Əl-Qadir / əl-Muqtədir

 «Elə isə O, Allah ölüləri diriltməyə qadir deyilmi?». (əl-Qiyamə 40)

«Allah hər şeyə qadirdir». (əl-Bəqərə 20)

«..Haqq məclisində, qadir hökmdar (MUQTƏDİR) olan Allahın hüzurunda olacaqlar». (əl-Qəmər 55)

 

“Bu isimlər heç bir şeyin Allahı aciz edə bilməyəcəyinə dəlildir. O, dilədiyini edəndir.” (Həlimi)

«Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamazlarmı?». (əl-Əhqaf 33)

«Allah hər şeyə qadirdir!». (əl-Kəhf 45).

“Muqtədir — gücü və qüvvəti tam kamil olan – deməkdir. Heç bir şey Onun gücünə qarşı güc gətirə, Ona mane ola bilməz. Heç bir güc Onu aciz edə bilməz..” (Xattabi)

Qadir üçün diləmək, bir şeyi etmək üçün mütləq olması vacib olan şərt deyildir. Məsələn, Allah qiyaməti bu an da etməyə qadirdir. Əgər O, Bunu diləyərsə edə bilər. Lakin, Allah bunu bu an üçün diləməmişdir. Allahın əzəli elmi ilə qiyamət üçün müəyyən bir vaxt müəyyənləşdirməsi, Onun güc və qüdrətində bir qüsur olduğunu göstərməz.. Əksinə, hikmətinə (əl-Həkim isminə) işarə edər..

 

Qadir – hər varlığı tək başına və heç kimsədən kömək almadan yoxdan var edəndir. Bu, ancaq Allah üçün keçərlidir. Əslində insan da bəzi şeyləri etməyə qadirdir, lakin onun qüdrəti olduqca azdır, limitlidir. O, bu gücünü sadəcə varlığı mümkün olan bəzi şeylər üzərində göstərə bilər. Uca Allah kimi bir şeyi yoxdan var edə bilməz. Yoxdan var etmə özəlliyi yalnız Allaha məxsusdur. Qullarının da gücünü yaradan Odur. Allah, qüdrət sahibi olduğuna görə dilədiyinə hidayət verir, dilədiyi kimsələri də azdırır. İnanclını inanclı, inkarçını inkarçı, yaxşını yaxşı, pisi də pis edən Odur. Hz. İbrahim və ailəsini inanclı edərək insanları Onun yoluna çağıran, onun əmri ilə hidayət yolunu göstərən, habelə Firon və qövmünü inkarçı edərək insanları Cəhənnəmə çağıran dəvətçiləri də buna nail edən Odur. Çünki, hər kəs layiq olduğuna çatır, Allah heç kimsəyə zülm etməz. Sadəcə, layiq olanı layiq olduğuna çatdırmağa qadirdir.

 

Allah göyləri, yeri və ikisi arasında olanları altı gündə yaratmış və Ona heç bir yorğunluq gəlməmişdir. Varlıqlardan heç birisi Onu aciz qoya bilməz. Allah heç bir şeyə möhtac deyildir. Buna görə də Ona şərik qoşmaq, övlad nisbət etmək, Onun izni olmadan şəfaətçilər olduğunu söyləmək absurddur.

 

Onun sözləri tükənməz və dəyişdirilə bilməz. Əgər bütün dənizlər və onların yeddi misli qədər də dəniz mürəkkəb, bütün ağaclar qələm olsa və bu qələmlə, mürəkkəblərlə sözlər yazılsaydı, mürəkkəblər tükənər, qələmlər qurtarardı.. Onun sözləri isə, tükənməz və qurtarmazdı. Çünki sözlər, yaradılanlar kimi deyildir. Məxluq/yaradılmış olan mürəkkəb və qələmin tükənməməsi və qurtarmaması mümkün deyildir.

 

Bəzilərinin iddia etdikləri kimi Allahın sözləri yaradılmış (məxluq) deyildir. Bunu iddia edənlər Allahı layiqincə qiymətləndirməyənlərdir. Buna görə də iddiaları, qələm və mürəkkəbdən də tez yox olmağa məhkum olmuşdur. Əgər Allahın sözləri yaradılmış olsaydı, onlar da digər məxluqlar kimi yox olardılar. Allahın sözləri əbədi, digərləri isə fanidir. 

 

Allah heç kimsəni günah etmədən və ya başqasının etdiyi bir günaha görə cəzalandırmaz. Ondan daha çox üzürləri qəbul edən və bəxş edən yoxdur. O, Muhsindir, bəxş edənləri sevər, Şəkurdur, şükr edənləri sevər, Cəmildir, gözəlliyi sevər, Tayyibdir, gözəl və xoş olanı sevər, Alimdir, bilikli qullarını sevər, Kərimdir, ikram edən qullarını sevər, Adildir, ədalətli olanları sevər, Bərrdir, yaxşı olanları sevər, Sadiqdir, doğru olanları sevər, Rəfiqdir, yumşaqlığı sevər, Rəhimdir, mərhəmətli olanları sevər, Vitrdir, tək olanı sevər..

 

Allah öz İsim və Sifətlərinin hər birini sevir. Bu İsim və Sifətlərlə Ona ibadət edən, bunlarla istəyən, dua edənləri sevər. Allah bu İsim və Sifətləri bilən, mənalarını başa düşən, bunlarla Allahı tərif edənləri də sevər. İbn Məsud rəvayət edir ki, Peyğəmbərimiz belə buyurmuşdur:

Allahdan daha qısqanc birisi yoxdur. Allah bu qısqanclığına görə açıq və gizli olan bütün çirkin əməlləri haram etmişdir. Təriflənməyi Allahdan daha çox sevən bir kimsə yoxdur. Buna görə Uca Allah Özünü tərifləmişdir. Allahdan daha çox dəlil sevən yoxdur. Bax buna görə də,  müjdələyən və qorxudan bir çox Peyğəmbər göndərmişdir (Başqa rəvayətdə: Bax buna görə də Allah Peyğəmbərlərini göndərmiş və kitablarını endirmişdir).

Allah, İsim və Sifətlərini sevdiyi üçün qullarına da bu İsim və Sifətlərlə öyrənib, onlara uyğun əməl etməyi əmr etmişdir. Buna görə də qullarına ədaləti, ikram etməyi, mərhəməti, səbri, doğruluğu, elmi, şükrü və bağışlamağı əmr etmişdir. Allah bu İsim və Sifətləri sevdiyi üçün, insanlar arasında ən çox bu İsim və Sifətlərə sahib olmağa çılışanları da sevər. Sevmədiyi sifətlərə sahib olan və bu sifətlərə sahib olmağa çalışanları isə, əsla sevməz. Allah – təkəbbürlü, başqalarına xor baxan, ələ salan, haqsızlıq edənləri axı necə sevsin? Bu sifətlərə sahib olmaq ən böyük zülmdür. Bu səbəblə də, həmin sifətlərin/vəsflərin heç biri Allaha yaraşmaz. Allah bu cür sifətlərdən uzaqdır. Gözəl olmayan bir İsim Ona aid ola bilməz.

 

Allah elə Qadirdir ki, bu qadirlik heç bir şeyə bənzəməz.. Bir işi etməyə qadir olan, onu etməməyə də qadir olmalıdır ki, bu qadirlik tam olsun. İnsan qolunu qaldırmağa da, endirməyə də güc yetirə bilir. Beləcə, az olan qüvvətiylə, Qüdrət sifətindən/vəsfindən bir təcəlliyə sahib olmuş olur. Lakin, əzəmətli günəş, bütün planetləri öz ətrafında fırlatmağa qadir olmasına baxmayaraq, qüdrət sahibi sayılmaz.. Çünki, bu feli tərk etmək imkanından məhrumdur.

 

İnsan yaradılmamışdan öncə də ilahi qüdrət fəaliyyətdə idi. Lakin, nə daşda, nə ağacda, nə günəşdə, nə də ulduzda o qüdrətin varlığını kəşf edəcək, görəcək bir qabiliyyət yox idi. Çünki, özləri də qüdrət sahibi deyildilər. İnsan bu aləmə sonradan gəldi, lakin bu mövzuda özündən öncə var olan varlıqları geridə buraxdı. İnsana müəyyən bir qüdrətin verilməsiylə, Allahın Qüdrətini bilmək qabiliyyətinə sahib oldu.

 

Allahın bütün sifətləri/vəsfləri, zatidir, Onun Zatıyla/varlığıyla bərabərdir. Yəni, bu, Ona kənardan verilməmişdir. Buna görə də, qüdrətin əksi olan acizlik, o qüdrətə daxil ola, ona təsir edə bilmir. 

 

Bir çiçək nəyə görə solur? Rəngləri ‘zati’ olmadığı üçün..

Bir lampa nəyə görə sönür? İşığı öz zatından/varlığından olmadığı üçün..

Almazın parlaqlığı və günəşin işığı isə, bir mənada ‘zatidir’. Buna görə də solmur və söndürülə bilinmir..

 

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr