featured-image-3643

Əlinin (r.a) qətlindən sonra Kufə camaatı Həsən ibn Əliyə (r.a) beyət etdilər. Kufədə beyət başa çatdıqdan sonra Həsən (r.a) Şama tərəf yola çıxdı. Çünki onlar bu vaxta qədər möminlərin əmiri Əli ibn bu Talibə (r.a) itaət etməmişdilər.
Həsən ibn Əli (r.a) Müaviyə (r.a) ilə sülh bağlayır və müsəlmanlar birliyə nail olurlar.

Qan tökülməsini xoşlamayan Həsən ibn Əli (r.a) sülh niyyəti ilə Şama yollandı. Hətta bir zaman Həsən ibn Əli, atası Əli ibn Əbu Talibin (r.a) şamlilara qarşı döyüşə getməsinə razı deyildi. (“Əl-Bidayə vən Nihayə” 7/245.)
Onun sülh istəməsinin əlaməti Qeys ibn Səd ibn Ubadəni qoşun sərkərdəliyindən azad edərək əvəzinə Abdullah ibn Abbası təyin etməsidir. (“Fəthul Bari” 13/67.)
Allah onların hər ikisindən razı olsun!
Həsən əl-Bəsri deyir: “Həsən ibn Əli (r.a) Müaviyənin (r.a) qoşunu yerləşən bölgəyə gəldikdə Amr ibn əl-As Müaviyəyə dedi: “Mənə elə gəlir, bu qoşunun ardı kəsilən deyil”.
Həsən əl-Bəsri deyir: “Mən Əbu Bəkrənin belə dediyini eşitdim: “Bir gün Peyğəmbər  xütbə verərkən Həsən ibn Əli (r.a) gəldi və bu zaman Peyğəmbər (s.a.v) buyurdu: “Mənim bu oğlum alicənabdır. Allah onun əli ilə iki müsəlman dəstəni sülhə bağlayacaqdır”.(“Səhih əl-Buxari” Kitabul Fitnə, Bab qovlun Nəbiy innə ibni həzə seyyid, ? 7109.)

Zuhri deyir: “Müaviyə Həsən ibn Əliyə möhürlü məktub göndərərək dedi: “Orada istədiyini yaz, qoy istədiyin sənin olsun. Amr ibn əl-As dedi: “Xeyr, gərək biz ona qarşı döyüşək”. Müaviyə dedi: “(Zuhri deyir ki, Müaviyə iki nəfərin xeyirlisi idi) Ey Əbu Abdullah, tələsmə! Sən bunları qətlə yetirənə qədər həmin sayda Şam əhalisindən də qətlə yetiriləcək. Bundan sonra həyatın mənası olar?! Allaha and olsun, mən məcburiyyət qarşısında qalana qədər döyüşə əl atan deyiləm”. ( Əbdürrəzzaq “Musənnəf” 5/462.)

Bundan sonra Müaviyə Həsən ilə görüşdü. Həsən ibn Əli (r.a) xilafəti Müaviyəyə təhvil verdi və beləliklə Müaviyə möminlərin əmiri oldu. Bu il “Camaat ili” (birlik ili) adlandırıldı.
Həsənin hakimiyyəti cəmi altı ay davam etdi.

—————
Tarixi Hadisələrin Təhlili Kitabı
Şəriət Elmləri Doktoru
Osman Xəmis
Tərcümə etdi
Abdurrəhim Muradlı

Tarixi Hadisələrin Təhlili Kitabı, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin DK235B saylı məktubu əsasında nəşr edilmişdir.

Bənzər Məqalələr