featured-image-3277

`(16.21) “Onlar ölüdürlər — diri deyillər və nə vaxt dirildiləcəklərini də bilmirlər”.

Bütlər heç bir kamil keyfiyyətə malik deyillər. Onlar bilikdən və digər yaxşı məziyyətlərdən məhrumdurlar. Onlar hətta həyatdan da məhrumdurlar və buna görə eşitmək, görmək və düşünmək qabiliyyətinə malik deyillər. Məgər aləmlərin Rəbbi ilə yanaşı belə “ilahlara” ibadət etmək olar? Müşriklər necə də axmaqdırlar! Onların ağlı nə dərəcədə təhrif olmuş və korlanmışdır! Onlar ən sadə məsələlərdə dolaşıqlığa düşmüş və heç bir keyfiyyətində kamilliyə malik olmayan, qüsursuz məziyyətlərdən məhrum olan və hərəkət etməyə qabiliyyəti olmayan məxluqları Allaha bərabər tuturlar, halbuki O, bütün sifətlərində kamildir və ən gözəl keyfiyyətlər Sahibidir. Bu sifətlərdən hər biri ən əzəmətli və nöqsansız təzahüründə Ona məxsusdur. O, hər şeyi qaplayan elmə, hüdudsuz qüdrətə və dünyaları əhatə edən hədsiz rəhmə malikdir. Şöhrət, əzəmət, kübarlıq Ona məxsusdur və heç bir məxluq Onun ilahi məziyyətlərinə tam nail olmaq qabiliyyətinə malik deyildir. (“tam nail olmaq qabiliyyətinə malik deyildir” ifadəsi bu əsəri ərəb dilindən rus dilinə tərcümə edənin konstruksiyasıdır (“?? ???? ???????? ?? ???????? ? ?????? ???? ??????? ??? ???????????? ????????”), lakin mən deyərdim ki, heç bir məxluq Onun ilahi məziyyətlərinə nəinki tam, hətta qismən belə nail olmaq qabiliyyətinə malik deyil. F.S.)

(16.22) “Sizin tanrınız Tək olan Allahdır. Axirətə inanmayanların qəlbi inkar edir. Özləri də təkəbbürlüdürlər”.

Allah — Vahid Rəbdir və O, heç nəyə və heç kimə möhtac deyil. O doğulmamış və Ondan da kimsə doğulmamışdır! Onə nə tay, nə də bərabər olan yoxdur! Sağlam təfəkkürə malik olan insanların ürəyi Onu ucaldır və Ona hüdudsuz məhəbbətlə dolu olur. Onlar öz əməllərini və qurbanlarını Ona həsr edir, Ona qəlbən və cismən xidmət edir, Onun gözəl adlarını, ali keyfiyyətlərini və kamil əməllərini tərifləyirlər. Axirət həyatına iman gətirməkdən boyun qaçıranların ürəyi tək Allaha ibadəti qəbul etmir və Ona xidmət etməkdən təkəbbürlə imtina edirlər. Həqiqətən, ancaq ən cahil və inadkar məxluqlar belə rəftar edirlər.

(16.23) “Şübhə yoxdur ki, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, təkəbbürlü olanları sevmir”.

Allah günahkarların törətdiyi bütün mənfur hərəkətlərdən xəbərdardır. O, təkəbürlülük edənləri sevmir. Bundan başqa təkəbbürlü və lovğa qullar Onda nifrət doğurur və buna görə onlar cinayətlərinin səciyyəsinə müvafiq olan cəzalar alacaqlar. Fövqəluca buyurur: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!” (Mumin, 40/60).

(16.24) “Onlardan: “Rəbbiniz peyğəmbərinə nə nazil etmişdir?”— deyə soruşduqda, onlar: “Bu, keçmişdəkilərin nağıllarıdır!”— deyərlər”.
(16.25) “Qoy onlar Qiyamət günü öz günahlarının hamısını və nadanlıqları üzündən azdırdıqları kəslərin günahlarının bir qismini daşısınlar. Bax gör, daşıyacaqları yük necə də pisdir”.

Fövqəluca müşriklərin Onun ayələrini necə canfəşanlıqla rədd etdiklərini xəbər verir. Onlardan Quran — Onun qullarına göstərdiyi ən böyük lütfkarlığı olan Vəhy haqqında soruşurlar. Bəs onlar nə cavab verirlər? Onlar bu lütfkarlığı, Allaha şükür edərək, qəbul edirlərmi və ya küfrə üstünlük verərək indkarlıq göstərirlər? Doğrudan da onların cavabı kobud və yaramazdır. Onlar deyirlər: “Muhəmməd Quranı özü yazmış və onu Allaha aid etmişdir. Onun kitanında qədim xalqlar haqqında insanların nəsildən nəsilə ötürdükləri əfsanələr toplanmışdır. Bu əfsanələrdən bəziləri doğru, bəziləri isə yalandır”.
Müşriklər belə bəyanatlar verir və öz ardıcıllarını onların dedikləri ilə razılaşmağa çağırırlar. Nəticədə onlar təkcə öz günahlarının yükünü deyil, həm də Qiyamət günü başlayana qədər onların yolu ilə gedəcək nadanların günahlarının yükünü də öz çiyinlərinə götürürlər. Söhbət doğru bilikləri olmayan və ancaq mürtədlərin dəvət etdikləri şeyləri bilən cahillərdən gedir. Bu cahillərin günahları da ağır yük kimi yalan təbliğatçılarının çiyninə yüklənəcəkdir. Küfrə şüurlu surətdə etiqad edənlərə gəldikdə isə, onlar öz cinayətlərinə görə müstəqil surətdə cavab verəcəklər, çünki onlar yalan təbliğatçılarının bildiklərini bilirdilər. Öz günahlarının və aldatdığı insanların günahlarının ağırlığını daşıyanların yükü necə də mənfurdur!

(16.26) “Onlardan öncəkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi”.

Əvvəlki zamanlarda da kafirlər Allahın elçilərinə qarşı fitnəkarlıqlar qururdular, onları aldatmağa cəhd göstərərək, gətirdikləri təlimi inkar etməyə çalışırdılar. Onlar öz hiylələri üzərində nəhəng qəsrlər qururdular. Lakin Allah onların qurduqlarını özülünə qədər dağıdırdı. Haqq küfrün ən əsasını dağıdır, onun damı isə uçub kafirlərin başına tökülürdü, onların fitnəsi isə onlar üçün cəzaya çevrilirdi. Bu cəza kafirləri gözləmədikləri yerdən yaxalayırdı. Onlar ümid edirdilər ki, fitnələri onlara fayda verəcək və onları qisas alınacağından müdafiə edəcək. Lakin bu qisas onları ondan sığınmağa cəhd göstərdikləri yerdə yaxalayırdı.
Bu — Allahın Öz düşmənlərinin fitnəsini darmadağın etməsi haqqında ən gözəl ibrətamiz hekayətlərindəndir. Kafirlər Allahın elçilərinin təbliğ etdikləri üzərində fikirləşərək onları öz istədikləri kimi dəyərləndirməyə cəhd göstərirdilər. Lakin onlar elçilərə iman gətirməkdən boyun qaçırırdılar və öz baxışlarını yalan üzərində qururdular. Onlar öz yalanlarına istinad edir və onunla peyğəmbər təlimlərini inkar etməyə can atırdılar. Onlar hiylə işlədərək elçiyə və onun ardıcıllarına zərər vurmağa cəhd göstərirdilər. Lakin hər dəfə onların fitnəsi onların özü üçün cəzaya çevrilirdi. Onların hazırladığı fitnə-fəsadlar əslində özləri üçün fəlakətli idi, çünki onların niyyəti mərdimazarlıqdan ibarətdi. Bununla əlaqədar Fövqəluca Allah belə buyurur: “…Pis hiylə isə ancaq onun öz sahibini qaplayar…” (Fatir, 35/43). Dünya həyatında cəza belə olur, lakin ölümdən sonrakı cəza daha da rüsvayedici olacaqdır. Bax elə buna görə, sonra Fövqəluca Allah buyurur.

(16.27) “Sonra Qiyamət günü Allah onları rüsvay edərək deyəcək: “Haqqında mübahisə etdiyiniz şəriklərim haradadır?” Elm verilmiş kimsələr belə cavab verəcəklər: “Şübhəsiz ki, bu gün kafirlərə rüsvayçılıq və əzab üz verəcəkdir”.

Allah Onun əleyhinə yalan danışdıqlarına və Ona böhtan atdıqlarına görə müşrikləri bütün məxluqların gözü qarşısında ifşa və rüsvay edəcəkdir. O, buyuracaq: “Hanı o “ilahlar” ki, onları Mənə şərik qoşur və onların xatirinə Allahla və Onun tərəfdarları ilə düşmənçilik edirdiniz?” Müşriklər bu suala cavab verə bilməyəcəklər və belə olduqda onlar öz azğınlıqlarını və inadkarlıqlarını etiraf etməli olacaqlar. Fövqəluca buyurur: “Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Kitabda (lövhi-məhfuzda) yazılmış qismətləri onlara çatacaqdır. Nəhayət, elçilərimiz (göndərdiyimiz mələklər) canlarını almaq üçün yanlarına gəldikdə: “Allahdan başqa ibadət etdiyiniz bütləriniz haradadır?” — deyincə: “Onlar bizi qoyub qaçdılar!” — deyə cavab verəcək və öz əleyhlərinə, kafir olduqlarına şahidlik edəcəklər” (Əraf, 7/37).
Mömin ilahiyyatçılar təsdiq edirlər ki, doğrudan da Qiyamət günü kafirlərin nəsibi rüsvayçılıq və bədbəxtlik olacaqdır. Bu ayə ona dəlalət edir ki, bu dünyada həqiqəti deyən ilahiyyatçıların üstünlüyü ondadır ki, onlar Qiyamət günü də bütün məxluqların gözü qarşısında eyni həqiqəti deyəcəklər. Bu ayədən həm də aydın olur ki, onların sözünə təkcə məxluqlar deyil, Allah Özü də qulaq asır.
Sonra Fövqəluca, kafirlər bu dünyanı tərk edərkən onlarla baş verənlər və Qiyamət günü onların başına nə gələcəyi haqqında xəbər verir. Fövqəluca buyurur:

(16.28) “Mələklər özlərinə zülm edən kimsələrin canlarını aldıqları zaman onlar boyun əyib: “Biz heç bir pislik etmirdik!”— deyəcəklər Onlara deyiləcək: “Xeyr! Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir”.
(16.29) “Elə isə içində əbədi qalacağınız Cəhənnəmin qapılarından girin! Təkəbbürlülərin qalacağı yer necə də pisdir!”

Mələklər günahkarların canını onlar zalımlığın və azğınlığın girdabında batdıqları anda alırlar. Tamamilə aydındır ki, həmin anda onları cəza, biabırçılıq və alçaldılma öz ağuşuna alır. Qiyamət günü başladıqda isə, onlar Allaha müti olacaq və əvvəllər Onun əvəzinə başqa “ilahlara” ibadət etdiklərini inkar edəcəklər. Lakin onlara deyiləcək: “Axı, deyəsən, bu belə deyildi! Siz çoxlu cinayətlər işlətmisiniz və bu gün günahınızı danmanız faydasızdır, çünki Allah törətdiyiniz hər şeyi bilir”.
Müşriklər bu dünyada olduqları zaman etdikləri günahlardan boyun qaçırmağın onlara fayda verə biləcəyini günan etdikdə, onlardan boyun qaçırmağa cəhd edəcəklər. Lakin onların öz bədən üzvləri öz əleyhlərinə şəhadət verməyə başladıqda, onlar törətdikləri cinayətlərini etiraf etmək məcburiyyətində qalacaqlar. Buradan aydın olur ki, kafirlər törətdikləri cinayətləri etiraf etməyənə qədər Cəhənnəmə daxil edilməyəcəklər. Bu baş verdikdə isə, onlar artıq Cəhənnəmin qapıları qarşısında dayanmış olacaqlar və onların hər biri Cəhənnəmə törətdiyi cinayətin növünə müvafiq gələn qapılardan daxil ediləcəklər.
Təkəbbürlü fasiqlərin daldalanacağı yer necə də dəhşətlidir! Bu daldalanacaq yer Cəhənnəm olacaqdır — niskin və tövbə, bədbəxtlik və əzab-əziyyət, qayğı və qəm-qüssə məskəni. Oraya təkcə Həqiqi Mütləq Hakimin qəzəbləndiyi kəslər düşəcəklər. Onlar orada rahatlanmayacaqlar, çünki onların əzabın bir gün belə fasilə verilməyəcəkdir. Rəhmli Rəbb onlardan üz çevirəcək və onları böyük cəzanı dadmağa məcbur edəcəkdir.

(16.30) “Müttəqilərə: “Allah nə nazil etmişdir?”— soruşulduqda, onlar: “Xeyir!”— deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir”.

Kafirlərin nazil edilmiş Vəhy haqqında nə danışdıqlarını xatırlatdıqdan sonra, Fövqəluca Allah bu barədə təqvalı qulların dediklərindən xəbər verir. Onlar Səmavi Vəhyi Allahın Öz qullarına əta etdiyi böyük lütfkarlıq və nəhəng nemət hesab edirlər. Onlar bu Kitaba sözdə və əməldə tabe olur, Allaha həmd edir, nazil edilmiş ehkamları öyrənir və tərcrübədə onları əsas tuturlar. Onlar Ona qüsursuz ibadət edir və Onun qullarına xeyirxahlıq göstərir və buna görə həm bu dünyada, həm də öldükdən sonra mükafat alırlar. Onlar dünya həyatında var-dövlət əldə edir, qayğısız həyat tərzindən zövq alır, ruhi rahatlığa nail olur, özlərini əmin-amanlıq və sevinc içində hiss edirlər. Dünyəvi həyatdan dəfələrlə yaxşı olan Axirətdə isə onlar hər cür məmnunluqdan və səadətdən zövq alacaqlar. Maddi həyatın gözəllikləri çox deyil, onlar keçicidir və nöqsanlarla doludur, halbuki bu keyfiyyətlər Axirət həyatının zövq və səfasına qətiyyən xas deyildir. Buna görə də, ayənin sonunda Allah təqvalıların məkanından heyranlıqla bəhs edir.

(16.31) “Onlar ağacları altından çaylar axan Ədn bağlarına girəcəklər. Orada onların ürəklərinin istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır” –
(16.32) “o kəsləri ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: “Sizə salam olsun! Əməllərinizə görə Cənnətə girin!”

Cənnət sakinlərinin meylindən bir şey keçən kimi, arzuladıqlarını o saat ən kamil surətdə alırlar. Onlar ruha və qəlbə sevinc bəxş edən istənilən neməti ləngidilmədən alırlar. Buna görə Allah Cənnət məskunlarına onların istədiyi hər şeyi əta edəcək və həm də O, hətta əvvəllər ağıllarına belə gəlməyən şeyləri Ondan xahiş etmələrini onlara xatırladacaqdır.
Allah xeyirxahdır, səxavətinin həddi-hüdudu yoxdur, Alicənablığı sonsuzdur! İlahi mahiyyəti, kamil əməlləri və məhdudiyyətsiz hakimiyyətinin bərabəri və oxşarı Olmayandır! O, Onun qəzəbindən və cəzalandıracağından qorxan, Onun dininin vacib ehkamlarını qəlbən, cismən və dillə yerinə yetirən, Onun qarşısında və Onun qulları qarşısında vəzifələrini icra edən və Onun qadağan etdiyi hər şeydən çəkinən təqvalı qullarını layiqincə mükafatlandırır. Onlar daima təkcə saleh əməllər işləyərdilər və bunun sayəsində mələklər onların canını möminlər kimi aldılar. Dünya həyatı ilə ayrılıq anında onlar qəlblərinə girə biləcək və imanlarını çirkləndirə biləcək natəmizlikdən və nöqsanlardan arınmışdılar. Onların ürəyi Allah haqqında bilik və Ona məhəbbətlə dolu idi. Dilləri Onu zikr edir və Ona həmd olsun deyir, bədənləri Ona itaət edir və Ona yaxınlaşmağa can atırdı. Buna görə mələklər onları, heç kimin layiq görülmədiyi ən gözəl salamla qarşılayır və onlara həmişəlik hər cür pislikdən qorunmağı arzulayırlar. Onlar deyirlər: “Sizə salam olsun! Siz xoşunuza gəlməyəcək hər şeydən çəkinməyə nail oldunuz. Buna görə Allaha iman gətirməklə və Onun hökmlərini yerinə yetirməklə layiq olduğunuz Cənnət bağlarına daxil olun”. Həqiqətən də, saleh əməllər — insana Cənnətə düşməyə və Cəhənnəmdən xilas olmağa imkan verən ən mühüm şərtdir. Təqvalı qullar bu xeyirxahlıqları öz səyləri və bacarıqları sayəsində deyil, ancaq Allahın göstərdiyi mərhəməti üzrə həyata keçirirlər.

(16.33) “Yoxsa kafirlər mələklərin onların yanına gəlməsindən və yaxud Rəbbinin əmrinin gəlməsindən başqa bir şeymi gözləyirlər? Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər”.

Allahın ayələrini görüb, onlara iman gətirməyən, öyüd-nəsihətləri eşidib, onları rəhbər tutmayan günahkarlar nə gözləyirlər? Ya mələklər onların yanına gəlib canlarını almalıdırlar, ya da Allahın müdhiş hökmünü gözləməlidirlər ki, o da onlar üçün öz törətdikləri cinayətləri sayəsində layiq olduqları cəzaya çevriləcəkdir. Doğrudan da onlar özlərindən əvvəlkilərin izi ilə gedirdilər. Sonuncular da haqqı rədd edir və cəza onları haqlayana qədər iman gətirməkdən boyun qaçırmışdılar. Allah onlardan intiqam alanda onlara zülm etmirdi. Onlar özləri özlərinə zalımlıq etmişdilər, çünki onlar ona görə dünyaya Allaha ibadət etmək və Onun lütfünə layiq olmaq üçün gəlmişdilər. Lakin onlar zalım idilər və xəlq edildikləri məqsədi yerinə yetirməkdən boyun qaçırmışdılar. Nəticə olaraq, özlərini əbədi alçaldılmaya və sonsuz bədbəxtliyə məhkum etmişdilər.

(16.34) “Onlara törətdikləri əməllərin pis cəzası nəsib oldu və istehza etdikləri əzab onları ağuşuna aldı”.

Törətdikləri günahların yaramaz nəticələri öz üzərlərinə düşdü. Əvvəllər, elçilər onları cəzadan çəkindirəndə, onları ələ salar və lağa qoyardılar, lakin onların istehza etdikləri indiki cəza onların özünü haqladı.

(16.35) “Müşriklər dedilər: “Əgər Allah istəsəydi, biz də, atalarımız da Ondan başqa heç nəyə ibadət etməz və Onun izni olmadan heç nəyi haram saymazdıq!” Onlardan əvvəlkilər də eynilə davranmışdılar. Məgər elçilərə açıq-aydın Vəhyi çatdırmaqdan başqa bir vəzifə həvalə edilmişdi?”

Müşriklər öz davranışlarını Allahın istəyi ilə doğrultmağa çalışırlar. Onlar deyirlər ki, Allah Özü istəmişdir ki, onlar Ona şərik qoşsunlar. Doğrudan da, əgər Allah istəsəydi, onlar bütlərə ibadət etməz və Allahın iradəsinin ziddinə olaraq bəzi heyvanları öldürməyi və istifadə etməyi qadağan etməzdilər. Burada baxirə, vəsilə, hami və bunlara bənzər digər heyvanlardan bəhs edilir. Lakin müşriklərin gətirdikləri sübutlar inandırıcı deyil, çünki əks halda Allah əvvəlki zamanlarda yaşamış Allaha şərik qoşan və sərt cəzaya layiq olan kafirləri cəzalandırmazdı. Əgər Allah onların küfrə etiqad etmələrini istəsəydi, onda O, onları cəzalandırmazdı. Amma müşriklər heç nəyə baxmadan bu faydasız dəlilə istinad edirlər, çünki onlar hər vasitə ilə çalışırlar ki, elçilərin gətirdiyi haqqı inkar etsinlər. Eyni zamanda onlar çox yaxşı başa düşürlər ki, Allah qarşısında öz cinayətlərinə heç bir bəraət əldə edə bilməyəcəklər.
Əgər Allah onlara hökmlər və haramlar nazil etmişdirsə, vəzifələrini yerinə yetirmək üçün şərait yaratmışdırsa, onlara müstəqil qərar qəbul etmək üçün güc və bacarıq vermişdirsə, onda başqa cür necə ola bilərdi? Onların özlərini Allahın qədəri ilə təmizə çıxartmaq istəmələri ən böyük yalandır, çünki hər bir adam hiss edir ki, o istədiyi şeyi edə bilər və özü də bu zaman kimsə ona müqavimət göstərmir. Buradan aydın olur ki, müşriklər eyni zamanda həm Allahı və Onun elçilərini və həm də sağlam düşüncəni və maddi geçəkliyi inkar edirlər. Elçilər buna görə məsuliyyət daşımayacaqlar, çünki onların vəzifəsi təkcə açıq-aşkar ayələri onlara çatdırmaq idi. Onlar haqqı elə izah etməliydilər ki, o, insanların qəlbinə nüfuz etməliydi və sonra heç kim məlumatsızlığı ilə özünə bəraət qazandıra bilməməliydi. Əgər elçilər Allahın hökm və qadağalarını öz xalqlarına çatdırmışdılarsa, bundan sonra günahkarlar öz cinayətlərinə Allahın qədəri ilə haqq qazandırmaq istədikdə, elçilər daha heç nə edə bilməzdilər, çünki qullar artıq təkcə Əzəmətli və Qüdrətli Allahın qarşısında cavab verməli olacaqdılar.

(16.36) “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”— deyə, elçi göndərdik. Onlardan kimisini Allah hidayət yoluna yönəltmiş, kimisinə də ədaləti ilə azmaq nəsib etmişdi. Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu!”

Fövqəluca xəbər verir ki, səmavi həqiqət yerin bütün xalqlarına çatdırılmışdır. Keçmişdə yer üzündə yaşayan və ya bu günədək yaşamaqda olan bütün cəmiyyətlərə yeganə bir dini təbliğ edən və insanları bir olan Allaha şərik qoşmadan Ona ibadət etməyə çağıran elçilər göndərilmişdi. Lakin xalqlar onların çağırışına müxtəlif cavablar vermiş və iki qrupa bölünmüşdülər. Onların birini Allah doğru yola yönəltmiş və bunun sayəsində onlar Onun ehkamlarını öyrənərək və onlara riayət edərək elçilərin yolu ilə getmişdilər. Digəri isə azğınlığa üstünlük vermiş və həlak yolunu tutmuşdular. Qoy insanlar yer üzündə qəlbən və cismən səyahət edərək, görüb əmin olsunlar ki, haqqı dananların aqibəti necə olmuşdur; onlar çoxsaylı qəribə şeylər görəcəklər və hər bir kafiri mütləq məhv olma gözlədiyinə inanacaqlar.

(16.37) “Sən onların doğru yola gəlməsinə nə qədər çalışsan da, Allah azdırdığı kimsələri doğru yola yönəltməz və onlara kömək edən də olmaz”.

Ey Muhəmməd! Sən insanların doğru yola gəlməsi üçün mümkün olan hər şeyi edirsən. Lakin sən nə qədər səy göstərsən də, insanları doğru yola təkcə Allah yönəldə bilər. Əgər Allah günahkarı azğınlığa salırsa, onu heç kim Allahın cəzasından və böyük fəlakətdən müdafiə edə bilməz.

(16.38) “Onlar Allaha möhkəm and içdilər ki: “Allah ölən bir kəsi diriltməyəcəkdir!” Xeyr! Allahın ölüləri diriltməsi Onun doğru vədinə görə olacaq, lakin insanların çoxu bunu bilmirlər”.

Fövqəluca, Muhəmməd Peyğəmbərə (s.ə.s.) iman gətirməkdən boyun qaçıran müşriklərin necə dəhşətli and içərək Allahın ölüləri diriltməyəcəyini və çürüyüb torpağa qarışmış insanı dirildə bilməyəcəyini xəbər verir. Allah onların sözlərini rədd edərək buyurur: “Xeyr! Rəbb ölüləri dirildəcək və onların hamısını, qopacağına şübhə edilməsi mümkün olmayan Qiyamət günü bir yerə toplayacaqdır. Məhz belə vəd edilmişdir və Allah Öz vədini dəyişməz”. Lakin insanların əksəriyyəti ən böyük cahillərdir və buna görə onlar Allahın hikmətini növbəti ayədə yazdığı dirilməni və əvəz veriləcəyini inkar edirlər. Fövqəluca buyurur:

(16.39) “Allah ölüləri dirildəcəkdir ki, ixtilafda olduqları şeyləri onlara bildirsin və kafirlər də özlərinin yalançı olduqlarını dərk etsinlər”.
(16.40) “Biz bir şeyi istədikdə, ona ancaq: “Ol!”— deyirik, o da olur”.

Allah insanlara barəsində müxtəlif rəylər söylədikləri bütün mürəkkəb və sadə məsələləri açıqlayar, haqqa işıq saçar və onu ən inandırıcı tərzdə izah edər. Belə olduqda kafirlərə aydın olar ki, onlar yalançıymışlar. Onların törətdikləri cinayətlər özlərini bərk kədərləndirər, Allahın əvəzinə dua etdikləri bütlər isə onlara heç bir fayda verməzlər. Allahın əmri gələndə onlar görərlər ki, uydurduqları “ilahları” Cəhənnəmin yanacağı olacaqlar. Günəş və ay büküləcək, ulduzlar səpələnəcək və bu məxluqlara ibadət edən müşriklərə aydın olacaq ki, onların ibadət etdikləri də Allahın hökmranlığı altındaymışlar və daima Ona möhtacmışlar. Bütün bunlar Allah üçün heç bir çətinlik yaratmır, çünki əgər O, bir şeyi istəyirsə, onda Onun bir sözü bəs edir ki, arzuladığı gerçəkləşsin. Bu zaman heç kim Ona mane olmur və Ona müqavimət göstərmir. Əksinə, hər şey məhz Onun istədiyi kimi baş verir.

(16.41) “Zülmə uğradıldıqdan sonra Allah yolunda hicrət edənləri dünyada gözəl bir məskəndə sakin edəcəyik. Axirət mükafatı isə daha böyükdür. Kaş biləydilər!”

Fövqəluca, Allah xatirinə öz doğma yurdlarından hicrət edərək Onun mərhəmətini qazanmaq ümidi ilə sınaqlara məruz qalan möminlərin üstünlüyü haqqında xəbər verir. Onların qohum və yaxınları onları təhqir edir, onlara əziyyət verir və onların küfrə və müşrikliyə qayıtması üçün düz onları azmağa məruz qoyurlar. Lakin onlar bunu etmir, doğma yerlərini tərk edir və öz sevdiklərindən ayrılırlar. Onlar hicrət edirlər ki, onları iki dəfə mükafatlandıracaq Rahmana tabe olsunlar. Onlara yer üzündə yaşadıqları zaman mükafat vəd edilmiş və onları bol maddi qismət və bəxtəvər həyat gözləyir. Bu vədin həqiqiliyini onlar hicrət edəndən az sonra öz gözləri ilə görüb əmin olurlar. Onlar düşmənləri üzərində qələbə çalır, ölkələri fəth edir və bollu qənimət və saysız-hesabsız var-dövlət əldə edirlər. Allahın bu dünyada səxavətlə verdiyi mükafat belədir.
Lakin Allah Öz elçisinin (s.ə.s.) dili ilə onlara ölümdən sonra vəd etdiyi mükafat daha yaxşı olacaqdır. O mükafat bu dünyada alınacaq nemətlərlə müqayisəyə gəlməyəcək. Fövqəluca buyurur: ““İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat tapanlardır (xeyrə qovuşanlardır). Rəbbi onları Özündən bir mərhəmət (bağışlanma), razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnətlərlə müjdələr. Onlar orada əbədi qalacaqlar. Böyük mükafat, həqiqətən, Allah yanındadır!” (Tövbə, 9/20-22). Əgər insanlar Allah xatirinə hicrət etmiş möminlər üçün hazırlanmış mükafat haqqında möhkəm biliyə malik olsaydılar, onda heç kim bu sınaqdan boyun qaçırmazdı. Lakin belə addımı təkcə əməlisaleh möminlər atırlar ki, onların sifətini Fövqəluca növbəti ayədə təsvir edir. Fövqəluca buyurur:

(16.42) “Onlar səbirli olanlar və ancaq Rəbbinə təvəkkül edənlərdir”.

Onlar Allahın hökmlərini səbirlə yerinə yetirər, dini qadağaları pozmaz və taleyin çətinliklərinə və onlar üçün hazırladığı əzablara və sınaqlara səbatla dözərdilər. Bununla yanaşı isə Allahın xoşuna gələn bütün təşəbbüslərində öz Rəbbinə təvəkkül edərdilər. Onlar özlərinə ümid bəsləməz, ümidlərini Allaha bağlayardılar və buna görə də onların əməlləri doğru çıxdı və onlara fayda verdi. Buradan aydın olur ki, səbirli olma və Allaha təvəkkül etmə bütün işlərin əsasıdır. İnsanın ondan tələb olunan işi qüsursuz yerinə yetirməsinə səbri çatmadığı halda və ya Allaha və Onun yardımına təvəkkül etmədikdə o, uğur əldə edə bilmir.

(16.43) “Biz səndən əvvəl də, özlərinə vəhy etdiyimiz məhz kişiləri elçi göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun”.
(16.44) “Biz onları aydın dəlillər və kitablarla göndərdik. Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr”.

Ey Muhəmməd! Sən — insanlar arasından Allahın elçilərinin birincisi deyilsən. Sənə qədər insanlar arasında təbliğat aparanlar nə mələklər, nə də qadınlar idi. Onlar kamilliyə çatmış mömin kişilərdilər. Onlar dini hökm və qanunlardan ibarət vəhylər alırdılar. Onlar özlərindən heç nə demirdilər və bu Allahın Öz qullarına bəslədiyi lütfkarlığının əlaməti idi. Əgər siz Allahın elçilərinin əvvəllər də təkcə kişilərdən olduğuna şübhə edirsinizsə, onda əvvəlki Kitablar haqqında biliyə malik olanlardan soruşun. Öz Rəbbinin möcüzələri və Kitabları haqqında məlumatı olan, həmin vəhyləri öyrənib mahiyyətinə nüfuz edən alimlərdən soruşun. Onların hamısı qəti bilirlər ki, Allah müxtəlif şəhərlərə və kəndlərə təkcə kişiləri göndərmiş və onlara vəhy nazil etmişdir.
Bu ayə alimlərin ünvanına deyilmiş gözəl tərifdir və göstərir ki, ən layiqli bilik Allahın Kitabında olan bilikdir. O, bilikdən məhrum insanlara bütün məsələlər üzrə alimlərə müraciət etməyi əmr etmişdir. Bu isə o deməkdir ki, Allah alimləri ədalətli və ləyaqətli insanlar adlandırmışdır. Bu həm də onu bildirir ki, nadan insanların ardıyca getmək olmaz. Allah öz vəhyini alimlərə etibar etmişdir və onlara öz üstünlükləri və kamil keyfiyyətləri haqqında danışmağa icazə vermişdir. Nəzərə alsaq ki, ən yaxşı bilik Müqəddəs Qurandır, onda həqiqi alimlər də müsəlman ilahiyyatçladıdır. Onlar hamıdan çox biliyə malik olanlar adlandırılmağa layiqdirlər. Buna görə sonra Fövqəluca buyurur ki, Öz peyğəmbərinə Zikr — Müqəddəs Quran nazil etmişdir və onda insanların bilməyə ehtiyac duyduqları bütün dünyəvi və dini, aydın və qeybə dair məsələlər qeyd olunmuşdur. Allah onu nazil etmişdir ki, Muhəmməd Peyğəmbər (s.ə.s.) Quran ayələrini insanlara açıqlasın və onların əsil mənasını izah etsin, digər insanlar isə Quran vəhyləri xəzinəsindən, buna əməllicə hazırlaşmalarından və Allaha doğru səmimiyyətlə can atmalarından asılı olaraq, bilik əldə etsinlər.

(16.45) “Alçaq hiylələrə əl atanlar Allahın onları yerə batırmayacağına və yaxud gözləmədikləri bir yerdən əzabın onlara gəlməyəcəyinə əmindirlərmi?”
(16.46) “Ya da gəzib dolaşdıqları zaman onları yaxalamayacaqmı? Onsuz da onlar yaxalarını qurtara bilməyəcəklər”.
(16.47) “Yaxud dəhşət içindəykən onlar yaxalanmayacaqlarmı? Həqiqətən də, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir”.

Fövqəluca Allah küfrə etiqad edən, haqqı danan və öz Rəbbinə itaət etməyən günahkarları əzabverici cəzanın onları qəfildən, onlar onun hətta yaxınlaşdığına belə şünhələnmədikləri bir vaxtda yaxalayacağı ilə qorxudur. O, onların başına yuxarıdan da düşə bilər və ya onları aşağıdan da uda bilər. Cəza onları var-dövlət toplamaq üçün vurnuxduqları bir axtarışda, cəzalandırılacaqları fikri ağıllarına belə gəlmədiyi halda, yaxalaya bilər. O, həmçinin onların başlarının üstünü, onu qorxu içində gözlədikləri və heç bir vəchlə yaxınlaşmasının qarşısını ala bilmədikləri bir vaxtda, kəsdirə bilər. Amansız cəzanın günahkarlara necə zərbə vurmasından asılı olmayaraq, onlar Allahdan qaça bilməyəcəklər, çünki onlar tamamilə Allahın hakimiyyəti altındadırlar.
Lakin Onun gözəl adları arasında Şəfqətli və Mərhəmətli adları da vardır. O, itaətdən çıxanları cəzalandırmağa tələsmir, əksinə, onlara möhlət verir. O, Onun sevimli qullarına hətta əziyyət vermələrinə baxmayaraq, günahkarlara əmin-amanlıq və ruzi bağışlayır. Bununla yanaşı O, onların qarşısında tövbə qapılarını laybalay açır və onları özlərinə ziyan vuracaq cinayətlərdən əl çəkməyə çağırır. O, tövbə etmiş qullarına ən böyük hörmət göstərəcəyinə və onların törətdikləri günahları bağışlayacağına söz verir. Qoy günahkar öz Rəbbindən utansın, axı Allah Öz nemətlərini ona istənilən şəraitdə əta edir, onun günahları isə çoxalmaqda davam edərək Ona doğru qalxırlar. Qoy cinayətkar bilsin ki, Allah möhlət verir, lakin unutmur və əgər O, bir gün onu yaxalasa, onda heç kim onu Fövqəlqüdrətli və Fövqəlgüclü Rəbdən müdafiə edə bilməyəcək. Qoy o, törətdiyi cinayətlərə görə tövbə etsin və özünün Şəfqətli və Mərhəmətli Xaliqinin yoluna qayıtsın. Doğrudan da, insan Onun hüdudsuz lütfkarlığına qayıtmağa tələsməli və Onun xeyirxahlığına səbəb olan yolu ilə getməlidir. Həqiqətən, bu yol — təqvalılıq və Allahın bəyəndiyi əməlləri yerinə yetirməkdir.

(16.48) “Məgər onlar Allahın xəlq etdiyi hər hansı bir şeyi müşahidə etməyiblərmi? Onların kölgələri müti surətdə Allaha səcdə edərək sağa-sola əyilir”.

Doğrudanmı, təkcə öz Rəbbinə ibadət etmək istəməyən və Onun azmanlığına və kamilliyinə şübhə edən günahkarlar Onun çoxsaylı məxluqlarını müşahidə etməyiblər? Bu məxluqların kölgəsi gah sağa əyilir, gah da sola. Onların hamısı Onun əzəməti qarşısında səcdə və itaət edirlər. Onlar danışıqsız Onun iradəsinə tabe olmaqla tamamilə Onun hakimiyyəti altındadırlar.

(16.49) “Göylərdə və yerdə olanların hamısı, heyvanlar da, mələklər də təkəbbür göstərmədən Allaha səcdə qılırlar”.

Danışıq qabiliyyəti olan və dilsiz-ağızsız canlılar və həmçinin alicənab mələklər Allaha ibadət edir və Onun qarşısında səcdəyə qapılırlar. Bu ayə xüsusinin ümumiyə daxil edilməsinin nümunəsidir. Allah əvvəl bütün məxluqlarını nəzərdə tutur, sonra isə mələkləri xüsusi ilə vurğulayır, çünki onlar qalan yaratdıqlarından üstünlük təşkil edirlər, çoxsaylı məziyyətlərə sahibdirlər və öz Rəbbinə səylə ibadət edirlər. Onlar Ona ibadət edən zaman, çoxsaylı olmalarına, əzəmətli əxlaqi keyfiyyətlərinə və qeyri-adi qüvvəyə malik olmaların baxmayaraq, Onun qarşısında təkəbbürlük göstərmirlər. Bu barədə Fövqəluca buyurur: “Nə Məsih, nə yaxın mələklər Allahın qulu olmalarını heç vaxt özlərinə həqarət saymırlar…” (Nisa, 4/172).

(16.50) “Onlar özlərinin fövqündə olan Rəbbindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər”.

Allah bu ayədə mələkləri Ona tabe olduqları və Onun hökmlərini mütiliklə icra etdikləri üçün tərifləyir. Onlar Allahdan, tutduğu yeri, məqamı və kamilliyi ilə onlardan üstün olduğuna görə, qorxurlar. Onun qüdrəti müqabilində bütün məxluqları itaətkardır. Mələklər bunu bilirlər və onlara əmr olunanları yerinə yetirirlər. O, hər hansı bir əmr verən kimi onlar Onun tapşırığını həvəslə icra edirlər.
Bütün yaradılmışlar Fövqəluca Allahın qarşısında baş əyməklə təzim edirlər. Lakin belə təzimin iki forması mövcuddur. Birinci forma — məcburiyyət qarşısında təzim və Onun kamil sifətlərini etiraf etməkdir. Bu, istisnasız olaraq bütün məxluqlara aiddir, istər mömin və ya kafir olsun, saleh insablar və ya günahkarlar olsun, dilsiz-ağızsız heyvanlar və ya digər varlıqlar olsun. İkinci forma — könüllü təzim formasıdır. O, təkcə mömin qullara, saleh insanlara, mələklərə və bir sıra digər məxluqlara məxsusdur.

—————
Əbdürrəhman bin Nasir əs-Səədi

MÜQƏDDƏS QURANIN TƏFSİRİ

Tərcüməçi
Fərahim Süleyman oğlu Qurbanov

Bənzər Məqalələr