featured-image-3110

(11.21) “Onlar özlərinə zərər eləyənlərdir. Yalandan uydurduqları bütlər də onlardan uzaqlaşıb qeyb olacaqlar”.
(11.22) “Şübhəsiz ki, Axirətdə də ən çox ziyana uğrayanlar onlardır!”

Rəbbinin hökmü gerçəkləşəndə önlar özlərini itirəcəklər və ən əzab-əziyyətli cəzaya layiq olacaqlar. Onların təbliğ etdikləri və təriflədikləri “din” puç olacaq, Allahdan başqa itaət etdikləri tanrıçalar isə onlara heç bir fayda verməyəcəklər. Onlar yeganə zərərə düşənlər olacaqlar və onların düşdükləri zərər hədsiz dərəcədə böyük olacaqdır. Onların nəsibi təkcə qəm-qüssə və məhrumiyyətlər olacaqdır və heç kim onlar bədbəxtliklərdən və cəzadan xilas olmağa kömək göstərməyəcəkdir. Ey Allah, bizi belə qismətdən qoru!

(11.23) “İman gətirib yaxşı işlər görənlər və ümidlərini Rəbbinə bağlayanlar isə cənnətlikdirlər. Onlar orada əbədi qalacaqlar!”

Bədbəxt kafirlərin məziyyətlərini və onları gözləyən taleyi təsvir etdikdən sonra Fövqəluca Allah xoşbəxt möminlərin məziyyətlərindən və onlar üçün hazırlanmış savablardan bəhs edir. Onlar Allahın iman gətirilməsini əmr etdiyi dinin bütün əsas məsələlərinə ürəkdən iman gətirmişdilər. Bununla yanaşı onlar qəlbi və bədən üzvləri ilə saleh əməllər edir və doğru sözlər danışırlar. Onlar Rəbbin qarşısında itaətkardırlar və Onun əzəmətinə tabedirlər. Onlar Onu sevir və Ondan qorxurlar, Ona ümid bəsləyir və mütiliklə dua edirlər. Bu gözəl keyfiyyətləri özündə cəmləşdirən hər kəs mütləq Cənnət sakinləri arasında olacaqdır. Onlar Cənnət bağlarını əbədi olaraq tərk etməyəcəklər, çünki həmişə xeyirxahlığa can atmış və hər hansı saleh əməli ləngimədən yerinə yetirmişlər.

(11.24) “Bu iki zümrə (kafirlərin və möminlərin) vəziyyəti korla karın, görənlə eşidənin vəziyyəti kimidir. Onlar eyni ola bilərlərmi?! Məgər ibrət almırsınız?”

Bu iki zümrə – bədbəxt günahkarlar və xoşbəxt möminlərdir. Birincilər kor və karlara, ikincilər isə görən və eşidən kəslərə bənzəyərlər. Məgər onları bir-biri ilə müqayisə etmək olar? Şübhəsiz ki, onları müqayisə etmək mümkün deyil. Bundan başqa, onların arasında sözlə təsvir etmək mümkün olmayan çox böyük fərq var. Doğrudanmı bundan sonra da insanlar onlara fayda verən və ya zərər vuran əməllər üzərində düşünməyəcəklər ki, faydalı işlər görüb, əsil zərərli hərəkətlərdən çəkinə bilsinlər.

(11.25) “Həqiqətən, Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh dedi: “Mən sizi açıq-aşkar qorxudan bir peyğəmbərəm!”
(11.26) “Allahdan başqasına ibadət etməyin. Mən dəhşətli bir Gününün sizə üz verəcək əzabından qorxuram!”

Nuh (ə) ilk elçi idi ki, Allah onu öz tayfasına, onları Allaha dəvət etmək və müşriklikdən çəkindirmək hökmü ilə göndərmişdi. Nuh demişdi: “Ey mənim xalqım! Mən sizə nədən çəkinməli olduğunuzu hərtərəfli izah etdim. Mən həmçinin sizə onu da bildirdim ki, siz təkcə bir olan Allaha ibadət etməlisiniz və Allahdan başqa ibadət etdiyiniz bütlərdən əl çəkməlisiniz. Həqiqətən, mən qorxuram ki, əgər siz tək Allaha etiqad və mənə itaət etməsəniz, onda şiddətli əzab verən cəzaya məruz qalarsınız”.

(11.27) “(Nuh) tayfasının kafir əyan-əşrəfi dedilər: “Biz səni ancaq özümüz kimi bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin (cütçü, pinəçi, dəmirçi, dərzi və i. a.) sənə uyduğunu görürük. Eyni zamanda sizin bizdən (heç bir şeydə) üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!”

Tayfanın başçıları və əyanları Nuhun çəğırışına rədd etdilər. Məhz cəmiyyətin adlı-sanlı adamları, adətən, ilk növbədə Allahın elçilərini rədd edərdilər. Onlar saleh peyğəmbərə, onun adi insan olmasına görə, iman gətirməkdən boyun qaçırırdılar. Onlar öz küfrlərini belə izah edirdilər, halbuki əslində məhz insan adamların yanına elçi kimi göndərilə bilərdi. Ayrı cür ola da bilməzdi, çünki insanlar ancaq özlərinə bənzər olanlarla görüşə bilərlər, onlardan nəyi isə öyrənə bilərlər, onlara istənilən sualla müraciət edə bilərlər, halbuki bunları mələklərlə edə bilməzlər. Tayfa başçılarının iman gətirməkdən boyun qaçırmalarına bir səbəb də peyğəmbərlərin ardıyca gedənlərin ən yazıq, zavallı, aciz və miskin insanlar olması idi. Bunu tayfa başçıları belə hesab edirdilər, halbuki əslində peyğəmbərin ardıcılları öz xalqının ən şərəfli və ən ağıllı oğulları olurdular. Onlar haqqa itaət edir və çox vaxt zadəgan adlandırılan və hər cür qiyamçı şeytanlara tabe olan, daşlara, ağaclara ibadət edən, bütlərə tapınan və onların qarşısında səcdə edən alçaq təbiətli insanlara bənzəmirdilər.
Belə tayfa başçılarından daha alçaq və daha günahkar insanlar görmüsənmi? Onlar öz peyğəmbərinə belə deyirdilər: “İnsanlar nə etdiklərini anlamadan sənin ardınca gəlirlər. Sən onlar ardınca gəlməyi təklif etmisən, onlar da sənə itaət etmişlər”. Onlar bununla demək istəyirdilər ki, möminlər dindən heç nə anlamırlar. Lakin onlar bilmirdilər ki, açıq-aşkar həqiqət ağıllı və fərasətli insanları özünə cəlb edir və dərrakəli insanlar haqqa rast gələn kimi onu tanıyır və qəbul edirlər. Onlar həmçinin bilmirdilər ki, aydın həqiqət gizli sirlərə bənzəmir ki, onların üstündə çox düşünməli olsunlar. Onlar deyirdilər: “Biz sizi özümüzdən ləyaqətli hesab etmirik və sizə itaət etməyə hazırlaşmırıq. Bundan başqa, biz sizi yalançı sayırıq”. Lakin onlar özləri yalan danışırdılar, çünki Allahın Nuha (ə) verdiyi çoxsaylı möcüzələrin şahidi olmuşdular və bunlar onun (ə) tamamilə doğruçu olduğuna şübhə yeri qoymurdu.

(11.28) “(Nuh) dedi: “Ey camaatım! Bir deyin görək. Əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə (möcüzəyə) istinad etsəm, Rəbbim mənə Özündən bir mərhəmət (peyğəmbərlik) bəxş etsə və o sizə gizli qalsa (sizin bəsirətsiz gözünüz onu görməyə qadir olmasa), istəmədiyiniz halda, biz sizi ona (iman gətirməyə) məcburmu edə bilərik?!”

Nuh (ə) öz qəbilədaşlarına etiraz edərək onları əmin etməyə çalışırdı ki, o (ə) möhkəm dəlillərə istinad edir və haqqa şübhə etmir. O (ə) Allahın elçisi, kamil insan və təqlid olunası bir nümunə idi. Onların təfəkkürlərini sezə bilmədikləri ağıllı insanlar ona (ə) itaət edirdilər. O (ə) doğrudan da sadiq insandı və əgər o (ə) nə deyirdisə, ancaq Rəbbindən nazil edilən dəlillərə istinad edirdi və buna görə onun (ə) dediyi sözlər ona (ə) inanmağa kifayət edirdi. O (ə) həmçinin belə deyirdi: “Ey mənim qəbilədaşlarım! Allah mənə vəhy nazil etmiş, məni Özünün elçisi seçmiş və mənə doğru yol Təlimatı vermişdir. Siz Allahın mənə iltifat göstərdiyi himayəsini görmürsünüz və o sizə ağır gəlir. Doğrudanmı siz elə düşünürsünüz ki, biz haqq saydığımıza, sizin şübhələrinizə baxmayaraq, sizi iman gətirməyə məcbur edəcəyik? Doğrudanmı siz zənn edirsiniz ki, sizin mənim möizələrimi təkzib etmək arzusunda olduğunuz dərəcədə nifrət etdiyiniz bir şeyə sizi məcbur edəcəyik? Sizin cəhdləriniz bizə ziyan vurmayacaqdır və bizim imanımızı sarsıda bilməyəcəkdir, sizin yalançı danışıqlarınız və uydurmalarınız isə bizi etiqad etdiklərimizdən əl çəkməyə məcbur edə bilməyəcəkdir. Hər şey onunla bitəcək ki, sizin hərəkətləriniz sizə doğru yola gəlməyə mane olacaq, sizi haqqa itaət etməkdən saxlayacaq və həqiqət sizə yalan kimi görünəcəkdir. Əgər bu aryıq baş vermişdirsə, onda biz sizi Allahın hökmünü yerinə yetirməyə və çəkindiyiniz şeyə tərəfdar olmağa məcbur edə bilmərik”.

(11.29) “Ey mənim xalqım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən var-dövlət istəmirəm. Mənim savabım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan da deyiləm. Məhz onlar (Qiyamət günü) öz Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizi cahil bir tayfa hesab edirəm!”

Ey mənim qəbilədaşlarım! Mən sizdən möizələrimə görə savab istəmirəm və sizin var-dövlətinizə göz dikməmişəm, sizi özümə borclu da saymıram. Həqiqətən, məni təkcə Allah mükafat- landıra bilər. Siz məndən mənim ətrafıma yığılmış iman gətirmiş kasıb insanları qovmağımı xahiş edirsiniz, axı mənə bel rəftar etmək yaraşmaz. Əksinə, mən onları mehribanlıqla qarşılayacaq, onlara ehtiram göstərəcək və hörmətlə yanaşacağam. Yaxınlarda onlara Rəblə görüşmək qismət olacaq və O, iman gətirdiklərinə və təqvalılıqlarına görə onları Cənnət bağları ilə mükafatlandıracaq. Əgər siz məndən əməlisaleh insanları qovmağımı və onlardan uzaq durmağımı tələb edirsinizsə və həmin səbəbə görə, həmin möminlərin onu qəbul etdiklərinə görə haqqı rədd edirsinizsə, əgər siz haqqı, mənim başqalarından fərqlənmədiyimə, sadəcə adi bir adam olmağıma görə, yalan hesab edirsinizsə, onda mən cəsarət edib sizi cahil, nadan insanlar adlandırıram.

(11.30) “Ey mənim xalqım! Əgər mən onları qovsam, (bu hərəkətimə görə) məni Allahın əzabından kim qurtara bilər? Məgər (səhv etdiyinizi) düşünmürsünüz?”

Əgər mən möminləri qovsam kim məni Allahın cəzasından xilas edər? Həqiqətən, belə bir hərəkət insanı əzabverici bir cəzaya və böyük iztirablara məhkum edər ki, bunlardan xilas etməyə Allahdan daşqa heç kim qadir deyildir. Doğrudanmı siz sizə fayda gətirə bilən şeylər üzərində düşünmürsünüz? Doğrudanmı siz ətrafda gedən proseslərin mahiyyəti barədə fikirləşmirsiniz?

(11.31) “Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mələyəm. Mən eyni zamanda sizin xor baxdığınız kəslərə (iman gətirən yoxsullara) Allahın heç bir xeyir verməyəcəyini də demirəm. Onların ürəklərində olanı Allah (hamıdan yaxşı) bilir. (Əgər mən iman gətirənləri qovsam və bu sözləri desəm), onda şübhəsiz ki, zalımlardan olaram!”

Mən — ancaq Allahın elçisiyəm. Kimə müjdə verir və xəbərdarlıq edirəm. Mən bundan başqa bir şeyə qadir deyiləm və Allahın xəzinələrinə malik deyiləm. Mən nemətlərin sərəncamçısı da deyiləm və insanları öz istəyimlə mükafatlandıra və ondan məhrum edə bilmərəm. Qeybi də bilmirəm və Kainatın sirlərini və gizli olan şeylərini də sizə danışa bilmirəm. Mən özümü mələk də adlandırmıram və layiq olmadığım mövqeyə iddia da etmirəm. Mən istəmirəm ki, Allahın məni qoyduğu yerdən yuxarıya qaldırsınlar və insanlar haqqında öz zənnimə əsaslanaraq mühakimə yürütmək də istəmirəm. Əgər iman gətirməmiş başçılar yoxsullara və adsız-sansız möminlərə nifrət edirlərsə, mən demərəm ki, Allah onlara heç vaxt var-dövlət verməyəcəkdir. Onların qəlbində olanlar Allaha daha yaxşı məlumdur. Əgər onlar doğrudan da iman gətiriblərsə, onda onlara mütləq böyük nemət nəsib olacaqdır. Yox əgər onların imanı səmimi deyilsə, onlar buna görə Allah qarşısında cavab verməli olacaqlar. Əgər mən mənə aid olmayan bir şeyi demək istəsəm, onda mən ədalətsiz zalımların sırasına düşərəm.
Nuh (ə) belə sözlərlə öz qəbilədaşlarına cəhd göstərirdi izah etsin ki, o (ə) kasıb möminləri heç vaxt tərk etməyəcəkdir və onlara nifrət bəsləməyəcəkdir. Bununla yanaşı, o (ə) onları daha doğru və daha ədalətli yol ilə getməyə dəvət edirdi.

(11.32) “Onlar dedilər: “Ey Nuh! Bizimlə çənə-boğaz olub çox mübahisə etdin. Əgər doğru danışanlardansansa, bizi təhdid etdiyin əzabı gətir görək!”

Müşriklər görəndə ki, Nuh (ə) öz möizələrindən əl çəkməyə hazırlaşmır və onların istəklərinə tabe olmaq niyyətində deyil, belə dedilər: “Ey Nuh! Sən bizimlə çox mübahisə etdin. Əgər doğru deyirsənsə, onda bizi qorxutduğun cəzanı bizə göstər”. Onlara səmimiyyətlə xeyirxahlıq diləyən Peyğəmbərə bu sözləri deyən kafirlərdən daha nadan və azğın insanlar tapmaq olarmı? Onlar deyə bilərdilər ki: “Ey Nuh! Sən bizə faydalı məsləhətlər verirdin, bizə görə narahat olurdun, bizi bizə aydın olmayan baxışlara dəvət edirdin. Biz istəyirik ki, sən öz əqidəni bizə daha yaxşı izah edəsən ki, sənin ardınca gedə bilək. Hələlik isə biz sənə bizə bəslədiyin səmimi münasibətinə görə ancaq minnətdarlıq bildirə bilərik”. Belə cavab, ətrafdakılara aydın olmayan baxışlar təbliğ edən insana münasibətdə ədalətli olardı. Lakin müşriklərin cavabı yalan və kobud idi. Onlar əməlisaleh peyğəmbəriin möizələrini təkzib etmək üçün hətta şübhə doğuran dəlillər belə gətirə bilmədilər. Onların dəlilləri belə inandırıcı və təkzibolunmaz deyildi.


(11.33) “(Nuh) belə cavab verdi: “Onu istəsə, ancaq Allah sizə gətirər və siz əsla Allahı aciz buraxa (Allahın əzabından qaçıb canınızı qurtara) bilməzsiniz”.
(11.34) “Əgər Allah sizi (haqq yoldan) sapdırmaq (və ya məhv etmək) istəyirsə, mən sizə nəsihət vermək istəsəm də, heç bir faydası olmaz. O sizin Rəbbinizdir və siz Onun hüzuruna qaytarılacaqsınız!”

Müşriklərin nadanlığı və ədalətsizliyi onları şiddətli sərt cəzanın tez gəlməsini arzulamağa sövq etdi. Onlar sanki Allahı gücsüzlükdə və acizlikdə ittiham edirdilər və belə olduqda Nuh peyğəmbər (ə) dedi: “Siz ancaq Allah istədikdə cəzanızı alacaqsınız və əgər bu, Onun ilahi müdrikliyinə uyğun gələrsə, O, sizdən günahlarınızın əvəzini hökmən çıxacaqdır. O zaman siz artıq Allahdan xilas ola bilməyəcəksiniz və mən də sizə heç nə ilə kömək edə bilməyəcəyəm. Hətta mənim ən səmimi nəsihətlərim belə, Allah sizi azdırmaq istəyərsə, sizə fayda verməyəcəkdir, çünki Rəbbin iradəsi mütləq gerçəkləşdiriləcəkdir. Əgər sizin haqdan sapmanız Allahın sizi azğınlığa salmağa səbəb olmuşdursa, onda mənim bütün səylərim və möizələrim sizin üçün faydasız olacaqdır. Allah — sizin Rəbbinizdir. O, sizinlə istədiyi kimi rəftar edə və istədiyi kimi sizi idarə edə bilər. Siz isə Onun dərgahına qayıtmalı olacaqsınız ki, əməllərinizə görə əvəz alasınız”.

(11.35) “Yoxsa onlar: “Muhəmməd onu özündən uydurdu!”— deyirlər. De: “Əgər mən onu özümdən uydurmuşamsa, günahım özümə aiddir. Lakin mən sizin etdiyiniz günahlardan uzağam”.

Bir təfsirə görə bu ayədə Nuh peyğəmbərdən (ə) bəhs edilir və bu şərhin lehinə olan dəlil müzakirə edilən ayələrin mətinləridir. Onun (ə) tayfasından olanlar iddia edirdilər ki, o (ə) Allaha böhtan atıb və yalandan Allahın ona (ə) vəhy nazil etdiyini söyləyib. Belə olduqda, Fövqəluca Allah ona (ə) əmr edir ki, onlara belə desin: “Əgər mən bunu özümdən uydurmuşamsa, öz cinayətimə görə özüm də cavab verəcəyəm, amma sizin günahlarınıza mənim heç bir aidiyyətim yoxdur. Hər birimiz öz törətdiyi nöqsanlı əməllərinə görə özü cavab verməli olacaqdır”. Bununla əlaqədar Fövqəluca buyurmuşdur: “Heç bir günahkar başqasının günahını daşımayacaqdır!” (Nəcm, 53/38).
Digər bir şərhə görə isə, bu ayədə şəxs əvəzliyi Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) aiddir. Onda belə çıxır ki, bu ayə Nuh peyğəmbər (ə) haqqında rəvayətə ancaq Allahın peyğəmbərlərinə şəxsən məlum olan səbəblərə görə salınmışdır. Allahın Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) onun doğruçuluğuna şəhadət verən və onun (s.ə.s.) peyğəmbərliyini təsdiq edən rəvayəti Onun möcüzələrindən biri idi. Bu rəvayətin nazil edilməsi gedişində Allah ona (ona Allahın salavatı və salamı olsun!) xatırladır ki, o da haqqı öz qəbilədaşlarına izah etsin, lakin onlar da onu (ona Allahın salavatı və salamı olsun!) rədd etməyi üstün tutmuşdular. Onlar demişdilər: “Bu Quranı Muhəmməd uydurmuşdur!” Amma onların belə deməsi çox biyabırçı yalandı. Axı məkkəlilər yaxşı bilirdilər ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) nə yazmağı və nə də oxumağı bilmir. Onlara həm də məlum idi ki, o (ona Allahın salavatı və salamı olsun!), heç vaxt onlardan ayrılıb oxumaq üçün Kitab əhli arasına getməmişdi. İndi isə o (ona Allahın salavatı və salamı olsun!) onlara Kitab gətirmiş, meydan oxumuş və Quran surələrinə oxşayan heç olmazsa bir surə yazmalarını təklif etmişdi. Əgər bundan sonra da onlar Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) Quranı uydurduğu iddiası üzərində inadla dayanırlarsa, onda onlar inadkar kafirlərdir və onlar üçün dəlil-sübut gətirmək faydasızdır. Ümumiyyətlə isə, onları rahat buraxmaq lazımdır və buna görə də Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) onlara belə deməyi əmr etmişdir: “Əgər Quranı mən uydurmuşamsa, onda mən özüm öz günahıma və yalanıma görə cavab verməli olacağam. Lakin mənim sizin törətdiyiniz cinayətlərə heç bir aidiyyətim yoxdur. Niyə onda siz mənim “yalanımı” belə inadla ifşa etməyə cəhd göstərirsiniz?”

(11.36) “Nuha belə vəhy olundu: “Qövmündən, daha əvvəl iman gətirənlər istisna olmaqla artıq heç kəs iman gətirməyəcək. Elə isə onların etdikləri əməllərə görə kədərlənmə”.
(11.37) “Gözlərimizin önündə və vəhyimiz üzrə gəmini düzəlt. Zalım olanlardan ötrü Mənə müraciət etmə. Şübhəsiz ki, onlar suda batırılacaqlar”.

Allah Nuha (ə) bildirdi ki, onun (ə) həmqəbilələri arasında ancaq əvvəl iman gətirənlər haqq dinə etiqad edəcəklər. Qalanların ürəkləri artıq daşa dönmüşdür və peyğəmbər onlara görə kədərlənməməli və onların əməllərinə əhəmiyyət verməməlidir. Allah onun (ə) kafir qəbilədaşlarına nifrət edir və onlar üçün heç kimin qarşısını ala bilməyəcəyi cəza müəyyəmləşdirmişdir. Allah peyğəmbərinə (ə) bir böyük gəmi düzəltməyi tapşırdı. Gəminin inşa edilməsi Rəbbin Özünün nəzarəti altında həyata keçirilirdi, O, gəmini qoruyurdu və itaətkar qullarının hərəkətlərindən razı qalmışdı. Bununla yanaşı Allah Nuha (ə) cəzanı bir qədər ləngitmək xahişi ilə Ona müraciət etməsini yasaqlamışdı, çünki hökm artıq verilmişdi və Qədər gerçəkləşməliydi.

(11.38) “(Nuh) gəmini düzəldir, ümmətinin əyan-əşrəfi isə yanından ötüb-keçdikcə onu məsxərəyə qoyurdular. (Nuh) onlara deyirdi: “Əgər (indi) siz bizi məsxərəyə qoyursunuzsa, biz də (Allahın əzabı gəldikdə) sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq”.
(11.39) “Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!”

Nuh (ə) Rəbbin iradəsinə itaət edərək nəhəng bir gəmi inşa etməyə başladı. Zadəganlar onun (ə) nə ilə məşğul olduğunu gördükdə, onu (ə) məsxərəyə qoydular. Hər dəfə onlar onun (ə) yanından keçdikdə, onu (ə) ələ salırdılar, o (ə) isə belə deyirdi: “Bu gün siz bizə istehza edib gülürsünüz, lakin lap yaxın vaxlarda biləcəksiniz ki, bizdən kimə ən rüsvayçı cəza nəsib olacaq və kimin qismətinə əbədi əzab-əziyyət düşəcəkdir”. Allahın cəzası onları haqlayan kimi, bunun həqiqət olduğunu bildilər.

(11.40) “Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman Biz Nuha dedik: “Heyvanların hər növündən bir cüt, barələrində söz keçmiş kəslər istisna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir”. Əslində, onunla birlikdə az adam iman gətirmişdi”.

Allahın günahkarları cəzalandırması üçün təyin etdiyi vaxt çatdıqda, göylər yeri selə verdilər və yerin hər tərəfindən su fəvvarə vurmağa başladı. Su hətta, adətən, od qalanan və su üçün uyğunlaşdırılmamış sobalarda belə coşmağa, gutuldamağa başladı. Su hər tərəfdən tökülürdü — Rəbbin qədəri belə idi. Allah peyğəmbərə (ə) buyurdu: “Gəmiyə bir dişi və bir erkək olmaqla hər növ heyvanlardan mindir ki, onları sonradan yer üzündə çoxaltmaq mümkün olsun. Bütün qalan heyvanları isə gəmi onsuz da tutmayacaq. Qoy səninlə birlikdə ailə üzvlərin və o qədər də çoxsaylı olmayan iman gətirmiş tayfadaşların gəminin göyərtəsinə qalxsınlar. Gəmidə kafirlərə yer yoxdur”. Nuhun (ə) iman gətirməmiş ailə üzvlərindən biri onun oğlu idi ki, o da suda batmalıydı.

—————
Əbdürrəhman bin Nasir əs-Səədi

MÜQƏDDƏS QURANIN TƏFSİRİ

Tərcüməçi
Fərahim Süleyman oğlu Qurbanov

Bənzər Məqalələr