İslam dini, övlad tərbiyəsi mövzusuna çox böyük diqqət və önəm vermiş, bunun üçün isə ilk olaraq valideynlərin öz üzərilərində işləmələrini, nümunə olacaq şəxslərə çevrilmələrini əmr etmişdir. Bu çətin vəzifədə valideynlərə hər cür mənəvi dəstək nümayiş etdirən İslam dini, bu əməlin mükafatı olaraq Allah qatında razılıq və bağışlanmanı vəd etmişdir. Aşağıda, böyük İslam alimi İbn Qayyimin, bu mövzuda valideynlər üçün möhtəşəm bir mənəvi dəstək və doğru istiqamət göstərəcək tövsiyələrinə yer verilmişdir.

 

Elə günahlar vardır ki, onlara ancaq – övladlara qarşı münasibətdə olan qayğı – kəffarə (o günahların Allah tərəfindən bağışlanmasına səbəb) olur. Beləliklə, övladlarını – onların səadətə çatmaları üçün – Allahın sevib, razı qaldığı şəkildə tərbiyə olunması yolunda qayğı göstərənə, günahlarının kəffarəsi (bağışlanması) müjdəsi vardır. Buna görə də əgər övladlarınıza tərbiyə verərkən çətinlik hiss etsəniz, Rəbbinizdən bağışlanmanızı diləyin. Çünki bu, bir fürsətdir..

 

Məşhur alim Muqatil b. Suleyman, Xəlifə Mənsurun beyət günündə onun yanına daxil olur. Mənsur ona deyir: – Mənə nəsihət et! Dialoq bu cür davam edir:

Muqatil: – Sənə gördüklərimlə nəsihət edim, yoxsa eşitdiklərimlə?

Xəlifə Mənsur: – Gördüklərinlə.

Muqatil: – Ey möminlərin əmiri! Xəlifə Ömər b. Abdulaziz’in on bir övladı var idi. Özündən sonra cəmi on səkkiz dinar qoyub getdi. Beş dinar ilə kəfənləndi, dörd dinara onun üçün qəbir qazdırıldı, geri qalanı isə, övladları arasında paylandı. Digər xəlifə Hişam b. Abdul-Məlikin isə, on bir övladı var idi. Dünyadan köçdüyü zaman isə, hər övladının payı – on bir milyon dinar oldu. Ey möminlərin əmiri! Allaha and olsun ki, Ömər b. Abdulazizin övladlarından biri, Allah yolunda cihad üçün səfərbərlik elan edildiyi zaman bir gündə yüz atı sədəqə olaraq verdi. Hişamın övladlarından biri isə, bazarlarda dilənirdi.

Ölümünə az qalmış yataqda olarkən insanlar Ömər b. Abdulazizdən soruşdular: – Ey Ömər, övladların üçün geridə (miras olaraq) nə qoydun? O dedi: – Onlara Allah qorxusunu (təqvanı) tərk etdim! Əgər saleh insan olsalar, Allah onları salehlərə də hakim edəcək. Yox, əgər bunun əksi olarsa, mən onlara Uca Allaha qarşı asilik etmələrinə yardım edəcək heç bir şeyi qoyub getməyəcəm.

Elə isə düşün!.. İnsanların çoxu səy göstərir, usanmadan çalışır, özünü yorur ki, öz övladlarının maddi gələcəyini təmin edə bilsin. O kəslərin zənninə görə, əgər övladlarının əlində yetərincə mal-mülk/imkan olarsa, bu – onlar üçün gözəl bir gələcəyin təminatıdır. Lakin onlar, Allahın Öz kitabında qeyd etmiş olduğu əzəmətli təminatdan qafildirlər:

“Qoy özlərindən sonra zəif övladlar qoyub gedəcəkləri təqdirdə onlardan ötrü qorxan kəslər (başqa səbəblərdən ötrü də) qorxsunlar. Qoy onlar Allahdan qorxsunlar və doğru söz söyləsinlər.” (Quran, 4/9)

 

Təbii ki, övladların həm maddi, həm də mənəvi gələcəyi üçün çalışmaq lazımdır. Ailəsinin ehtiyaclarını təmin etmək üçün çalışan hər bir ailə başçısına ibadət savabı mükafatının verilməsi də, məhz bunun üçündür. Çünki belə etməklə, ailəsinin insanlara möhtac halda qalmasının, bəlkə də dilənməsinin qarşısını almış olur. Lakin insan, ilk olaraq övladlarının mənəvi gələcəyini təmin etmək üçün çalışmalı, doğru əqidəli, sağlam düşüncəli və yaşadığı cəmiyyətə fayda verəcək müsəlman övladlar yetişdirməyi özünə vəzifə olaraq seçməlidir. Bəs bu balansı nə cür etmək olar? Bu istiqamətdə olan ilk addımları necə atmaq olar? Övladlarının dünyəvi gələcəyi üçün çalışdığı qədər, (çox yox, elə o miqdarda) axirəti üçün də çalışan valideyn, bunun effektini dərhal hiss edəcək. Amma mənəvi gələcək üçün, dünyəvi gələcəkdən daha çox çalışmaq lazımdır ki, yuxarıda İbn Qayyimin verdiyi Ömər b. Abdulaziz və Hişam müqayisəsindən bunu öyrənmiş olduq.

 

Uca Allah – Razzaqdır. İstər Ona iman edən, istərsə də nankorluq edən hər kəsi – fərq qoymadan ruziləndirəndir.. Elə isə, Ona itaət edən, xeyirli əməllər edən, ibadət və elmdən uzaqlaşmayan bəndələrini də Öz ruzisindən heç vaxt məhrum etməz..

“Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin..” (Quran, 11/6)

“Allah istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Onlar dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür.” (Quran, 13/26)

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad zəruridir!

Bənzər Məqalələr