featured-image-2819

Sual: Mən müsəlmanam və Banqladeşdə yaşayıram. Səkkiz yaşımda ikən atam dünyasını dəyişdi. Anam və digər ailə üzvlərimiz, qohumlarımız Allah Təalanın müsəlman qadınlara ünvanladığı hicab geymək barədə əmrinə riayət etmirlər. Elə bu səbəbdəndir ki, qohumlarım məni qonaq çağırdıqda heç vaxt onlara baş çəkmirəm və onların dəvətini qəbul etmirəm. Qohumlarımdan mənimlə həmyaşıd olanların çoxu gündəlik namazlarını qılmırlar. Onlar deyirlər ki, Allah Öz rəhmətini yüz hissəyə bölmüşdür və bunun doxsan doqquz hissəsini Öz yanında saxlamışdır. Bununla demək istəyirlər ki, onlar sadəcə Bayram namazını qılsalar Allah onları bağışlayacaqdır. Mən namaz barədə hədislərdən xəbərdaram və onları başa salmağa çalışıram ki, irəli sürdükləri bu cür iddialar məntiqsizdir və onlar yalnız öz həva və istəklərinə tabe olublar. Bu cür qohumlar ilə mən necə münasibət qurmalıyam? Çünki onların hamısı eyni qəbildən olan insanlardır. Məni dəvət edikdə onların dəvətini qəbul etmədiyimdən məni ünsiyyətsiz, insanlar ilə qaynayıb-qarışmayan adlandırırlar. Dərrakəsiz və məntiqsiz danışaraq sadəcə öz həva və istəklərinə tabe olan bu cür insanlara necə cavab verim? Anam və gənc qardaşım ilə nə edim? Çünki onlar televizorda hind kinolarına baxır, bəzi kanallarda mahnı və musiqiyə qulaq asırlar. Qardaşım kefi istədiyində namaz qılır, bəzən beş dəfə namaz qılır və bəzən isə qəti namaz qılmır.

Cavab:

Həmd Allaha məxsusdur.

Əvvəla:

Əziz qardaşımız, sizin bu halınıza biz də həmşərikik, minlərlə deyil, milyonlarla insanın sizin kimi eyni taleyi bölüşdükləri bu cür bir mühitdə duyduğunuz qəriblik hisslərinizi başa düşürük. Bu qəriblər öz ailələri ilə yaşayır və onlardan əsla heç bir dəstək, etimad görmürlər. Daha doğrusu bu qəriblər bütün şər və pis işlərə qarşı mübarizə meydanında, ibadət və itaət əməllərini etməmək, özləri və həyat tərzləri ilə bağlı Allah Təalanın onlara əmr etdiyi şəriət əmrlərini tətbiq etməkdə onları ruhdan salmaq, çəkindirmək üçün bu cür insanlar tərəfindən üzləşdikləri münkər, şər işlərə qarşı çıxmaqda təkbaşına qalırlar. Bunlarla qarşılaşan insan həssas və hüquqları tanınmayan bir qadın xəylağı olduqda qəriblik hissiyyatı özünü daha güclü biruzə verir. Bundan dolayı sizə gözəl müjdələr verərək nəzərinizə çatdırırıq ki, “bu qəriblər” Allahın dinində böyük rol oynamışdırlar və onların dəvət işinin bəhrəsi çox əzəmətli olmuşdur. Nail olduqları bu uğur və faydalar isə onlar səbir nümayiş etdirdiklərindən və Uca Allahın razılığını qazanmaq üçün üzləşdikləri çətinliklərə görə Allahdan savab umduqlarından Allahın lütfü və rəhməti sayəsində gerçəkləşmişdir.

Bu arada nəzərinizə çatdırırıq ki, bu ümmətin saleh sələflərinin düçar olduğu qəddarlıq, məşəqqət və zərərlərin qarşısında ailələr və qohumların əlindən çəkdiyiniz əzab-əziyyətlərin təsiri müqayisə edilməyəcək dərəcədə solaraq cılızlaşır. Sizə qarşı irəli sürülən ünsiyyətsizlik iddiaları hara, Peyğəmbərimiz (Ona Allahın salavatı və salamı olsun) Muhəmmədə qarşı irəli sürülən kahin, yalançı və yaxud məcnun kimi ittihamlar hara? Üstəlik, münafiqlər Peyğəmbərimizin (Ona Allahın salavatı və salamı olsun) şərəfinə dil uzatmış və zövcəsi Aişəni (Allah ondan razı olsun) əxlaqsızlıqda, pozğunluqda ittiham etmişdirlər! Təkcə bunlar deyil, onlardan bəziləri nəinki iman gətirənləri həbs edib, işgəncə verir və zülm edir, hətta öz qardaşlarına, atalarına və qohumlarına silah çəkmiş, onların qanını halal görərək onlarla döyüşmüşdürlər.

Odur ki, səbirli və sabit-qədəm olun. Allahdan savab umun və onların hiylələrinə görə hüznlənməyin. Allah ilə olun və təlaşlanmayın. Öncə özünüzü Cəhənnəmdən xilas etmək üçün çalışın və sonra isə dəvətinizi digərlərinə çatdırın.

İkincisi:

Onları dəvət etmək və nəsihət etmək ilə bağlı sizə aşağıdakıları nəsihət edirik:

1.Onları Allahın yoluna dəvət etməzdən öncə niyyətinizi saflaşdırın, bunu ixlasla edin və dəvət işinizdə heç bir təmənna, qarşılıq deyil, yalnız Allahın razılığını ummaq;

2.Ailəniz və qohumlarınız üçün gözəl örnək olmağa çalışmaq. Allahın qanun-qaydalarına bağlı olmaq, bütün işlərdə islami davranış və əxlaqı rəhbər tutmaq;

3.Allahın şəriətindən olan istənilən bir məsələdə insanları razı salmaq xatirinə (bunu tərk etmək günah olmadıqca) əməlləri tərk etmək; çünki əks halda bu onlarda elə bir təəssürat yaradacaq ki, sizin islama bağlılığınızda ciddilik yoxdur.

4. Ailəniz və qohumlarınız arasından müdrik, ağıllı olanlar ilə münasibət qurmaq və sizə dəstək verəcək insanların rəğbətini qazanmağa çalışmaq. Səfeh və əqli cəhətdən lazımınca inkişaf etməyən və vaxtınızın hədər getməsinə səbəb olacaq şəxslərə fikir verməmək;

5. Qohumlarınızın dəvət etdiyi bu cür məclislərdə imanınıza mənfi təsir gətirə biləcək hər hansı bir günah elementi olarsa bu cür məclislərdən imtina etmək. Lakin qohumlarınıza baş çəkməkdə hər hansı bir faydanın hasil olacağını düşünürsünüzsə bu halda bunu edin və onları tərk etməyin. Çünki onların qəlbi xəstədir və siz isə bu halda onların həkimi sayılırsınız. Hətta onlar bundan imtina etsələr belə onların xəstəliklərini müalicə etmək üçün münasib bir yola baş vurun. Əsas odur ki, mənəvi müalicəni təklif işinizdə bacarıqlı, uzaqgörən olub imanınızı qorumaq üçün ehtiyat tədbirləri görəsiniz, əks halda onların günah bataqlıqlarına siz də batmış olarsınız. İki nur sahibi Osman ibn Əffan, (Allah ondan razı olsun), demişdir: “Əgər insanlar doğru addım atırlarsa sən də onlar kimi eynilə doğru addım at, yox əgər onlar yanlış addım atırlarsa onların bu yanlış addımını etməkdən uzaq durun.” Buxari, 695

6.Onları dəvət etmək və xeyir işlərə təşviq etmək üçün müxtəlif üsullara baş vurmaq. Bura aid ola bilər: onlara kiçik kitabçalar vermək, elmində və imanında mötəbər sayılan Əhli Sünnədən olan dəvətçilərin təsirli audio kassetləri.

7. Dua etmək üçün çox ciddi cəhd göstərmək. Bəlkə gecənin axırıncı hissəsində etdiyiniz səmimi bir duanı aləmlərin Rəbbi olan Allah qəbul buyurar və özünüz də bunun gözəl təsirlərinə şahid olarsınız. Bu da sizə xoşbəxtlik və sevinc gətirər.

Şeyx Saleh ibn Fəuzan əl-Fəuzana, Allah ona rəhmət etsin, belə bir sual ilə müraciət edirlər: Mənim bəzi qohumlarım, o cümlədən dayım və valideynlərim namaza gec dururlar və istəyirlər ki, qohumları ziyarət etdikdə mən də onlar ilə gedim. Mən bundan imtina etdim, çünki onların yığıncaqları şər, münkər işlərdən xali deyil. Onlara mənə belə deyirlər: Allah Çox Əfv Edən, Çox Rəhimlidir və qohumluq əlaqələrini saxlamaq vacibdir. Qohumluq əlaqələrini saxlamaq niyyətilə onlar ilə gedib onların işlədikləri günahlara dözsəm yaxşıdır, yoxsa onlar ilə əlaqəni kəsmək lazımdır?

Cavab: Əgər onların yanına getməklə onlara təsir etmək və yaxud şər, pis işlərdən əl çəkmələri üçün onlara öyüd-nəsihət verəcəyinizə ümidiniz varsa və şərri inkar etmək üçün üzərinizə düşən vəzifəni yerinə yetirə biləcəksinizsə bu halda aşağıdakı iki səbəbdən onların yanına getməlisiniz:

1. Qohumluq əlaqələrini saxlamaq;
2. Onların yanında olarkən şər, münkər işləri inkar etmək

Lakin münkəri, şər işləri inkar etməsəniz və yaxud bunları inkar etsəniz belə heç bir fayda hasil olmayacaqsa və onları bundan çəkindirməyinizə rəğmən onlar hələ də öz günah işlərini etməyə israr etsələr bu halda onların yanına getməyin. Çünki işdir onların yanına getsəniz şər, günahların işləndiyi bir məclisdə oturacaqsınız, bununla belə onları dəyişdirə bilməyəcəksiniz və yaxud dəyişdirməyə gücünüz çatmayacaqdır. Odur ki, bu halda onlardan uzaq durun, bəlkə Allah Sübhənahu və Təala siz bu cür mövqe tutsanız onları doğru yola yönəltsin.

əl-Muntaqa min Fətə`və əl-Şeyx əl-Fəuzan, 2/245

Üçüncüsü:

Qohumlarınızdan Əbu Hüreyranın (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) rəvayət etdiyi hədisi dəlil qismində irəli sürən şəxslərin yanlış yolda olduğunu göstərməyə heç o qədər ehtiyac yoxdur. Hədisdə deyilir ki: “Allahın rəhməti yüz hissədən ibarətdir. Bundan bir hissəsini cinlər, insanlar, heyvanlar və həşəratlar arasında bölüşdürüb. Məhz bunun sayəsindədir ki, onlar bir-birinə qarşı şəfqətli və mərhəmətlidirlər, bunun sayəsində vəhşi heyvanlar öz balalarına şəfqətlidirlər. Allah bu rəhmətin doxsan doqquz hissəsini saxlamışdır, Qiyamət Günü Öz qullarına bununla rəhm edəcəkdir.” Allah təalanın qullarına əmr etdiyi əmrlərə və qadağalara riayət etmədən bu hədisi öz əməllərinə bəraət qazandırmaq üçün dəlil qismində irəli sürmək bir növ istehza, lağ etməkdir. Allahın Rəhməti islamda qadağan edilən haram işləri işləyərək həlaka düçar olmuş miskinlər üçün yazılmayıb. Daha doğrusu onların işlədiyi bu günahlardan bəziləri küfrdür… Məsələn, namaz qılmamaq. Alalh Təala buyurur:

“Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır.”[əl-Əraf 7:56]

Allah Təalanın aşağıdakı sözləri üzərində bir düşün:

“Mərhəmətim isə hər şeyi əhatə edir. Mən onu Allahdan qorxan, zəkat verən və ayələrimizə iman gətirənlər üçün yazacağam.”[əl-Əraf 7:156]

Allah Təala buyurur:
“Ərşi daşıyanlar və onun ətrafındakılar öz Rəbbinə həmd edərək onu tərifləyir, Ona iman gətirir və möminlər üçün də bağışlanma diləyirlər: 'Ey Rəbbimiz! Sən mərhəmətin və elminlə hər şeyi əhatə edirsən. Tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından xilas et!”[əl-Ğafir 40:7]

İbn Kəsir, Allah ona rəhmət etsin, demişdir: “Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır” ayətinin mənası: Onun rəhməti xeyirxah işlər görüb Allahın əmrlərini yerinə yetirən və Onun qadağalarından çəkinən şəxlər üçündür. Sitatın sonu.

İbn Kəsirin Təfsiri, 3/429

Allah Təala olduqca əfv edən olduğu kimi eyni zamanda Onun cəzası da şiddətlidir.
“Həqiqətən, Rəbbin insanların zalımlığına baxmayaraq onları (tövbə edənləri) bağışlayır. Sözsüz ki, Rəbbinin cəzası şiddətlidir.” [ər-Rad 13:6]

Allah Təala buyurur:
Bu, günahları Bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli olan lütf sahibindəndir! [əl-Ğafir 40:3]

Allah Təala buyurur:
49. Qullarıma xəbər ver ki, Mən Bağışlayanam, Rəhmliyəm.
50. Əzabım isə ağrılı-acılı əzabdır.[əl-Hicr 15:49, 50]

Əgər bu günahkar asilər bu ayələri dərk etsələr onlar Allah Təalanı qəzəbləndirən və Onun cəzasına düçar edən şeylərdən çəkinmiş olardılar.

Ən doğrusunu Allah bilir.

Muhəmməd Saleh əl-Münəccid

Bənzər Məqalələr