featured-image-2837

(7.171) “Bir zaman dağı (Tur dağını) yerindən qoparıb onların (İsrail oğullarının) başı üstünə kölgəlik (tavan) kimi qaldırmışdıq və onlar da elə güman etmişdilər ki, dağ üstlərinə düşəcək. Onlara: “Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, orada olanları yada salın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz!” — demişdik”.

İsrail oğulları Tövratda nazil edilənləri qəbul etməkdən boyun qaçırdıqda, Qüdrətli Allah dağı onların üzərinə qaldırdı və əmr etdi ki, nazil etdiyi hökmlərini yerinə yetirsinlər. Onlara əmr olunmuşdu ki, Kitabdan möhkəm yapışsınlar, onu öyrənsinlər və hökmlərini səylə yerinə yetirsinlər. Ancaq belə olduqda onlar təqva sahibi ola bilərdilər.

(7.172) “(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” — soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” — deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) Qiyamət günü: “Biz bundan qafil idik”;
(7.173) “Və ya: “Atalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdular, bis də onlardan sonra gələn bir nəsil idik (onların izi ilə getdik). Məgər bizi batilə uyanların (haqq yoldan sapanların) törətdikləri əməllərə görə məhv edəcəksən?” — deməməyiniz üçündür”.
(7.174) “Biz ayələrimizi belə ətraflı izah edirik ki, onlar, bəlkə, (batildən haqqa, küfrdən imana) dönələr!”

Fövqəluca Allah Adəm oğullarının nəslini onların bel sütunundan çıxartmışdır. Məhz bunun sayəsində bəşəriyyət çoxalır, bir nəsil başqa nəslin yerinə keçir. İnsan atasının belindən gələn bir damcıdan əmələ gəlir. O, anasının bətnindən dünyaya çıxır və Fövqəluca Allah onun qəlbinə, Özünün — onun Vahid Rəbbi, Yaradanı və Hökmdarı olduğunun başa düşməsini həkk edir. O, onu Özünün hökmranlığına şahidlik etməyə yönəldir və insan bunu qəbul edir, çünki onun qəlbinə haqq dinə etiqad etmək və Bir olan Allaha ibadət etmək zəruriyyətinin dərki həkk olunmuşdur.
Hər bir kəs qeyri-iradi olaraq bunu bilir, lakin onun təhtəlşüuru müxtəlif yanlış baxışların təsiri altında dəyişkənliyə və təhrifə məruz qalır. Buna görə sonra Fövqəluca Allah belə buyurur: “Biz sizi sınaqdan keçirdik və sizə Allahı öz Rəbbiniz olaraq etiraf etdirdik ki, Qiyamət günü, həqiqəti bilmədiyinizi bəyan edərək, bunu inkar etməyəsiniz. Əksinə, bu sizə artıq məlumdur, lakin ona laqeyd yanaşır, diqqət yetirmirsiniz. Qiyamət günü siz özünüzə bəraət qazandıra bilməyəcəksiniz, çünki Allah əsil həqiqəti sizin diqqətinizə çatdırmışdı. Siz deyəcəksiniz ki, məhv edilməyə layiq deyilsiniz, çünki öz yolunu azmış ata-babalarınızın yolu ilə getmişsiniz və bu pis nümunəni onlardan götürmüşsünüz. Amma təhtəlşüurunuzla anlayırsınız ki, atalarınız yalana etiqad edirdilər və həqiqət Allahın elçilərinin sizə təbliğ etdiklərindən ibarət idi. Siz bilirsiniz ki, onların təlimi atalarınızın uydurmalarını darmadağın edir və onlara üstün gəlirdi”.
Şübhəsiz ki, yolunu azmış ata-babaların bir sıra baxışları və ya yanlış dini məzhəblərin nəzər-nöqtələri Allahın bəzi qullarına haqq kimi görünə bilər. Amma bunun səbəbi həmişə onda olur ki, onlar, Allahın bütün dünyaya yayılmış və ya onların özlərində əksini tapmış dəlillərindən və möcüzələrindən üz döndərirlər. Həqiqətən də, insan haqdan qaçıb yalançıların sözlərinə qulaq asanda, o, tədricən, haqqa deyil, bu yalana üstünlük verməyə başlayır. Bu ayənin ən düzgün şərhi belədir.
Belə bir rəy də mövcuddur ki, bu vəhydə Allahın Adəm nəsillərini onun bel sütunundan çıxartdığı zaman onlarla bağladığı əhddən bəhs edilir. Şərhçilər belə hesab edirdilər ki, Allah Adəm nəsillərini Onun hökmranlığına şahidlik etdirmiş və onlar şahidlik etdikdən sonra O, onlara Öz İradəsini bildirərək, onları öz imansızlıqlarını və inadcıllıqlarını bilməməzliklə həm bu dünyada və həm də ölümdən sonra doğrultmaq imkanından məhrum etmişdir. Lakin bu vəhy heç vəchlə belə şərhin lehinə şəhadət vermir. Belə izah yersizdir, çünki Fövqəluca Allahın müdrikliyinə ziddir və ətrafımızda baş verənlər bu nəzər nöqtəsini təsdiq edir.
Bu şərhçilərin rəyinə uyğun olaraq, Fövqəluca Allah Adəm oğullarını onun bel sütunundan çıxaranda onlarla əhd bağlamışdır. O zaman insanlar zərrə kimi idilər və bizim heç birimiz bunu xatırlamırıq. Doğrudanmı Allah insanları xəbərləri olmayan və özündən sonraya iz qoymayan hadisələrin əsasında mühakimə edəcəkdir?!!
Beləliklə, şərh etdiyimiz ayədə aydın bir hadisədən bəhs edilir. Allah bu qayda ilə Öz vəhylərini insanlara izah edir ki, onlar öz təhtəlşüurlarına həkk edilənə uyğun gələn baxışlara qayıtsınlar, yanlış nəzəriyyələrdən əl çəksinlər və Onunla bağladıqları əhdə tərəf dönsünlər.

(7.175) “(Ey Elçim!)Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə (oxu). O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yoldan) azanlardan oldu”
(7.176) “Əgər Biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o, yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxardıb ləhləyər, cummasan da (Onun üçün heç bir fərqi yoxdur). Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. (Ey Peyğəmbərim!) Bu əhvalatları (yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər!”
(7.177) “Ayələrimizi yalan hesab edib özlərinə zülm edənlər barəsində çəkilən məsəl necə də pisdir!”

Ey Peyğəmbər! İnsanlara Allahın Kitabı öyrətdiyi adam haqqında danış və de ki, o, bunun sayəsində din sahəsində dərin biliklər əldə etdi, lakin sonralar Allahın ayələri haqqında olan əsil biliklərdən üz döndərdi. Bu biliklər insanlara gözəl əxlaqi keyfiyyətlər əldə etməyə, saleh əməllər işləməyə və əzəmətli yüksəkliklərə ucalmağa kömək göstərir, lakin o, Allahın Kitabını arxasına atdı və Səmavi Vəhyin dəvət etdiyi əxlaqi keyfiyyətlərə etinasızlıq göstərdi. O, sanki adi libasını soyunub əynindən çıxartdığı kimi, əxlaqi örtüyünü çıxarıb atdı. Elə o zamandan şeytan onun dalıyca düşdü və onu məğlub etdi. O, öz təhlükəsiz qalasından çıxan kimi, dərin uçurumun lap dibinə düşdü və şeytan onu mənfur cinayətlərə sövq etməyə başladı.
O, əvvəllər haqq yolla gedirdi və onu insanlara da göstərirdi, artıq indi o azmışların sırasındadır, çünki Allah onu Öz yardımından məhrum etmiş və onu başlı-başına qoymuşdur. Əgər O istəsəydi, hökmən onu xeyirxah işlər görməyə ruhlandırar bu dinşünas həm bu dünya həyatında və həm də ölümdən sonra əzəmət sahibi olardı. Bununla yanaşı, o, öz düşmənlərindən və yaramazlardan özünü qorumağı bacarardı. Lakin o, elə əməllər etdi ki, onlar Allahı onu Öz köməyindən məhrum etməyə vadar etdi. O, yerə o dərəcədə əyildi ki, axırda alçaq ehtiraslara yol verməyə başladı və hər şeydən ancaq mənfəət güdməyə girişdi. O, öz istəklərinə güzəştə gedərək öz Qüdrətli Hamisinə itaət etməyə laqeydlik göstərdi. Dünyəvi nemətlər əldə etmək niyyəti ilə o, elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxardıb ləhləyər, cummasan da (onun üçün heç bir fərqi yoxdur). O, həmişə dili sallanmış halda veyillənir və ürəyi partlaya biləcək qədər daima acgözlük içində olurdu. Heç bir şey onun tələbatını və istəklərini qane edə bilmirdi.
Allah Öz möcüzələrini onlara göstərdikdən sonra onları yalan sayanlar haqqında ibrətamiz hekayə belədir. Onlar nəinki vəhylərə itaət etməkdən boyun qaçırır, hətta onları inkar edirdilər. Onlar Allahın hökmlərinə etinasızlıq edir, öz ehtiraslarına qapılır və Ondan nazil olan haqq Təlimata qulaq asmırdılar.
İnsanlar belə fasiqlər haqqında ibrətamiz hekayətləri dinləməlidirlər ki, düşünsünlər və onlardan düzgün nəticələr çıxartsınlar. Əgər onlar fikirləşsələr, özləri üçün faydalı biliklər əldə edərlər və əgər belə biliklərə yiyələnsələr, onda xeyirxah əməllər etməyə başlayarlar. Allahın ayələrini yalan hesab edən və özlərinə zərər vuran kafirlərə gəldikdə isə, onlar müxtəlif günahlar işlətdiklərinə görə, onların haqqında ibrətamiz hekayətlər həmişə onların çirkin və yaramaz əməllərindən bəhs edəcəkdir.
Belə bir rəy var ki, bu ayələr müəyyən bir insan barəsində nazil edilibdir. Allah o insana hikmət bəxş etmiş, o isə sonradan itaətsizlik göstərmişdir. Həmin şərhə görə, Allah o insanın hekayətini bizə rəvayət edir ki, mahiyyətini izah etsin. Digər bir rəyə uyğun olaraq, bu ayələrdə Fövqəluca Allah Özünün möcüzələri haqqında insanlara bilik əta etdikdən sonra onlardan üz döndərənlərin hamısından bəhs edir.
Bu ayələr, həqiqi biliklər əsasında xeyirxah işlər görməyə çağırışdan ibarətdir. Axı Allah təkcə bunun sayəsində Öz qullarını tərifləyib ucaldır. Ayələrdə əsil biliklərə etinasızlıq göstərməmək barədə xəbərdarlıq əks olunmuşdur. Belə etinasızlıq nəticəsində insan uçurumun lap dibinə və şeytanın təsiri altına düşə bilər. Onlardan həmçinin belə nəticə çıxarmaq olar ki, alçaq istəklərə və yaramaz ehtiraslara uymaq, insanı Allahın köməyindən məhrum edən səbəblərdən biridir.

(7.178) “Allahın doğru yola yönəltdiyi kimsə doğru yoldadır. Onun (haqq yolundan) sapdırdığı kimsələr isə ziyana uğrayanlardır”.

Fövqəluca Allah ayədə izah edir ki, təkcə O, insanları doğru yola yönəltməyə və ya onları azğınlığa salmağa qabildir. Əgər O, insanı xeyirxah əməllər etməyə ruhlandırırsa, onu Onda nifrət oyadan hərəkətlərdən qoruyur və əvvəllər ona məlum olmayan şeyləri ona öyrədir və o, doğru yola gəlir və bunlar məhz Uca Rəbbin nəsihətləri sayəsində baş verir. Əgər Allah insanı Öz himayəsindən məhrum edirsə və onu xeyirxah əməllər işlətməyə ruhlandırmırsa, onda o, ziyana uğrayır. Qiyamət günü isə o, özünü də mütləq itirəcək və ailəsindən məhrum olacaqdır. Əsil ziyan elə budur!

(7.179) “Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!”

Fövqəluca Allah lənətə gəlmiş İblisin yolu ilə gedənlərin necə də çox olduğunu izah edir. Allahın yaratdığı cinlərdən və insanlardan bir çoxuna Cəhənnəm nəsib olacaqdır və onların vəziyyəti heyvanların vəziyyətindən də pis olacaqdır. Onların qəlbi vardır, lakin haqqı anlamağa qadir deyillər. Faydalı biliklər onlara nüfuz edə bilməsələr də, bu günahkarları öz bilməməzlikləri ilə bəraət qazanmaqdan məhrum edir. Onların gözləri var, lakin onlara fayda verə bilən şeyləri görməyə qadir deyillər. Əksinə, onlar bütün faydalı və zəruri olan nə varsa, nəzərdən qaçırarlar. Onların qulaqları var, lakin haqq sözü eşitməzlər və eşitdiklərini qəlblərə çatdırmazlar.
Bu yaramaz keyfiyyətlər kafirləri sağlam ağıldan məhrum olan heyvana oxşadır. Onlar fani nemətləri əbədi məmnunluqdan üstün tuturlar və insanlara fayda verən sağlam ağıldan məhrum edilirlər. Bundan başqa, kafirlər heyvanlardan daha azğındırlar, çünki heyvanlar xəlq edildikləri məqsədə xidmət edirlər. Heyvanlar onlara fayda verən və zərər vuran şeyləri ayırd etməyə imkan verən ağıla malikdirlər. Bu isə o deməkdir ki, heyvanların vəziyyəti yolunu azmış kafirlərin vəziyyətindən üstündür.
Allah onları etinasız qullar adlandırmışdır, çünki onlar dünyada ən faydalı olan şeyə, Allaha iman gətirməyə, Ona itaət etməyə və Onu xatırlamağa saymazyana yanaşmışlar. Allah onlara ağıl, eşitmə və görmə qabiliyyəti bəxş etmişdir ki, bu keyfiyyətlər onlara Onun hökmlərini və öz vəzifələrini yerinə yetirməyə kömək etsin, lakin onlar bu bacarıqlarından təyinatı üzrə istifadə etmirlər.
Onlar həqiqətən də, Allahın Cəhənnəm üçün yaratdıqları sırasında olmağa layiqdirlər. Onlar Cəhənnəm üçün yaradılmışlar və oranın sakinlərinin etdiyi əməlləri təkrarlayırlar. Öz qabiliyyətlərini Allaha ibadət üçün sərf edən, Onu unutmayan və öz qəlbini Ona inamla və Ona məhəbbətlə bəzəyən saleh insanlara gəldikdə isə, onlar Cənnət sakinləridir və onun məskunlarının əməllərinə uyğun işlər görürlər.

(7.180) “Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri (əziz sözündən Uzza, Allah sözündən əl-Lat, mənnan sözündən Mənat kimi adlar düzəldib haqq yoldan azanları) tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!”

Fövqəluca Allah Öz gözəl adlarını xatırladaraq, Özünün sifətlərinin əzəmətini izah edir. Onun bütün adları gözəldir və onlardan hər biri Onun böyüklüyünə və kamil keyfiyyətlərinə dəlalət edir. Məhz bu, Allahın adlarını gözəlləşdirir. Əgər onlar Allahın sifətlərini təsdiq etməsəydilər və ancaq boş sözlərdən ibarət olsaydılar, onları gözəl adlandırmaq olmazdı. Əgər onlar kamil sifətləri ifadə etməsəydilər, sadəcə qüsurları və ya eyni zamanda həm tərifə və həm də qınağa layiq olanları göstərsəydilər, onda da onlar gözəl olmazdılar. Lakin Fövqəluca Allahın adları Onun qüsursuz sifətlərini təcəssüm etdirir və dərin məna kəsb edir.
Məsələn, gözəl ad olan Bilən Allahın kamil biliklərə malik olduğunu və onların bütün varlığı və göylərdə və yerdə hətta ən kiçik zərrəcikləri belə əhatə edir. Rəhmli adı Onun bütün varlığı qapsayan böyük lütf sahibi olduğuna dəlalət edir. Qüdrətli adı isə Onun kamil qüdrətə malik və hər cür əməli etməyə qadir olduğunu bildirir.
Allahın adlarının mükəmməlliyi və gözəlliyinin təzahürü həm də qulların öz Rəbbinə onların vasitəsilə dua etməsində özünü göstərir. Belə hərəkətə ancaq namaz zamanı icazə verilir ki, onların vasitəsilə insan Allaha ibadət edir və həmçinin namazda Ona dua edərkən Rəbbinin müvafiq adlarını xatırlaya bilər. Məsələn, namaz qılan belə deyə bilər: “Ey Allah! Məni bağışla və rəhm et, axı Sən — Bağışlayan və Rəhmlisən! Tövbəmi qəbul et, axı Sən — Tövbəqəbuledənsən! Mənə ruzi ver, axı Sən — Ruziverənsən! Mənə rəhm et, axı Sən — Rəhmlisən!”
Allahın adlarını inkar edən azğınlara gəldikdə isə, onlar mütləq cəzalandırılacaqlar. Burada inkar dedikdə, adların əsil mənasının və təyinatının təhrif edilməsi nəzərdə tutulur. Allahın adlarının inkarı — bu adların layiq olmayanlara qoyulması hesab olunur. Məhz müşriklər belə edirdilər və öz bütlərini Allahın adları ilə adlandırırdılar. Onun adlarının inkar edilməsi və ya onların əsil mənasının təhrif edilməsi və həmçinin, Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) təfsirinin ziddinə olan şərhləri Allahın adlarının inkarı sayılır. Məxluqların adlarının Onun adlarına oxşadılması da Allahın adlarının inkar edilməsi hesab edilir. Müsəlman hər vasitə ilə Allahın adlarının inkarının hər hansı bir formasından çəkinməlidir və belə davrananları da çəkindirməlidir. Müsəlman yaddan çıxarmamalıdır ki, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) demişdir: “Allahın doxsan doqquz adı var, yüzdən bir əskik və kim onların hamısını saya bilsə, Cənnətə girər”.

(7.181) “Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır, (haqqı rəhbər tutaraq onlar arasında) ədalətlə hökm edirlər”.

Allahın məxluqları arasında kamil keyfiyyətlərə malik və başqalarını da təkmilləşdirməyə can atan şərəfli bir dini icma vardır. Onlar düz yolla gedirlər və ətraflarındakılara da bu yola gəlmələri üçün öyüd-nəsihət verir, haqqı tanıyır və əməllərində ona istinad edirlər. Onlar bunu başqalarını da öyrədir və insanları xeyir işlər görməyə dəvət edirlər. Onlar zəhmətkeşlərin əmlakı, həyatı, öhdəlikləri və rəyləri ilə bağlı hökm çıxaranda ədalətlə davranırlar. Onlar xalqı doğru yolla aparan rəhbərlər, qaranlığı işığıyla yaran məşəllərdir. Onlar — Allahın iman və saleh əməllər əta etdiyi, haqqı təbliğ etməyə və səbirliliyə dəvətə ruhlandırdığı qullarıdır. Onlar məziyyətlərinə görə Allahın elçilərindən sonra gələn sadiq salehlərdir, lakin onların arasında müəyyən fərqlər vardır və müxtəlif dərəcələrə sahibdirlər. İstədiyinə mərhəmət göstərən Allah Pak və Ucadır! Həqiqətən, O, böyük mərhəmət Sahibidir!

(7.182) “Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə məhvə yaxınlaşdıracağıq! (dərəcə-dərəcə aşağı endirəcəyik)!”
(7.183) “Mən onlara möhlət verirəm. Lakin dolaşdırıb bəla toruna salmağım da (naz-nemət içində yaşadıqları halda gözlənilmədən onları əzabla yaxalamağım da), sözsüz ki, çox ağırdır!”

Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) öyüd-nəsihətlərinin həqiqiliyini təsdiq edən Allahın möcüzələrini yalan sayan, onları inkar edən və qəbul etməkdən boyun qaçıran fasiqləri Qüdrət Sahibi elə azdıracağını vəd etmişdir ki, hətta onlar özləri bunu başa düşməyəcəklər. O, onlara bol nemətlər və möhlət verir ki, heç vaxt cəzalandırılmayacaqlarına əmin olsunlar. Belə ki, onlar cinayətlər burulğanının daha dərinliklərinə dalır və özlərini ən sərt cəzaya məhrum edərək küfrlərində və zalımlıqlarında möhkəmlənirlər. Onlar dərk etmədən özlərinə böyük ziyan vurur və bu, bir daha ona dəlalət edir ki, Allahın qurduğu fənd sarsılmazdır.

(7.184) “Məgər (İslamı qəbul etməli olan kəslər) düşünmürlərmi ki, onların yoldaşında (Peyğəmbərdə) heç bir dəlilik əsər-əlaməti yoxdur? O ancaq (kafirlərə Allahın əzabı gələcəyini) açıq-aydın xəbər verib qorxudandır!”

Doğrudanmı onlar taleyi onlara yaxşı məlum olan Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) divanə olmadığı haqqında düşünmək istəmir və anlamırlar? Onun əxlaqi məziyyətlərinə və nəsihətlərinə diqqət yetirmək kifayətdir ki, onun qərəzsizliyini və digər xüsusiyyətlərini dərk etsinlər, onun xütbələri üzərində fikirləşib başa düşsünlər ki, onun əxlaqı qüsursuz və kamildir. Özünün ağıllı dəlilləri və çıxardığı nəticələri ilə o, bütün aləmlərin sakinlərini ötüb keçmişdir, onun xütbələri isə mütləq xeyirxahlığa çağırışdan ibarətdir və hər cür fasiqliyin qarşısını alır.
Ey ağıl sahibləri! Məgər belə bir insan ağılsız və ya cinli ola bilərmi?! Etiraf edin ki, o böyük bir rəhbər, səmimi xeyirxah, şərəfli və mehriban insan, yaxşı və rəhmli bir nəsihətçi idi! Həqiqətən, o sizi cəzadan xilas etməyə və mükafata layiq görülməyiniz üçün sizə kömək etməyə çağırırdı.

(7.185) “Məgər onlar göylərin və yerin mülkünə (Allahın göylərdəki və yerdəki səltənətinə, qüdrətinə), Allahın yaratmış olduğu hər şeyə, əcəllərinin yaxınlaşması ehtimalına diqqət yetirib düşünmürlərmi? Artıq buna (bu Qurana) inanmadıqdan sonra hansı kəlama inanacaqlar?”

Əgər insanlar göyə diqqətlə nəzər yetirsələr Rəbbin və Onun kamil sifətlərinin vəhdətinə dəlalət edən çoxsaylı əlamətlər görərlər. Onlar eyni mənzərəni Allahın yaratdığı hər hansı bir məxluqa baxdıqda görəcəklər, çünki bütün Kainat Onun barəsində bəhs edir və Onun qüdrəti və müdrikliyi, hüdudsuz şəfqəti və xeyirxahlığı, sarsılmaz iradəsi və digər əzəmətli sifətlərini təsdiq edir. Bu keyfiyyətlər birlikdə göstərir ki, Allah Kainatın Yeganə Xaliqi və Hökmdarıdır. Buna görə yaradılmışlar tək Ona ibadət etməli, Ona həmd etməli, Onu tərifləyib sevməlidir.
Qoy insanlar onların ölüm saatı gələnədək öz taleləri üzərində düşünsünlər, axı ölüm, onlar heç ağıllarına belə gətirmədikləri bir məqamda yaxınlaşıb onları qəfildən yaxalaya bilər və belə olduqda onlar əldə edə bilmədiklərinin yerini doldurmağa macal tapmazlar. Əgər onlar bu Müqəddəs Kitaba inanmırlarsa, onda onlar hansı rəvayətlərə inanmaq istəyirlər?! Doğrudanmı onlar azğınlığa aparan şeylərə inanmaq istəyirlər? Ya da onlar yalançıların uydurmalarına inanmaq istəyirlər? Amma yolunu azmış günahkarlar nə etsələr də, heç vaxt düz yola gələ bilməzlər. Buna görə Fövqəluca Allah buyurur:

(7.186) “Allah kimi doğru yoldan sapdırsa, ona yol göstərən olmaz. (Allah) onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyar!”

Allah insanları azdırdıqda onları küfr zülməti içində veyil-veyil gəzməyə – anlaşılmazlıq və şübhələrlə başlı-başına buraxır. Belə insan öz zalımlığından xilas olmağa və haqq yola gəlməyə qadir deyil.

(7.187) “(Ey Elçim!) Səndən Saat (Qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: “O ancaq Rəbbimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: “O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!”

Ey Muhəmməd! Sənə iman gətirməkdən boyun qaçırdan inadkar kafirlər Qiyamət gününün başlanması müddəti haqqında soruşurlar. Onlara de ki, bunu təkcə Allah bilir. Bu bilik göylərin və yerin sakinlərindən gizli saxlanmışdır, çünki o, onlar üçün ağır bir yükdür. Bütün məxluqlar həmin saatdan dəhşətə gəlirlər, o, gözlənilmədən, onlar onun yaxınlaşmasına heç şübhə belə etmədikləri bir anda başlayacaq və ona hazır olmayacaqlar.
Adamlar səndən Qiyamət gününün başlanması haqqında ciddi-cəhdlə soruşurlar, sanki sən özün bunu bilməyə can atırsan. Onlar bilmirlər ki, sən fayda verməyən və cavab alınması mümkün olmayan məsələlərə diqqət yetirmirsən. Sənin davranışın göstərir ki, sən öz Rəbbini gözəl anlamısan və məhz nəyin sənin xeyrinə olduğunu başa düşürsən. Qiyamət gününün başlanmasının vaxtı haqqında nə peyğəmbərlərə, nə də Allaha yaxın olan mələklərə belə bilik verilməmişdir. O, elə bir bilikdir ki, Allah, Öz kamil müdrikliyi və hüdudsuz elminə əsaslanaraq, onu məxluqlarından gizli saxlamışdır.
O, bu biliyi gizlədir, lakin insanların əksəriyyəti bunu başa düşmür. Onlar bilməli olmadıqları şeyi öyrənməyə can atırlar. Onlardan bəziləri öyrənməli olduqları şeylə maraqlanmaqdan boyun qaçırır və məxluqların dərk edə bilməyəcəyi və hətta anlamaları onlara əmr olunmamış biliklərin ardınca cumurlar.

(7.188) “De: “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!”

Ey Muhəmməd! De ki: “Mən Allahdan asılı olan və Ona ehtiyac duyan bir qulam. O, mənə yaxşılıq əta edir və məni şərdən qoruyur və mənə bəxş etdiyi elm Onun mərhəmətindəndir. Əgər mən qeybi bilsəydim, onda böyük nemətlər əldə etmək, yaramaz və xoşagəlməz olan hər şeydən qorunmaq üçün hökmən hər şeyi edərdim. Əgər mən gələcəkdə baş verəcək hadisələr və bütün baş verənlərin nəticələri haqqında bilsəydim, onları əldə etməyi bacarardım. Lakin qeybə aid olanlar mənə məlum deyil və buna görə bəzən mən xoşagəlməz hallarla rastlaşıram və bəzi maddi nemətlərdən məhrum oluram. Təkcə bu artıq mənim qeybi bilmədiyimə dəlalət edir.
Mən insanlara yalnız mənəvi və maddi cəza və həmçinin ölümdən sonrakı cəza barədə xəbərdarlıq edirəm. Mən ancaq insanlar tərəfindən törədildikdən sonra qisası alınacaq əməlləri açıqlayıram və onları həmin əməllərdən xəbərdar edirəm. Bunlarla yanaşı Axirət həyatında mükafatlar haqqında qullara bildirmək istəyirəm, onları almağa səbəb olacaq əməlləri onlara izah edirəm və insanları saleh əməllər işlətməyə ruhlandırıram. Amma heç də hamı müjdəyə və xəbərdarlıqlara qulaq asmır, təkcə möminlər onlardan nəticə çıxarırlar”.
Bu gözəl ayələr nemət əldə etmək və şərdən qorunmaq ümidi ilə Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) müraciət edənlərin nadanlığını büruzə verir . O (ona Allahın salavatı və salamı olsun!) heç bir hakimiyyətə malik deyil və insanlara kömək edə və ya ziyan vura bilməz, çünki təkcə Allah xeyir verməyə və zərər vurmağa qadirdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) öz bilikləri ilə də Fövqəluca Allaha borcludur. Bu o deməkdir ki, o (ona Allahın salavatı və salamı olsun!) ancaq onun (ona Allahın salavatı və salamı olsun!) öyüd-nəsihətlərinə və təlimatlarına qulaq asan və işlərində onları rəhbər tutan möminlərə fayda verə bilər. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) böyük fayda verə bilməsi də bununla bağlıdır, çünki onun (ona Allahın salavatı və salamı olsun!) verə biləcəyi xeyir valideynlərin, əmilərin və qardaşların verə biləcəyindən dəfələrlə üstündür.
Həqiqətən, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Allahın qullarını onlara fayda gətirən hər şeyə dəvət etmiş, onları onlara zərər vura biləcək şeylər barədə xəbərdar etmiş və öz təbliğatını mükəmməl izah etmişdir.

(7.189) “Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat olmaq) üçün özündən (qabırğasından) zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) zövcəsi ilə yaxınlıq etdikdə o, (Həvva) yüngül bir yüklə yükləndi (hamilə oldu) və (bir müddət həmin yükü) daşıdı (onunla oturub-durdu). (Həvva) ağırlaşdığı vaxt onların hər ikisi Allaha dua edib: “Əgər bizə saleh (sağlam, ağıllı, hər şeyi yerli-yerində) bir uşaq versən, (bu nemətə görə Sənə) şükür edənlərdən olarıq!” — dedi”.
(7.190) “Allah onlara saleh övlad verdikdə (Adəm və Həvvadan qeyri valideynlər) özlərinə verdiyi (uşağın adı) ilə əlaqədar Allaha bir para şəriklər qoşmağa başladılar. Allah isə Ona qoşulan şəriklərdən ucadır! (Onun heç bir şəriki yoxdur!)”
(7.191) “Məgər (bu Adəm övladı) heç bir şey yaratmağa qadir olmayıb özləri yaradılanımı (bütlərimi Allaha) şərik qoşarlar?”
(7.192) “Halbuki bu bütlər nə onlara (müşriklərə), nə də özlərinə bir kömək edə bilər!”

Ey bütün yer üzündə məskunlaşmış kişilər və qadınlar! Sizin çoxsaylı olmağınıza və aranızda mövcud olan fərqlərə baxmayaraq, hamınızın ulu babası Adəmdir (ə). Allah ondan Havvanı yaratmışdır ki, o (ə) onunla rahatlıq tapsın.
Qadın kişidən yaradılmışdır və buna görə onlar bir-birilərinə çox uyğundurlar və bir-birilərinə sakitlik və rahatlıq verirlər. Bundan başqa, onlar cinsi həvəs bağları ilə bir birilərinə bağlıdırlar və cinsi əlaqəyə girdikdə Qüdrətli Xaliqin qədərinə müvafiq olaraq ehtiras və yaxınlıq nəsil artımı ilə təcəssüm edir. İlk vaxtlarda qadın hamiləliyini hiss etmir və döl ona narahatlıq yaratmır. Lakin zaman keçdikcə o, ana bətnində böyüyür və valideynlərin qəlbi ona şəfqət hissi ilə dolur. Onlar çox arzu edirlər ki, uşaq dünyaya sağlam, qüsursuz və nöqsansız gəlsin. Onlar Allaha dua edərək deyirlər: “Ey Rəbbimiz! Sən bizə sağlam, qüsursuz və eyibsiz övlad bəxş etsən, biz hökmən Sənin şükredən qulların olarıq”.
Allah onların dualarını qəbul edərək və kamil mərhəməti ilə onları himayəsinə götürərək, onlara sağlam uşaq verəndə, onlar Ona şərik qoşmağa başlayırlar. O, onların uşağını Özü təklikdə yaradır, onları nemətlərlə təmin edir, lakin məhz uşağın doğulması onları Onunla bərabər məxluqlara ibadət etməyə sövq edir.
İnsanlar uşaqlarına ad qoyanda, onlara, Allahdan başqasının qulu olması ilə əlaqədar adlar, məsələn, Əbdülxaris və ya Əbdüluzza, ya da ƏbdülKəbə adı verməklə Allaha şərik qoşurlar. Bunlar müvafiq olaraq “cütçünün qulu”, “əl-Uzzanın qulu” və “Kəbənin qulu” adlarıdır. O, onlara heç bir məxluqun sayıb qurtara bilməyəcəyi çoxsaylı bol nemətlər əta etdikdən sonra, onlar, məxluqlara ibadət etməklə, Allaha şəriklər qoşurlar.
Bu ayə, məlum bir şəxs haqqında vəhyin bütöv bir insan qrupu haqqında vəhyə çevrilməsinin nümunəsidir. Ayənin əvvəlində Adəm (ə) və Havva (ulu nənəmiz) xatırlanır, sonra isə bütöv bəşəriyyətdən bəhs edilir. İnsanların sadalanan əməlləri etməsi tez-tez baş verir və buna görə Fövqəluca Allah onların yanlışlığını və qüsurluluğunu izah edir. Bunların hamısı — şirkin təzahürüdür və kim onları törədirsə, olduqca böyük ədalətsizliyə yol verir ki, bunun, Allaha şərik qoşmanın, söz və ya əməllə olmasının heç bir fərqi yoxdur.
Allah — Vahid Yaradandır. O, insanları bir adamdan törətmiş və aralarında bir-birinə məhəbbət və mərhəmət bəsləmələrini müəyyən edərək qadını kişidən yaratmışdır. Bunun sayəsində ər-arvad bir-birilərində rahatlıq tapır və bir-biriləri ilə təmasdan zövq alırlar. Allah onlara öz ehtiraslarını necə təmin etməyi və bundan həzz almağı və insan nəslini artırmağı öyrətmişdir. Bu baş verən zaman Qüdrətli Allah anaların bətnində yeni nəsil yaradır ki, sonradan o, müəyyən bir müddətə qədər orada inkişaf edir. Bu dövr ərzində valideynlərin ürəyində uşaqlarını sağlam və qüsursuz görmək arzusu yaranır. Onlar Allaha dua edirlər ki, onlara sağlam övlad qismət etsin. Allah onların bu xahişini yerinə yetirir və onlara kamil mərhəmətini əta edir. Məgər O, layiq deyilmi ki, onlar, Ona şərik qoşmadan, təkcə Ona səmimiyyətlə ibadət etsinlər?
Lakin hər şey əksinə baş verir və insanlar Onunla yanaşı məxluqlara ibadət etməyə başlayırlar. Halbuki həmin məxluqlar özləri yaradılmışlar və heç nəyi yaratmaq qüdrətinə malik deyillər. Onların bütləri onlara ibadət edənlərə yardım göstərməyə qabil deyillər. Onlar hətta özləri özlərinə kömək edə bilmirlər. Necə ola bilər ki, insan Allaha Onun yaratdığı və ən kiçicik zərrəni belə yaratmağa qadir olmayan məxluqları şərik qoşsun? Halbuki onlar pərəstişkarlarını şərdən qoruya bilmir və hətta özlərini müdafiə etməyi bacarmırlar?! Həqiqətən, belə əməl — müdhiş zalımlıq və ən böyük axmaqlıqdır.

(7.193) “Siz onları (müşrikləri və ya bütləri) doğru yola dəvət etsəniz, sizə tabe olmazlar. İstər onları dəvət edin, istər susun — birdir (onlar üçün heç bir əhəmiyyəti yoxdur)”.

Ey müşriklər! Əgər siz öz bütlərinizi düz yola gəlməyə çağırsanız, onlar ardınızca gəlməzlər. İnsanın vəziyyəti bütün və heykəlin vəziyyətindən daha üstündür, çünki onlar nə eşitməyə və nə də görməyə qabil deyillər ki, düz yola gəlsinlər və onu göstərsinlər. Ağıllı insana bu gerçəklik haqqında sadəcə düşünmək kifayətdir ki, bütlərin acizliyini və müşriklərin nə dərəcədə ağıllı olmadıqlarını anlaya bilsinlər.

(7.194) “Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər (bu bütlərin sizə bir kömək edə biləcəyi barəsindəki iddianızda) doğrusunuzsa, haydı, çağırın onları, sizə cavab versinlər”.
(7.195) “Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları var?! De: “Haydı, çağırın şəriklərinizi, mənim barəmdə istədiyiniz hiyləni qurun və mənə heç möhlət də verməyin!”
(7.196) “Şübhəsiz ki, mənim hamim Kitabı (Quranı) nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər!”

Fövqəluca Allah Onunla bərabər məxluqlara dua edən müşriklərə müraciət edir. Bütlərin və bütpərəstlərin arasında böyük oxşarlıq mövcuddur, çünki onların hamısı Allahın qullarıdır və Onun iradəsinə tabedirlər.
Ey müşriklər! Əgər sizin bütləriniz doğrudan da, sizin iddia etdiyiniz kimi ibadətə layiqdirlərsə, onda onları köməyə çağırın və qoy onlar sizin dualarınıza cavab versinlər. Əgər onlar bunu etməsələr və siz də istədiyinizi ala bilməsəniz, onda bilin ki, siz yalan danışırsınız və Allaha böyük iftira atırsınız.
Həqiqəti aydınlaşdırmaq üçün sizin əlavə izahata ehtiyacınız yoxdur, çünki sizə öz “ilahlarınıza” baxmaq kifayət edər ki, onların sizə fayda verməyə qadir olmadıqlarını anlayasınız. Onlar yeriyə bilmirlər, çünki ayaqları yoxdur. Onlar tuta bilmirlər, çünki əlləri yoxdur. Onlar görə bilmirlər, çünki gözləri yoxdur. Onlar eşidə bilmirlər, çünki qulaqları yoxdur. Onlar insanın malik olduğu orqan və bacarıqlardan məhrumdurlar. Əgər onlar sizin dualarınıza cavab verməyə qadir deyillərsə, onda bu o deməkdir ki, onlar da sizin kimi qullardır. Bundan başqa, siz — daha kamil məxluqlarsınız və onlardan daha bacarıqlı varlıqlarsınız. Bəs niyə siz onlara ibadət edirsiniz?
Ey Peyğəmbər! Müşriklərə de: “Öz şəriklərinizlə birləşib, mənə pislik etməyə cəhr göstərin və ya zərər vurun. Tələsin və mənə möhlət də verməyin. Həqiqətən, siz mənə heç bir pislik edə bilməzsiniz, çünki mənə himayə edən Allahın Özüdür. O, mənim qayğımı çəkir, mənə əmin-amanlıq bəxş edir və məni pisliklərdən qoruyur. O, mənə haqq təlimdən, şəfa və nurdan ibarət olan Kitab nazil etmişdir. Onun nazil edilməsi Allahın seçilmiş qullarına göstərdiyi qayğısının təzahürüdür. O, niyyətləri, əməlləri və sözləri doğru olan bütün möminlərin Himayəçisidir”.
Fövqəluca Allah buyurur: “Allah iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!” (Bəqərə, 2/257).
İman gətirmiş saleh insanlar Allahı özlərinə Hami seçmiş, Ona iman gətirmiş və təqva yoluna qədəm qoymuşlar. Onlar özləri üçün başqa himayədarlar axtarmamışlar və buna görə də Allah onlara hamilik etmiş, onlara lütfkarlıq göstərmiş və onlara dünyəvi və dini işlərində xeyir və nemət qazanmağa kömək etmiş və həmçinin onları hər cür bəladan qorumuşdur. O buyurur: “Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz!” (Həcc, 22/38).

(7.197) “Sizin Ondan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər!”
(7.198) “Əgər siz onları (bütləri və ya müşrikləri) sizə doğru yol göstərməyə çağırsanız, eşitməzlər. (Ey Elçim!) Sən onları sənə baxan görərsən, halbuki onlar görməzlər!”

Fövqəluca Allah bir daha bəyan edir ki, müşriklərin ibadət etdikləri bütlər ibadətə layiq deyillər, çünki onlar nə özlərinə xeyir gətirməyə, nə də onların qarşısında diz çökənlərə kömək göstərməyə qadir deyillər. Onların ağlı yoxdur və dualara cavab vermək bacarığına malik deyillər və hətta əgər onları düz yola gəlməyə çağırsalar, onlar onsuz da bunu etməzlər. Onlar adicə cansız heykəllərdir. Sənə elə gəlir ki, onlar sənə baxırlar, lakin onlar heç nə görmürlər, çünki onlar canlı məxluqların, göz və başqa orqanlar yapılmış təsvirləridir. Əgər onlar canlı görünsələr də belə, onların üzərində sadəcə düşünmək kifayət edər ki, onların hərəkət etməyi və yerini dəyişməyi belə bacarmayan cansız heykəllər olmalarını yəqin edəsən. Müşriklər onlara ibadət edərkən nəyə əsaslanırlar? Onlara ibadət ayinlərini həsr etməkdən və onlara yaxınlaşmaqdan nə kimi faydalar əldə edirlər?
Bunu anlayan insan başa düşür ki, hətta əgər müşriklər öz bütləri ilə birləşərək, göylərin və yerin Yaradanının himayə etdiyi möminləri hiyləgərliklə ziyana salmaq istəsələr, onlar onsuz da onlara bir zərrəcik boyda zərər vura bilməzlər. Həqiqətən, onların hamısı tamamilə aciz məxluqlardır, halbuki Allahın hakimiyyəti və qüdrəti kamildir. Təkcə Onun himayəsi altında olan və Ona təvəkkül edən qullar qüdrətlidirlər.
Belə bir rəy mövcuddur ki, baxan, lakin görməyənlər adı altında Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməkdən boyun qaçıran müşriklər nəzərdə tutulur. Bu halda Allah sanki Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) aşağıdakı sözlərlə müraciət edir: “Sən güman edirsən ki, onlar, bundan fayda götürməyə və haqqı yalandan fərqləndirməyə cəhd edərək, sənə baxırlar, lakin axı onlar sənin hər bir dərrakəli insana aydın olan əsil keyfiyyətlərini və məziyyətlərini, gözəlliyini, kamilliyini və doğruçuluğunu görməyə qadir deyillər”.

————-
Əbdürrəhman bin Nasir əs-Səədi

MÜQƏDDƏS QURANIN TƏFSİRİ

Tərcüməçi
Fərahim Süleyman oğlu Qurbanov

Bənzər Məqalələr