featured-image-2348

(40) “Ey İsrail oğulları sizə bağışladığım nemətimi yadınıza salın və Mənə verdiyiniz əhdə sadiq olun ki, Mən də sizə verdiyim əhdi yerinə yetirim. Təkcə Məndən qorxun!”

Uca Allah İsrail oğullarına bəxş etdiyi nemətini onların yadına salır. Yaqub peyğəmbəri (ə.) İsrail adlandırırdılar və Allah İsrailin oğullarına müraciət etdikdə, onlardan Mədinədə və şəhərin ətrafında yaşayanlar nəzərdə tutulur ki, sonralar məhz onları İslama dəvət etmişdilər. Allah onlara ancaq bir hökmlə müraciət edir və Rəbbin, bəzilərinin adı bu surədə keçən, nemətlərini yada salmalarını əmr edir. Allahın nemətlərini yadda saxlamaq üçün insan onları qəlbən qəbul etməli, dillə Allahı tərifləməli və Allahın bəyəndiyi və Onun sevdiyi əməlləri həyata keçirmək üçün bu nemətlərdən istifadə etməlidir.
Uca Allah onlara Rəblə bağladıqları əhdə riayət etmələrini buyurur. Bu isə o deməkdir ki, onlar Allaha və Onun elçilərinə iman gətirməli, Onun dininin tələblərini yerinə yetirməli idilər ki, məhz buna görə onlara bol mükafatlar vəd edilmişdi. Verdiyi bu vədi haqqında Uca Allah buyurur: “Allah İsrail oğulları ilə əhd bağlamışdı. Biz onlardan on iki başçı təyin etdik. Allah dedi: “Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, Mənim elçilərimə inanıb onlara yardım etsəniz və kasıblara könüllü yardım etməklə Allaha gözəl bir borc (sədəqə) versəniz, əlbəttə, Mən təqsirlərinizdən keçər və sizi ağacları altından çaylar axan Cənnət bağlarına daxil edərəm. Sizlərdən kimsə bundan sonra kafir olsa, bilsin ki, artıq o, doğru yoldan azmışdır” (Maidə, 5/12).
Allah İsrail oğullarına Onunla bağladıqları əhdə riayət etməyə təsir göstərməli olan əməli də bildirmişdir. O, onlara Uca Rəbdən ehtiyat etməyi, təkcə Ondan qorxmağı əmr etmişdi, çünki Onun qarşısında duyulan qorxu hissi insanı Onun hökmlərini yerinə yetirməyə və Onun qoyduğu qadağanları pozmamağa sövq edir.

(41) “Sizdə olanı təsdiqləyici kimi nazil etdiyimə (Qurana) iman gətirin və onu inkar edənlərin ən birincisi olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən qorxun”.

Uca Allah İsrail oğullarına xüsusi tapşırıq nazil etmişdi ki, onsuz insanın imanı doğru və kamil ola bilməzdi. O, əmr etmişdi ki, Allahın qulu və Elçisi Muhəmmədə (s.ə.s.) nazil edilmiş Qurana iman gətirsinlər. İsrail oğullarına Qurana iman gətirmək və onun tələblərini yerinə yetirmək əmr olunmuşdu ki, bu, onlara Peyğəmbərin (s.ə.s.) özünə iman gətirməyi bir vəzifə kimi həvalə edirdi. Sonra da, Allah onları iman gətirməyə yönəldəcək şərtləri xatırladır.
Ey İsrail oğulları! Quran sizə göndərilmiş Kitabları təsdiq edir. O onları nə rədd edir, nə də inkar edir. Əgər bu vəhy sizin Kitablarınıza bənzərdirsə və onlara zidd deyilsə, sizə ona iman gətirməyə mane olan nədir? Peyğəmbərin (s.ə.s.) gətirdiyi, Allahın əvvəlki elçilərinin gətirdiklərinin eynidir və siz ona birinci olaraq iman gətirməli, onun doğruluğunu təsdiq etməlisiniz, çünki siz Kitablara və elmə maliksiniz.
Yadda saxlayın ki, Müqəddəs Quran əvvəlki Kitabların həqiqiliyini təsdiq edir. Deməli, siz ona iman gətirməkdən boyun qaçırsanız, onda sizə əvvəllər nazil edilmiş Kitablarınızdan da üz döndərməlisiniz. Allahın Elçisi (s.ə.s.), Musanın, İsanın və digər peyğəmbərlərin əvvəllər təbliğ etdiyi Təlimi gətirmişdir və ona inanmamaq, əvvəlki Kitablara da inanmamaq deməkdir. Bu Kitablarda siz Müqəddəs Quranı, Peyğəmbərin (s.ə.s.) məziyyətlərinin təsvirini və onun gələcəyi haqqında qabaqcadan verilmiş xəbərləri tapırsınız. Əgər siz ona iman gətirməkdən üz döndərsəniz, sizə nazil edilənin bir hissəsindən üz döndərmiş olarsınız. Axı vəhyin bir hissəsinə inanmamaq, vəhyə bütövlükdə iman gətirməməyə bərabərdir və eynilə Allahın bir elçisinə inanmamaq, Allahın bütün elçilərinə (onlara Allahın salavatı və salamı olsun) inanmamağa bərabərdir.
Uca Allah doğru dinə iman gətirmək haqqında hökm verdikdən sonra, İsrail oğullarını kafirlikdən çəkindirir. Onlara, Muhəmməd Peyğəmbərə (s.ə.s.) və Qurana iman gətirməkdən boyun qaçıranlar arasında birincilərdən olmaq qadağan edilmişdi. Uca Allah belə deyə bilərdi: “Kafir olmayın!” — lakin Allahın nazil etdiyi qadağa daha təsirli idi, çünki əgər İsrail oğulları birinci olaraq iman gətirməkdən boyun qaçırsaydılar, onlara verilən tapşırığı yerinə yetirməmiş olacaqdılar ki, bu zaman onlar nəinki öz günahlarına görə, habelə onların ardıyca gedənlərin günahlarına da məsuliyyət daşıyacaqdılar.
Sonra Allah onların iman gətirməsinə mane olacaq amili yada salır. Buna qədər O, Axirət həyatında əbədi səadət qarşısında, Allahın ayələrini ucuz qiymətə sataraq, dünya həyatını üstün tutmağı onlara qadağan etmişdi. Bu ucuz qiymət — yüksək vəzifə, mümkün olan müxtəlif ləzzətli yeməklərdir ki, insanlar, Allaha və Onun Elçisinə (s.ə.s.) iman gətirdikləri təqdirdə onları itirəcəklərindən qorxurlar. Onlar Allahın ayələrini ucuz qiymətə satmaqla dünyəvi zövqə üstünlük verirlər.
Rəbb, bunları xatırladıqdan sonra, İsrail oğullarına təkcə Ondan qorxmağı əmr etmişdir, çünki təqva və qorxu insanı, cüzi dünyəvi nemətlərlə müqayisədə, Allahın ayələrinə iman gətirməyə üstünlük verməyə məcbur edir. İnsanın dünyəvi ləzzətə üstünlük verməsi isə o deməkdir ki, təqva və qorxu artıq onun qəlbini tərk etmişdir.

(42) “Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin”.

Uca Allah İsrail oğullarına haqqı yalanla qarışdırmağı və onu gizlətməyi qadağan etmişdir. Kitab əhli və alimləri həqiqəti yalandan fərqləndirməli və onu bəyan etməlidirlər ki, dindarlar doğru yolla inamla gedə bilsinlər, azmışlar doğru yola qayıda bilsinlər və inadkar kafirlər isə həqiqəti öyrənərək öz cahilliklərinə görə bəraət qazana biləcəkləri imkandan məhrum olsunlar. Allah Öz ayələrini izah edərək aydın göstərişlər nazil etmişdir ki, insanlar onların vasitəsilə haqqı yalandan ayırd edə və günahkarların yolundan xəbərdar ola bilsinlər. Din alimləri bu məsələdə onlara kömək göstərdikdə, onlar Allahın elçilərinin varisləri sayılır və öz xalqlarının sədaqətli nəsihətçiləri adına layiq görülürlər. Əgər belə alimlərin arasında, fərq qoymadan, haqqı şüurlu surətdə nahaqla qarışdıranlar varsa, onlara yaxşı bəlli olan və hamıya bəyan etməyə borclu olduqları həqiqəti gizlədirlərsə, onda onlar alov püskürən Cəhənnəmin carçılarına çevrilirlər, çünki insanlar dini məsələlərdə nümunəni öz alimlərindən götürürlər. Qoy din xadimləri hansı yolla gedəcəklərini özləri seçsinlər!

(43) “Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!”

Namazı qəlbən və cismən yerinə yetirin, sədəqə almağa haqqı olanlara zəkat verin və namaz qılanlarla birgə namaz qılın. Əgər siz Allahın elçilərinə və Onun ayələrinə iman gətirsəniz, qeyd olunan əməlləri yerinə yetirsəniz, onda siz Rəbbimiz Allaha etdiyiniz səmimi ibadətlə Onun qullarına olan xeyirxah münasibətlərinizi, qəlbinizdəki ibadətlə bədəniniz və malınızla etdiyiniz ibadəti birləşdirə bilərsiniz.
“Rükuya gedənlərlə birlikdə rükuya gedin” hökmü camaatla namaz qılmağı nəzərdə tutur. Buradan belə çıxır ki, camaat namazları vacibdir (fərzdir) və rüku namazın əsas tərkib hissəsindən biridir. Sonuncu nəticə Allahın rükuya getməni namaz adlandırmasından irəli gəlir, çünki əgər ibadət ayininin bir hissəsi bütöv ayini ifadə etmək üçün işlədilirsə, bu o deməkdir ki, ayinin göstərilən hissəsi fərzdir.

(44) “Siz Kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüz bunu unudursunuz? Məgər anlamırsınız?

Ağıl ona görə belə adlandırılmışdır ki, məxluqlar onun vasitəsilə onlara xeyir gətirən hər şeyə yaxınlaşa və zərər gətirən hər şeydən uzaqlaşa bilsinlər. Ağıl insanı, başqalarına verdiyi əmri, birinci özünün yerinə yetirməsinə çağırır və başqalarına qadağan etdiyi şeylərdən də birinci olaraq özü imtina edir. Əgər insan ətrafındakıları xeyirxahlıq etməyə dəvət edirsə, amma özü buna əməl etmirsə və yaxud özü günah işlər gördüyü halda, xüsusən də o, bunu şüurlu surətdə etdikdə, başqalarını itaətsizlikdən çəkindirirsə, onda o, ağılsız və nadandır. Belə insan həqiqəti bilir və o, öz cahilliyinə görə bəraət qazanmaq imkanı əldə edə bilməz.
Bu ayə İsrail oğulları haqqında nazil olmuşdur, onun mənası ümumi olduğundan bütün insanlara aid edilir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız? Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır” (Saff, 61/2-3).
Bu ayələrdən belə bir nəticə çıxartmaq olmaz ki, insan Allahın qoyduğu qaydaları yerinə yetirmirsə, başqalarını bəyənilən əməllər etməyə çağırmamalıdır və onları qınanan əməllərdən çəkindirməməlidir. Onlar həmin qaydaları yerinə yetirməyənlərə sadəcə tənə vurur. Yaxşı məlumdur ki, hər kəs həm ətrafındakıları xeyirli işlər görməyə dəvət etməli, günahlardan çəkindirməli və həm də özü bunu etməlidir. Əgər o, bu tələblərdən hər hansı birini yerinə yetirmirsə də, digərlərini yerinə yetirmək vəzifəsindən azad edilmir. Hər iki tələbi yerinə yetirdikdə insan kamillik əldə edir. Hər iki tələbə etinasız yanaşdıqda isə tam zərərə düçar olur. Lakin o, bir tələbi yerinə yetirib, digərini icra etməyəndə, o kamilləşmir və həyatın dibinə də çökmür, orta bir yer tutur. Belə vəhylərin nazil edilməsinin müdrikliyi ondadır ki, qəlb qeyri-ixtiyari olaraq, əməli sözlərindən fərqlənən şəxslərə tabe olmaqdan imtina edir və, beləliklə, insanlar dəvətçinin çılpaq sözlərindən deyil, gerçək əməllərindən nümunə götürürlər.

(45) “Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, bu, Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir”.

(46) “Çünki onlar öz Rəbbi ilə qarşılaşacaqlarını və Ona qayıdacaqlarını yəqin bilirlər”.

Allah İsrail oğullarına hər hansı bir şəraitdə səbirliliyin bütün formalarında kömək üçün ona müraciət etməyi əmr edir — itaətsizlikdən səbirlə uzaq durmaq və taleyin çətinliklərinə, ondan giley-güzar etmədən, mətanətlə dözmək. Əgər insan Allahın hökmlərini səbirlə yerinə yetirməyə çalışırsa, göstərdiyi səbirliliyi onu başladığı istənilən işi axıradək çatdırmağa kömək edir. Əgər insan istənilən şəraitdə səbrini hifz etməyə səy göstərirsə, Allah ona zəruri səbir verir. Eynilə bu cür köməyi namaz da göstərir. Namaz insanı alçaqlıqdan və qəbahətli əməllərdən saxlayan və ona, hər hansı saleh əməli başa çatdırmaqda kömək edən imanın meyarıdır. Namaz — kifayət qədər səy tələb edən bir hökmdür. Amma bu, namazı heç bir çətinlik çəkmədən qılan itaətkar möminlər üçün təbiidir. Onların Allah qarşısında mütiliyi, qorxusu və onlara vəd edilən mükafata ümid bəsləmələri onları, heç bir sıxıntı çəkmədən, namazı daima layiqincə qılmağa yönəldir. Onlar savab qazanmağa və cəzadan xilas olmağa ümid bəsləyərək namaz qılırlar. Günahkarlar isə, onlardan fərqli olaraq, belə gözəl keyfiyyətlərə malik deyillər. Bu günahkarları namaz qılmağa heç bir şey ruhlandırmır və ona görə də namaz onlara ən ağır və cansıxıcı vəzifə kimi gəlir.
Namazda mütiliyə (xuşu) gəldikdə isə, bu ad altında namazın tələsmədən, aramla qılınması nəzərdə tutulur. Bu zaman insan bütün varlığı ilə öz zəifliyini, köməksizliyini büruzə verərək, Rəbbi ilə görüşəcəyinə imanını möhkəmlədərək, Uca Allahın qarşısında itaətkarcasına alçalır. Bax məhz buna görə Uca Allah buyurur ki, itaətkar möminlər öz Rəbbi ilə görüşəcəklərinə əmindirlər və əməllərinin əvəzini bütünlüklə alacaqlar. Bu xüsusiyyətləri onların dini ayinləri yerinə yetirmələrini asanlaşdırır, bəlalarla qarşılaşdıqda qəlblərinə sakitlik verir, onları qəm-qüssədən qurtarır və günahlardan uzaqlaşdırır. Onlar yüksək Cənnət guşələrində mütləq əbədi səadətə qovuşacaqlar. Əgər insan Rəbbi ilə görüşməyə inanmırsa, namaz onun üçün ağır bir yükə çevrilir.

(47) “Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və sizi aləmlərdən üstün etdiyimi xatırlayın”.

(48) “Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən şəfaət qəbul olunmayacaq, heç kəsdən bir fidyə alınmayacaq və günahkarlara kömək göstərilməyəcəkdir”.

Uca Allah İsrail oğullarına göstərdiyi mərhəmətini bir daha onların yadına salır. Bu xatırlatma eyni vaxtda onlara həm öyüd-nəsihət, həm xəbərdarlıq və həm də onları xeyirxah əməllərə çağırışdır. Bununla yanaşı Allah onları Qiyamət gününün yaxınlaşması haqqında xəbərlə qorxudur; həmin gün bir nəfər də, nə peyğəmbər, nə mömin və yaxud nə də Allaha yaxınlığı ilə tanınan digər insan ətrafındakılara, onlar onun ən yaxın qohumları olsa da belə, kömək edə bilməyəcəkdir, çünki insana ancaq onun etdiyi əməllər kömək göstərəcəkdir. İnsanlar Allahın izni olmadan şəfaət edə bilməyəcəklər. O, ancaq Onun mərhəmətini qazanmış şəxslərə şəfaət etməyə icazə verəcək. Onu qazanmaq isə ancaq Allah xatirinə səmimi qəlblə və Peyğəmbərin (s.ə.s.) Sünnəsinə tam uyğun olaraq xeyirxahlıq edənlərə müyəssər olacaqdır.
Uca Allah buyurur ki, günahkarlar Qiyamət günü özlərini fidyə verməklə cəzadan qurtara bilməyəcəklər. Digər bir ayədə isə deyilir: “…Onun dəvətini qəbul etməyənlərə gəlincə, yer üzündə olan var-dövlətin hamısı, üstəlik bir o qədəri də onların olsaydı, əzabdan qurtarmaq üçün onu mütləq fidyə verərdilər. Onlarla dəhşətli bir haqq-hesab çəkiləcəkdir. Onların sığınacağı yer Cəhənnəmdir. Ora nə pis yataqdır!” ( Rəd, 13/18). Kafirlərdən fidyə tələb olunmayacaq və onlara dəhşətli və iyrənc şeylərdən xilas olmağa heç kim kömək etməyəcək.
Allah bildirir ki, insanlar bir-birlərinə qətiyyən kömək göstərməyəcəklər. Onlar bir-birilərinə fayda verə və ya bir-birini şərdən xilas edə bilməyəcəklər, bu isə o deməkdir ki, heç kəs öz təşəbbüsü ilə günahkarlara kömək etməyəcək. Bununla bərabər, onlardan himayəçilik və ya fidyə qəbul edilməyəcək və bu da o deməkdir ki, onlara kömək etməyə İxtiyarıolandan kömək istəmələri də onlara heç bir fayda gətirməyəcəkdir. Allah onlardan fidyə qəbul etməyəcək və onlara himayə edilməsinə yol verməyəcək. Beləliklə, qullar ümidlərini məxluqlara bağlamamalıdırlar, çünki onlar ətraflarındakılara fayda verə bilməyəcəklər. Əksinə, onlar ancaq Allaha təvəkkül etməlidirlər, çünki onlara fayda verməyə və ya onları zərərdən qorumağa qadir olan təkcə Odur! Onlar şərik qoşmadan tək Ona ibadət etməli, Ona ibadət etməkdən ötrü onlara kömək göstərməsi üçün Ona dua etməlidirlər.

(49) “Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik. O vaxt onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir sınaq var idi”.

(50) “O zaman Biz sizə görə dənizi yardıq, sizi xilas etdik və Fironun tərəfdarlarını gözünüzün qabağında dənizdə batırdıq”.

Uca Allah bu ayədən başlayaraq İsrail oğullarına verdiyi nemətlərini bir-bir sadalayır.
Ey İsrail oğulları! Allah sizi sizə böyük əzablar verən Firondan, onun yaxın adamları və döyüşçülərindən xilas etdi. Onlar sizin nəslinizin artacağından qorxaraq oğullarınızı doğrayır və ancaq qadınlarınızı sağ buraxırdılar. Sizin bəzilərinizi ölüm, bəzilərinizi də alçalma və məcburi ağır zəhmət gözləyirdi. Sizi, sanki mərhəmət göstərərək öldürmürdülər, sonra isə köləyə çevirirdilər. Bu, sizin üçün ən müdhiş alçaldılma idi, lakin Allah sizə həqiqi mərhəmət göstərib, sizi köləlikdən tamamilə xilas etdi. Düşmənləriniz isə gözünüzün qabağında dənizdə batırıldılar ki, siz bu mənzərədən məmnun qalasınız. Bu xilasınız böyük bir nemət idi və siz ona görə Allaha minnətdar olmalı və Onun hökmlərini yerinə yetirməliydiniz.

(51) “O zaman Biz Musaya vəhy üçün qırx gecəlik vədə verdik. Sonra siz onun ardından buzovu özünüzə məbud qəbul edərək zalım oldunuz”.

(52) “Sonra bunun ardınca Biz sizi bağışladıq ki, bəlkə şükür edəsiniz”.

(53) “O zaman Biz Musaya Kitab və haqqı batildən ayıran Furqan verdik ki, bəlkə düz yolla gedəsiniz”.

(54) “O zaman Musa öz qövmünə dedi: “Ey qövmüm! Siz buzovu ilah qəbul etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və özünüzü (sizlərdən özlərinə zülm edənləri) öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir”. O, sizin tövbənizi qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir”.

Uca Allah İsrail oğullarına bəxş etdiyi neməti — Musaya hörmət əlaməti olaraq qırx gecə ərzində Tövratı — özündə böyük xeyir və böyük fayda daşıyan Kitabı nazil edəcəyinə söz verdiyini onların yadına salır. Lakin israillilər bu müddətin bitməsini gözləməyib, peyğəmbərlərinin onların yanında olmadığı bir vaxtda, qızıl buzova sitayiş etməyə başladılar. Onlar ədalətsizlik etdilər, çünki həqiqət onlara məlum idi və bu onların cinayətini daha da ağırlaşdırdı və dəhşətli etdi. Bax elə buna görə, Allah Musa peyğəmbərin dili ilə onlara törətdiklərinə görə tövbə etmək və bir-birilərini öldürmək hökmü verdi. Sonra isə Allah onları bağışladı ki, Ona minnətdar olsunlar.

(55) “O zaman siz: “Ey Musa! Biz Allahı açıq-aşkar görməyincə sənə iman gətirməyəcəyik!” — dediniz və gözünüz görə-görə sizi ildırım vurdu”.

(56) “Ölümünüzdən sonra Biz sizi diriltdik ki, bəlkə şükür edəsiniz”.

İsrail oğulları ədəbsizlik edərək Allah və Onun elçisi ilə kobud davranmaya cəsarət etdilər və buna görə də onları ildırım vurdu. Ehtimal etmək olar ki, onlar doğrudan da ölmüşdülər, ya da ola bilsin ki, onlar şüurlarını itirmişdilər. Bu zaman onların hər biri ətrafdakılarla nə baş verdiyini görə bilirdi. Sonra Allah onları həyata qaytardı ki, Ona minnətdarlıqlarını bildirsinlər.

(57) “Biz sizin üstünüzə buludla kölgə saldıq, sizə manna və bildirçin endirdik və: “Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!” — dedik. Onlar bizə deyil, təkcə özlərinə zülm etdilər”.

Uca Allah bu ayədə İsrail oğullarına, onlar nə kölgəsi olmayan və nə də yeməyə bir şey tapılmayan səhrada olarkən onlara əta etdiyi nemətini xatırladır. Allah onların üstünə buludların kölgəsini salır, manna və bildirçin göndərir. Xüsusi zəhmət sərf etmədən əldə edilə bilən hər hansı qida məhsulu, məsələn, zəncəfil, göbələk və ya çörək, manna adlandırılır. Bildirçin isə yumşaq və ləzzətli əti olan kiçik quşlardandır.
Allah onlara normal təminatları üçün zəruri olan miqdarda manna və bildirçin nazil etmişdi. Belə nemətlər hətta ən varlı şəhərlərin sakinlərinə belə verilməmişdi. Lakin İsrail oğulları Allaha bu səxavətinə görə minnətdarlıq etmədilər, öz daşürəkliklərindən xilas olmadılar və olmazın günahlarını törətməkdə davam edirdilər. Onlar Onun hökmlərini yerinə yetirmədikdə Allaha zərər vurmurdular, çünki günahkarların itaətsizliyi Ona heç bir zərər toxundura bilməz və eynilə möminlərin itaəti də Ona hər hansı bir fayda gətirmir. Onlar ancaq özlərinə qarşı ədalətsiz davranırdılar, çünki zalımlıqları özlərinə qarşı çevrilirdi.

(58) “O zaman Biz dedik: “Bu kəndə daxil olun və orada istədiyiniz yerlərdə rahatlıqla yeyin, için. Qapıdan səcdə edərək daxil olun və: “Bizi bağışla!” — deyin ki, sizin günahlarınızı bağışlayaq”. Biz yaxşı işlər görənlərə mükafatlarını artırarıq”.

İsraillilər itaət etməyən adamlardılar, lakin Allah onlara mərhəmət göstərməkdə davam edirdi. O, onlara bir şəhərə girmələrini əmr etdi ki, o, onları əzəmətli etməli, onların vətəni və yaşayış məskəni olmalı idi, orada onları mümkün olan hər cür maddi nemətlər bolluğu gözləyirdi. Allah israillilərə hökm verdi ki, oraya daxil olsunlar, sözləri və işləri ilə Onun qarşısında mütiliklərini təsdiq etsinlər. Onlar itaətkarlıqla şəhərin darvazasından girməli və Allahdan bağışlanmalarını diləməliydilər. Buna görə Allah onların günahlarını bağışlayacağına və xeyirxah möminləri həm bu dünyada və həm də Axirət həyatında mükafatla təltif edəcəyinə söz vermişdi.

(59) “Zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər. Biz də zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik”.

Uca Allah Onun buyurduğu sözün israillilərin hamısı tərəfindən dəyişdirildiyini demədi, çünki bunu edənlər təkcə ədalətsiz günahkarlar idilər. Bağışlanma haqqında dua etmək əvəzinə onlar: “Buğda toxumu” ifadəsini işlətdilər. Onlar Allahın hökmlərini saymazyanalıqla qarşılayaraq, məsxərəyə qoydular. Onlar sadə bir sözü dəhşətli şəkildə təhrif etdilər, lakin daha da ağır olan davranışlarıydı. Onlar şəhərə yambızları üstə sürünə-sürünə girdilər və bu zalımlıqları onların Allah tərəfindən cəzalandırılmasına səbəb oldu.

(60) “O zaman Musa öz xalqı üçün su istədikdə, Biz: “Əsanla daşa vur!” — dedik. Daşdan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbiləyə su içəcəyi yer müəyyənləşdirildi. Onlara dedik: “Allahın sizə verdiyi ruzidən yeyin-için və yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın!”

Musa Allahdan xalqına içməli su verməsini xahiş etdikdə, Allah ona, əsasını daşa vurmağı əmr etdi. Bu, hər hansı müəyyən bir daş və ya istənilən daş ola bilərdi. O, əsası ilə daşa vuran kimi, daşdan on iki çeşmə fışqırdı. İsrail xalqı on iki qəbilədən ibarətdi və hər qəbilə bildi ki, hansı çeşmədən su içməlidir. Onlar basabas salmadan aramla susuzluq yanğılarını söndürə bilərdilər. Allah onlara su içməyə və heç bir zəhmət çəkmədən aldıqları nemətlərlə qidalanmağa imkan verdi. Onlara təkcə yer üzündə fəsad yaymaq qadağan edilmişdi.

(61) “Onda siz dediniz: “Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən — tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et!” O dedi: “Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, orada istədiyinizi taparsınız!” Onlara zəlillik və düşkünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldular. Bu cəza ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və bəzi peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu həm də onların asi olduqlarına və həddi aşdıqlarına görə idi”.

İsrail oğulları Allahın nemətlərini dəyərsiz hesab edərək, Musaya öz narazılıqlarını bildirdilər. Onlar dedilər: “Biz həmişə eyni yeməkləri yeyə bilmərik. Rəbbindən xahiş et ki, O bizə tərəvəz, xiyar, sarımsaq, mərci və soğan yetişdirsin!” İsraillilərə bir-neçə ərzaq məhsulları nazil edilmişdi, lakin onların bu istəyi hər gün təkrar edilirdi, onlar isə tərəvəz, xiyar, sarımsaq, mərci və soğan yemək istəyirdilər. Tərəvəz (bakl) adı altında bütün gövdəsiz (sapalaqsız) bitkilər nəzərdə tutulur. Xatırlanan digər bitkilər yaxşı tanınanlardır.
Musa dedi: “Doğrudanmı siz qüdrət halvasını və bildirçini onlardan pis olanlarla dəyişməyi xahiş edirsiniz? Siz belə etməməlisiniz, çünki adlarını çəkdiyiniz qida məhsullarını istənilən şəhərdə tapmaq olar. Allah sizə ən xeyirli və ən yaxşı qida məhsulları vermişdir. Niyə siz onları başqaları ilə dəyişmək istəyirsiniz?”
İsraillilərin davranışı onların səbirsizliyinə, Allahın hökmlərinə və Rəbbin nemətlərinə etinasız yanaşmalarına və onların məhkum edildiyi cəzanın törətdikləri qəbildən olan cinayətlərə uyğun gəldiyinə dəlalət edirdi. Onları artıq haqlamış və zahiri görünüşlərindən bəlli olan alçaldılma və miskinlik həqarətin təcəssümü idi. Onların qəlbi isə mənəvi səfalət mərəzinə tutulmuşdu. Onlar artıq özlərini qüdrətli hesab etmir və yüksək məqsədlər haqqında düşünmürdülər. Əksinə, onların mənəvi siması acınacaqlı və məqsədləri cüzi idi. Onlar Allahın qəzəbindən başqa bir şey əldə etmədilər. Onların qazancı necə də pisdir! Vəziyyətləri necə də yamandır!
Allahın qəzəbi onlara ona görə düçar oldu ki, onlar Allahın, hər biri haqqı bildirən və izah edən ayələrini rədd etdilər. Onlar ayələrə inanmaqdan boyun qaçırdılar və bununla Allahın qəzəbinə gəldilər. Bununla yanaşı, onlar haqsız olaraq peyğəmbərləri öldürmüşdülər. Tamamilə aydın məsələdir ki, peyğəmbərlərin qətli ədalətli ola bilməz. Buna baxmayaraq, Uca Allah bu əməli ədalətsiz adlandırmışdır ki, onların törətdiyi cinayətin ağırlığını xüsusilə vurğulasın və heç kim düşünməsin ki, onlar bu cinayətləri öz cahillikləri və yaxud bilməməzlikləri üzündən yerinə yetirmişlər.
Onlar bu cinayətləri Allaha itaətsizlik etmək və Onun qullarının haqlarına qəsd etmək istədiklərinə görə törətmişdilər. Bir qisim günahlar həmişə digər günahların törədilməsinə səbəb olur və əgər insan öz vəzifələrinin yerin yetirilməsinə laqeyd münasibət bəsləyirsə, onda o, əvvəlcə kiçik günahlar edir, sonralar isə bu günahlar bidətə, küfrə və digər ağır cinayətlərə çevrilir. Allah bizi belə bədbəxtlikdən saxlasın!
Bilmək lazımdır ki, bu ayələr Müqəddəs Quran nazil edilən zamanda yaşayan İsrail oğullarına yönəldilmişdir. Allah onları, ata-babalarının törətdikləri günahlarına görə qınayır, lakin bunda böyük bir hikmət vardır.
Birincisi, İsrail oğulları özlərini tərifləyərək, dediklərinə görə, bacarıq etibarı ilə, Muhəmməd Peyğəmbərdən (s.ə.s.) və onunla birlikdə iman gətirmiş müsəlmanlardan üstün olduqlarını iddia edirdilər. Allah isə onlara, taleləri oğullarına yaxşı məlum olan əcdadlarının sifətlərini xatırladır ki, hər bir insana, israillilərin keçmişdə kifayət qədər səbirli və yüksək əxlaqlı olmadıqları və ləyaqətli işlər görmədikləri aydın olsun. Əgər israillilərin ən ləyaqətli və mömin sayılan ulu babaları belə keyfiyyətlərə malik idilərsə, onda Peyğəmbərin (s.ə.s.) müasirləri olan israillilər haqqında nə güman etmək olar?!
İkincisi, Allahın israillilərin ilk nəslinə göstərdiyi mərhəmət onların sonrakı nəsillərinə də aid idi, çünki ataya verilən nemət bütün hallarda oğullarına da aid edilir. Allah İsrail oğullarına məhz bu nemətləri xatırladır, çünki onlar bu xalqın bütün nəsillərinə şamil edilmişdi.
Üçüncüsü, israillilərin ulu babalarının törətdikləri günahlarda ittiham edilməsi, dini icma nümayəndələrinin, onlar müxtəlif zamanlarda yaşasalar da, həmişə birgə hərəkət etməsinə, bir-birini müdafiə etməsinə dəlalət edir. Əgər onlardan biri hər hansı bir əməl törədirsə, onun nəticələri bu icmanın bütün nümayəndələrinə təsir göstərir. Əgər onlardan kimsə bir xeyir iş görürsə, o onların hər birinə fayda verir və əgər onlardan kimsə pis əməllər törədirsə, bu da onların hər birinə zərər vurur.
Dördüncüsü, İsrail oğullarının əksəriyyəti ulu babalarını onların törətdikləri günahlara görə qınamamışdır və əgər insan törədilmiş cinayətə razıdırsa, o, həmin cinayətin iştirakçısına çevrilir. Allahın, Peyğəmbərin (s.ə.s.) dövründə yaşamış israillilərə qarşı belə müraciətinin başqa izahları da mövcuddur ki, onları təkcə O Özü bilir.
———————-
Əbdürrəhman bin Nasir əs-Səədi

MÜQƏDDƏS QURANIN TƏFSİRİ

Tərcüməçi
Fərahim Süleyman oğlu Qurbanov

Bənzər Məqalələr