Bayramlar — irqindən asılı olmayaraq — hər bir insanın böyük həvəslə gözlədiyi, təm-təraqla qeyd etdiyi xüsusi günlərdir. İslam dini də, bayram günlərinə xüsusi önəm vermiş və müsəlmanları, həmin günləri gözəl şəkildə qeyd etməyə təşviq etmişdir. Çünki İslam dini — bəzi dar düşüncəli insanların təqdim etməyə çalışdıqları kimi «qara bayram» və ya matəm dini deyil, əqidəvi xüsusiyyətlərə zidd olmayan bayramları gözəl şəkildə keçirməyə həvəsləndirən mübarək bir dindir.


Cəmiyyətimizdə böyük təm-təraqla qeyd olunan bayramlardan biri də —
«Novruz»-dur. Sözlərimizə başlayarkən qeyd etdiyimiz kimi, dinimiz bayram günlərinə xüsusi önəm vermişdir. Lakin, İslam dininin hər bir məsələ üçün həyat düsturu olduğu üçün – bəzi suallara aydınlıq gətirmək mütləqdir.. Dinimiz, müxtəlif millətlərin qeyd etdikləri hər bayramı qeyd etməyə icazə verirmi? Hansı bayramları qeyd etməyi dinimiz qadağan etmişdir? Bəzi «bayramların» qeyd olunması nəyə görə qadağan edilmişdir? Bu sualları bacardığımız qədər cavablandırmağa çalışacağıq..

 

İlk olaraq, «bayram» termininin nə kimi məna kəsb etdiyinə nəzər yetirək:

«…“Bayram” termini “müəyyən bir zaman içində, dönüşlü bir şəkildə təkrarlanan, «hər kəsin üzünə açıq bir toplantı» mənasına gəlir. Bu dönüşlü təkrarlama — ildən-ilə ola biləcəyi kimi, həftədən-həftəyə və ya aydan-aya ola bilər.. Bayram termini bu təməl mənadan başqa bir neçə mənada da anlaşıla bilər. Bu mənalardan biri “dönüşümlü şəkildə təkrarlanan gün” deməkdir. Ramazan bayramı və Cümə günü kimi.. Bayramın bir digər mənası da müəyyən günlərdəki toplantıdır. Bu terminin başqa bir mənası da, bayram günlərində edilən ibadət və adətlərin cəmidir.» («İqtida’us-Sirat əl-Mustəqim li Muxalifəti Əshəb’ul-Cəhim» 1/483)

 

İldən-ilə təkrarlanan və hər dəfə insanların böyük həvəslə gözlədikləri bu bayram günlərini əhəmiyyətli hala gətirən — onun səbəbi, mahiyyətidir. “Bu, sadəcə adət bayramıdır” və ya “bu bayram sadəcə olaraq çox xoşuma gəlir” – kimi düşüncələr, güclü bir mahiyyət səbəbi təşkil etməz. Çünki, səbəb və mahiyyət olmadan heç bir şey dəyər kəsb edə bilməz. Sual: «Novruz» bayramının İslam dini ilə əlaqəsi varmı? İnsanlar nə zamandan və hansı səbəbdən dolayı bu bayramı qeyd etməyə başlayıblar? Bu sualların cavabı üçün, Novruz bayramının tarixinə qısaca bir nəzər salaq..

 

Novruz gününün ortaya çıxması haqqında müxtəlif fikirlər və versiyalar vardır. Onlardan bəziləri:

Atəşə ibadət edənlərin «peyğəmbər» olaraq qəbul etdikləri Zərdüşt, səadət və xoşbəxtlik gətirmək üçün xalqa bir «Tanrı» olaraq seçilməsi,  

Əfsanəvi kral olan Təhmuras’ın, pis ruhları və mərhəmətsiz insanları zindana göndərməsi, 

Quştasp, Qaetun kraliçası və Jamasp’ın — «yaxşılıq tanrısı» Əhəru-Mazdan’ın dinini — yəni Zərdüştlüyü qəbul etməsi və s.

Bununla yanaşı Novruz’un ortaya çıxışı, həmin gün üzərinə düşən günəş şüalarını hiss edən əfsanəvi kral Cəmşidlə də əlaqəlidir. Zərdüştlüyün (atəşpərəstliyin) gizli kitabı olan «Avesta»-nın ideologiyasına görə insanlar hər yaz, həyatın başlanğıcını dünya üzərində altı formada (hava, su, torpaq, bitkilər, heyvanlar və insan) qeyd etmək məcburiyyətindədirlər. Novruzun simvollarından hesab olunan ‘ilaxır çərşənbələri’ də, təməlini bunlardan alır..

Cəmşidin istəyinə uyğun olaraq zərdüştlər sonradan bu «bayramı» altı gün qeyd etməyə başladılar. Fars kralı Cəmşidin adıyla bağlı olan bu «Şəm Nəsim» gününə «Novruz» deyilməyə başlandı. «Novruz» sözü fars sözü olub, «yeni gün» deməkdir. Ərəb dilinə «Neyruz» kimi keçən bu bayram, bütpərəst mitra dininin və sonralar zərdüştlərin (atəşpərəstlərin) ən böyük bayramı hesab olunur. Bu bayram, təqviminin ilk günü hesab olunaraq, beş gün (bayram olaraq) davam edir (toplam altı gün).


Bütün bu dediklərimizdən, Novruz bayramının, İslam dini ilə heç bir əlaqəsinin olmamasını açıq şəkildə görmüş oluruq. Bu səbəblə də, qeyd etdiyimiz bu bayram, ilk olara İslam dininə tam əks olan bütpərəst Mitra inancının dini bayramı olmuş, sonralar isə, farsların etdikləri zərdüştlük əlavələri ilə, atəşə sitayiş edən — zərdüştlüyün ən böyük bayramı hesab olunmuşdur. Bir sözlə, bu bayrama – bütpərəst və atəşpərəstliyin sintez olunmuş özəl günləri deyə bilərik. İstər türk, istərsə fars, istərsə də digər bir xalqın bayramı hesab olunmasından asılı olmayaraq – Allaha üsyan edərək, yaratdıqlarını, habelə yaratmış olduğu atəş’i, Ona şərik qoşmaqla Allah qatında ən böyük və ən iyrənc günahı işləyən batil inancların bayramını qeyd etmək, heç bir müsəlman üçün uyğun olmaz. Məhz bu səbəblə Peyğəmbərimiz
buyurmuşdur: 

«Kim bir qövmə (tayfaya, dinə) bənzəyərsə, o da onlardandır.» (Əbu Davud və Əhməd) 

 

Böyük İslam alimi Muhəmməd b. Əhməd Zəhəbi bu cür bayramların qeyd olunması barədə belə buyurur: 

«Doğum günü, Cümə axşamı (qeyd: «Cümə axşamı» deyə xristianların bayramı mövcuddur və bu günə «böyük cümə axşamı» deyirlər) və Novruz kimi bayramlarda zimmət əhlinə (qeyri-müsəlmanlara) bənzəmək, çirkin bir yenilikdir/bidətdir. Bir müsəlman, bu cür bayramları bilmədən, (bu cür bayramları) dindən hesab edərək qeyd edərsə, tənqid (tənbeh) olunmalı və İslam dininin bu məsələ haqdakı hökmü ona başa salınmalıdır. Əgər zimmət əhlinə sevgi bəsləyərsə və onların bayramlarını sevinclə qeyd edərsə, bu halda da tənqid olunmalıdır. Lakin, adət və əyləncə, habelə ailəsini məmnun edib uşaqlarını sevindirmək üçün bayram keçirərsə, bu zaman həmin insanın halına baxmaq lazımdır. Əməllər — yalnız niyyətlərə görə qiymətləndirilir. Məlumatsız (cahil) bir kimsə bu mövzuda üzürlüdür və İslam dininin bu mövzu haqdakı hökmü ona gözəl bir şəkildə açıqlanmalıdır. Daha doğrusunu Allah bilir!..» (ət-Təməssuku bi’s-Sunən)


Xalq arasında «Novruz adətləri» kimi qəbul olunan bir çox əməllər isə, özləri ayrıca bir haram hesab olunurlar. Müsəlmanların bayramlarının simvolik özəlliyi isə, şükür, ibadət və insanlara yaxşılıq etmək’dir. İslamın haram statusunu verdiyi simvolik Novruz adətlərinə misal olaraq: Tonqal üzərindən yeddi dəfə tullanaraq odun günahları silməsinə etiqad etmək (ki, günahları yalnız Allah bağışlayır), qapı pusmaq (ki, əslində xainlik hesab olunmalıdır), fala baxmaq (ki, ən böyük haramlardandır) və s. Təbii ki, “bu, sadəcə simvolik bir adətlərdir” deyə düşünə bilərsiniz. Lakin, İslam bayramlarında, simvolik də olsa, batil əməllər müşahidə etmək mümkündürmü? Təkcə bu amil, haqq və batili müəyyən etmədə çox mühüm amildir.

Allaha və Onun göndərmiş olduğu Elçiyə  həqiqi mənada iman etmiş bir insan, bu bayramın zahirən gözəl görünsə də, əslində necə batil bir bayram olduğunda şübhə etməməlidir. Axı necə ola bilər ki, belə bir «gözəl bayram» olsun və nə Peyğəmbərimiz , nə Onun əhli-Beyti, nə də digər səhabələr bunu qeyd etməmiş olsun?! Axı O, insanı dünya və axirətdə xoşbəxt edəcək hər şeydən xəbər vermək üçün gəlmişdi?..

 

Peyğəmbərimiz Mədinəyə gələrkən bir qrup insanın oynayıb-əyləndikləri iki günün olduğunu eşidir. «Bu günlər nədir?» — deyə soruşduqda, onlar: «Cahiliyyət dövründə bu iki gündə oynayardıq..» — dedilər. Peyğəmbərimiz isə belə buyurdu: «Allah sizə bunlardan daha xeyirli olanlarını verdi: Qurban və Ramazan bayramları.» (Əbu Davud) 

Bəzi «dindar» insanların bu bayramı qeyd etməsi isə, həqiqətən çox qəribədir. Çünki, İslam tarixində belə bir bayramı qeyd etməyə təşviq edən heç bir öndər olmamışdır. İslamdan öncəki cahiliyyət dövrünə hələ də simpatiya bəsləyən xalq və toplumlar, bu dediklərimizdən istisnadır..

Həqiqətən, bir bayramın mənşəyi məlum deyilsə və bundan da pisi — bir bayramın təməli — Allahı bir kənara buraxaraq ölüb getmiş insanlara və atəşə ibadət edənlər tərəfindən qoyulmuşdursa, müsəlman şəxs üçün ən doğru davranış – özünü aldatmamaq, belə bir «bayram»-ı qeyd etməmək və Əziz Peyğəmbərimizin tövsiyəsinə uyğun olaraq, iki mübarək bayram olan Qurban və Ramazanla kifayətlənmək – olmalıdır. Müxtəlif millətlərin keçirdikləri bayramlara gəlincə, İslam dinini qəbul etmiş bütün xalqlar, İslamdan öncəki cahiliyyət dövrlərindəki batil bayramların hər birini zamanla tərk etmişdilər. Çünki anlamışdılar ki, həm müsəlman olub, həm də İslamdakı ən böyük günah hesab olunan şirk əməlindən qaynaqlanan bayramları qeyd etmək – böyük bir paradoksdur (uyğunsuzluqdur). Sadəcə insanlar öz etiqadlarında zəiflədikdə, keçmiş cahiliyyəti yavaş-yavaş yadına düşür və addım-addım ora qayıtmağa başlayır. Təkcə bu mövzuya aid olmamaqla bu, böyük bir fəlakətdir.

Bununla yanaşı, bu cür məsələlərdən «istifadə edərək» İslam dinini «qaranlıq», «bayramsız» bir din kimi qələmə verməyə çalışanlara isə demək istəyirik ki, İslam dini, yer üzündə mövcud olan dinlər arasında ən çox bayramı olan bir dindir. Müsəlmanlar, hər həftə öz bayramlarını — Cümə gününü gözəl şəkildə qeyd edirlər. Necə ki, Peyğəmbərimiz buyurmuşdur:

«Günəş cümədən daha xeyirli bir gündə doğmamış və batmamışdır..» (Tirmizi)

 

Xülasə, İslam dini bayram anlayışını qadağan etməmiş, əksinə – bayramların sayının kifayət qədər olduğunu və əlavə olaraq heç bir bayrama heç ehtiyacın olmadığını bildirmişdir. Qadağa — batil inanclar üzərinə qurulmuş ideologiyaları təmsil edən «bayramlar»-a aiddir və tarixi faktlar bir daha sübut edir ki, İslama tamamilə zidd olan bayramlardan biri də, Novruzdur. Təbii ki, hər kəs öz fikirlərində müstəqildir və seçimini sərbəst şəkildə edə bilər. Dinimizə görə məcburiyyət yoxdur, hər bir şəxs, istədiyi ideologiyaya inana, istədiyi günü əlamətdar olaraq qeyd edə bilər. Hər kəs Allah qarşısında öz inancına və öz əməlinə görə özü cavab verəcəkdir. Bizim məqsədimiz – sadəcə olaraq İslam dininə mənsub olan və bu dinin hökmlərinin öz həyatında önəm kəsb etdiyi şəxslər üçün bir açıqlama etmək, dinimizin mövqeyini ortaya qoymaq idi. Bir sözlə, bu bayramı İslamla əlaqələndirmək və ya bütpərəst Mitra və atəşpərəst Zərdüştlüklə edilən sintez kimi İslamla da sintez edib, bu dinə uyğunlaşdırmaqheç bir tarixi fakta əsaslanmayan, absurd və qeyri-elmi bir yanaşmadır.

 


Ayxan Yaquboğlu

Bənzər Məqalələr