Hər birimizin çox gördüyü və özümüzün də yaşadığımız bir hal.. Namazı qılar-qılmaz dərhal qalxaraq dünya işlərinin arxasınca qaçmaq.. Sanki, fikir heç namazda olmur.. Çünki, namazı qəlbində hiss edə bilmək üçün dinimizin “dünya ilə vidalaşan kəsin namazı kimi namaz qıl” tövsiyəsinə əməl etmirik. Halbuki, vacib/fərz namazlarından dərhal sonra, insanın tələsmədən oturması, çox önəmli və faydalıdır.

 

Bəs nə üçün? Çünki, həmin vaxt – Allahın rəhmətinin endiyi ən əzəmətli vaxtlardandır. Rəhmət endiyi zaman, günahlar əfv olunar, dualar qəbul olunar. Bu səbəblə də, nə dediyini belə bilmədən, “33 dəfə deyim, say tamamlansın” – deyə tələm-tələsik ‘subhənallah’ deməklə, Allahın bizə verdiyi möhtəşəm fürsətlərdən növbəti birisini də qaçırırıq. Dərhal yağa qalxaraq getməyə tələsənlərdən heç danışmırıq..

 

Məşhur alim İbn Battal belə buyurmuşdur:

“Kimin günahı çoxdursa (ki, hər kəsin günahı çoxdur) və Allahın bu günahları, heç bir əzab-əziyyətsiz silməsini (bağışlamasını) istəyirsə, o zaman – namaz qıldığı yeri, namazdan sonra gec tərk etsin. Orada oturaraq, bu fürsətdən yaxşıca istifadə etsin. (Duaları Allah tərəfindən qəbul olunan) mələklərin onun üçün dua edərək, bağışlanma diləməsi, bax o zaman çoxalacaq..”

 

Bax bu düşüncə ilə istiğfar et (əstağfirullah deyərək, günahlarından bağışlanma dilə)! Bundan sonra isə, Allahın şanını ucaldaraq təsbih (subhənallah), həmd (əlhəmdulilləh) et və təkbirlər gətir (Allahu Əkbər de)!

 

Rəhmətin endiyi an olan – namazdan dərhal sonra – istiğfar edənin, sonra isə dəfələrlə (33 dəfə zikr etmək qəsd olunur) Allahın nöqsanlardan pak olduğunu deyərək O’nu zikr edənin, O’na şükür/həmd edənin, təkbir gətirərək O’nu Şanını ucaldanın istəkləri – heç geri çevrilərmi?..

 

 

Bu yazının bəzi hissələrində məşhur alim İbnu Bəzz’in sözlərindən (Şərhu İbn Battal, 114/3) -geniş əlavələrlə- istifadə olunmuşdur.

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

 

Bənzər Məqalələr