featured-image-2485

“O şəxs ki, hidayət yolu ona məlum olduqdan sonra Allahın Elçisinə asilik edərək möminlərin yolu ilə getmir, Biz onu döndüyü tərəfə yönəldərik və Cəhənnəmdə yandırarıq. O yer necə də pisdir!”(Nisə surəsi-115)
Quran dəlilləri və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sübutları ona doğru yolu göstərdikdən sonra, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) dəvətini və çağırışlarını inadkarcasına rədd edərək, ona asi çıxan və möminlərin yolu ilə getməyən, onların baxışlarını və əməllərini yerinə yetirməyən bir şəxsi Allah, onun özünün seçdiyi azğınlığı ilə baş-başa qoyacaqdır. Allah onu köməkdən məhrum edəcək və xeyirxah əməllərə ruhlandırmayacaqdır.

O, haqqı görərək onu dərk etsə də, ondan şüurlu surətdə imtina etdi və Allah da ədalətlə onun əvəzini verdi və onu azğınlığın zülmətində sərgərdan dolaşmağa və orada onu daha da dərin girdaba yuvarlanmağa buraxdı.
Uca Allah buyurur: “…Onlar yollarını azan kimi, Allah da onların qəlbini azdırdı. Allah fasiqləri doğru yola yönəltmir” (Səff, 61/5);
“Biz onların qəlblərini və ağıllarını tərsinə çeviririk, çünki onlar ona ilk dəfədə də iman gətirməmişdilər və onları öz zalımlıqları içində çaşıb-qaldıqları halda qoyuruq” (Ənam, 6/110).
Bu ayədən belə bir nəticə çıxartmaq olar ki, əgər insan Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) zidd çıxmırsa və möminlərin yolu ilə gedirsə, əgər o, Allahın Üzünü görməyə can atırsa, Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaət edirsə və İslam millətindən ayrılmırsa, amma günah şeylər haqqında düşünür və hətta öz ehtiraslarına uyaraq və insan təbiətinə güzəştə gedərək, onları törədirsə, onda Allah onu ehtiraslarının və şeytanın cəlb etdiyi tərəfə istiqamətləndirmir. Əksinə, O, ona rəhm edir, mərhəmət göstərir və onu şərdən qoruyur. Bax buna görə, Yusuf peyğəmbərdən (s) bəhs edərək, Uca Allah buyurur: “Qadın ona meyl etmişdi. Əgər Yusuf Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımızdandır” (Yusuf, 12/24). Onun səmimiyyəti Allahın şəri ondan kənarlaşdırmasına səbəb oldu və Allah öz açıqürəkli qullarının hər biri ilə bu minvalla rəftar edir, çünki bu qayda bütün insanlara aiddir.
Sonra Allah möminlərdən aralanıb ayrı düşən hər bir adamı Cəhənnəmdə böyük cəzaya məruz qoyacağını vəd edir. Şübhəsiz ki, möminlərə müqavimət göstərməyin çoxsaylı dərəcələri mövcuddur ki, onlar günahların ağırlığı ilə müəyyən olunurlar. Onlardan bəziləri adamları Cəhənnəmdə əbədi işgəncələrə məhkum və hər növ nemətlərdən məhrum edir, digərləri isə az ağır olurlar. Aydındır ki, növbəti ayə bu geniş mənalı ayəni daha geniş təfərrüatı ilə açıqlayır.
Bu gözəl ayə müsəlmanların vahid rəyinin inandırıcı sübut olmasının xeyrinə dəlalət edir və göstərir ki, bütün müsəlmanlar eyni vaxtda yanıla bilməzlər. Belə nəticə çıxarılması, Allahın, möminlərin yolu ilə getməkdən imtina edən hər bir kəsi Cəhənnəmə atacağı və Öz köməyindən məhrum edəcəyi təhdidi ilə izah olunur. Möminlərin yolu tək sayla ifadə olunmuşdur və o, onların etiqad etdiyi və ya yerinə yetirdikləri bütün baxışları və əməlləri özündə birləşdirir. Əgər möminlər hər hansı bir hökmü yekdil olaraq fərz (vacib), nafilə (könüllü), haram (qadağan olunmuş), arzuedilməz və ya yol verilən hesab edərlərsə, onda bu rəy onların yoluna çevrilir və onların bu yekdil rəyinin əleyhinə çıxan istənilən şəxs onların yolundan dönmüş sayılır.
Bütün bu deyilənlər başqa bir ayə: “Siz bəşəriyyətin xeyri üçüm gəlmiş, bəyəniləni etməyə əmr verən və qınanılandan çəkindirərək, Allaha iman gətirən millətlərin ən yaxşısısınız” (Ali İmran, 3/110) ilə təsdiq olunur. Bu dəlilin mənası nədədir? Uca Allah bildirir ki, mömin müsəlmanlar ancaq bəyənilən əməllərə dəvət edirlər və əgər onlar hər hansı bir hökmün vacib və ya arzuedilən (mübah) olması barədə öz rəylərində yekdildirlərsə, onda ətrafdakıları da onu yerinə yetirməyə çağırırlar və, beləliklə, bu ayədən aydın olur ki, onların rəyi mütləq bəyənilən əməllərə aid olur. Əgər onlar hər hansı bir hökmün qadağan (haram) olması haqqında yekdil qərara gəlirlərsə, o, hökmən qınanılan əməllərə aid olur.
Bunun lehinə həmçinin bu ayə də dəlalət edir: “Biz sizi orta bir millət etdik ki, bütün bəşəriyyətə şahidlik edəsiniz, Allahın Elçisi də sizin hamınıza şahidlik etsin…” (Bəqərə, 2/143). Uca Allah xəbər verir ki, O, İslam millətini ədalətli və bütün digər dini icmalardan ən yaxşı millət etmişdir ki, onlar bütün baş verənlər haqqında şahidlik etsinlər. Əgər müsəlmanlar Allahın hər hansı bir əməli əmr və ya qadağan etdiyini və yaxud da onu icazə verilən bəyan etdiyini yekdilliklə təsdiq edirlərsə, onların şahidliyi yanlış ola bilməz, çünki onlar müvafiq bilikləri mənimsəmişlər və ədalətlə rəftar edirlər. Əgər vəziyyət belə olmasaydı, onda müsəlmanların şahidliyini ədalətli saymaq olmazdı, onların özlərini isə biliyə malik olanlara aid etmək olmazdı.
Deyilənləri təsdiq edən bu ayədir: “…Əgər hər hansı bir şey barəsində mübahisə etməli olsanız, Allaha və Axirət gününə iman gətirirsinizsə, bu məsələnizlə Allaha və Elçisinə müraciət edin…” (Nisa, 4/59). Bu o deməkdir ki, əgər müsəlmanlar bir-biriləri ilə çəkişmirlərsə və hər hansı bir məsələ barədə yekdil fikir bildirirlərsə, onda onların Qurana və Sünnəyə müraciət etməsi hökmən deyil, çünki onların vahid rəyi həmişə ancaq Qurana və Sünnəyə əsaslanır və onlara zidd olmur.
Bu və buna bənzər digər dəlillər sübut edir ki, müsəlmanların yekdil rəyi inandırıcı dəlildir.

—————-
Əbdürrəhman bin Nasir əs-Səədi

MÜQƏDDƏS QURANIN TƏFSİRİ

Tərcüməçi
Fərahim Süleyman oğlu Qurbanov

Bənzər Məqalələr