Peyğəmbər (s.a.v) ölümündən öncə Şam vilayətində Rumlulara (bizanslılara) qarşı döyüşmək üçün Usamə ibn Zeydin (r.a) başçılığı altında qoşun hazırlamışdı. Qoşun yola düşməmiş Peyğəmbər (s.a.v) vəfat etdi. Ələlxüsus, ətraf bölgələrdə bir çox ərəblərin mürtəd olması xəbəri gəldikdə, səhabələr Mədinə şəhərinə görə ehtiyatlanıb bu qoşunun çıxmasında tərəddüd etdilər. Lakin Əbu Bəkr (r.a) qoşunun təyin edilən yerə getməsində israr edərək dedi: “Allaha and olsun, Peyğəmbərin r bağladığı düyünü mən heç vaxt aça bilmərəm! Əgər quşlar bizim başımızın üstünü kəssə, vəhşi heyvanlar ətrafımızı bürüsə, hətta itlər belə möminlərin analarının ayaqlarına dolaşsalar da mən yenə də Usamənin qoşununu hazırlayacam və gözətçilərə Mədinənin kənarında dayanmalarını əmr edəcəm”. O zaman Usamənin qoşununun Şama tərəf getməsinin çox böyük xeyri var idi. Bu qoşun keçdiyi hər ərəb qəbiləsinin ürəyinə xof salacaq və onlar: “Bu insanlar mütləq güclü bir dövlətdən çıxmışlar!” — deyəcəklər. Bəzi rəvayətlərə görə, həmin qoşun qırx, digər rəvayətlərə görə isə yetmiş gündən sonra sağ-salamat və çoxlu qənimət əldə edərək geri qayıtdı.

1. Mürtədlərə ( İslamdan imtina edənlər.) və zəkatdan imtina edənlərə qarşı savaş:

Əbu Bəkr (r.a) mürtədlərə və zəkatdan imtina edənlərə qarşı döyüşməyə qərar verdi. Bəzi səhabələr Mədinə şəhərinə və camaatına təcavüz olunacağından ehtiyatlanaraq ondan mürtədlərə qarşı döyüşməməyi xahiş etdilər. Lakin Əbu Bəkr (r.a) onların bu fikri ilə razılaşmadı. Həmçinin zəkatdan imtina edənlərə qarşı mülayim davranıb, iman qəlblərinə daxil olana qədər onlara möhlət verməsini Əbu Bəkrə məsləhət gördülər. Səhabələrin fikrincə, iman qəlblərinə daxil olandan sonra onlar yenə də zəkat verəcəklərdi. Lakin Əbu Bəkr əs-Siddiq bu fikirdən də imtina etdi.
Buxari, Muslim, Əbu Davud, Tirmizi və Nəsai Əbu Hureyrədən (r.a) rəvayət edirlər ki, Ömər ibn əl-Xəttab (r.a) Əbu Bəkrə deyir: “İnsanlarla hansı əsasa görə döyüşürsən?” Axı Peyğəmbər (s.a.v) buyurub: “İnsanlar: “Lə iləhə illəllah, Muhəmmədən rasulullah” kəlməsini deyənə qədər onlarla vuruşmaq mənə əmr edilmişdir! Əgər bu kəlməni desələr, haqlı anlar istisna olmaqla, öz qanlarını və mallarını mənim tərəfimdən qorumuş olarlar”.
Cavabında Əbu Bəkr (r.a) dedi: “Allaha and olsun, əgər onlar Peyğəmbərə r ödədikləri bir oğlaqı (başqa rəvayətdə isə bir dəvə çidarını ( Heyvan qaça bilməsin deyə onun əllərini bir-birinə bağlamaq üçün hazırlanan, uzunluğu təxminən 40 sm olan iki başı halqalı ip.) mənə ödəməkdən imtina etsələr, mən buna görə onlarla döyüşərəm. Zəkat malın haqqıdır. Allaha and olun ki, kim namaz ilə zəkatı bir-birindən ayırarsa, (namaz qılıram, amma zəkat vermirəm deyərsə) onlara qarşı döyüşərəm. Ömər (r.a) dedi: “Bundan sonra mən gördüm ki, Allah, Əbu Bəkrin (r.a) köksünü cihad üçün genişlətmişdir. Mən də onun haqlı olduğu dərk etdim!”

(Buxari: Kitabul İtisam, Bab əl-İqtida Bisünəni Rəsulilləhi, ? 7284.
ət-Tövbə: 5)

Allah təalə buyurur: “Haram aylar çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs edin və bütün yollarını — keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” ( ət-Tövbə: 5)
Peyğəmbərin (s.a.v) vəfatından sonra Məkkə, Mədinə və Quba məscidlərinin camaatından başqa bütün ərəblər mürtəd olmuşdular (İslamdan üz çevirmişdilər).
Mürtəd olan qəbilələrdən aşağıdakıları qeyd etmək olar:
 Tuleyhə əl-Əsədinin başçılığı altında Əsəd və Ğətəfan qəbiləsi;
 Əl-Əşəs ibn Qeys əl-Kindinin başçılığı altında Kində və əhatəsində olan qəbilələr;
 Əl-Əsvəd əl-Ənəsinin başçılığı altında Mizhəc və əhatəsində olan qəbilələr;
 Museyləmətul Kəzzabın başçılığı altında Bənu Hənifə qəbiləsi;
 Fucaənin başçılığı altında Suleym qəbiləsi;
 Səcah ət-Təğlubiyyə ilə Bənu Təmim qəbiləsi:
Bəzi ərəblər isə mürtəd olmamış, sadəcə olaraq zəkatdan imtina etmişdilər.
Əbu Bəkr t bayrağı Xalid ibn əl-Validə (r.a) verərək əvvəlcə Tuleyhə ibn Xuveylid əl-Əsədiyə, onunla işini bitirdikdən sonra isə əl-Bətah adlı yerdə məskunlaşmış Malik ibn Nuveyraya hücum etməsini əmr etdi.
İkrimə ibn Əbi Cəhlə də bayraq verib onu Museyləmətul Kəzzəbə qarşı döyüşə göndərdi, ardınca da Şurahbil ibn Həsənəni yolladı. Xalid ibn Səid ibn əl-Ası Şam sərhədlərinə, Amr ibn əl-Ası, Qudaə, Vadiə və əl-Haris qəbilələrinə, Alə ibn əl-Hədramini isə Bəhreynə göndərdi.(“Əl-Bidayə vən Nihayə” 6/320-321.)
Huzeyfə ibn Muhsan əl-Qətəfanini Duba, Arfəcə və Hərsəməyə göndərdi. Həmçinin Tarfə ibn Hacibi Suleym və Həvazin qəbilələrinə, Suveyd ibn Muqrini Yəmən tərəfə göndərdi. Artıq Əbu Bəkr (r.a) Mədinəyə qayıdanda göndərdiyi hər sərkərdəyə belə məzmunlu bir məktub yazdı:
“Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Peyğəmbərin (s.a.v) xəlifəsi Əbu Bəkrdən, dinində qalan və ya dinindən çıxan hər kəsə xəbərdarlıq!
Öncə Allahın doğru yoluna tabe olub, sonra zəlalətə qayıtmayanlara salam olsun!
Özündən başqa haqq məbud olmayan Allaha həmd-səna edirəm. Şəhadət verirəm ki, həqiqətən Allahdan başqa haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur və şəhadət verirəm ki, Muhəmməd Onun qulu və elçisidir. Biz onun buyurduqlarını təsdiqləyir, onu inkar edənlərə kafir deyir, onlara qarşı cihad edirik.
Həqiqətən Allah bir müjdəçi, qorxudan, Allahın izni ilə Onun dininə çağıran və sanki nurlu çıraq olaraq diri olanlara xəbərdarlıq etməsi və deyilən sözün kafirlər üzərində haqq olması üçün yaratdıqlarına Öz dərgahından peyğəmbər göndərmişdir. Haqqa səs verənləri Allah bu yola yönəltmiş, Elçisi ondan üz çevirənlərə qarşı döyüşmüşdür. Kimsə İslama istəyərək və kimsə də məcburən gəlmişdi. Sonra Allah Peyğəmbərini r Öz dərgahına aldı. O artıq boynuna düşən Allah əmanətini çatdırmış, ümmətə tövsiyə vermiş və tapşırığı bitirmişdir. Allah, əvvəlcədən ona və ümmətinə ölümün haqq olması haqda Quranda xəbərdarlıq edərək buyurmuşdur: “Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!”
(əz-Zümər: 30 )
Həmçinin, “(Ey Rəsulum!) Səndən əvvəl də (dünyada) heç bir bəşərə əbədiyyat (ölməzlik) vermədik. Belə olduğu təqdirdə, sən ölsən, onlar dirimi qalacaqlar?!” ( əl-Ənbiya: 34)
Möminlərə xitabən isə belə buyurmuşdur: “Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər”.( Ali İmran: 144)
Kim Məhəmmədə ibadət edirdisə, Məhəmməd artıq ölmüşdür! Kim Allaha ibadət edirdisə, Allah diridir, ölən deyil! O, nə mürgüləyər, nə də yuxulayar! Öz əmrini qoruyar, düşmənindən qisas alar. Mən sizə Allahdan qorxmağı tövsiyə edirəm. Sizin qismətiniz, payınız Peyğəmbərin gətirdiyi şəriətdir. Onun yolu ilə hidayətlənin, Allahın dinindən bərk tutunun! Allahın hidayət etmədiyi hər kəs zəlalətdədir! Allahın kömək etmədiyi hər kəs rəzildir! Yol göstərəni Allahdan qeyrisi olan kimsə haqq yoldan azar. Allah təalə buyurur: “(Ey Rəsulum! Əgər o zaman onlara baxsaydın) günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə meyl etdiyini, batdığı zaman isə onları tərk edib sol tərəfə yönəldiyini (mağaranın içinə düşüb onları yandırmadığını), onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını (küləyin onları oxşadığını və rahat nəfəs aldıqlarını) görərdin. Bu, Allahın möcüzələrindəndir. Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı (zəlalətə saldığı) kimsəyə isə əsla doğru yolu göstərən bir dost (rəhbər) tapa bilməzsən!”
(Əl-Kəhf: 17)
Şəriətdən üz çevirən insan dininə qayıtmayınca ondan dünyadakı əməli qəbul olunmaz, axirətdə isə ona faydası olmaz. Bəzilərinizin İslamı qəbul edib ona riayət etdikdən sonra, Allaha ümidlənib Onun əmrlərindən bixəbər olduğu, şeytanın harayına səs verdiyi üçün dinindən üz çevirməsi haqda mənə xəbər çatmışdır. Allah təalə buyurur: “Xatırla ki, bir zaman mələklərə “Adəmə (təzim məqsədilə) səcdə edin!” — demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O öz Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz? Bu, zalımlar üçün necə də pis dəyiş-düyüşdür!” ( Əl-Kəhf: 50) “Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır” ( Fatir: 6)
Mən sizə mühacir, ənsar və tabeinlərdən təşkil olunmuş qoşun göndərmişəm. Sizdən, yalnız Allaha iman gətirməyi tələb etmələrini tapşırmışam. İzzət və cəlal sahibi Allahın dininə çağırmadan öldürməməyi əmr etmişəm. Kim dəvəti qəbul edib, ona əməl edərsə, onun İslamı məqbul sayılar və bu işdə ona yardım göstərilər. Bu işdən imtina edənlərin hər birinə qarşı, Allahın əmrinə qayıtmayınca son damlaya qədər döyüşməyi, atəşlə yandırmağı, hamısını öldürməyi, qadınları və uşaqlarını əsir almağı əmr etmişəm. İslamdan başqa bir din heç kəsdən qəbul olunmasın. Kim bu dinin ardınca gedərsə, onun üçün xeyirli olar. Kim bundan imtina edərsə, bilsin ki, Allahı aciz qoya bilməyəcəkdir. Elçimə məktubumu hər toplantınızda oxumağı əmr etdim. Dəvətin əlaməti azandır. Bir toplumda zzan verilirsə onlara toxunmayın. Əgər orada azan verilmirsə səbəbini öyrənin. Əgər islamdan imtina etsələr onlara qarşı tələsin. Qəbul etsələr onlara haqlarını çatdırın.” (əl-Bidayə vən-Nihayə: 6, 320.)

————————-
Tarixi Hadisələrin Təhlili Kitabı
Şəriət Elmləri Doktoru
Osman Xəmis
Tərcümə etdi
Abdurrəhim Muradlı

Tarixi Hadisələrin Təhlili Kitabı, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin DK235B saylı məktubu əsasında nəşr edilmişdir.

Share Button
Tarix: 23.01.2013 | Oxunma sayı: 1. 225 baxış