Dövrümüzdə olduğu kimi, Quranın nazil olduğu zamanlarda da öz həva-həvəslərinə görə “din” arzulayanlar olmuşdur. Çünki, İslam, o kəslərin yaramaz əməllərinə mane olur və buna görə də, din – onlara heç cür sərf etməyən bir əngəl kimi görünməyə başlayır. Beləliklə də, bu kateqoriyadan olan insanlar ya dinin tamamilə aradan qaldırılmasına, ya da Allahın dinini tamamilə inkar edib özlərini çətinliyə salmaqdansa, onu öz arzu-istəklərinə uyğun şəkildə “dizayn” etməyə var güclərilə səy göstərməyə çalışmışlar. İkinci yolu seçənlər, ən şeytani və ən iyrənc addımı atmış olurlar. Həm müsəlman kimi görünmək, həm insanları doğru düşüncədən azdıraraq çaş-baş salmağa çalışmaq, həm də İslamı parçalayaraq, ləkə yaxmağa çalışmaq.. Tam bir münafiq əməli..

 

Lakin, əlbəttə ki, bu batil düşüncənin təmsilçiləri bunu bacarmayaraq tarix səhifəsindən silinib getməyə məhkum olmuşlar. Çünki Allah, Öz dinini qiyamətə qədər qoruyacağının qarantiyasını vermişdir. Təəssüf ki, müasir dövrümüzdə də bu silinmələrdən ibrət almayaraq və həmin bataqlıqlara sürüklənərək insanları doğru yoldan azdıran “din reformistləri” yenə də mövcuddur.

Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq! (Quran, 15/9)

Quran – hər hansı bir dövrdə yaşayan insanların keçici və dəyişkən arzularını təmin etmək üçün deyil, Qiyamət gününə qədər bütün insanlığın ruhi, əxlaqi və mənəvi ehtiyaclarını qarşılamaq, habelə dünyavi və uxrəvi (dünyadan sonraki həyat olan axirət həyatı – red.) səadətin yolunu göstərmək üçün endirilmişdir.

(Öldükdən sonra) bizimlə qarşılaşacaqlarına ümid etməyənlər özlərinə ayələrimiz açıq-aydın oxunduğu zaman: “Ya bundan başqa bir Quran gətir, ya da onu dəyişdir!” – deyirlər. De ki: “Onu özbaşıma dəyişməyim mənə yaraşmaz. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Rəbbimə asi olacağım təqdirdə, həqiqətən, böyük günün əzabından qorxaram”. (Quran, 10/15)

Bu səbəblə də, yuxarıdakı ayədə qeyd olunduğu kimi Peyğəmbər də daxil olmaqla heç kimin Quranın hökmlərini dəyişmək hüququ yoxdur. Özlərini cəmiyyətə “müasir” kimi sırıyan din “reformistləri” qədər, İslamda olmayan əməl və ritualları bu dinin adına “sırıyan” xurafatçılar da bu siyahıya aiddir. Bəli, minlərlə müsəlmanın, dini olaraq islahına (reforma) ehtiyacı vardır, lakin, son və mükəmməl din olan İslamın –dəfələrlə dəyişdirilmiş və dəyişdirilməyə davam edilən dinlərdə olduğu kimi- heç bir reform və yenilənməyə ehtiyacı yoxdur.

 

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr