featured-image-2833

(7.131) “Onlara bolluq qismət olduğu zaman: “Bu bizim (haqqımızdır)!” — deyər, bir pislik üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi) Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik) Allahdandır, lakin onların əksəriyyəti (bunu) bilməz!”

Onlar məhsulu yığıb ərzaq tədarük edəndə Allaha minnətdarlıq etməkdən boyun qaçırardılar və deyərdilər ki, bu bizim haqqımızdır. Onlar quraqlığa məruz qalanda və məhsullarından məhrum olanda, bu bədbəxtliyi Musanın (ə) peyğəmbər gəlməsi və İsrail oğullarının onun (ə) ardınca getmələri ilə əlaqələndirərdilər. Bu bəlaları Allah öncədən onların qismətinə yazmışdı və onların danışdıqları sözlər azğınlıq nəticəsiydi. Həqiqətən, bu müsibətlərin səbəbi onların günahları və kafirliyiydi, lakin onların əksəriyyəti bunu bilmirdilər və buna görə də onların bəyan etdikləri beləcə yanlış idi.

(7.132) “(Firon adamları Musaya) dedilər: “Sən bizi ovsunlamaq üçün nə möcüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!”

Onlar öz yanlış baxışlarından əl çəkməyəcəklərinə Musanı (ə) inandırmağa çalışaraq, deyirdilər: “Biz əminik ki, sən sehrbazsan, göstərdiyin hər hansı möcüzədən asılı olmayaraq, o, sənin sehrbazlığına əminliyimizi daha da artırır. Biz sənə heç vaxt inanmarıq və sənin təbliğ etdiklərini doğru saymarıq”.
Həqiqətən də belə davranış ən yüksək inadkarlıqdır ki, təkcə kafirlərdə müşahidə edilə bilər. Belə insanlar üçün artıq möcüzələrin nazil edilib-edilməməyinin heç bir fərqi yoxdur.

(7.133) “Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və həşərat, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular”.

Allah misirlilərin üstünə tufan göndərdi və onun nəticəsində daşqın suları onların bağlarını və əkinlərini basdı və onlara çox zərər vurdu. Sonra O, onların üstünə meyvələrini, əkinlərini və bitkilərini məhv edən çəyirtkə göndərdi. Sonra onlara bit basqınını düçar etdi.
Belə bir rəy var ki, ərəb sözü olan “kummal” dedikdə, təzə çəyirtkə nəzərdə tutulur, lakin tamamilə aydındır ki, ayədə bəhs edilən məhz adi bitlərin basqınıdır.
Sonra Allah onların üstünə qurbağalar göndərir və onlar hətta misirlilərin qablarının içinə girir və böyük zərər vururdular. Sonra O, onları qanla sınağa çəkdi. Ola bilsin ki, qan onların burnundan axırdı, lakin müfəssirlər əksəriyyətlə hesab edirdilər ki, Misirdə içməli su qana çevrilmişdi və bunun nəticəsində insanlar ancaq qan içirdilər və yemək hazırlaya bilmirdilər.
Bu aydın möcüzələrdən hər biri onların zalım yalançılar olmasını təsdiq edir və Musanın (ə) təbliğ etdiklərinin hamısının həqiqət olduğunu sübuta yetirirdi. Fironun xalqı bu möcüzələri təşəxxüslə inkar etdi — onlar əvvəllər də cinayətkar xalq idilər. Buna görə Fövqəluca Allah onları cəzalandırılmaya məhkum etdi və onlara azğınlıq içində əbədi olaraq sərgərdan gəzib dolaşmaq əmri verdi.

(7.134) “Onlara əzab gəldikdə dedilər: “Ey Musa! (Allahın sənin dualarını qəbul etmək və peyğəmbərlik vermək barəsində) səninlə olan əhdi xatirinə bizim üçün Rəbbinə dua et. Əgər bu əzabı bizdən götürsə, biz hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə (istədikləri yerə) göndərəcəyik”.

Bir çox şərhçilərin rəyinə görə bu ayədə cəza adı altında taun yoluxucu xəstəliyi nəzərdə tutulur. Digər bir rəyə görə isə bu ad altında yuxarıda rəvayət etdiyimiz möcüzələr nəzərdə tutulur. Daşqın, çəyirtkə, bit, qurbağa basqını və həmçinin qanla sınağa çəkilmə həqiqətən də cəzalandırılma idi.
Hər dəfə misirlilərə cəza veriləndə, onlar Musaya (ə) yalvarırdılar ki, Allahın ona (ə) nazil edəcəyinə söz verdiyi Vəhy və qanun xatirinə onlara havadar çıxsın. Onlar bildirirdilər ki, əgər o (ə), onları cəzadan qurtararsa, onlar hökmən ona (ə) iman gətirərlər və İsrail oğullarını onunla birlikdə buraxarlar. Lakin onların sözləri yalan idi və onlar bu sözləri özlərinə düçar olmuş intiqamdan yaxa qurtarmaq üçün deyirdilər. Onlar elə güman edirdilər ki, bu üsulla bir bəladan xilas olsalar, artıq növbəti fəlakət onlara toxunmaz.

(7.135) “ Elə ki, əzabı bir müddətə onlardan götürdük, dərhal (əhdi) pozdular”.

Allah Fironun xalqını bir bəlanın ardınca digər bəladan müəyyən müddətə xilas edirdi. Bu əbədi deyil, müvəqqəti xilas idi. Bu yerinə yetirilən kimi fitnə-fəsadçılar o saat Musaya (ə) verdikləri vədi yaddan çıxarırdılar. Onlar ona (ə) iman gətirəcəklərinə və onu (ə) İsrail oğulları ilə birlikdə buraxacaqlarına vədə vermişdilər, amma bunu etmirdilər. Bundan da başqa, onlar öz kafirliklərində kor-koranə dolaşır və israillilərə əziyyət verirdilər.

(7.136) “Biz də ayələrimizi yalan hesab edib onlardan qafil olduqları (onlara etinasız yanaşdıqları) üçün (Firon əhlindən) intiqam alaraq onları dənizdə batırdıq.

Kafirlərin həlak edilməsi saatı yaxınlaşdıqda, Allah Musaya (ə) əmr etdi ki, gecənin qaranlıq pərdəsi altında İsrail oğullarını Misirdən çıxarsın və onu (ə) xəbərdar etdi ki, Firon öz döyüşçüləri ilə onları izləyəcək. Baş vermiş hadisəni bildikdən sonra amansız hökmdar İsrail oğullarını təqib etmək üçün hazırlaşmağa başladı və ölkəsinin bütün şəhərlərinə qoşun toplamağa öz əsgər yığanlarını göndərdi.
Fövqəluca Allah buyurur: “Firon şəhərlərə (əsgər) yığanlar göndərdi. (O, belə deyirdi:) “Şübhəsiz ki, bunlar (İsrail övladı) kiçik bir tayfadır! Onlar (bəzək şeylərimizi götürməklə, Misiri atıb getməklə) bizi qəzəbləndirmişlər. (Və ya: İsrail oğullarına çox əziyyət verdiyimizə görə onlar bizə qarşı qəzəblidirlər). Biz isə qüvvətli (yaxşı silahlanmış, yaxud ayıq-sayıq, işimizi bilən) bir camaatıq!” Nəhayət, Biz onları (Fironu və tayfasını) bağlardan və bulaqlardan çıxartdıq. Xəzinələrdən və (Nil ətrafındakı) gözəl (bərəkət dolu) yerdən kənar etdik. (O yerlərdən onları) beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik. (Firon və əsgərləri) günəş doğduqda onların (İsrail oğullarının) arxasınca düşdülər. İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “(İşimiz bitdi!) Artıq yaxalandıq!” (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!” Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hisəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu. O biriləri (Firon əhlini) də ora yaxınlaşdırdıq (dəniz sahilinə topladıq). Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O biriləri (Firon tayfasını) isə suya qərq etdik” (Şuəra, 26/53-66).
Günahkarlar, Allahın möcüzələrini yalan saydıqlarına və bunların təsdiq etdiyi haqdan üz döndərdiklərinə görə suya qərq edildilər.

(7.137) “Zəif (həşr) görünən o tayfanı (İsrail oğullarını) yer üzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə (Şam diyarına) varis etdik. (Müsibətlərə, fəlakətlərə) səbir etdiklərinə görə Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər (vədlər) tam yerinə yetdi. Fironun və onun camaatının qurduqları (imarətləri) və ucaltdıqlarını (qəsrləri, kəhkəşanələri) isə viran qoyduq”.

Yer üzündə İsrail oğullarını zəif hesab edirdilər. Onlar Fironun xalqı tərəfindən əsarət altına alınıb qul edilmişdilər, alçaldılmaya və əziyyətlərə dözürdülər. Lakin Qüdrətli Allah onlara imkan verdi ki, Misirin Şərqində və Qərbində yerləşən torpaqlara varis olsunlar. Əvvəllər bu yerlərdə onlar alçaldılmağa səbir etmişdilər, indi isə Allah onları həmin yerlərin tamsəlahiyyətli sahibləri etmişdi. Rəbbin İsrail oğulları haqqındakı gözəl sözü belə gerçəkləşdi. Həqiqətən, onlar öz səbirliliyi ilə bu mükafata layiq idilər.
Burada söhbət Musa peyğəmbərin (ə) öyüd-nəsihətindən gedir: “Musa öz tayfasına: “Allahdan kömək diləyin və səbir edin. Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət (dünyada zəfər, Axirətdə yüksək məqamlar) müttəqilərindir!” — dedi” (Əraf, 7/128).
Fironun və əyanlarının ucaltdıqları möhtəşəm qəsrlərə və dəbdəbəli saraylara gəldikdə isə onların hamısı etdikləri zalımlığın əvəzi olaraq dağıdılmışdı. Həqiqətən də, bütün bunlarda — bilik sahibi olanlar üçün bir rəmz vardır.

[b](7.138) “Biz İsrail oğullarını dənizdən keçirtdik, (sonra) onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. (İsrail oğulları) dedilər: “Ey Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!” (Musa belə) cavab verdi: “Siz, doğrudan da, cahil bir tayfasınız!” [/b]

Firon öz xalqı ilə birlikdə onları təqib edərkən, Allah İsrail oğullarını dənizdən keçirdi. Sonra O, İsrail oğullarının gözü qarşısında kafirlərin qoşununu suda qərq etdi. İsraillilər isə öz yollarına davam etdilər. Əhalisi ciddi-cəhdlə bütlərə ibadət edən və onlardan xeyir-dua istəyən kəndlərin yanından keçərkən, İsrail oğulları — öz ağılsızlıqlarından və nadanlıqlarından — Musadan (ə) xahiş etdilər ki, onlar üçün də bir ilah müəyyənləşdirsin ki, onlar da bütlərə sitayiş edən müşriklər kimi, ona ibadət etsinlər. Onlar bu xahişi — Allahın onlara bu qədər möcüzələr göstərməsindən sonra istədikləri üçün, Musa (ə) onları cahil xalq adlandırdı.
Öz Rəbbi və Yaradanından xəbərsiz olan, Onu, yaratdıqları ilə, nə özlərinə, nə də özgələrinə xeyir və ya zərər verə bilməyən, həyata, ölümə və dirilməyə sərəncam çəkmək iqtidarı olmayan məxluqları ilə bərabər tutanlardan kim daha nadan və cahil ola bilər?!!

[b](7.139) “Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puçdur!”[/b]

Bu insanların etiqad etdikləri nə varsa məhv ediləcəkdir və onların etdikləri əməllər əbəs olacaqdır. Onların duaları səmərəsiz, ilahları isə faydasızdır. Deməli, onların əməlləri də, niyyətləri də yanlışdır.

(7.140) “(Musa yenə) dedi: “Allah sizi aləmlərə (dövrünüzdəki bütün insanlara) üstün etdiyi halda, heç mən sizin üçün Allahdan başqa bir tanrı istərəmmi?!”

Doğrudanmı, O — Vahid Haqq İlah olduğu halda, mən sizə Allahdan başqa bir ilah göstərərəm? O, ən gözəl sifətlərə malikdir və əməlləri qüsursuz yerinə yetirir. O, sizi bütün məxluqlardan ucaltmışdır və siz Onun bu lütfkarlığına minnətdarlığınızı bildirməlisiniz. Buna görə siz təkcə Ona ibadət etməli və Ondan başqa ibadət edilənlərin hamısını rədd etməlisiniz.

(7.141) “(Ey İsrail oğulları!) Yadınıza salın ki, sizi Firon əhlinin əlindən qurtardıq. Onlar sizə şiddətli əzab verir, oğullarınızı öldürür, qadınlarınızı isə (özlərinə xidmət etmək üçün) diri saxlayırdılar. Bu sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq idi”.

Fövqəluca Allah İsrail oğullarına onları Firon və onun xalqından xilas edən zaman onlara göstərdiyi lütfkarlığını xatırladır. Onlar İsrail oğullarını dəhşətli cəzalara məruz qoyur, oğlan uşaqlarını öldürür və təkcə qadınlarını diri saxlayırdılar. Lakin bu cəzadan xilas edilmənin özündə böyük bir sınaq və Rəbdən gələn böyük mərhəmət var idi. Başqa bir şərhə görə isə böyük sınaq — Fironun və onun xalqının israillilərə verdiyi məşəqqət idi.

(7.142) “Musa ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı nazil edəcəyimiz və özü ilə danışacağımız) barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin (ibadət üçün) təyin etdiyi müddət tam qırx gecə (gün) oldu. Musa qardaşı Haruna dedi: “Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!”

Musa (ə) təbliğat və nəsihət ilə öz xalqına müraciət etdikdə, onlar özləri üçün büt təyin etməsini ondan (ə) xahiş etməkdən vaz keçdilər. Allah onlara rəhm edərək onları düşməndən xilas etdi və yer üzündə onlara hakimiyyət bağışladı. Sonra O, onlara yenə böyük bir nemət — Kitab nazil etdi ki, onda dini hökmlər və Allahın ehkamlarına uyğun etiqad məsələləri izah edilirdi. Allah Musaya (ə) otuz gün təyin etdi və bu müddətə bir on gün də əlavə etdi ki, Musa (ə) Allahın vədini icra etməyə hazırlaşsın, israillilər də Səmavi Kitabın əhəmiyyətini dərk edərək, onu şövqlə almaq istəyirdilər.
Musa (ə) Allahın müəyyən etdiyi yerə gedərkən, o (ə) qayıdana qədər İsrail oğullarına başçılıq etməyi qardaşı Haruna tapşırdı. Bu, onun (ə) öz xalqının qayğısına qalmasına və ona mərhəmət göstərməsinə dəlil idi. O (ə) Haruna dedi: “Mən qayıdana qədər İsrail oğullarını mən idarə etdiyim kimi idarə et. İnsaflı ol, lakin günah işlədənlərə üzüyumşaqlıq göstərmə!”

(7.143) “Musa təyin etdiyimiz vaxtda (Sina dağına) gəldikdə Rəbbi onunla (arada heç bir vasitə olmadan) danışdı. (Musa:) “Ey Rəbbim! Özünü (camalını) mənə göstər. Sənə baxım!” — dedi. Allah: “Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən”, – buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra isə: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan uzaqsan!) Sənə (bu işimdən ötrü) tövbə etdim. Mən (İsrail oğullarından Səni görməyin mümkün olmadığına) iman gətirənlərin birincisiyəm!” — dedi”.

Musa (ə) Allahın ona (ə) Kitab nazil edəcəyi yerə gəldikdə, Qüdrətli Rəbb onunla (ə) danışdı. Onun ilahi nitqi vəhylərdən, hökmlərdən və haramlardan ibarət idi. Müqəddəs Peyğəmbər (ə) böyük şövqlə Onu görmək istəyirdi. Bu arzusu ilə vəcdə gələrək, o (ə) Ondan Ona baxmasına imkan verməsini dilədi. Belə olduqda Allah ona (ə) bildirdi ki, o (ə) Onu bu dünyada ( Yəni, hətta peyğəmbərin (ə) belə bu maddi aləmdə Allahı görə bilməsi mümkünsüzdür. F.S.) görə bilməz.
Xeyirxah və Uca Rəbb məxluqları dünya həyatında Onu görə bilmək qabiliyyəti ilə yaratmamışdır, lakin bu hələ heç də qətiyyən o demək deyildir ki, insanlar Onu Cənnətdə görə bilməzlər. Quran mətnləri və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) hədisləri birmənalı olaraq təsdiq edir ki, Cənnət sakinləri öz Xeyirxah və Uca Rəbbinin üzünü görə biləcəklər. Onlar Onun nəcib, alicənab çöhrəsinə baxmaq imkanına malik olacaqlar, çünki O, onlara ən kamil sima bəxş edəcəkdir ki, onun sayəsində cənnətdəkilər Onu görə biləcəklər. Məhz buna görə, şərh etdiyimiz ayədə Allah buyurur ki, əgər O, Özünü dağa göstərdikdən sonra, dağ yerində qalsa, Musa (ə) da Onu o zaman görə bilər. Allah Özünü dağa göstərdikdən sonra, o sanki qum təpəciyi kimi ətrafa səpələnib yox oldu. Nəhəng dağ öz Rəbbinin baxışından əzəmətli ehtizaza gəldi, lakin bu sınağa dözə bilmədi. Musa (ə) bunu gördükdən sonra huşunu itirib yerə yıxıldı.
Ayıldıqdan sonra o (ə) başa düşdü ki, əgər Allahın baxışından dağ öz yerində dayana bilmədisə, onda o (ə) buna heç vəchlə davam gətirə bilməz. O (ə) Allahdan yersiz xahişinə görə üzr istədi və dedi: “Ey Rəbbim! Sən hər cür nöqsanlardan uzaqsan və Sənin əzəmətinə yaraşmayan hər şeydən ucasan. Mən yol verdiyim günahlar üçün tövbə edir və Sənə qarşı kifayət qədər ehtiram göstərmədiyimə görə üzr istəyirəm. Mən iman gətirənlərin birincisi olacağam!” O (ə), əvvəllər onda olmayan bilikləri Allah ona (ə) agah etdikdən sonra, öz imanını təzələməyi arzuladı.

(7.144) “(Allah) belə buyurdu: “Ey Musa! Mən Öz risalələrimlə (Tövratın lövhələrini nazil etməklə) və səninlə (arada heç bir vasitə olmadan) söhbət etməyimlə (dövründəki bütün) insanlardan səni seçib üstün tutdum. İndi sən verdiyimi götür və (bu nemətlərə görə) şükür edənlərdən ol!”(Ayənin bu (Z.Bünyadov. və V.Məmmədəliyev.) variantında bir sıra kiçik təshihlərə yol verilmişdir ki, bu da bu günədək “risalət” və onun təki olan “risalə” sözünün Azərbaycan dilində qarşılığının mənaca tam sabitləşməməsi və birmənalı istilaha çevrilməməsi ilə əlaqədardır. Risalət, sözün qrammatik formasından asılı olmayaraq, ərəb dilindən, əsasən, “peyğəmbərlik” və ya “peyğəmbərlik vəzifəsi” kimi və yaxud da “müraciətnamə”, “bəyanat” və bir sıra başqa mənalarda tərcümə edilir ki, bu da onun çoxvariantlı anlaşılmasına səbəb olur. Ayələrin tərcüməsində isə bu incəliklərə xüsusi diqqət yetirilməsi olduqca vacibdir. Məsələn, istifadə etdiyimiz ayənin mətnində “risalələrimlə” sözü “risalətlərimlə” formasında (-“t” ilə) verilmişdi. Halbuki həmin sözün “t” cəm formasında verilməsi Allahın Musa peyğəmbərə (ə) bir sıra peyğəmbərliklər və ya Kitablar verməsi kimi başa düşülə də bilər. Lakin Allah Musaya (ə) bir ali vəzifə – peyğəmbərlik və eyni zamanda Tövratı bəxş edir və buna görə də, “onu götür” deyir. Ayənin şərhinin doğru anlaşılması və istifadə edilmiş Quran tərcüməsinin özəlliyinin oxucu tərəfindən nəzərə alınması məqsədilə mən bu qeydləri etmək məcburiyyəti qarşısındayam. Bir məsələni də vurğulamaq yerinə düşərdi ki, böyük İslam alimi və müfəssiri Əbdürrəhman əs-Səədinin bu məşhur əsəri Quranın əsli əsasında şərh edildiyi halda, sonrakı tərcüməçilər, bəzən istər-istəməz, onun kitabını orijinallığını tam saxlamamış tərcümələrin əsasında öz ana dillərinə çevirmək zəruriyyətində qalırlar ki, bu onların üzərinə böyük məsuliyyət qoyur. Buna görə etiraf etmək lazımdır ki, bu gün bu — dünya şöhrətli təfsirin dilimizə səlis və oxunaqlı tərzdə çevrilməsi və əksər insanlarımız tərəfindən aydın başa düşülməsi üçün ölkədə indiyədək həyata keçirilmiş Quran tərcümələrinin mətninə bəzi (imkan daxilində) təshihlər edilmədən onların istifadəsini çətinləşdirir. Düşünürəm ki, Müqəddəs Quranın ölkəmizdəki möhtərəm tərcüməçiləri Allahın Kitabının bu ilk geniş şərhinin Azərbaycan dilində işıq üzü görməsi üçün Böyük Allah xatirinə etdiyim bir sıra təşəbbüsləri nəzərə alıb, məni o qədər də çox qınamazlar. Həm olsun Allaha — aləmlərin Rəbbinə! Onun xatirinə məzəmmət olunmaq da xoşdur! F.S.)

Ey Musa! Mən səni seçdim və çoxlarının layiq görülmədiyi böyük mərhəmətimi sənə göstərdim. Mən sənə təkcə ən yaxşıların layiq görüldüyü peyğəmbərlik əta etdim. Mən səninlə vasitəçisiz söhbət etdim və səni qardaşların olan elçilərdən fərqləndirdim. Sənə bəxş etdiklərimi qəbul et və qəlbini nazil etdiyim hökmlər və haramlar üçün geniş aç. Onları itaətkarlıqla qəbul edib sözünlə və əməlinlə təqdis et. Sənə ehsan etdiyim mərhəmətimə görə Mənə minnətdarlıq et!

(7.145) “Biz onun üçün lövhələrdən hər şeydən, moizə və təfsilata dair hər şeyi yazdıq. (Və belə buyurduq: ) “Bundan möhkəm yapış və ümmətinə də onun ən gözəl (savabı çox olan) hökmlərindən yapışmağı (onlara əməl etməyi) əmr et. (Axirətdə) sizə fasiqlərin yurdunu (Cəhənnəmi) göstərəcəyəm!”
(7.146) “Yer üzündə haqsız yerə (layiq olmadıqları halda) təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam (mane olacağam). Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır”.

Biz Allahın qullarının ehtiyacları olacağı bütün bilikləri lövhələrdə nazil etdik. Onlarda xeyirxahlıq etməyə çağırış və cinayətlər törədilməməsi barədə xəbərdarlıq var idi. Bu vəhylə yanaşı dini hökmləri, düzgün baxışları, gözəl əxlaqi keyfiyyətləri və ünsiyyət qaydalarını izah etdik.
Fövqəluca Allah buyurur: “Ey Musa! Bu hökmləri özün səylə və ciddi-cəhdlə yerinə yetir və xalqına əmr et ki, onlar da dininin vacib və könüllü icra edilməsi tələb olunan hökmlərini yerinə yetirsinlər, çünki bunlar yer üzündə ən gözəl qanunlardır”.
Bu sözlərdən aydın olur ki, Allahın istənilən şəriətə dair peyğəmbərlərinə nazil etdiyi bütün hökmləri kamil, ədalətli və gözəl olmuşdur.
Sonra Allah bəyan edir ki, möminlərə günahkarların məskənlərini göstərəcək. Onlar məhv edilmişdilər, amma onların yaşayış məskənləri sonrakı nəsillər üçün ibrət dərsi olmalı idi. Lakin təəssüflər olsun ki, onların barəsində təkcə möhkəm etiqad sahibi və öz Rəbbi qarşısında itaətkar olan möminlər düşünürlər. Qalan insanlara gəldikdə isə, Fövqəluca Allah bütün dünya üzünə səpələnmiş və onların özlərində olan möcüzələri dərk etməkdən onları yayındırır və onlara Onun Kitabını düzgün anlamağa imkan vermir. Bu, Onun qullarına təkəbbürlə yanaşanlardan, haqqı və onun təbliğatçılarını ötkəmliklə inkar edənlərdən alınan qisasdır.
Belə keyfiyyətlərə malik olan hər bir kəsi Fövqəluca Allah böyük nemətindən məhrum edir, Öz köməyini ondan əsirgəyir və onu ona fayda verə bilən ayələrdən uzaqlaşdırır. Belə də ola bilər ki, haqq belə adamın gözündə tərsinə çevrilər və onda o, yanlış əməlləri xeyirxah əməllər kimi qəbul edər. Gördüyü möcüzələrdən asılı olmayaraq, o, haqq dinə gəlməz, çünki onlardan üz döndərir, onlara müqavimət göstərir, Allah və Onun elçisi (ə) ilə düşmənçilik edir. Onun qarşısında Allaha və Allahın mərhəmət Məskəninə aparan doğru yol açıldıqda, o, o yolla getməkdən boyun qaçırır. Ancaq bədbəxtlik Məskəninə aparan azğınlıq yolu açıldıqda isə, o, o yola yönəlir və bunun səbəbi də ondadır ki, o, Allahın möcüzələrini yalan saymış və onlara laqeyd yanaşmışdır. Məhz Allahın ayələrini qəbul etməmə və onlara etinasızlıqla yanaşma onu azğınlıq yoluna salmış və haqq yoldan boyun qaçırmağa məcbur etmişdir.

(7.147) “Ayələrimizi və axirətə qovuşmağı doğru hesab etməyənlərin (bütün) əməlləri puça çıxdı. Onlar ancaq öz əməllərinin cəzasını çəkəcəklər!”

Əgər bir insan Allahın elçiləri vasitəsilə göndərdiyi hər şeyin doğruluğunu təsdiq edən böyük möcüzələri yalan sayırsa və Axirət həyatını inkar edirsə, onda onun əməlləri mütləq əbəs olacaqdır, çünki onlar (əməllər) hər hansı bir əsasdan məhrumdur. O insan heç bir əməlin, onsuz qəbul edilmədiyi, şərtini yerinə yetirmir. Bu şərt, Allahın ayələrinə və ölümdən sonra əvəz veriləcəyinə iman gətirməkdir.
Əgər insanın əməlləri əbəsdirsə və o, müqəddəs saydığı məqsədinə nail ola bilmirsə, onda o, layiq olduğu əvəzi alır. Kafir Qiyamət günü mükafatlandırılacağına ümid etməməlidir. Onun etdiyi xeyirxah əməllər mənasızdır və buna görə onlar itib-batacaq və yox olacaqlar.

(7.148) “(Tur dağına gedən) Musanın ardınca tayfası öz bəzək-düzək şeylərindən (canlıymış kimi) böyürtüsü olan bir buzov heykəli düzəltdilər. Məgər (buzovun) onlarla danışmadığını, onlara bir yol göstərə bilmədiyini görmədilərmi? (Bununla belə) ona (buzova) tapınıb (özlərinə) zülm eləyən oldular”.

Samaralı birisi İsrail oğullarına məxsus olan qızıl bəzək əşyalarından bir buzov heykəli düzəltdi. O, ərintiyə Allahın elçisinin (ə) ayağının izi qalmış bir ovuc torpaq da əlavə etdi və buna görə buzov böyürməyə başladı. Adamlar bunu gördükdə, buzova səcdə etməyə başlayıb, ondan ilah düzəltdilər. Samaralı isə dedi: “Budur sizin ilahınız və Musanın ilahı, lakin o, onu unudaraq, öz Allahını axtarmağa getmişdir”.
İsraillilərin hərəkəti onların düşüncəsizliyinə və ağılsızlığına dəlalət edirdi. Onlar necə güman edə bilərdilər ki, ən qeyri-kamil məxluqlardan biri olan — qızıl buzov göylərin və yerin Rəbbi ola bilər?!!
Fövqəluca Allah izah edir ki, həmin buzovun nə keyfiyyətləri, nə də onun əməlləri ilahlaşdırılmasına və ya ona ibadət edilməsinə layiq deyildi. Doğrudanmı israillilər görmürdülər ki, buzov hətta danışa bilmir? Danışıq qabiliyyətinin olmaması böyük nöqsan idi və onlara aydın olmalıydı ki, özləri bu dilsiz heyvandan və cansız heykəldən daha kamil keyfiyyətlərə malikdirlər.
Buzov onlara dində doğru yol göstərə bilməzdi və ya onlara dünyəvi işlərində fayda verə bilməzdi, axı insan ağlı və şüuraltısı birmənalı olaraq sübut edir ki, xeyir verməyə və zərər vurmağa qabil olmayan dilsiz heykələ ibadət etmək ən böyük yalan və yaramaz axmaqlıqdır. Buna görə Fövqəluca Allah buyurur ki, buzova ibadət etməyə başlayan İsrail oğulları zalımcasına davrandılar. Onlar layiq olmayan məxluq qarşısında baş əydilər. Onlar müşrikliyə qapıldılar ki, o barədə Allah heç bir dəlil nazil etməmişdi.
Bu ayə təsdiq edir ki, Allahın nitqini inkar etmək Onun ilahi sifətlərindən birini inkar etmək deməkdir. Biz bu nəticəyə – qızıl buzovun danışıq qabiliyyətinin olmaması — haqqında Allahın: “buzov ibadətə və ilahlaşdırılmağa layiq deyil” deyə, duyurduğu sözlərinə görə gəlirik.

(7.149) “Elə ki (peşmançılıqdan başları) əlləri arasına düşdü və haqq yoldan azmış olduqlarını gördülər, (əməllərindən çox məyus olub) dedilər: “Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq ziyana uğrayanlardan olacağıq!”

Musa (ə) xalqının yanına qayıtdıqdan sonra həmtayfalarının nə törətdiklərini gördü. O (ə), onların səhvini özlərinə izah etdi və onlar etdiklərinə peşman oldular və kədərləndilər. Günahlarını dərk edərək, onlar Rəbbin qarşısında itaətkarlıq göstərdilər və dedilər: “Əgər Allah bizə rəhm etməsə, bizə doğru yolu göstərməz, təkcə Ona ibadət etməkdə bizə kömək etməz və bizi saleh əməllərə ruhlandırmaz, buzova ibadət etməyimizi bağışlamaz və belə olduqda, biz ziyana uğramışların sırasında olarıq — o şəxslərin ki, həm bu dünyada, həm də ölümdən sonra nemətlərdən məhrum edilmişlər”.

(7.150) “Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən onlara dedi: “Məndən sonra mənə nə pis xələf oldunuz! (Nə pis işlər gördünüz!) Rəbbinizin əmrini (əzabını) tezləşdirməkmi istədiniz?” (Musa) qəzəbindən (əlindəki Tövrat) lövhələrini yerə atdı, qardaşının başından (saç-saqqalından) yapışıb özünə tərəf çəkməyə başladı. (Harun) dedi: “Ey anamın oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə. Mənimlə belə rəftar etməklə düşmənləri sevindirmə! Məni zalımlarla bərabər tutma!”

Musa (ə) İsrail oğullarına bərk qəzəblənmişdi və bu, onun (ə) Allahın dinini bütün varlığı ilə qorumağa səy göstərməsinə, öz həmtayfalarına ürəkdən yardım etmək istəməsinə və onlara yazığı gəlməsinə dəlalət edirdi. O (ə) dedi: “Mən gedən kimi siz yaramaz bir iş gördünüz ki, o, sizi əbədi məhvə və tükənməz bədbəxtliklərə məhkum edə bilər. Allah sizə Kitab nazil edəcəyinə söz verdi. Doğrudanmı siz Rəbbinizin vədini qabaqlamağı qərara aldınız və öz axmaq mühakimənizə əsaslanaraq bu mənfur günahı işlətməyə cumdunuz?”
Musa (ə) o dərəcədə hirslənmişdi ki, (Allahın nazil etdiyi yazılı lövhələri yerə ataraq) qardaşı Harunu saqqalından tutdu və onu özünə tərəf çəkib dedi: “…Ey Harun! Onların (haqq yoldan) azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki, (möminləri götürüb) arxamca gəlmədin? (Mənə bu barədə heç bir xəbər vermədin, yaxud mənim yolumla gedərək bütə tapınanları danlayıb onlara qarşı hiddətlənmədin?) Əmrimə asimi oldun? (Allahdan başqasına ibadət edənlərlə bir yerdə yaşamağı özünə nə cür rəva bildin?)” (Taha, 20/92-93).
Musa (ə) ona dediyi sözləri xatırlatdı: “…“Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!” (Əraf, 7/142). Belə olduqda Harun ona (ə) dedi: “Ey anamın oğlu! Saçımdan, saqqalımdan tutma. (Saqqalımı, başımı yolma). Doğrusu, sənin: “İsrail oğulları arasına ayrılıq saldın, sözümə baxmadın!” — deyəcəyindən qorxdum” (Taha, 20/94).
Harun onu (ə) anasının oğlu adlandırmaqla ancaq onun (ə) ürəyini yumşaltmaq istəyirdi. Əslində isə onlar ata-anadan doğma qardaş idilər. O, Musaya (ə) İsrail oğullarına dediyi sözləri danışır: “…Ey ümmətim! Siz bununla (hansınızın əqidəcə möhkəm, hansınızın şəkkak olduğunu ayırd etmək məqsədilə Allah tərəfindən) yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz, şübhəsiz ki, Rəhmandır. Mənə tabe olub əmrimə itaət edin!” (Taha, 20/90). Sonra o, əlavə edir: “Onlar məni zəif hesab edərək öldürməyə belə hazır idilər. Mənim barəmdə pis fikirləşmə və düşmənlərimizə məndən kam almağa əsas vermə, çünki onlar ümid edirlər ki, mən ya səhv buraxacaq, ya da nöqsanlı bir iş tutacağam. Məni zalımlara tay tutma və mənimlə onlarla davranılan kimi davranma”.

———————————–
Əbdürrəhman bin Nasir əs-Səədi

MÜQƏDDƏS QURANIN TƏFSİRİ

Tərcüməçi
Fərahim Süleyman oğlu Qurbanov

Bənzər Məqalələr