featured-image-3080

Allaha həmd, şükür, təriflər olsun hər bir nemətinə görə, həmçinin onun ən böyük nemətlərindən olan bu mübarək Ramazan ayına görə. Biz artıq bu ayın içərisinə daxil oluruq. Allaha çox şükürlər olsun ki, bu ayda bizi yaşadır və bizi saleh əməllərə yönəldir. Allahın rəsuluna, elçisinə və peyğəmbərlərin xatəmi Məhəmmədə, onun ailəsinə, səhabələrinə və onların yoluna gücləri çatan qədər tabe olanlara salam olsun. Amin!

İnşallah ümid edirik ki, tərcümə edib hazırladığımız bu kiçik risalə bütün müsəlman bacı və qardaşlarımız üçün xeyirli və faydalı öyüd olar. Uca Allahdan faydalı olmasını istəyirik. Həmçnin istəyirik ki, müsəlman qardaş və bacılarımız dualarında bizi unutmasınlar. Allah təala hamımızı öz razılığına daxil eləsin. Amin!

Allah təala Qurani Kərimdə buyurur:
“- İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir…”( əl-Bəqərə (İnək) surəsi, 185)

Allah təala Ramazan ayına bəzi xüsusiyyətlərini saya biləcəyimiz, həmçinin digər aylardan fərqli xüsusiyyətlər və üstünlüklər vermişdir;
1. Oruc tutanın ağzının qoxusu Allah yanında müşk ətrindən daha xoşdur.
2. Mələklər oruc tutanlar üçün iftar vaxtına qədər Allahdan bağışlanma istəyərlər.
3. Allah təala hər gün Cənnətini bəzəyər və belə buyurar: “Saleh qullarımın üzərlərindəki sıxıntı və əziyyət verən şeyləri ataraq sənə gəlmələrinə çox uzun bir vaxt qalmadı”.
4. Bu ay azğın şeytanlar zincirə vurulur, Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır.
5. Bu ayda bu aydan da xeyirli olan Qədr gecəsi vardır. Bu gecənin xeyirindən məhrum qalan kimsə xeyrin hamısından məhrum qalar.
6. Ramazanın sonunda bütün oruc tutanların günahları bağışlanar. Bu ayda Allahın Cəhənnəm əzabından azad etdiyi şəxslər vardır. Bu Ramazanın bütün gecələrində baş verir.

Belə xüsusi fəzilətlərə sahib olan bu ayı necə qarşılamalıyıq? Saleh bir kimsə bu ayı; səmimi bir tövbə, bütöv bir qərarlılıq, bütün vaxtını saleh əməllər işlədərək keçirər. Allah təaladan istəyirik ki, bizə kömək eləsin ki, Özünün razı olduğu kimi Ona şükür edək, Onu zikr edək, Ona ibadət edək. Amin!

Bəs Ramazan ayını ən gözəl dəyərləndirmək üçün nə kimi saleh əməllər işlətməliyik sualının cavabını gəlin birlikdə axtaraq.

Ramazanda yerinə yetirilməsi gərəkli olan saleh əməllər aşağıdakılardır:

1. Oruc tutmaq:

“Adəmoğlunun bütün əməlləri özünündür. Bir yaxşılıq on qat əvəzlə yeddi yüz qata qədər mükafatlandırılacaq. Əziz və Cəlil olan Allah təala: “Oruc istisna olmaqla, o mənimdr və onun da mükafatını mən verəcəm, o öz arzularını, yeyib-içməsini mənim üçün tərk edir” buyurmuşdur. Oruclunun iki sevinci vardır: biri iftar etdiyi vaxt, digəri isə Rəbbinə qovuşacağı gündür. Allaha and olsun ki, oruc tutanın tutduğu oruca görə ağzının iyinin dəyişməsi Allah yanında müşk ətrindən daha xoşdur (Buxari, Müslim).

“Kim Ramazanı fərz olduğuna inanaraq və mükafatını Allahdan istəyərək oruc tutaraq keçirərsə keçmiş günahları bağışlanar” (Buxari, Müslim).

“Hər kim yalan söz danışmağı və yalanla əməl etməyi tərk eləməsə, onun yeyib-içməsini tərk etməsinə Allahın heç bir ehtiyacı yoxdur” (Buxari).

“Oruc bir qalxandır. Sizdən biriniz oruclu olduğu gün çirkin söz danışmasın, pis iş görməsin, cahillik etməsin. Əgər kimsə ona söysə “mən orucluyam” desin” (Buxari, Müslim).

Buna görə də oruc tutan hər bir kəsin; qulağı, gözü və bütün bədən üzvləri, əzaları oruc tutmalıdır. Oruc tutduğu gün ilə, oruc tutmadığı gün arasında daha müsbət dəyişikliklər olmalıdır.

2. Namaz qılmaq.

“- Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər. – Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər” (əl-Furqan (Fərqləndirmə) surəsi, 63-64). “Hər kim Ramazanı (fərz olduğuna inanıb) mükafatını da Allahdan istəyərək namazla keçirərsə keçmiş günahları bağışlanar” (Buxari, Müslim).

Gecə vaxtları namaz qılmaq, Allahın Rəsulu (Ona və ailəsinə salam olsun) və səhabələrinin üstündə möhkəm dayandığı bir sünnə (yol) idi. Aişə (Allah ondan razı olsun): “Gecə namaz qılmağı tərk etmə. Çünki Allahın rəsulu (Ona və ailəsinə salam olsun) onu tərk etməz, xəstələnər və ya yorğun olardısa oturaraq namazını qılardı” deyir. Ömər bin Xəttab (Allah ondan razı olsun) da gecə istədiyi qədər namaz qılar, gecə yarısı olduqda ailəsinin fərdlərini namaza qaldırardı. Onlara, “Namaza, namaza” deyər və “Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!” (Taha surəsi, 132) ayəsini oxuyardı. Əlqamə bin Qeys belə deyir: Bir gecə Abdullah bin Məsudun (Allah ondan razı olsun) yanında qaldım. Gecənin ilk vaxtlarında qalxıb namaz qıldı. Sanki məhəllə məscidində namaz qılan bir imam kimi ağır-ağır, bir-bir ayələri oxuyurdu. Buna baxmayaraq ətrafında olanlar onun qiraətini eşitmir, hətta öz səsini özü də eşitməyəcək qədər olardı. Nəhayət səhərə yaxın, dan yeri ağaranda, axşam azanı lə axşam namazının qurtarmasına qədər bir vaxt qaldıqda vitri qılardı. Səhabələr səhərə yaxın bir vaxta qədər daima namazı qılardılar. Gecə vaxtları namaz qılmaq, Allahın elçisnin (Ona və ailəsinə salam olsun) və səhabələrinin üstündə möhkəm dayandıqları bir sünnə (yol) idi. Aişə (Allah ondan razı olsun) “Gecə namaz qılmağı tərk etmə. Çünki Allahın rəsulu (Ona və ailəsinə salam olsun) onu tərk etməz, xəstələnər və ya yorğun olardısa oturaraq namazını qılardı” demişdir.

3. Xərcləmək

Allahın rəsulu (Ona və ailəsinə salam olsun) insanların ən comərdi idi. Ramazanda digər günlərə nisbətən daha çox mülayim olardı. O, bizə də bunu nəsihət edərdi: “Sədəqənin ən fəzilətlisi Ramazanda verilənidir” (Tirmizi). Ömər bin Xəttab belə deyir: “Allahın rəsulu (Ona və ailəsinə salam olsun) bizə sədəqə verməyimizi əmr etdi. Bu vaxt mənim də yanımda bir az malım var idi. Öz-özümə: “Əgər Əbu Bəkr keçmək mümkündürsə ancaq bu gün onu keçəcəm” dedim və malımın yarısını gətirdim. Allahın rəsulu (Ona və ailəsinə salam olsun) mənə dedi: “Öz ailən üçün nə qoydun?” Məndə sənə gətirdiyim qədər dedim. Əbu Bəkr isə yanında olanların hamısını gətirdi. Allahın rəsulu (Ona və ailəsinə salam olsun) ona: “Ailənə nəyi saxladın?” deyə soruşduqda:

“Onlara Allah və Rəsulunu saxladım” dedi. Mən də: “Heç bir xüsusda əbədiyyən səni keçməyəcəm” dedim”.

Göründüyü kimi Ramazan ayında sədəqənin bir üstünlüyü, bir xüsusiyyəti vardır. Ona görə də bu barədə əlimizi açıq tutmalıyıq, vəziyyətimizə görə sədəqə verməyə, xərcləməyə cəhd etməliyk. Sədəqə verməyin bir çox növləri vardır. Bunlardan bəziləri aşağıdakılardır:

4. Yemək yedirmək:

“ – Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. – (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik. – Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), cətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!” – Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir). – Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır” (İnsan surəsi, 8-12).

Sələflər yemək yedirməyə olduqca əhəmiyyət verir, bunu bir çox ibadətlərdən üstün tutardılar. Bu istər ac bir kimsəni doyurmaq, istərsə də ətrafında yaşayan əməli saleh qardaşlarını yedirmək olsun, heç bir fərq etməzdi. Yemək yedirdikləri şəxsdə heç bir xüsusi fərqlilik axtarmazdılar. Sələflərdən biri belə deyir: “Qardaşlarımdan on nəfəri dəvət edib onlara ürəklərinin istədikləri hansısa bir yeməyi yedirməyim, mənim üçün İsmayıl oğlanlarından on nəfər köləni azad etməkdən daha sevimlidir”. Sələflərdən bir çoxu oruclu olduğu halda iftarını açacağı yeməyi başqasına yedirər, başqasını özünə dəyişərdi. Yəni başqasını yedirməyi daha uyğun görər, özünə bir o qədər də əhəmiyyət verməzdi. Onlar özləri oruclu olduğu halda qardaşlarını yedirər, bununla da kifayətlənməyib onlara xidmət edər, onların rahat olmalarına çalışardı.

Yemək yedirmək ibadəti bəzi ibadətlərin də qaynağını təşkil edir. Özlərinə yemək yedirilən qardaşlar sevinir, onlara məhəbbət bəslənilir. Bu da Cənnətə girməyə bir səbəb təşkil edir: “İman etmədikcə Cənnətə girə bilməzsiniz, bir-birinizi sevmədikcə də əsla iman etmiş olmazsınız” (Müslim). Bundan başqa yemək yedirmək səbəbi ilə salehlərlə birlikdə oturub-durmuş olar və yedikləri yemək nəticəsində ibadətlərə qarşı güc və qüvvət qazanmaları səbəbi ilə onlara bu xüsusda kömək etdiyin üçün əcir qazanmış olursan.

5. İftar vermək:

“Oruc tutana iftar verən onun qədər savab əldə edər, oruclunun savabından isə heç bir şey əksilməz” (Nəsai, səhihdir)

“Kim bir oruc tutana iftar verərsə, yaxud bir döyüşə gedəni silahla təmin edərsə ona da eyni mükafat vardır” (Tərğib, səhihdir).

6. Daha çox Quran oxumaq:

Əməli saleh sələflərin Ramazan ayında olan aşağıdakı iki xüsusiyyətini də qeyd etməliyik:
a) Qurani Kərimi çox oxumaq
b) Qurani Kərimi oxuyub dinlədikdə Allaha qarşı qəlblərində qorxub, titrəmələri səbəbi ilə ağlamaları.

Ramazan ayı Quran ayıdır. Bu baxımdan müsəlmanın bu ayda digər günlərə nisbətən daha çox Qurani Kərimi oxumaları lazımdır. Saleh sələflər Allahın Kitabına çox diqqət göstərərdilər. Cəbrayıl (əleyhissalam) Ramazan ayında Allahın Rəsulu (ona və ailəsinə salam olsun) ilə Qurani Kərimi qarşılıqlı olaraq oxuyardılar. Sələflərdən kimisi Qurani Kərimi üç gecədə, bir Ramazan gecəsində qiyamda (təravihdə) xətm edərdilər. Bəziləri yeddi gündə, bəziləri də on gündə xətm edərdilər. Onlar namazda və namazın xaricində də Qurani Kərimi daima oxuyardılar. Çox maraqlıdır ki, bu gün bəzi məscidlərdə Qurani Kərim Ramazan ayı münasibəti ilə səsli olaraq xətm olunur və müsəlman qardaşlarımızın bəzilərindən narazılıqlar görürük. Bu əmələ bidət adı verirlər. Halbuki Allahın evində Allahın kitabı oxunur. Burada dinləyənlər belə savab qazanır. Onsuzda məsciddə bu cür Quran oxunması çox az çəkir. Hər bir kəs ayrılıqda Qurani Kərimi oxuyub xətm etməlidirlər.

İmam Şafi (Allah ona rəhmət eləsin) Ramazan ayında altmış xətm oxuyar və bunları namazdan kənar oxuyardı.

İmam Şihabəddin əz-Zühri (Allah ona rəhmət eləsin) Ramazan ayında hədis oxumaqdan və elm əhli ilə oturub durmaqdan çəkinər, daha çox Quran oxumağa yönələrdi.

İmam Süfyan əs-Sevri (Allah ona rəhmət eləsin) isə Ramazan ayı girdikdə nafilə ibadətdən çox Qurani Kərimi oxumağa yönələrdi.

İmam İbn Rəcəb (Allah ona rəhmət eləsin) belə deyir: “Qurani Kərimin üç gündən daha az bir müddətdə xətm edilməsinə dair gəlib çatan qadağalar bunun daimi olaraq oxunması ilə bağlıdır. Ramazan ayı kimi, xüsusi ilə də Qədir gecəsinin axtarıldığı gecələrdə və ya Məkkəyə Məkkəli olmayanların arasından girənlər kimi, fəzilətli məkanlarda isə, bu zaman və məkanın fəzilətini qənimət bilərək Qurani Kərimi çox oxumaq müstəhəbdir”. Necə ki, Məkkədən kənarda olan Məkkəyə daxil olanda Məkkə onun üçün ən fəzilətli yer hesab olunur, Ramazan ayında da Quran oxumaq ən fəzlətli ay olduğu üçün fəziləti daha böyük olur. Quran tilavəti zamanı ağlamağa gəldikdə; Sələflər düşünmədən, qavramadan şeir oxuyar kimi Qurani Kərimi sürətli oxumaq adətləri yox idi. Onlar Allah təalanın kəlamından təsirlənər və buna görə qəlbləri titrəyib, qorxardı.

Buxaridə Abdullah bin Məsudun belə dediyi rəvayət olunur: “Allahın rəsulu (Allahın salamı və xeyir bərəkəti onun və ailəsinin üzərinə olsun) mənə “Quran oxu” dedi. “Quran sənə nazil olduğu halda onu mən sənə oxuyummu?” dedim. O: “Onu başqasından dinləməyi sevirəm” dedi. Ona Nisa surəsini: “- (Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?” (Nisa surəsi 41) ayəsinə çatana qədər oxudum. Bu dəfə mənə; “Bu qədər kifayətdir” dedi. Ona dönüb baxanda gözlərindən yaşlar axırdı”. Beyhaqi öz Sünən kitabında Əbu Hüreyrədən (Allah ondan razı olsun) belə dediyini nəql edir: Allah təalanın: “- İndi siz bu kəlama (Qurana) təəccübmü edirsiniz? – Həm də gülürsünüz, heç ağlamırsınız!” (Nəcm surəsi, 59-60) ayəsi nazil olduqda Suffə əhli göz yaşları yanaqlarından axana qədər ağladılar. Allahın peyğəmbəri (Allahın salamı və xeyir bərəkəti onun və ailəsinin üzərinə olsun) onların ağladıqlarını duyduqda, O da onlarla bərabər ağladı. Onun ağlamasını eşitdikdə bizdə ağlamağa başladıq. Bundan sonra Allahın rəsulu (Allahın salamı və xeyir bərəkəti onun və ailəsinin üzərinə olsun): “Alah qorxusundan ağlayan kimsə Cəhənnəmə girməz” buyurdu. İbn Ömər də (Allah ondan və atasından razı olsun) Mutəffifin surəsini, “- O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar!” (əl-Mutəffifin (Çəkidə və ölçüdə aldadanlar) surəsi, 6-cı ayə) əmrinə çatana qədər oxudu. Sonra yerə yıxılana qədər ağladı, digər ayələri oxumağa davam edə bilmədi.

Müzahim bin Züfər belə deyir; Süfyan əs-Sevri bizə axşam namazını qıldırdı. “- Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” (əl-Fatihə (Kitabı açan) surəsi, 5) ayəsinə çatandan, qiraəti qurtarana qədər ağladı. Daha sonra Fatihə surəsini yenidən oxumağa başladı. Bütün bunlar onu göstərir ki, Quran oxuduqda ağlamalıyıq, əgər bacarmırıqsa özümüzü ağlatmaq üçün çalışmalıyıq. Bu ağlamaq ancaq Allah üçün olmalıdır. Allah bizi bağışlasın. Amin!

7. Günəşin doğmasına qədər məsciddə qalmaq:

Allahın rəsulu (Ona və ailəsinə salam olsun) səhər (sübh) namazını qıldıqdan sonra günəş doğana qədər namaz qıldığı yerdə oturardı (Müslim). Rəsulullah (ona və ailəsinə salam olsun) belə buyurmuşdur: “Kim səhər namazını camaatla birlikdə qılıb, sonra günəş doğana qədər oturub Allahı zikr edər, sonra da iki rəkat namaz qılarsa bu onun üçün bütöv və əksiksiz olaraq bir həcc və ümrə mükafatı kimi olar” (Tirmizi). Bu hər gün belə olduğu halda gör Ramazan günlərində yerinə yetirilərsə mükafatı nə olar? Ona görə də gecəni namaz qılmaqla keçirmək surəti ilə çox böyük mükafatlar qazanmaq üçün Allahın köməyini istəməli, bu barədə salehlərə tabe olmalıyıq. Allahın razılığını qazanmaq üçün nəfislərimizlə cihad etməli və Cənnət məqamlarının zirvələrinə çatmaq üçün həddən artıq çox çalışmalıyıq.

Əkrəm Həsənov

Bənzər Məqalələr