featured-image-3303

ÖN SÖZ

Aləmlərin Rəbbinə həmd edir, peyğəmbərlərin sonuncusu və ən şərəflisi Muhəmmədə (s.a.v) , ondan əvvəl yaşayıb Allahın dinini təbliğ edən bütün peyğəmbərlərə Allahdan salavat və salam diləyirik. Onların yolunu iman ilə davam etdirənlərə Allahdan rəhmət və razılıq diləyirik. Ümmətimizin ən ali təbəqəsi sayılan əshabələrə də Allahdan razılıq və rəhmət istəyirik.
Peyğəmbərlərə və elçilərə iman gətirmək İmanın altı əsasından biridir. İslam qaydalarına görə Allah tərəfindən göndərilmiş peyğəmbərlərin hamısına iman gətirməyənin imanı doğru sayılmır. Eləcə də sonuncu peyğəmbər Muhəmmədə (s.a.v) iman gətirməyənin və onun şəriətini qəbul etməyənin də imanı məqbul deyildir. Uca Allah müqəddəs kitabında bu haqda buyurur:

Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!” (əl-Bəqərə: 285).

Peyğəmbərlərə iman — Allahın şəriətini təbliğ etmək üçün göndərilən elçilərə və peyğəmbərlərə iman gətirməkdir. Hər kəs ki, onlara tabe olarsa hidayətə qovuşar, asi olan isə haqq yoldan azar. Biz etiqad edirik ki, onlar Allahın onlara nazil etdiyi şəriəti tam layiqincə insanlara çatdırıblar. Onlar şəriətdən heç nəyi nə azaltmayıb, nə artırmayıb, nə də bir şey gizlətməyiblər. Həmçinin Allahın bizə adını bildirdiyi və adını bildirmədiyi hər bir peyğəmbərə iman edirik.
Hər bir peyğəmbər özündən sonra gələn peyğəmbərlə insanları müjdələyir, ondan sonra gələn isə özündən öncəkini təsdiqləyir.
Allah təalə buyurur:

Deyin: Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına (əl-əsbata) göndərilənlərə, Musaya və İsaya verilənlərə Rəbbi tərəfindən bütün peyğəmbərlərə verilən şeylərə (möcüzələrə) inanmışıq. Onların heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq. (əl-Bəqərə: 136)

Peyğəmbərləri yalançı sayan kimsə, artıq onu təsdiq edən Allahı yalançı saymış, peyğəmbərə asi olan isə ona itaət etməyi əmr edən Allaha asi olmuş sayılır.

Allahı və peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərlərindən ayırmaq istəyənlər. Biz peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq deyənlər və bunun (iman ilə küfr) arasında bir yol (məzhəb) tapmaq istəyənlər — bütün bunlar, həqiqətən, kafirdirlər. Biz (axirətdə) kafirlərdən ötrü rüsvayedici əzab hazırlamışıq! (ən-Nisa: 150-151)

Biz adını bildiyimiz və bilmədiyimiz peyğəmbərlərə iman gətirir, onlar haqqında haqq bildiklərimizi təsdiq edirik.
Peyğəmbərlər haqqında məlumat əldə etmək üçün etibarlı mənbə olaraq Qurani-Kərimi və Muhəmməd peyğəmbərin  sünnəsini qəbul edirik. Qurani-Kərimdə peyğəmbərlər haqqında bəzən ətraflı, bəzən isə qısa məlumat verilmişdir. Peyğəmbərin  sünnəsində də bu xüsusda geniş məlumatlar mövcuddur.

Uca Allah buyurur:

Bunlar (bu əhvalatlar) sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. … (Hud: 49).

Başqa ayədə isə belə buyurulur:

Biz səndən əvvəl də peyğəmbərlər göndərmişdik. Onlardan kimisi haqqında sənə xəbər vermiş, kimisi haqqında xəbər verməmişik. Heç bir peyğəmbər Allahın izni olmadan bir möcüzə gətirə bilməz. … (əl-Mumin (Ğafir):78).

Ötən mənbələrdən məlum olmuşdur ki, yer üzünə göndərilən peyğəmbərlərin sayı yüz iyirmi dörd min olmuşdur. Peyğəmbərlərin bəzisinin həyatı ilə tanış olmaqla biz bütün peyğəmbərlərin həyatını təsəvvür etmiş oluruq.
Peyğəmbərlərin həyatı ilə tanış olmaq hər bir müsəlmanın qəlbini möhkəmlədir, iman nuru ilə şölələndirir.

Uca Allah buyurur:
(Ey Rəsulum!) Biz peyğəmbərlərin xəbərlərindən (başlarına gələnlərdən) ürəyini möhkəmləndirəcək (qəlbinə qüvvət verəcək) nə varsa, (hamısını) sənə hekayə edirik. Bu sənə haqq, möminlərə isə moizə və öyüd-nəsihət olaraq gəlmişdir! (Hud: 120).

Peyğəmbərlər haqqında Qurani-Kərimdə və Peyğəmbərin (s.a.v) hədislərində deyilən məlumatları ayrıca kitab halında yazan bir çox alimlər olmuşdur. Demək olar ki, bunu ilk dəfə İbn Cərir ət-Təbəri ( Hicri təqvimi ilə (224-310), milad təqvimi ilə (838-923) illərdə yaşayıb.) “Ümmətlərin və kralların tarixi”, “Təbərinin tarixi” adı ilə məşhurlaşan kitabında ətraflı məlumat vermişdir. Ondan sonra bu haqda ətraflı kitab yazan İbn Kəsir əd-Dəməşqi olmuşdur.
O, İmadəddin Əbu-l-Fida İsmail ibn Ömər ibn Kəsir ibn Dov`i ibn Kəsir ibn Zər əl-Bəsrəvi əd-Dəməşqi əş-Şafiidir. O miladın 701-ci ilində Bəsrə şəhərinin yaxınlığındakı kəndlərin birində dünyaya gəlmişdir. O zaman atası həmin kənddə məscidin xatibi idi. 706-cı ildə ailəsi ilə birlikdə Dəməşq şəhərinə köçmüş və orada Şeyx Burhanəddin əl-Fizari və başqa bu kimi elm adamlarından təhsil almışdır. Məşhur alim əl-Hafiz əl-Mizzinin kürəkəni olmuş və onun yanında elm öyrənmişdir. Öz vaxtında fitva verir və dərs keçirdi. Fiqh, təfsir, nəhv və sairə elmlərə tam yiyələnmişdi. Zəhəbinin vəfatından sonra “Umm əs-Saleh” və “Təngiziyyə” mədrəsələrinə rəhbərlik etmişdir. O, bir neçə kitab yazmışdır. Ən məşhur kitablarından “Əzəmətlu Quranın Təfsiri” (Təfsirul Quran əl-Əzim) və “Yaradılışın başlanğıcı və sonu” (əl-Bidayə və-n-Nihayə) adlı kitablarını qeyd etmək olar. O, miladın 774-cü ilində vəfat etmişdir. Allah ona rəhmət etsin! Allahdan diləyirik ki, onun miras qoyduğu bu kimi gözəl kitablarını onun sağ əməl dəftərinə yazsın.
“Yaradılışın başlanğıcı və sonu” (əl-Bidayə və-n-Nihayə) adlı kitabının bir hissəsini peyğəmbərlərin həyatına həsr etmişdir. Onun kitabında peyğəmbərlər haqqında mötəbər, zəif, hətta uydurma rəvayətlər də qeyd olunmuşdur. İbn Kəsirin məqsədi peyğəmbərlərin həyatı haqqında əldə etdiyi məlumatları, səhih və ya zəif olmasına baxmadan bir kitabda cəm etmək idi.
Müasir elm adamlarından olan çox hörmətli Şeyx Səlim ibn Eyd əl-Hilali isə adı çəkilən kitabı araşdırmış, zəif və uydurma rəvayətləri kitabdan çıxarıb yalnız mötəbər rəvayətləri saxlamaqla belə qiymətli bir əsərin işıq üzü görməsinə müvəffəq olmuşdur. Bundan əlavə o, mövzulara başlıqlar da əlavə etməklə oxucu üçün rahat mətn tərtib etmişdir.
Güman edirəm ki, ilk dəfə ana dilimizə tərcümə edilib təqdim etdiyimiz bu kitab hər bir oxucunun diqqətini cəlb edəcək, ələlxüsus dini maariflənmədə hər bir müsəlmana gözəl elm mənbəyi olacaqdır.
Uca Allahdan diləyirəm ki, bu kitabın işıq üzü görməsi üçün hər cür yardım göstərən qardaşlarımın günahlarını bağışlasın, dərəcələrini yüksəltsin… Amin!

——————
İbn Kəsir əd-Dəməşqinin
“Peyğəmbərlərin həyatı” adlı kitabı
Tərcüməçi : Abdurrahim Muradlı

Bənzər Məqalələr