featured-image-2943

Şəhər əhalisinin xəbəri olmadan iki kişi arasında güclü dava baş verdi. Onlardan biri İsrail oğullarından, digəri isə Firona xidmət edən insanlardan biri idi. Musa əleyhissalam onların yanından keçərkən israilli Musadan kömək istədi. Musa onun çağırışına cavab verib onlara yaxınlaşdı.

Əlini uzadıb o biri kişini itələdi. Musa çox qüvvətli idi. Kişi yerə yığılıb öldü. Musa əleyhissalam onu öldürmək istəmirdi. Ona görə də “bu, şeytan işidir” — deyərək Rəbbindən bağışlanma dilədi.

Bir neçə gündən sonra Musa əleyhissalam həmin israillinin bu dəfə başqa bir misirli ilə dalaşdığını gördü. Musa başa düşdü ki, bu israilli problemlər yaradır. Buna baxmayaraq, o, yenə də onu qorumağa çalışdı və dedi: “Sən başqaları ilə yaman ədavət aparırsan”. İsrailli elə bildi ki, Musa onu vurmaq istəyir. Ona görə də dedi: “Ey Musa, dünən misirlini öldürdüyün kimi, məni də öldürmək istəyirsən?!” Həmin hadisəni bundan əvvəl heç kəs bilmirdi. Oradakı misirli eşitdiyini misirlilərə xəbər vermək üçün qaçaraq aradan çıxdı. Camaat bunu eşidib Musanı öldürmək qərarına gəldilər. Lakin Allahın mərhəməti onunla idi. Bir nəfər tələsik onun yanına gələrək “Ey Musa, camaat səni öldürməyi planlaşdırır” — dedi və ona şəhərdən çıxmağı msləhət gördü. Musa şəhərdən çıxdı.

Musa Mədyənə tərəf istiqamət aldı. Bura Şueyb peyğəmbərin şəhəri idi. Allah bu şəhərin əhalisini həlak etmişdi. Çünki onlar Allaha deyil, ağaca ibadət edir, dinc əhalinin yolunu kəsir, tərəzidə aldadaraq insanların mallarını haqsız yerə mənimsəyirdilər. Allah onları güclü bir zəlzələyə düçar etdi. Bu onların sonu oldu. Təkcə axır səkkiz gündə iman gətirənlər nicat tapa bildilər. Musa ayaqyalın yol gedirdi. Onun Allahdan başqa dostu, ağac yarpağından başqa azuqəsi yox idi. Lakin o, səbrli id və Yaradanına təvəkkül edirdi. O, Allaha dua edirdi ki, onu doğru yola yönəltsin və zalımların əlindən xilas etsin.

Musa əleyhissalam Mədyənə çatdı. Orada bir quyunun başında yığışıb heyvanlarını içirən bir topa insan gördü. Qadınlar öz heyvanlarını çobanların heyvanları ilə qarışmasın deyə ayırırdılar. Musa onlardan soruşdu: “Siz nə ağılla öz heyvanlarınıza camaatla birgə su içirmirsiniz?” Üzlərindən həya yağan qadınlar belə cavab verdilər: “Gözləyirik ki, çobanlar qurtarsınlar. Kişilərin içərisinə qoşulmaq istəmirik. Biz sonra içirdərik. Atamız yaşlı bir qocadır. Onun heyvanları sulamağa taqəti yoxdur”. Musa əleyhissalam yorğun olmasına baxmayaraq, çobanlar getdikdən sonra bu iki qıza kömək etdi. Çobanlar getdikləri zaman quyunun ağzını böyük bir qaya parçası ilə örtdülər. Bu qaya parçasını on nəfər çətinliklə qaldıra bilərdi. Lakin Musa əleyhissalam yorğun olsa da onu quyunun ağzından götürüb kənara atdı. Sonra da qızların heyvanlarına su verdi.

Musa əleyhissalam yorğun bədənini bir ağacın kölgəliyinə atdı və Rəbbinin qarşısında acizliyini və zəifliyini ifadə etdi. O, Allahdan mərhəmət dilədi. Çünki o, Allaha möhtac bir bəndə idi. Qızlar isə həmişəkindən fərqli olaraq evə atalarının yanına erkən qayıtdılar. Ataları bunun səbəbini soruşduqda, ona xoşniyyətli gəncin onlar üçün etdiklərini danışdılar. Ataları Safura adlı qızını Musanı onun yanına gətirməsi üçün göndərdi. Qız ədəb-ərkanla Musa əleyhissalamın olduğu yerə gəlib dedi: “Atam bizim üçün etdiyinin əvəzini vermək üçün səni bizə çağırır”.

Musa qızlardan heç bir təmənna güdməmişdi. Etdikləri də yalnız Allahın razılığını qazanmaq üçün idi. Lakin öz həya, ismət və utancaqlıqları ilə seçilən bu iki qızın ataları olan yaşlı qocanın dəvətini geri çevirmək istəmədi və gəlməyi qəbul etdi. Musa əleyhissalam qabaqda, Safura isə onun arxasında gedərək evə aparan yolu göstərirdi. Musa bu əməlisaleh kişinin evində qonaqladı. Onunla söhbətləşdi, başına gələnləri və Misirdən qaçma səbəbini ona danışdı. Əməlisaleh kişi ona toxtaqlıq verib dedi: “Qorxma, artıq zalım camaatın əlindən qurtulmusan”. Çünki Mədyən ərazisi zalım hökmdar Fironun hakimiyyəti altında deyildi. Musa əleyhissalamın qəlbi sakitləşdi və bu əməlisaleh kişinin evində ona mərhəmətli olan Allahdan rahatlıq gəldi. O, Firon və adamlarının təqiblərindən sonra burada əmin-amanlıq hiss etdi.

Safura qoca atasınına yaxınlaşdı və alçaq səslə qulağına pıçıldayaraq dedi: “Atacan! Qoyunlarımıza çobanlıq etməsi üçün bəlkə onu çoban götürəsən. O, həm güclü, həm də etibarlı adamdır”. Atası ondan soruşdu: “Ay qızım, sən onun güclü və etibarlı adam olduğunu hardan bilirsən? Axı sən onu bir neçə saatdır ki, tanıyırsan”. Qızı isə belə cavab verdi: “Biz onun güclü olduğuna böyük qaya parçasını quyunun ağzından tək götürərkən şahid olduq. Halbu ki, onu bir neçə kişi çətinliklə qaldıra bilərdi. Etibarlı olduğuna gəlincə, o, mənimlə danışarkən, həyasından başını qaldırıb mənə baxmırdı. Mənimlə evə gələrkən isə mənə baxmaması üçün məndən onun arxası ilə yeriməyimi istədi”.

Qocanın qəlbi Musa əleyhissalama qarşı isindi. Onun güvənə biləcəyi, malını və ailəsini etibar edə biləcəyi güclü və namuslu kişi xislətli olduğunu gördü. Həmçinin, hiss etdi ki, Musanın əxlaqı onun qızının xoşuna gəlmişdi. Qoca Musaya dedi: “Ey Musa, mən səni bu iki qızımdan biri ilə evləndirmək istərdim ki, mənə həm dayaq, həm də işçim olasan. Səkkiz il yanımda çoban işlə, qoyunlarımı otar. Əgər iki il də artıq işləsən, bu səndən mənə yaxşılıq olar. Ancaq mən yenə də səni heç nəyə məcbur etmirəm”.

Musa əleyhissalamın qəlbinə səadət damcıları səpildi. O, Mədyanda tək-tənha idi. Əməlisaleh qocanın təklifini qəbul edərək dedi: “İnşallah məni əməlisaleh insanlardan olduğumu görəcəksən”. Musa ilə qoca razılaşdılar. Musa qocanın Safura adlı qızı ilə evləndi və Mədyan camaatı ilə birgə əmin-amanlıq içərisində yaşadı. O, öz işində qocaya qarşı çox etibarlı, həyat yoldaşına qarşı çox mehriban idi. Bu, ona Allah təaladan bir mükafat idi. Beləcə on il keçdi. Musa öz vətəni və ailəsi üçün çox darıxdı. O, səfər etmək qərarına gəldi və hazırlıq görməyə başladı. Zövcəsinin atası ona həmişə halallıqla otardığı heyvan sürüsü hədiyyə etdi. Musa ona təşəkkür etdi və mehribanlıqla onunla vidalaşdı. Musa və zövcəsi oradan ayrıldılar və Misir torpağına tərəf yola düzəldilər.
——-
Hazırladı:
Abdurrəhim Muradlı

Bənzər Məqalələr