featured-image-3274

(15.36) “İblis dedi: “Ey Rəbbim! Onların dirildiləcəkləri günə qədər mənə möhlət ver”.
(15.37) “Allah dedi: “Sən möhlət verilənlərdənsən”.
(15.38) “Ancaq məlum vaxtın Gününə qədər”.

Allah İblisin xahişini qəbul etməklə heç də ona hörmət göstərdiyini bildirmək istəmirdi. O, bunu ona görə etmişdi ki, onu və digər qullarını sınağa çəksin. Allah istəmişdi ki, Onun, öz həqiqi Himayədarına itaətkar olan sadiq qulları bu üsulla belə keyfiyyətə malik olmayanlardan fərqlənsinlər. Məhz buna görə Allah bizə ən mükəmməl tərzdə şeytandan qorunmağı tapşırır və onun niyyətini bizə izah edir.

(15.39) “İblis dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını azdıracağam”.
(15.40) “Yalnız Sənin sadiq qullarından başqa”.

Ey Rəbbim! Mən dünya həyatını onlar üçün bəzəkli göstərəcəyəm və onları o həyatı Axirət həyatından üstün tutmağa dəvət edəcəyəm. Mən onları özümə tabe etməyə və hər cür cinayətlər törətmələrinə nail olacağam. Mən onlara doğru yola gəlməyə mane olacağam. Mənim hiylələrimdən təkcə Sənin xilas olmalarını istədiklərin, səmimiyyətlərinə, imanlarına və öz Rəbbinə təvəkkül etdiklərinə görə seçdiyin qulların qurtula biləcəklər.

(15.41) “Allah dedi: “Bu, Mənə tərəf gətirib çıxaran düz yoldur”.
(15.42) “Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlar istisnadır”.

Budur Mənə və Mənim mərhəmət diyarıma tərəf gətirən düz yol. Sən Mənim qullarımı, əgər onlar öz Rəbbinə ibadət etsələr və Onun əmirlərini yerinə yetirsələr, bu yoldan azdıra bilməzsən. Mən belə qullarıma kömək göstərəcək və onları şeytanlardan qoruyacağam. Amma əgər onlar sənin ardınca getsələr, sənin himayənlə qane olsalar, Rahmana itaət etməkdənsə, sənə itaət etməyi üstün tutsalar, onda onlar azmışlar arasında olacaqlar.
Bu ayədə “ğavi” (“azmış”) ərəb sözü işlədilmişdir ki, o, haqqı dərk etdikdən sonra şüurlu surətdə ondan yayınanlar haqqında deyilir. Həmin söz “dall” (“azmış”) ismindən fərqlənir, çünki bu adla həqiqəti bilmədən yanlış yolla gedənlər nəzərdə tutulur.

(15.43) “Həqiqətən, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir”.
(15.44) “Onun yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur”.

Cəhənnəm İblis və onun döyüşçüləri üçün hazırlanmışdır. Onlar Cəhənnəmin bir-birinin altında yerləşən qapıları qarşısında toplanacaqlar. Bu qapıların hər birinin qarşısında şeytanın oxşar cinayətlər törətmiş ardıcıllarının bir hissəsi olacaqdır. Fövqəluca buyurur: “Onlar azğınlarla birlikdə oraya (Cəhənnəmə) atılarlar. İblisin bütün əsgərləri də həmçinin” (Şuəra, 26/94-95).

(15.45) “Sözsüz ki, müttəqilər Cənnət bağlarında və çeşmələr başında olacaqlar”.

İblisin ardıcıllarına çevrilmiş Allahın düşmənləri üçün hazırlanmış amansız və sərt cəzalandırma barədə xatırlatdıqdan sonra, Fövqəluca Allah Özünün sevimli qulları üçün hazırlanmış böyük mərhəmətindən və əbədi nemətlərindən bəhs edir. Onlar şeytana itaət etməkdən qoxur, onun çağırdığı günahlardan və itaətsizlikdən özlərini qoruyurlar. Məhz buna görə onlar hər cür ağacların cəm edildiyi Cənnət bağlarında ləzzət alacaqlar və istədiklər vaxt heyranedici meyvələrdən yeyib məmnun olacaqlar.

(15.46) “Oraya sağ-salamat və xatircəmliklə daxil olun!”

Möminlər Cənnət bağlarına daxil olduqda onlara deyiləcək: “Ölümdən, yuxudan, yorğunluqdan və ya taqətdən düşəcəyinizdən ehtiyat etmədən Cənnətə girin. Cənnət nemətlərinin havaxtsa qurtaracağından və ya azalacağından qorxmayın. Xəstəliklərdən, qəmdən, kədərdən və başqa xoşagəlməz şeylərdən ehtiyat etməyin”.

(15.47) “Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar”.
(15.48) “Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar”.

Allah Cənnət sakinlərinin ürəyindən onların bir-birinə bəslədikləri ziyanlı hiss və duyğuları kənarlaşdıracaq. Onların ürəyində pisliyə, nifrətə və ya paxıllığa yer qalmayacaq — onlar pak və iman sahiblərinə məhəbbətlə dolu olacaqdır. Buna görə Cənnət əhli bir-biri ilə qarşı-qarşıya taxtlar üzərində oturacaqlar. Buradan belə çıxır ki, möminlər Cənnətdə bir-birilərini ziyarət edəcəklər və bir yerdə toplaşacaqlar. Onlar o dərəcədə nəzakətli olacaqlar ki, bir-birilərinə ancaq qarşı-qarşıya dayandıqda müraciət edəcəklər. Onlar gözəl taxtlar üzərində oturaraq, hündür balışlara dirsəklənəcəklər, taxtları isə füsunkar döşəklərlə, incilərlə və qiymətli daş-qaşlarla bəzədiləcək. Onlar nə fiziki və nə də mənəvi yorğunluğun nə olduğunu bilməyəcəklər, çünki Allah onları ən kamil simada dirildəcək və onlara ən mükəmməl həyat bəxş edəcəkdir. Onların varlığı hər hansı nöqsanla bir araya sığmayacaq və onlar bu səadətdən heç vaxt ayrılmayacaqlar.
Özünün insanlarda qorxu və Allahın mərhəmətini qazanmaq arzusu oyadan əməllərini xatırlatdıqdan sonra, Fövqəluca Allah insanlarda belə hisslər doğuran ilahi sifətlərindən xəbər verir. Fövqəluca buyurur:

(15.49) “Qullarıma xəbər ver ki, Mən, Bağışlayanam, Rəhmliyəm”.
(15.50) “Əzabım isə üzücü əzabdır”.

Ey Muhəmməd! İnsanlara Allahın mərhəməti və hər şeyi bağışlayan olması haqqında mühüm bir xəbər ver və öz sözlərini inandırıcı dəlillərlə əsaslandır, axı onlar öz Rəbbinin bu kamil sifətləri haqqında bilsələr, onda Allahın mərhəmətini qazanmaq üçün əllərindən gələn hər şeyi edərlər, günahlardan əl çəkərlər, tövbə edərlər və Onun bağışlamasına layiq olarlar. Lakin Allahın mərhəmətinə ümid bağlamaq həddən artıq sərbəstliyə, təklifsizliyə çevrilməməli və onlara tam təhlükəsizlik hissi aşılamamalıdır. Buna görə, onlara, Allahın verəcəyi cəzanın necə dəhşətli olacağını bildir. Allahın cəzasından başqa heç bir cəzanı əsil cəza adlandırmaq olmaz. Onun ağırlığını müəyyən etmək və ya təsəvvür etmək mümkün deyil. Əgər onlar bilsələr ki, heç kim Allahın cəzalandırdığı və qandalladığı kimi cəzalandıra və qandallaya bilməz, onda onlar günah etməkdən çəkinər və insanı məşəqqətlərə salan hər şeydən uzaq qaçar.
Bu deyilənlərdən məlum olur ki, qulun qəlbi həmişə qorxu ilə ümid arasında olmalıdır. Əgər o, Allahın mərhəməti, bağışlaması, alicənablığı və xeyirxahlığı barədə düşünərsə, bu onun qəlbində ümid və Allahın mərhəmətinə can atma meyli yaradar. Əgər o, öz günahları və Allahın qarşısında öz vəzifələrini yerinə yetirərkən yol verdiyi nöqsanları üzərində düşünərsə, onda onun ürəyində qorxu və günah işlətməkdən çəkinmək arzusu güclənər.

(15.51) “Onlara İbrahimin qonaqları barəsində də xəbər ver”.

Fövqəluca Öz Peyğəmbərinə (s.ə.s.) buyurur ki, insanlara İbrahimin (ə) qonaqları haqqında qəribə əhvalatı da xəbər versin, çünki peyğəmbərlər haqqında hekayətlər ibrətamiz nəsihətlərdən ibarətdir və ağıllı insanları onların yolu ilə getməyə yönəldir. Elçilərin şan-şöhrətli dəstəsində Allahın sevimlisi, dininə etiqad etmək bizə əmr olunmuş İbrahim (ə) xüsusi yer tutur. Onun qonaqları, Allahın Öz sevimlisinin (ə) yanında qonaq olmaq şərəfinə nail edilmiş alicənab mələklər idilər.

(15.52) “O zaman onlar İbrahimin yanına daxil olub: “Salam!”— dedilər. İbrahim: “Biz sizdən ehtiyat edirik!”— dedi”.

Mələklər daxil olub İbrahimi (ə) salamladılar və o (ə) da onlara: “Salam” deyə cavab verdi. O (ə) onların adi qonaqlar olduğunu güman etdi və onları belə də qarşıladı və onlara qonaqlıq verməyə tələsərək, tez hazırlığa başladı. Tezliklə o (ə) onların yanına əlində yağlı bir buzovla qayıtdı. O (ə) gördükdə ki, qonaqları yeməyi dadmaq üçün ona heç əllərini də uzatmayıblar, qorxuya düşdü. Onun ağlına gəldi ki, bunlar ya quldur, ya da pis niyyətli digər insanlar ola bilərlər.

(15.53) “Mələklər: “Qorxma! Həqiqətən, biz səni ağıllı bir oğulla müjdələyirik!”— dedilər”.

Bu, İshaqın doğulacağı haqqında müjdə idi. O, böyük istedada malik ağıllı oğlan uşağı kimi dünyaya gələcəkdi. Digər bir ayədə isə deyilir: “Ona əməlisalehlərdən olacaq bir peyğəmbər — İshaq ilə müjdə verdik” (Saffat, 37/112).

(15.54) “İbrahim dedi: “Qocalıq məni haqladığı bir vaxtda mənə müjdə verirsiniz? Məni nə ilə müjdələyirsiniz?”

Qarşıda oğlunun doğulacağı haqqında müjdə İbrahimi (ə) o qədər təəccübləndiri ki, o (ə) belə dedi: “Doğrudanmı siz mənə bu xəbəri mənim artıq övladım olacağına bütün ümidlərim kəsildiyinə görə verirsiniz?” Artıq təbii yolla uşağın olmasına heç bir səbəb qalmadığı halda bu necə ola bilər?”

(15.55) “Onlar dedilər: “Biz sənə həqiqətlə müjdə veririk. Sən ümidini üzənlərdən olma!”

Bizim sözlərimiz şübhə edilməsi mümkün olmayan əsil həqiqətdir, çünki Allah bütün varlıq üzərində hökmrandır. Ey bu evin sakinləri! Sizə Allahın salavatı və salamı olsun! Siz başqa insanlara oxşamırsınız və buna görə də Allahın sizə göstərdiyi böyük mərhəmətinə təəccüblənməməlisiniz. Xeyir və nemət əldə etməyi qeyri-mümkün hesab edən ümidsizlərdən olmayın və həmişə Rəbbinizin mərhəmətinə və lütfkarlığına bel bağlayın!

(15.56) “İbrahim dedi: “Doğru yoldan azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?”

Təkcə Rəbbi haqqında biliklərdən məhrum olan azğın adam Onun qüdrətinin kamilliyindən xəbərsizdir və Allahın rəhm edəcəyindən ümidini kəsə bilər. Allahın doğru yola yönəltdiyi və əzəmətli biliklər əta etdiyi möminlər isə Allahın lütfkarlığına ümidlərini kəsə bilməzlər. Onlara Allahın mərhəmətinə layiq olmağın ən müxtəlif vasitələri məlumdur.

(15.57) “İbrahim dedi: “Ey elçilər! Vəzifəniz nədir?”

Qonaqları İbrahimə (ə) müdrik oğlunun doğulacağı haqqında müjdə verdikdə, məsum peyğəmbər (ə) anladı ki, onlar Allahın tapşırığını icra edən elçilərdir. Belə olduqda, o (ə) onlardan soruşdu: “Siz hansı vəzifəni yerinə yetirirsiniz? Siz yerə hansı məqsədlə göndərilmişsiniz?”

(15.58) “Onlar dedilər: “Biz günahkar adamları məhv etməyə göndərilmişik”.
(15.59) “Yalnız Lutun ailəsi istisnadır. Biz onların hamısını xilas edəcəyik”.
(15.60) “Lutun arvadından başqa. Biz onun geridə qalanlardan olmasına qərar verdik”.

Mələklər dedilər ki, onlara, yaramaz günahlar və ağır cinayətlər törədən bir xalqı cəzalandırmaq əmr olunmuşdur. Söhbət Lut xalqından gediridi. Bundan öncə isə onlar Lut peyğəmbəri (ə) və onun bütün ailə üzvləriini (cəzaya layiq görülənlərin arasında qalmalı olan qoca qarısından başqa) şəhərdən çıxartmağa hazırlaşırdılar. Bu xəbəri eşitdikdə, İbrahim peyğəmbər (ə) Allahın elçilərini onları cəzalandırmağa tələsməməyə və qayıtmağa razı salmağa çalışdı. Belə olduqda ona (ə) deyildi: “Ey İbrahim! Mübahisə etmə, çünki sənin Rəbbin artıq əmrini vermişdir və onlar qarşısıalınmaz əzab-əziyyətə düçar olmalıdırlar” (Hud, 11/76). Sonra mələklər öz yollarına davam etdilər.

————-
Əbdürrəhman bin Nasir əs-Səədi

MÜQƏDDƏS QURANIN TƏFSİRİ

Tərcüməçi
Fərahim Süleyman oğlu Qurbanov

Bənzər Məqalələr