featured-image-2511

Allah Təala Adəmi (ə) yaradaraq, onun bütün gələcək nəslini, yəni bəşəriyyəti də yaratdı. Lakin bu nəsil hələ Adəm (ə) kimi hazır biçimdə deyil, sadəcə qətrə ölçüsündə olan həyat daşıyıcı toxumlar halında yaradılıb və onlar nəsildən-nəslə ötürülüb meydana çıxırlar

Hər birinin də özünəməxsus gen informasiyası mövcuddur. Həmin bu toxumların hər birindən bir insan yetişəcək və bu toxumla yanaşı məhz ona məxsus olacaq bir ruh da yaradılır. Nəhayət, bunlar ya birləşərək, ya ayrılaraq, müxtəlif mərhələlərdən keçərək sonunda əbədiyyən birləşəcəklər. İnsanın ümumi həyatı artıq bu toxumlar mərhələsindən başlayıb. Digər tərəfdən, hər toxuma (gələcək konkret bir insana) aid olan öz ruhu da ayrıca hazırlanır və bu toxum ana bətninə düşüb 120-ci günə qədər inkişaf etdiyi müddətdə, həmin ruhlar xüsusi məqamda saxlanılırlar. 120-ci günündə isə, ana bətnində həmin ruh özünə məxsus olan rüşeymə salınır və o canlanır, hətta ilk hərəkətini edir.

İNSANIN ÜMUMİ HƏYATI.

Beləliklə, hər insanın ümumi həyatı Adəm (ə) dövründə toxum və ruh halında başlayaraq ta axirətə, əbədi həyata qovuşana qədər bir neçə mərhələdən keçir. Həyatın bu mərhələlərini belə sıralamaq olar:

-hər insanın həm toxumunun, həm də, məhz özünəməxsus olacaq ruhunun ayrı-ayrılıqda yaradılması;

-ayrıca, hər insanın zərrəsinin (toxumunun) yaradıldıqdan sonra Adəm (a) sümbülünə yerləşdirilməsi və hər bir toxum üçün nəzərə alınaraq yaradılan ruhun ayrıca gözləmə məkanında «ruhlar anqarında» saxlanılma mərhələsi;

-bir kərə Adəmin (a) bütün zürriyyətinin (zərrələrdən, toxumlardan ibarət olan nəslini, yəni bütün gələcək bəşəriyyəti) Allah tərəfindən Adəmin belindən çıxararaq zərrə-zərrə ayıraraq, hər birinə öz ruhu verilərək, həmin ruhun sayəsində də toxum halında dirildirilərək dindirilməsi və Allahın Rəbb olmasına dair onlardan təsdiq alınaraq, gələcək həyatda (dünya həyatının mərhələsində) doğru dini qəbul edəcəklərinə və ibadət edəcəklərinə dair qabaqcadan onlardan vəd alınması. Buna «misak hadisəsi» deyilir;

-əvvəlcə ruhsuz olaraq toxum halında ana bətninə yerləşdirilməsi; daha sonra ana bətnində «ölü ikən» öz ruhu verilərək dirilməsi (hər toxum ana bətninə düşdükdən 4 ay sonra, yəni 120-ci gün, bu ruh ona üfürülür) və nəhayət bətn həyatını yaşaması (ilk dörd ayı – (1-4) – ruhsuz inkişaf edərək böyüməsi (sanki bitki kimi bitməsi), qalan ayları — (4-9) — isə ruhla birlikdə bətn həyatına davam etməsi);

-sonra doğulması — yəni, uşağın ana bətni aləmini tərk edib, dünya həyatına köçməsi;

-sonra yaşayıb böyüyərək inkişaf etməsi və özünə ayrılan ömür müddətinin başa çatması ilə ruhun ondan alınması, bu səbəblə də, onun vəfat edərək artıq fərdi şəkildə axirət həyatının ilk mərhələsi olan «bərzah» və «qəbir» aləminə köçməsi;

-orada özünəməxsus həyat tərzi olan qəbir həyatını sürərək, ümumi Qiyamət gününədək bu halın davam etməsi; Qəbir aləminin özünəməxsus şiddətli cəza növləri və özünəməxsus rahatlıqları var;

-yer üzündə bütün bəşəriyyətin vəfat etməsi (toxumların limitinin qurtarması, artıq doğulacaq toxumların sayının bitməsi) və hətta, bir canlının da belə qalmaması, bununla da, ümumi qəbir həyatının başlaması və bir müddət bunun, yəni, ümumi sükütun sürməsi;

-nəhayət, Qiyamət günü bütün bəşəriyyətin hamılıqla yenidən dirilməsi; Dirilmə mərhələsi muəyyən bir müddət davam edərək başa çatır;

-nəhayət, ümumi dirilmə başa çataraq hamının mühakimə edilmə meydanına ümmət-ümmət gəlib toplanması (hər hansı bir səmavi din nümayəndəsi dünyada ikən seçdiyi dinin Peyğəmbərinin başçılığı altında bu mühakimə meydanına gələcək. Vay dinsizlərin halına. Vay özlərindən icad edilmiş dinlərin nümayəndələrinin halına — krişnalıq, buddaçılıq, taoizm və s.);

-mühakimə meydanına toplandıqdan sonra mühakimənin, haqq-hesab gününün başlanması. Bu, Günəşin dayandırıldığı və müddəti əlli min il olan bir gündür;

-sonunda, mühakimənin nəticələrinə görə insanların və cinlərin bir-bir ya Cənnət, ya Cəhənnəm məkanlarına göndərilməsi, bununla da, əsl və əbədi olan həyat mərhələsinin başlaması. Hal-hazırda yaşadığımız bu dünya məhz bu axirət həyatı üçün hazırlaşma fürsətidir. Necəki, Peyğəmbərimiz (s.ə.s.) buyurmuşdur: «Bu dünya axirətin tarlasıdır», digər bir hədisdə də: «Əsl həyat Cənnət həyatıdır! Əsl həyat Cənnət Həyatıdır!» – buyurmuşdur.
Allah Sübhanahu və Təala bizi dəfələrlə bu əbədi həyata və onun faydalı olması üçün hazırlaşmağa dəvət edir.
Günəşli bir gündə bir kölgənin mövcud olması və bu kölgənin ömrü həmin kölgəni salan əşyaya bağlı olduğu kimi, bizim da ömrümüz və mövcudiyyətimiz Rəbbimiz olan Allahın var olmasına bağlıdır. O isə əbədi var olan Ali Varlıqdır.

—————-
ÖLÜM VƏ AXİRƏTƏ İNAM

SAMİR FİRUDİNBƏYLİ

Bənzər Məqalələr