featured-image-3135

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

(12.1) “Əlif. Lam. Ra. Bunlar aydın bir Kitabın ayələridir”.
(12.2) “Həqiqətən, Biz Quranı ərəb dilində nazil etdik ki, siz başa düşə biləsiniz”.

Fövqəluca Allah bildirir ki, Quranın bu ayələri açıq-aydın bir Kitabın möcüzələridir ki, sözləri və mənaları olduqca asan və anlaşıqlıdır. Allah bu Kitabını ərəb dilində – ən şərəfli və dünya dillərindən ən yaxşı başa düşülən bir dildə nazil etmişdir. Allah o dillə insanların bilməyə ehtiyac duyduqları faydalı həqiqətləri izah etmişdir. Bu izahlar ona görə verilmişdi ki, insanlar Fövqəluca Allahın onların qarşısında qoyduğu məhdudiyyətləri anlasınlar, dinin əsas və fərdi məsələlərini özləri üçün aydınlaşdıra bilsinlər, Allahın hökmləri və haramlarını dərk etsinlər. Əgər insanlar bunu anlaya bilsələr, onda onların ürəklərini dolduracaq doğru biliklər öz bəhrələrini verəcəkdir. Bu isə o deməkdir ki, onlar saleh əməllərlə məşğul olmağa başlayacaq və haqqa itaət edəcəklər. Əgər insanlar Quran vəhylərinin şanlı və yüksək əhəmiyyəti haqqında tez-tez xatırlasalar, onda onların idrakı daha da mükəmməlləşəcək və daha yüksək və kamil pilləyə qalxacaqlar.

(12.3) “Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, sən əvvəlcə (ondan) əsla xəbərdar deyildin”.

Ey Muhəmməd! Quran doğrudan da gözəl bir hekayətdir, çünki o, tarixi hadisələrinin gerçəkliyi, dilinin axıcılığı və mənalarının əzəməti ilə seçilib fərqlənir. Biz bu Kitabı sənə açıqladıq və onun sayəsində səni digər peyğəmbərlərdən üstün etdik. Həqiqətən, bu — Allahın sənə göstərdiyi əsil lütfkarlığıdır. Axı sən vəhyin başlanmasına qədər kitablar və iman haqqında heç bir məlumata malik deyildin. Lakin Fövqəluca Allah bu Vəhyi nur edərək, onun vasitəsilə istədiklərini doğru yola yönəldir.
Müqəddəs Quranda öz əksini tapmış tarixi hadisələri təriflədikdən və onları heç bir əvvəlki kitablarda bənzəri olmayan ən gözəl hekayətlər kimi təqdim etdikdən sonra, Fövqəluca Allah Yusuf peyğəmbər (ə), onun şərəfli atası və qardaşları haqqında təəccübdoğurucu və son dərəcə əla bir hekayət nəql edir.
Qeyd edilməlidir ki, əvvəlcə Fövqəluca Allah vurğulayır ki, Muhəmməd Peyğəmbər (s.ə.s.) ancaq Müqəddəs Quranda verilmiş ən yaxşı əhvalatlarla tanış olur. Sonra Allah bu hekayəti və Yusufla onun qardaşlarının başına gələnləri təfərrüatı ilə təsvir edir. Bundan aydın olur ki, bu tarixi hekayətin Qurandakı təsviri tam və kamildir. Əgər kimsə bu əhvalatlara İsrail oğullarından eşitdiyi və naməlum ravilər silsiləsi tərəfindən ötürülən və əksər hallarda uydurma olan nağılları əlavə etməyə və onları bəzəməyə cəhd göstərirsə, onda o, sanki Allahın sözlərinə əlavə etməyə, kamil və bitkin olmayanı mükəmməlləşdirməyə cəhd göstərir. Əgər onun bu davranışını belə səciyyələndirmək olarsa, onda o davranış kifayət qədər qüsurludur. Hərçənd əksər təfsirlərdə bu Quran hekayətinə bir çox uydurulmuş və ziddiyyətli nağıllar əlavələr edilir ki, Allahın qulu məhz Allahın nazil etdiyinin mahiyyətini qəbul etməli və bizə Muhəmməd Peyğəmbərdən (s.ə.s.) gəlməyən hər hansı rəvayəti rədd etməlidir.

(12.4) “Bir dəfə Yusuf atasına demişdi: “Atacan, yuxumda on bir ulduzun, Günəşin və Ayın mənə səcdə etdiklərini gördüm”

Yusuf (ə) atasına — Allahın sevimlisi İbrahim peyğəmbərin (ə) nəvəsi və İshaq peyğəmbərin (ə) oğlu Yəqub peyğəmbərə (ə) öz yuxusunu danışarkən demişdir ki, yuxuda ona səcdə edən on bir ulduz, Günəş və Ayı görmüşdür. Bu, Yusufun (ə) bu dünyada və Axirətdə şan-şöhrət qazandığından xeyli əvvəllər baş vermişdi. Lakin Fövqəluca Allah hər bir görkəmli hadisə üçün qabaqcadan zəruri olan şərtlər hazırlayır ki, onlar da öz növbəsində hadisənin gerçəkləşməsindən ötrü zəmin yaradır və onun baş verməsini asanlaşdırır. Bu, həm insanların böyük əziyyətlərə düçar olmaması üçün belə edilir və həm də Allahın Öz qullarına münasibətində mərhəmətli və xeyirxah olduğunu təsdiq edir. Yəqub peyğəmbər (ə) bu barədə ( Peyğəmbərlər Allahın rizası ilə görülən yuxuları yozmaq və anlamaq qabiliyyətinə malik olurlar ki, bu özəllik sevimli Peyğəmbərimiz Muhəmməd (s.ə.s.) üçün daha səciyyəviydi. F.S.) biliyə malik olduğu üçün Yusufun gördüyü yuxunu yozmuşdu. Günəş Yusufun anası, Ay — atası, ulduzlar isə onun (ə) on bir qardaşı idi. Yusuf (ə) böyük bir yol keçəcək və elə bir yüksəkliyə ucalacaqdı ki, onun (ə) qohum-əqrabası tabeliyində olacaq və qarşısında əyilib təzim etməklə ona (ə) ehtiram göstərəcəkdilər. Belə bir vəziyyətin yaranması müvafiq şərtlərsiz mümkün olmadığına görə, o (ə) Allah tərəfindən seçiləcək, doğru biliklər alacaq, xeyirxah işlər görəcək və yer üzündə hakimiyyətə sahib olacaqdı. Şübhəsiz ki, belə bir mərhəmət Yəqubun (ə) bütün ailəsinə fayda gətirməliydi və bütün ailə Yusufa (ə) təzim etməliydi. Bütün bunlar müdrik peyğəmbərə (ə) aydın olmuşdu.

(12.5) “O dedi: “Ey oğlum! Bu yuxunu qardaşlarına danışma, yoxsa onlar sənə bir tələ qurarlar. Axı şeytan insana açıq-aydın düşməndir”.
(12.6) “Beləcə, Rəbbin səni seçəcək, sənə yuxu yozmağı öyrədəcək və bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də Öz nemətini tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin Biləndir, Müdrikdir”.

Ey oğlum! Allah səni Özünün seçdiklərindən biri edəcək, çünki sənə şərəfli keyfiyyətlər və gözəl məziyyətlər əta edilmişdir. Allah sənə yuxu yozmağı və Səmavi Kitabları izah etməyi və digər gerçək hekayətlər öyrədəcəkdir. O, sənə bu dünyada və həm də ölümündən sonra Öz kamil lütfkarlığını göstərəcək və sən hər iki aləmdə xeyirli savablara layiq görüləcəksən. Əvvəllər həmin lütfkarlığa böyük maddi və mənəvi zənginlik nəsib edilmiş ulu babaların İbrahim (ə) və İshaq (ə) layiq görülmüşdülər. Həqiqətən, sənin Rəbbin bütün varlıqları Öz elmi ilə əhatə edir. İnsanların qəlbində gizli saxladıqları bütün xeyirxah və bəd niyyətləri Ona məlumdur və buna görə hər kəs ilahi müdrikliyinə uyğun olaraq savablandırılır. Bu hikmətin sayəsində Allah hər şeyi öz yerində yerləşdirir.
Oğlum! Mən sənə gördüyün yuxunu yozdum, amma sən bu barədə öz qardaşlarına danışma, çünki onlar sənin gələcəkdə şan-şöhrətli mövqeyə malik olacağına paxıllıq və sənə qarşı bədxahlıq edə bilərlər. Həqiqətən, şeytan insanların amansız düşmənidir. O, Adəmin nəsillərindən nə gündüz, nə də gecə əl çəkmək istəmir, onlarla gizlincə və aşkarda müharibə aparır . Buna görə, insanlar şeytana Allahın qulları üzərində qələbə çalmağa imkan verən hər hansı əməldən çəkinməlidirlər.
Yusuf atasının nəsihətini yerinə yetirdi və bu yuxusu haqqında qardaşlarına danışmadı.

(12.7) “Sözsüz ki, Yusuf və onun qardaşlarının hekayətində soruşanlar üçün ibrətlər vardır”.

Yusuf peyğəmbər (ə) və qardaşları haqqında hekayətdə öyüd-nəsihət və bir çox həyati dəyərlərin xeyrinə olan dəlillər vardır. Bu nəsihətlər və sübutlar onlarlın barəsində şəraitin tələbi ilə soruşanlar üçün nəzərdə tutulmuşdur. Həqiqətən də, təkcə haqqı tapmağa can atan insanlar əlamətdar hadisələrdən və nəsihətlərdən faydalana bilirlər. Onlara sayğısızlıq göstərənlər isə heç vaxt möcüzələrdən və ibrətamiz hekayətlərdən faydalı nəticələr çıxara bilmirlər.

(12.8) “Bir vaxt onun qardaşları dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq Yusuf və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir. Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir”.
(12.9) “Yusufu ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin və bundan sonra siz əməlisalehlərdən olarsınız”.

Bir dəfə Yusufun (ə) qardaşları öz aralarında dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq Yusuf və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir. Niyə o, onları bizdən üstün tutur? Onun yanılması açıq-aşkardır. Bizə iki qardaşı qalanlarından üstün tutmasına sövq edə bilən səbəb məlum deyil. Biz Yusufu ya öldürməli, ya da onu evdən xeyli uzaqda azırmalıyıq ki, atamız onu bir daha görə bilməsin. Bu gün onun Yusufa bəslədiyi məhəbbəti ona imkan vermir ki, bizə də layiqincə diqqət yetirsin. Əgər biz bu iki niyyətimizdən birini həyata keçirə bilsək, onda atamız təkcə bizim qayğımızı çəkəcək və öz məhəbbətini ancaq bizə həsr edəcəkdir. Sonra isə biz etdiyimiz əmələ görə tövbə edərik və Allahdan bağışlanmamızı diləyərik”.
Qardaşlar hələ günah işlətməmişdən əvvəl tövbə edəcəkləri qərarına gəlmişdilər ki, bu, günahın ağırlığını və onun çirkinliyinin əzabını çəkməmək və bir-birilərini cürətləndirmək məqsədi daşıyırdı.

(12.10) “Onlardan biri dedi: “Yusufu öldürməyin! Əgər ona qarşı hökmən nə isə etmək istəyirsinizsə, onda onu bir quyuya atın ki, karvanlardan biri onu götürsün!”

Yusufu öldürmək və evdən aparıb azdırmaq niyyətində olan qardaşlarından biri təklif etdi ki: “Onu öldürməyin, çünki qətl ağır və çox çirkin bir günahdır. Siz istədiyinizə, Yusufu öldürmədən də atamızdan ayırmaqla nail ola bilərsiniz. Anları bir-birindən ayırmaq üçünsə, Yusufu quyunun dibinə atmaq kifayətdir. Amma siz onu qorxutmalısınız ki, o, bizim əməlimiz haqqında heç kimə danışmasın və özünü ağasından qaçmış kölə adlandırsın. Belə olduqda, karvan yolçuları onu özləri ilə apararlar. Onlar onu özlərinə götürər və uzaq bir ölkəyə apararlar”.
Bu qardaş Yusufa qalanlarından yaxşı münasibə bəsləyirdi və o, bu məsələyə böyük xeyirxahlıq və təqva ilə yanaşırdı. Həqiqətən də, bəzən bir şər başqa şərdən yüngül olur və cüzi bir zərər vurma sayəsində olduqca böyük zərərin qarısı alınır. Qardaşlar onun bu təklifinə razılaşdılar və onu bəyəndilər.

(12.11) “Onlar dedilər: “Ey atamız! Sənə nə olub ki, Yusufu bizə etibar etmirsən? Həqiqətən də, biz ona xeyir arzulayırıq”.
(12.12) “Sabah onu bizimlə birlikdə (gəzməyə) göndər, qoy oynayıb əylənsin. Biz onu mütləq qoruyacağıq!”

Qardaşlar öz məkirli planlarını həyata keçirərək atalarına dedilər: “Ey atamız! Sən niyə bizə Yusufun qayğısını çəkməyə imkan vermirsən? Niyə sən heç bir səbəb olmadan bizim ona zərər toxunduracağımızdan ehtiyat edirsən? Biz onu öz qardaşımız kimi sevirik və ona xeyir arzulayırıq. İcazə ver qoy o, sabah bizimlə səhraya getsin. O özü üçün gəzişər və uşaqlarla ünsiyyətdə olar, biz isə onu mühafizə edər və hər cür xoşagəlməz şeylərdən qoruyarıq”.
Yəqub (ə) Yusufa qardaşları ilə birgə səhrada oynamağa imkan verməzdi və buna görə də qardaşlar kiçik qardaşları Yusufu onlara etibar etməyən Yəqubun (ə) hər hansı səbəbə görə şübhələrini özlərindən uzaqlaşdırmağa cəhd göstərdilər. Onlar bilirdilər ki, ataları Yusufa ancaq xeyir diləyir və onlar da Yəquba (ə) xatırladırlar ki, uşaqlar səhrada gəzintidən həmişə faydalanırlar və buna görə Yusufu özləri ilə aparmağa icazə versin.

(12.13) “O dedi: “Onu aparmağınız məni narahat edər. Həm də qorxuram ki, xəbəriniz olmaz, canavar onu yeyər”.

Yəqub (ə) oğullarına dedi: “Yusufdan ayrılmaq mənə ağır gəlir və sizin onu aparmaq istəməniz fikri belə məni narahat edir. Mən ondan qısa müddətə belə ayrılığa dözə bilmirəm. Bax buna görə mən sizə onunla gəzməyə çıxmağa icazə vermirəm. Mən həm də qorxuram ki, siz onu nəzarətsiz qoyarsınız və canavar onu parçalayar. O, canavarlardan qorunmaq üçün hələ çox balacadır”.

(12.14) “Onlar: “Biz güclü bir dəstə (on bir nəfət) olduğumuz halda canavar onu yesə, onda biz doğrudan da aciz sayılarıq ki!” — deyə cavab verdilər”.

Qardaşlar dedilər: “Məgər bütöv bir dəstə insan onu qoruduğu halda canavar ona hücum çəkməyə cəsarət edərmi? Əgər canavar bizə üstün gəlsə, onda biz ən bədbəxt və faydasız insanlar olarıq”. Onlar atalarını əmin etdilər ki, səhrada gəzintiYusufa fayda verərcək və ona heç bir zərər dəyməyəcək və o (ə) onlara Yusufu özləri ilə aparmağa razılıq verdi.

(12.15) “Qardaşları onu aparıb quyuya atmaq qərarına gəldikdə, Biz ona belə vəhy etdik: “Sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən”.
(12.16) “Onlar axşam ağlaya-ağlaya atalarının yanına gəlib”
(12.17) “dedilər: “Ey atamız! Biz Yusufu əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Canavar da onu yedi. Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən”.

Atalarının icazəsi ilə qaraşlar Yusufla birlikdə səhraya getdilər. Onlar qəti qərara almışdılar ki, qardaşlardan birinin təklifi əsasında Yusufu quyulardan birinin dibinə atsınlar. Onların düşündükləri niyyəti yerinə yetirmələri üçün yetərli gücü var idi və onlar onu bir quyuya atdılar. Yusuf (ə) bu ağır vəziyyətə düşdükdə, Allah ona mərhəmət göstərərək, vəhy etdi ki, çoxlu illər keçdikdən sonra, qardaşları bu əhvalatı unutduqdan sonra, o (ə), bu məkirli əməllərini onların yadına salacaq və törətdikləri pisliyə görə onları qınayacaqdır. Bununla Allah ona müjdə verirdi ki, o (ə) xilas ediləcək və öz ailəsi, qardaşları ilə yenidən birləşəcək, hakimiyyət və qüdrət sahibi olacaqdır.
Qardaşlar atalarının yanına gecədən xeyli keçmiş qayıtdılar. Onlar səhrada adətən qaldıqlarından çox ləngimişdilər və uydurduqları əhvalat həqiqətə oxşasın deyə ağlayırdılar. Onlar dedilər: “Ey atamız! Biz Yusufa istirahət etməsini və əşyalarımızı qorumasını tapşırmışdıq, özümüz isə oynamaq qərarına gəlmişdik. Biz qaçmaq, ox atmaq və ya güləşmək istəyirdik. Lakin biz onu bir anlığa tək qoyan kimi, canavar hücum çəkib onu yedi. Sən bizə inanmaya bilərsən, axı sən onu həmişə əzizləyərdin və onsuz bərk darıxardın. Sən bizim səmimiyyətimizə şübhə etsən də, biz sənin qarşında öz üzürxahlığımızı bildirməliyik”.

(12.18) “Qardaşları onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər. Yaqub dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. Mənə möhkəm səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır”.

Qardaşlar söylədiklərini təsdiq etmək üçün atalarına Yusufun qanlı köynəyini göstərdilər. Onlar atalarını inandırmaq istəyirdilər ki, canavar doğrudan da onların kiçik qardaşını parçalayıb yemişdir, lakin Yəqub (ə) onlara inanmadı. O (ə) onların arasında olan münasibətdən xəbərdar idi və Yusufun gördüyü yuxudan da xəbərdar idi. Bütün bunlar ona əsas verirdi ki, oğlanlarının sözlərinə inanmasın. O (ə) dedi: “Siz məni Yusufdan ayırmağı qərara almısınız və bu dəhşətli əməl sizə cəlbedici görünmüşdür. Mən öz borcumu yerinə yetirməyə, möhkəm səbir göstərməyə və bu sınaqdan da çıxmağa çalışacağam. Mən öz taleyimdən gileylənməyəcək və insanlara şikayət etməyəcəyəm. Mən özümə də ümid bağlamıram, təkcə Allahdan kömək diləmək üçün böyük səylə dua edəcəyəm”.
Yəqub peyğəmbər (ə) verdiyi vədinin üstündə dayandı və çətinlikləri haqqında təkcə Fövqəluca Allaha şikayət etdi, çünki belə şikayətlər səbirliliyə və dözümlülüyə zidd deyildir. Həqiqətən, peyğəmbərlər öz vədlərinə həmişə sadiq olurlar.

(12.19) “Quyunun yaxınlığına bir karvan gəldi və suçularını su dalınca göndərdilər. O, su qabını quyuya saldı və: “Şad xəbər! Burada bir oğlan uşağı vardır!”— dedi. Karvan əhli onu satılacaq bir əşya kimi özləri ilə apardılar. Allah isə onların nə etdiklərini bilirdi”.
(12.20) “Onu dəyərsiz bir qiymətə — bir neçə dirhəmə satdılar. Onlar onu çox qiymətləndirmədilər”.

Yusuf (ə) Misirə gedən bir karvan quyuya yaxınlaşana qədər onun içində qaldı. Adamlar adətən karvanın başında gedən və qaranlıqda quyu axtaran, onun dərinliyini müəyyən edən və lazımi hazırlıqlar görən su tədarükçüsünü quyuya tərəf göndərdilər. O, vedrəsini quyuya salladığı zaman Yusuf (ə) vedrədən yapışdı. Suçu vedrəni quyudan çəkəndə bir oğlan uşağı görüb, bərkdən qışqırdı: “Şad xəbər! Burada qəşəng bir oğlan uşağı vardır!”
Yusufun (ə) qardaşları yaxınlıqda idilər və karvançılar oğlanı onlardan bir-neçə dirhəm ödəməklə çox ucuz qiymətə satın aldılar. Qardaşlar ondan ötrü çox pul tələb etmədilər, çünki onların yeganə məqsədi Yusufu atalarından ayırmaq idi. Onlar öz qardaşlarını satmaq hesabına varlanmaq istəmirdilər.
Yəqin ki, karvan əhli quyudan oğlan uşağını tapdıqda, onu gizlətmək və başqa satış malları ilə birlikdə özləri ilə Misirə aparmaq qərarına gəlmişdilər. O vaxt Yusufun qardaşları onların yanına gəldilər və bildirdilər ki, o, onlardan qaçıb gizlənmiş kölələridir və karvançılar da oğlanı onlardan satın almağa qərar verdilər. Onlar onun üçün çox az miqdarda pul istədilər və bir şərt qoydular ki, karvançılar Yusufun qaçmasına imkan verməsinlər. Bu barədə ən yaxşısını bilən Allahdır.

(12.21) “Onu satın alan misirli öz arvadına: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək”— dedi. Beləliklə, Yusufu yer üzündə yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik. Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların çoxu bunu bilmir”.

Karvançılar Yusufu (ə) Misirə gətirdilər və onu bir vəzirə satdılar. O, bu uşağa valeh olmuşdu və öz arvadına onun qayğısına qalmağı tapşırdı. O dedi: “Ona yaxşı bax ki, çətinlik çəkməsin. O, müxtəlif işləri yerinə yetirməyə yarıyan bacarıqlı kölə ola bilər. İstəsək, onu oğulluğa da götürə bilərik”. Yəqin ki, bu sözlərə səbəb olan vəzirin doğma övladlarının olmaması idi.
Bütün bunlar Allahın iradəsi sayəsində baş vermişdi və O, Yusufa yer üzündə sabit bir vəziyyət əta etmək istəmişdi və elə etmişdi ki, Misirin vəziri onu satın alsın və onu evində layiqincə qəbul etsin. Bu, Yusufu şan-şöhrətə aparacaq uzun yolun başlanğıcıydi. Ona nə bir vəzifə tapşırılmışdı, nə də o (ə) bir şeyin qayğısını çəkirdi. Onun yeganə məşğul olduğu iş — biliklərə yiyələnməkdi və bu onun çoxsaylı biliklərə yiyələnməsinə səbəblərdən biri olmuşdu. Allah ona (ə) düzgün qərarlar qəbul etməyi, yuxuları yozmağı və bir çox başqa şeyləri öyrətmişdi. Allah hər hansı bir işi həll etməyə qadirdir və Onun ilahi iradəsi mütləq yerinə yetirilir. Heç kim Allaha mane ola və ya müqavimət göstərə bilməz, lakin bir çox insanlar bundan xəbərsizdirlər və Allahın qədərinə müqavimət göstərməyə cəhd göstərirlər, halbuki onlar ona qarşı çıxmağa tamamilə acizdirlər.

(12.22) “Yusuf yetkin çağına çatdıqda Biz ona mühakimə yürütmək bacarığı və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq”.

Yusuf peyğəmbərliyin ağır yükünü daşımaq üçün kifayət qədər mənəvi və fiziki qüvvəyə yiyələndikdə, Fövqəluca Allah ona düzgün qərarlar qəbul etmək bacarığı və elm əta etdi. O (ə), peyğəmbər və elçi, alim və mömin oldu. Allah öz Xaliqinə qüsursuz ibadət edənləri, bunu səmimiyyətlə və səylə yerinə yetirənləri və həmçinin Allahın qullarına kömək göstərənləri və yaxşılıq edənləri belə savablandırır. Bu keyfiyyətlərə malik olan əməli saleh insanlar savab alır və aldıqlarının bir hissəsi isə faydalı biliklər olur.
Bütün deyilənlərdən aydın olur ki, Yusuf mömin bir gənc kimi böyümüşdü və sonra Allah ona (ə) bir-birinə iddialı olanları ədalətlə mühakimə etmək bacarığı, geniş bilik və peyğəmbərlik əta etmişdi. Sonra isə Fövqəluca Allah onu (ə) böyük bir imtahana çəkdi ki, bu sınaq öz ağırlığına görə, Yusufun (ə) qardaşlarının onu (ə) məruz qoyduqları sınaqdan dəfələrlə üstün idi.

(12.23) “Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: “Yanıma gəl!”— dedi. O isə: “Allah uzaq eləsin! Axı sənin ərin mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”— dedi”.
(12.24) “Qadın ona meyl etmişdi. Əgər Yusuf Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımızdandır”.

Bu sınaq dövründə göstərdiyi səbirliliyə görə savab, Yusufun (ə) qardaşları tərəfindən qovulduğu zaman layiq olduğu savabdan qat-qat üstün idi. Bu dəfə çox şey onun özündən asılıydı və onu günah işlətməyə yönəldən çoxlu amillər var idi, lakin onun Allaha olan məhəbbəti hər şeydən güclü çıxdı. Qardaşlarının onu sınağa çəkdikləri vaxtda isə onun səbrliliyi çarəsizlikdən irəli gəlmişdi. Bu sınaq, Allahın qullarını onların istəyindən asılı olmayaraq tutan xəstəliklərə, nasazlıqlara və başqa bədbəxtliklərə bənzəyirdi. Belə hallarda insanın, istər-istəməz, səbir etməkdən başqa bir çarəsi qalmır.
Yusuf gözəl, qəşəng və məftunedici gənc kimi böyümüşdü. O, vəzirin ona hər cür hörmət bəslənilən evində yaşayırdı. Lakin bir dəfə evin sahibəsi onu yoldan çıxartmaq qərarına gəldi. O, qul idi və tamamilə qadından asılı vəziyyətdəydi və qadın qət etmişdi ki, onu günah işlətməyə sövq etsin. Bu, başqaları tərəfindən heç vaxt aşkar edilməyə bilərdi. Ev sahibəsinin qapını bağlaması vəziyyəti daha da mürəkkəbləşdirirdi. Onlar evdə iki nəfər qalmışdılar və heç kim onların icazəsi olmadan otağa daxil ola bilməzdi. Qadın Yusufa ona yaxın gəlməsini və onunla şəhvani əlaqəyə girməsini əmr edir.
Onu da nəzərə alın ki, o əcnəbi idi və öz vətənində öz tanışlarının və yaxınlarının arasında günah işlədən insanın utandığı kimi, zinadan çəkinməyə bilərdi. O, qul idi və ixtiyarında olduğu sahibəsinin tabeliyindəydi. O, subay gənc idi, qadın isə füsunkar gözəlliyə malikdi. Bununla yanaşı qadın onu, arzusunu yerinə yetirməyi rədd etdiyi halda, zindana saldıracağı və ya işgəncəli cəzaya məruz qoyacağı ilə hədələyirdi.
Bu kimi çox güclü amillərə baxmayaraq, Yusuf səbirlilik göstərdi və Allahın itaətindən çıxmadı. Onun bu qadına qarşı meyli vardısa da, öz Rəbbi xatirinə bu fikrindən daşındı. O, öz nəfsinin günah işlətməyə yönəldən istəyini təmin etməkdənsə, Allahın iradəsinə itaətkarlıq göstərməyi üstün tutdu. Ona (ə) bu işdə kömək edən isə günahdan çəkinməyi və Allahın qadağan etdiyi hər şeydən uzaq olmağı insanlardan tələb edən Fövqəluca Rəbbin iman və biliklərdən ibarət dəlillələri oldu. Məhz bu dəlillər onu böyük günahlardan çəkindirdi. O (ə) dedi: “Allah məni bu yaramaz əməldən saxlasın! Həqiqətən, belə günah Allahın qəzəbinə səbəb olur, insanı Rəbbindən uzaqlaşdırır və məni himayəsinə götürmüş və hər şeylə təmin etmiş ağama qarşı münasibətimdə xəyanətdir. Ona qarşı belə müdhiş nankorluqla cavab vermək mənə yaraşmaz, axı bu ən böyük ədalətsizlik olardı, zalım insanlar isə heç vaxt uğur qazanmazlar”.
Bir sözlə, Yusuf zina etmək səviyyəsinə enmədi, çünki o, Allahı qəzəbləndirməkdən və onu himayəsinə götürmüş və çox gözəl tərzdə qayğısına qalan ağası qarşısında öz borcuna xələl gətirməkdən qorxurdu. Bununla yanaşı o, insanları uğur qazanmaq imkanından məhrum edən zalımlıq edəcəyindən ehtiyatlanırdı. Həm də Fövqəluca Allah ona böyük bir möcüzə əta etmiş, qəlbinə Allahın hökmlərini yerinə yetirməyə sövq edən və onu günah işlətməkdən çəkindirən həqiqi iman salmışdı. Bu amillərin məcmusu sayəsində Allah Yusufu cinayətdən və alçaqlıqdan çəkindirdi. O, buna layiq idi, çünki o, tək olan Allaha səmimiyyətlə ibadət edənlərdən və Allahın seçdiklərindən, çoxsaylı nemətlər bəxş etdiklərindən və hər cür bədbəxtliklərdən təhlükəsizliyə çıxartdıqlarından biri idi və buna görə Allah onu Öz məxluqlarının ən yaxşılarından etmişdi.

(12.25) “Onlar bir-birini qabaqlamaq məqsədilə qapıya tərəf yüyürdülər və qadın onun köynəyini arxadan cırdı. İkisi də qapının yanında qadının əri ilə rastlaşdı. Qadın dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!”

Ev sahibəsinin Yusufu inadla yoldan çıxartmağa cəhd etməsinə baxmayaraq, o qadına tabe olmağı rədd etdi və qapıya sarı yürüdü ki, tez evdən çıxsın və tamaha düşməkdən xilas olsun. Qadın da onun dalısıyca cumdu, paltarından yapışaraq onun köynəyini cırdı. Onlar qapının yanına çatdıqda ev sahibəsinin əri ilə üzbəüz gəldilər. O onları bu görkəmdə görüb, heyrətləndi. Onun arvadı isə o saat yalan söyləməyi və Yusufu ona sataşmaq istəməkdə günahlandırmaq qərarına gəldi. Qadın dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!” Qadın həm özündən və həm də Yusufdan həmin anda daha ağır ittihamı uzaqlaşdırmaq üçün demədi ki, o ona pislik etmişdir. Qadın sadəcə vurğuladı ki, Yusuf ancaq pis niyyətinə və başqasının arvadını yoldan çıxartmağa cəhd etdiyinə görə cəzalandırılmalıdır.

(12.26) “Yusuf dedi: “O məni yoldan çıxartmaq istəyirdi”. Qadının ailəsindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi öndən cırılıbsa, qadın doğru deyir, o isə yalançılardandır.
(12.27) “Yox əgər onun köynəyi arxadan cırılıbsa, qadın yalan deyir, o isə doğru danışanlardandır”.

Yusuf bildirdi ki, qadının ittihamları yalandır və o özü onu yoldan çıxarmağa cəhd göstərmişdi. Vəzir onları dinləyəndən sonra çətin bir vəziyyətə düşdü. İkisindən biri doğru danışırdı, lakin o bilmirdi ki, haqlı olan kimdir. Lakin Fövqəluca Allahın iradəsi ilə müxtəlif şərtlər və dəlillər həmişə haqqın xeyrinə şəhadət verir. Bəzən qullar bu sübutları əldə etməyə nail olurlar, bəzən isə onları aşkar etmək mümkün olmur. Yusuf peyğəmbərlə (ə) baş verən hadisədə isə Allah kimin haqlı olmasında insanlara kömək göstərdi ki, seçdiyi pak və əməlisaleh peyğəmbərinin üstündən saxta ittihamlar götürülsün. Vəzirin arvadının qohumlarından biri meydana gələn hadisədən baş çıxarmaq üçün bir sıra şərtlər olduğunu anladı və o dedi: “Əgər o ona nail olmaq və yoldan çıxarmaq istəyirmişsə, qadın onu özündən uzaqlaşdırmaq üçün itələməli olduğuna görə göynək öndən cırılmalıydı. Bu bələdirsə, onda qadın doğru deyir, o isə yalan. Yox, əgər qadın onu ələ almaq istəyirmişsə, o isə ondan qaçmağa çalışırmışsa, onda kişinin köynəyi arxadan cırılmalı idi. Əgər bu belədirsə, onda qadın yalan danışır, o isə doğru deyir”.

(12.28) “(Qadının əri Yusifin) köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Bu sizin (siz qadınların) məkrlərinizdəndir. Doğrudan da, sizin məkriniz böyükdür!”
(12.29) “Ey Yusif! Sən bu işi açıb ağartma. Sən də (ey qadın) günahına görə (Allahdan) bağışlanmanı dilə. Çünki sən, həqiqətən, günah edənlərdənsən”.

Vəzir Yusufun köynəyinin arxadan cırıldığını gördükdə, ona aydın oldu ki, Yusuf doğru danışır, arvadı isə yalan. O, qadınların məkrinin nə dərəcədə müdhiş olmasından bərk hiddətlənmişdi. Ümumiyyətlə günah etmək niyyətində olan, onu həyata keçirən və sonra da bunda Allahın peyğəmbərini (ə) ittiham edən qadının əməlindən də dəhşətli nə ola bilər? Baş verən hadisə bir qədər aydınlaşdıqdan sonra, vəzir dedi: “Ey Yusuf! Bu hadisə haqqında heç kimə bildirmə və onu yaddan çıxart. Mən istəmirəm ki, adamlar mənim arvadı hallandırsınlar. Sən isə (ey arvad), tövbə etməli və işlətdiyin günaha görə bağışlanmanı diəməlisən”.

(12.30) “Şəhərdəki qadınlar danışmağa başlamışdılar ki, vəzirin arvadı cavan köləsini yoldan çıxartmaq istəyir. Ehtiras onu coşdurmuşdur. Biz onu aşkar bir azğınlıq içində görürük”.

Şəhərə belə bir xəbər yayılmışdı ki, vəzirin arvadı öz köləsini yoldan çıxarmaq istəyib, qadınlar isə qeybət etməyə başlamışdılar: “Bu dəhşətdir! O elə bir zadəgan qadındır və əri cəmiyyətdə elə bir yüksək mövqeyə malikdir! Bəs nə fikirləşirsiniz? Qadın öz köləsi olan gənci yoldan çıxarmağa başlamışdır. Ona dəlicəsinə vurulmuş və bu məhəbbəti onun bütün varlığını sarmışdır. Qadın onu ehtirasla arzulayır. Lakin o səhvə yol verir, çünki belə bir yüksək mövqe sahibi olan qadına özünü bu sayaq aparmaq yaraşmır. Bu onu ətrafdakıların nəzərində alçaldır”.
Lakin bu sözlər vəzirin arvadının ünvanına söylənən adi qınaq deyildi. Şəhərdəki qadınlar bu hiylədən istifadə edərək, vəzirin arvadını özünə cəzb edən gənci görmək qərarına gəldilər. Onlar vəzirin arvadını özündən çıxarmaq istəyirdilər ki, o, Yusufu onlara göstərsin və öz rəftarını izah etsin. Məhz buna görə, Fövqəuca Allah onların qedi-qodularını hiylə adlandırır və buyurur:

—————–

Əbdürrəhman bin Nasir əs-Səədi

MÜQƏDDƏS QURANIN TƏFSİRİ

Tərcüməçi
Fərahim Süleyman oğlu Qurbanov

Bənzər Məqalələr