlərin ön sırasındadır.

8.Əgər Peyğəmbər (s.a.v) rəhbər mənasını qəsd edirdisə o zaman mövlam deyil, valimdir (xəlifəmdir) sözünü ifadə edərdi. Çünki mövla sözü ilə vali sözləri başqa-başqa məna daşıyırlar. Vali sözü vilayət sözündən olub hökm etmək mənasına gəlir. Mövla sözü isə vəlayət sözündən olub, sevgi və dayaq mənasını daşıyır. Uca və nöqsansız Allah buyurur: “Əgər ikiniz də (bu hərəkətinizə görə) Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünki (Peyğəmbərə əziyyət verməklə, ona xoş getməyən bir hərəkət etməklə) qəlbləriniz (onun barəsində bir qədər qeyri-səmimiliyə, günaha) meyl etdi. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək etsəniz, (bilin ki, sizə qələbə çalmaqda) onun mövlası (dostu, hamisi) Allah, yardım göstərənləri isə Cəbrail, əməlisaleh möminlər və bundan sonra da (bütün) mələklərdir.” (ət-Təhrim: 4.)Göründüyü kimi bu ayədə də mövla sözü sevgi, dayaq və dəstək mənalarında işlədilmişdir.

9. Allah təala İbrahim əleyhissəlamın tayfası haqqında deyir: “Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!” (Ali İmran: 68.)

Ayədə adı çəkilənlərin İbrahimə yaxın olmaları, onun üzərində ağalıq etmələri mənasına gəlmir. Əksinə, İbrahim onların başçısı və rəhbəri sayılır.

10.İmam Şafii (Allah rəhmət etsin) Zeyd ibn Ərqəmin hədisi barədə deyir: ( “Ən-Nihayə Fi Ğarib əl-Hədis vəl-Əsər” 5/228.)
“Bu hədisdə Peyğəmbər (s.a.v) islam dostluğunu (vəlayətini) nəzərdə tutur. Oxşar bir məqamda Allah təala buyurur: “Ona görə ki, Allah iman gətirənlərin dostudur (himayədarıdır). Kafirlərin isə dostu (himayədarı) yoxdur!” ( Məhəmməd: 11.)

Hədis, Əlinin Peyğəmbərdən (s.a.v) sonra xəlifəliyinə dəlalət etmir. Əslində hədis, Əlinin Allahın dostlarından (övliyalarından) biri olduğunu göstərir. Buna görə də onu dost tutmaq, sevmək və ona dayaq olmaq vacibdir.

—————–
Tarixi Hadisələrin Təhlili Kitabı
Şəriət Elmləri Doktoru
Osman Xəmis
Tərcümə etdi
Abdurrəhim Muradlı

Tarixi Hadisələrin Təhlili Kitabı, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin DK235B saylı məktubu əsasında nəşr edilmişdir.

Bənzər Məqalələr