əl-Xabir (Xabir) – hər şeydən xəbərdar olan deməkdir. Uca Allah, hər bir şeyin zahirini bildiyi kimi, daxilini və bütün gizliliklərini də bilir. Hər şeyi ən incə detallarıyla bilən Lətif və Xabir olan Allahdan heç bir şeyi gizlətmək mümkün deyil. Xabir ismi Qurani-Kərimdə qırx beş dəfə qeyd olunmişdur. Uca Allah buyurur:

 

“O, Hikmət və Bilik sahibidir (Xabirdir).”(Ənam 18)

“O, yaratdığını bilməzmi? O, Lətifdir, Xabirdir?” (Mulk 14)

“Bunu mənə – Bilən və Xabir olan Allah xəbər verdi.” (Təhrim 3)

“Sədəqələri aşkarda verirsinizsə, bu çox gözəl. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha yaxşı olar. Allah sizin bəzi günahlarınızdan keçər. Allah nə etdiklərinizdən xəbərdardır.” (Bəqərə, 271)

 

Xabir olan Allah gizli və aşkar olan hər şeydən xəbərdardır. O, mülkündə baş verən hər şeyin həqiqətini biləndir. O, elə bir Xabirdir ki, heç bir halımız Ondan gizlədilə bilməz. Hər şeyin iç üzünü və ən incə detallarını bilən Odur. Təkcə halımızı deyil, könlümüzdəkiləri, fikirlərdən keçənləri, nəfsimizin səsini, qəlbdəki niyyətlərimizi və ən özəl halımızı da Bilir..

 

O, elə bir Xabirdir ki, qaranlıq gecədə, qara daşın üzərindəki qara qarışqa belə Ondan gizlənə bilməz. Gözlə görünməyən bir mikrob belə ondan gizlənə bilməz.. Bir yarpaq Ondan xəbərsiz yerə düşə bilməz.. Zərrəcik və atomlar Ondan gizlənərək hərəkət edə bilməz..

 

O, hər şeyi yerli-yerinə, layiq olduğu yerə qoyan Həkimdir (Müdrikdir). O, heç bir şeyi uyğun olmayan və layiq olmadığı bir yerə qoymaz. O, bütün bunları qüsursuz elmi və hikməti ilə edir.. Allah mükafat yerinə cəza, cəza yerinə də mükafat verməz. Ucaltdığı yerdə alçaltmaz, alçaltdığı yerdə isə, ucaltmaz. İzzət yerinə zillət, zillət yerinə isə, izzət verməz. Qadağan ediləni əmr etməz, əmr ediləni isə, qadağan etməz.

 

O, harada nə edəcəyini və xeyiri kimə verəcəyini, kimin buna layiq olduğunu ən yaxşı biləndir. Xeyirə kimin layiq olmadığını da çox gözəl biləndir. Allah neməti layiq olmayana deyil, layiq olana bəxş edir. Çünki O, hər şeydən ən yaxşı Xəbərdar olandır.

 

Loğman (aleyhissalam) övladına bu İsmin təcəllisinə dair belə öyüd verirdi:

“Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir (ən gizli və ən incə işləri də görəndir), hər şeydən xəbərdardır (Xabirdir).” (Loğman, 16)

 

Ya Xabir! Bizə bu İsminin təcəllisində olduğumuzu daima xatırlat! Sənə qarşı üsyandan, günahdan və hər cür həyasızlıqdan bizi qoru!

 

 

Ayxan Yaquboğlu

 

Share Button
Tarix: 17.10.2022 | Oxunma sayı: 1. 467 baxış