featured-image-2345

(11) “Onlara: “Yer üzündə fəsad törətməyin!” — deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!” — deyirlər”.

Münafiqlər müxtəlif günahlar törədirlər, möminlərin sirrini onların düşmənlərinə açıb söyləyir və kafirlərlə dostluq edirlər. Onlara, yer üzündə fəsad yaymalarının vasitəsi olan küfr və günah işlətməmələri barədə xəbərdarlıq etdikdə isə, onlar ancaq xeyirxah işlər gördüklərini bildirirlər. Onlar yer üzündə təkcə fəsad yaymır, həmçinin özlərini elə göstərirlər ki, sanki öz hərəkətləri ilə qayda-qanun yaradırlar. Onlar həqiqəti təhrif etməyə cəhd edirlər və əxlaqsız cinayətlər edərək bu əməllərinin doğru olduğunu düşünürlər. Onlar günah sahiblərindən daha ağır cinayətlər törədirlər, çünki günahkarlar öz etdikləri yaramazlıqların qadağan olunduğunu etiraf Münafiqlər müxtəlif günahlar törədirlər, möminlərin sirrini onların düşmənlərinə açıb söyləyir və kafirlərlə dostluq edirlər. Onlara, yer üzündə fəsad yaymalarının vasitəsi olan küfr və günah işlətməmələri barədə xəbərdarlıq etdikdə isə, onlar ancaq xeyirxah işlər gördüklərini bildirirlər. Onlar yer üzündə təkcə fəsad yaymır, həmçinin özlərini elə göstərirlər ki, sanki öz hərəkətləri ilə qayda-qanun yaradırlar. Onlar həqiqəti təhrif etməyə cəhd edirlər və əxlaqsız cinayətlər edərək bu əməllərinin doğru olduğunu düşünürlər. Onlar günah sahiblərindən daha ağır cinayətlər törədirlər, çünki günahkarlar öz etdikləri yaramazlıqların qadağan olunduğunu etiraf edirlər ki, bu da onların sonradan xilas olması və hidayət yoluna qayıtmasını asanlaşdırır.

(12) “Sözsüz ki, onlar fəsad törədənlərdir, amma bunu başa düşmürlər”.

Münafiqlər təkcə özlərini xeyirxah hesab etdiklərinə görə, möminlərin əməllərini xeyirli və düzgün saymırlar. Allah onların iddialarını təkzib edir və xəbər verir ki, əsil həqiqətdə mürtədliyi yayanlar onlar özləridir. Allahın ayələrini inkar edənlərdən, insanlara Onun yolu ilə getməyə mane olanlardan, Allahı və Onun sevimli qullarını aldatmağa cəhd edənlərdən, Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) qarşı döyüşənlərlə dostluq edərək, bu əməllərini saleh əməllər zənn edənlərdən daha böyük günahkar, ümumiyyətlə, kim ola bilər? Bundan da böyük şərəfsizlik ola bilərmi?!
Lakin münafiqlər onlara fayda verə bilən elmə malik deyillər. Onların əldə etdiyi biliklər, öz nadanlıqları üzündən, onları Allah qarşısında bəraət qazanmaq imkanından da məhrum etmişdir. Onların törətdikləri əməlləri isə yer üzündə fitnə-fəsad yayır, çünki bu günahlarına görə bəlalar baş verir, onlar taxıllara, meyvələrə, ağaclara və başqa bitkilərə ziyan vurur. Yer üzündə qayda-qanun yaradılması ancaq Allaha itaət etmək və Ona iman gətirmək sayəsində mümkündür. Məhz buna görə Allah məxluqları yaratmış, onları yer üzündə yerləşdirmiş və fasiləsiz olaraq onlara ərzaq və digər nemətlər göndərir ki, insanlar onlardan faydalanaraq Allaha itaət və ibadət etsinlər. Lakin insan bu nemətləri təyinatı üzrə istifadə etmədikdə, yer üzündə fitnə və şərəfsizlik yayır və bu nemətlərin təmin etmək məqsədilə yönəldildiyi itaəti və ibadəti puç edir.

(13) “Onlara: “Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!” — deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdiyi kimi iman gətirək?” — deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər”.

Münafiqlərə, təkcə sözdə deyil, mömin səhabələrin iman gətirdikləri kimi, qəlbən iman gətirməyi təklif etdikdə, onlar öz pozğun ehtimallarına əsaslanaraq deyirlər: “Doğrudanmı biz də səfehlərin və düşüncəsizlərin iman gətirdiyi kimi iman gətirək?” Allah onları rüsvay etsin! Bu şərəfsizlər elə zənn edirlər ki, səhabələri məhz axmaq olmaları və düşüncəsizlikləri Allaha iman gətirməyə, vətənini tərk etməyə və kafirlərlə düşmənçiliyə vadar etmişdir. Onlar belə hesab edirlər ki, sağlam düşüncə başqa yol seçməyi tələb edir və bu da onları məcbur edir ki, səhabələri səfeh, özlərini isə müdrik saysınlar.
Lakin Uca Allah onların iddialarını təkzib edərək bildirmişdir ki, məhz münafiqlər özləri əsil səfehlərdir, çünki bir şeyin xeyir gətirdiyini bilməmək və zərərli olanı yerinə yetirmək həqiqi axmaqlıqdır. Bax bu xüsusiyyət elə tam mənası ilə münafiqlərə xasdır. Eyni zamanda ağıllı, tədbirli olmaq — xeyir gətirən bir şeyi bilməkdən, ancaq faydalı işləri görməyə can atmaqdan və zərər vura biləcək hər şeydən çəkinməkdən ibarətdir. Səhabələri və möminləri isə ancaq belə keyfiyyətlərlə səciyyələndirmək olar. Adamların əsassız dedikləri sözləri və mənasız çıxışları elə də vacib deyil. Ən zəruri olan — onların hansı keyfiyyətlərə və dəlillərə malik olmalarıdır.

(14) Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!” — deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz möminlərə ancaq istehza edirik!” — deyirlər”.

Münafiqlər dilləri ilə dedikləri sözlərə heç özləri də ürəkdən inanmırlar. Səhabələrin arasında olduqda onlar özlərini müsəlman kimi qələmə verməyə səy göstərir və özlərini elə aparırlar ki, guya onların yolu ilə gedirlər. Amma onlar kafirlərin başçıları olan öz şeytanları ilə təklikdə qaldıqda, o saat deyirlər: “Biz sizin baxışlarınızı eynilə qəbul edirik, amma özümüzü elə aparırıq ki, sanki İslama daxil olmuşuq. Bunu onları ələ salmaq üçün edirik”. Münafiqlər öz şeytanları qarşısında əsil sifətlərini açıb göstərirlər.

(15) Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər”

Zalımcasına edilən hiyləgərlik ancaq buna layiq olana zərər gətirər. Münafiqlər möminləri ələ salırlarsa, Allah bunun əvəzində onların özünü gülünc vəziyyətə salır. Allah bu dünyada onların bəd əməllərini onların özü üçün bəzəkli göstərir. O, möminlərə onları cəzalandırmaq üçün imkan vermir və onlar da elə zənn edirlər ki, həmişə möminlərlə birlikdə olacaqlar. O, onların zalımlıqlarını çoxaldır və onları şərəfsizliyin və imansızlığın burulğanında kor-koranə dolaşmağa məhkum edir. Qiyamət günü başlandıqda isə Allah onlara işıq bəxş edəcək. Amma möminlərin işığı onların yolunu axıradək nurlandıracağı halda, münafiqlərin işığı sönəcəkdir və onlar, yolun bir hissəsini aydınlıqla gedib sonradan qaranlıqlar içində qaldıqlarına görə olmazın əzabını çəkəcəklər. Hədsiz ümid bəslədikdən sonra, onu itirib məyus qalmaqdan pis daha nə ola bilər?
Uca Allah buyurur: “O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: “Bir az gözləyin ki, biz də sizin işığınızdan alaq” — deyəcəklər. Onlara deyiləcəkdir: “Geriyə qayıdıb işıq axtarın!” Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir. Münafiqlər onları haraylayıb deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” Möminlər deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü aldadırdınız, möminlərə bəla üz verməsini gözləyirdiniz, haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan şeytan Allah barəsində sizi yaman aldatdı. Bu gün nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbul olunmaz. Sığınacağınız yer də oddur. Sizə layiq olan elə odur. Ora nə pis dönüş yeridir!” (Hədid, 57/13-15).

(16) “Onlar, doğru yolu verib azğınlığı satın almış kimsələrdir. Amma onların ticarəti qazanc gətirmədi və özləri də doğru yola yönəlmədilər”

Uca Allah münafiqləri olduğu kimi gerçək səciyyələndirərək bildirir ki, onlar əsil rəhbərliyin yerinə azğınlıq əldə edir və qazanc gətirməyən ticarətə girişirlər. Onlar azğınlıq içində elə ibadət etmək istəyirlər ki, bu, bir malı almaq üçün çoxlu pul verməyə hazır olan alıcının arzusuna bənzəyir. Bu Quran müqayisəsi — müqayisələrin ən yaxşısından və ən gözəllərindən biridir. Allah ən böyük şəri — azğınlığı — malla, ən böyük xeyirxahlığı — doğru rəhbərliyi — mal üçün ödənilən qiymətlə müqayisə edir. Münafiqlər doğru rəhbərliyə etinasız yanaşaraq, azğınlığı ondan üstün tuturlar. Budur onların bağladığı saziş! Onların malik olduğu sifətlər bunlardır və onların bu sifətləri necə də çirkindir!
Əgər dinarı dirhəmə dəyişən adam ziyana uğrayırsa, onda qiymətli daş-qaşı dirhəmə mübadilə edən haqqında daha nə demək olar?! Bəs onda, öz xoşbəxtliyindən əl çəkib, bədbəxtliyə üstünlük verərək, gözəl nəsibinə etinasızlıq göstərib, zavallılığa can atan – həqiqi rəhbərliyi azğınlığa dəyişdirən adam haqqında nə demək olar?! Belə bir ticarət, əlbəttə ki, ziyan gətirər və bu ziyan ən böyük və ən dəhşətli ziyandır. Uca Allah buyurur: “…”Şübhəsiz ki, ziyan çəkənlər Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!”( Zumər, 39/15 )

Sonra isə Uca Allah bir də vurğulayır ki, münafiqlər doğru yolla getmirlər. Bu onu göstərir ki, onlar yolundan azmış günahkarlardır və doğru rəhbərliyə qətiyyən əhəmiyyət vermirlər. Münafiqləri beləcə çox çirkin xüsusiyyətlərlə səciyyələndirərək, Uca Allah onların barəsində bir ibrətamiz hekayət buyurur.

(17) “Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər. Alov onların ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də heç bir şey görə bilməyəcəkləri zülmətlər içərisində buraxar”

Bu ibrətamiz məsəl onların vəziyyətinə tamamilə uyğundur, çünki münafiqlər, həqiqətən də, qatı qaranlığı işıqlandırmaq üçün ocaq qalayan adama bənzəyirlər. Belə bir adam oda bərk ehtiyac duyaraq, əli altında hər hansı bir vəsaiti olmadığından, onu başqalarından əldə etməyi bacarır. Alov onun ətrafını işıqlandırdıqda, o, təhlükənin haradan gəldiyini və harada təhlükəsizlik şəraitində daldalanmaq mümkün olduğunu görür. Od ona böyük fayda verir və onu çox sevindirir. O, hətta onu qorumaq haqqında fikirləşir. Lakin Allah onu bu işıqdan və sevincdən məhrum edir. O yenə də qatı zülmət içində qalır və barmaqları yandıran kösövlərdən başqa yanında heç nəyi olmur. Onlar artıq ətrafı işıqlandırmaq gücünə malik deyil, amma barmaqları bərk qarsalaya və zərər vura bilər. O insan artıq bir neçə zülmətin əhatəsindədir. Gecənin qaranlığı buludların qaranlığına, yağışın qaranlığına və ocaq sönəndən sonra yaranan qaranlığa qarışmışdır. Bu insanın vəziyyətini necə səciyyələndirmək olar? Münafiqlərin vəziyyəti də məhz belədir, onlar öz yollarını möminlərin sayəsində işıqlandırırlar, çünki özləri bu keyfiyyətə malik deyillər. Əldə etdikləri işıq bir müddət onların yolunu işıqlandırır və onlar bundan bir qədər faydalanırlar, özlərini saxlayır və mal-mülklərini qoruyurlar. Bu dünya həyatında təhlükəsizliklərinə müəyyən qədər zəmanət əldə edirlər. Lakin ölüm gözlənilmədən onların başlarının üstünü alır və onları başqasının işığı hesabına yaşamaq imkanından məhrum edir. Qəm və kədər onları çulğayır və onlar ən şiddətli cəzaya məruz qalırlar. Qəbirlərinin zülməti imansızlıqlarının, münafiqliklərinin və hər cür günahlarının zülmətindən daha da qatılaşır. Bütün bunlardan sonra onları Qaynar Məhşərin zülməti gözləyir. Ora necə də çirkin və mənfurdur!

(18) “Onlar kar, lal və kor olduqlarına görə doğru yola qayıtmazlar”.

Münafiqlər xeyir gətirən nə varsa, onu eşitməzlər, onun haqqında danışılanda, susarlar və haqqa münasibətdə özlərini kor kimi apararlar. Doğru yola qayıtmaq onlara qismət olmayacaqdır, çünki onlar həqiqəti dərk etdikdən sonra, ondan üz çevirdilər. Onlar, nadanlıqları və ya yanıldıqlarına görə həqiqətdən üz çevirənlərdən fərqlənirlər. Belələri nə etdiklərini başa düşmürlər və doğru yola qayıtmaq ehtimalları daha çoxdur.

(19) “Yaxud onların məsəli zülmət içində göy gurultusu və şimşəklə yağan leysana düşənlərin məsəlinə bənzəyir ki, ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar. Şübhəsiz ki, Allah kafirləri hər tərəfdən əhatəyə almışdır”.

(20) “Şimşək az qalır ki, onların gözlərini çıxartsın. Şimşək hər dəfə onların yolunu işıqlandırdıqda onunla gedirlər, zülmət onları bürüdükdə isə dayanıb dururlar. Əgər Allah istəsəydi, onları eşitməkdən və görməkdən məhrum edərdi. Şübhəsiz ki, Allah hər şeyə qadirdir”.

Uca Allah münafiqi, leysan yağışın altına düşmüş və o saat bir neçə tərəfdən qaranlığa – gecənin, buludların və yağışın qaranlıqlarına bürünmüş insanla müqayisə edir. O, göy gurultusunu eşidir və ildırımların gözqamaşdırıcı parıltısını görür və onların işığı qatı qaranlıqda getməyə ona imkan yaradır. Lakin səmada ildırımların çaxması səngiyən kimi, o, dayanır və yoluna davam edə bilmir. Münafiqlər də eynilə belə bir vəziyyətdədirlər. Onlar Quran ayələrini, hökmlərini və qadağalarını, vədlərini və təhdidlərini eşitdikdə barmaqlarını qulaqlarına tıxayıb bu hökmlərdən və qadağalardan, xeyirli vədlərdən və ciddi təhdidlərdən üz çevirirlər. Quranın təhdidləri onların canına qorxu salır, vədləri isə onları narahat edir və buna görə də hər vasitə ilə onlardan üz çevirməyə çalışırlar. Güclü leysan yağışına düşən adam üçün göy gurultusu necə nifrət doğurursa, müdrik ayələr də münafiqlər üçün eynilə nifrətamizdir. Adi bir insan ölüm qorxusunu hiss edərək qulaqlarını barmaqları ilə tıxayır və onun xilas olmaq ehtimalı vardır.
Lakin münafiqlərin belə bir imkanı yoxdur, çünki Uca Allah Öz Qüdrəti və Elmi ilə onları hər tərəfdən əhatə edir. Onların Ondan qaçmaq imkanı yoxdur. Belə ki, Allah onların hər bir hərəkətini yadda saxlayır və buna görə, onlar etdiklərinin əvəzini bütövlüklə alacaqlar. Münafiqlər mənəvi karlığa, lallığa və korluğa tutulmuşlar. Onların qarşısında doğru dinə aparan yollar bağlanmışdır. Əgər Allah istəsəydi onları fiziki eşitmə və görmə qabiliyyətindən də məhrum edərdi. Bu kimi sözlərlə Allah münafiqləri qorxudur və onları elə dünyada cəzalandıracağı barədə xəbərdar edir. Qoy onlar bu cəzadan qorxsunlar və heç olmazsa, qismən də olsa öz yaramazlıqlarından və ikiüzlülüklərindən əl çəksinlər və bilsinlər ki, Allah bütün varlıqların hökmdarıdır və Onun üçün mümkün olmayan heç bir şey yoxdur. Əgər O, Öz nəzərində tutduğunu həyata keçirmək istəsə, kimsə Onun qarşısını ala bilməz və Ona müqavimət göstərə bilməz.
Bu və digər buna oxşar ayələr, insanın əməllərinin Uca Allahın iradəsindən asılı olmadığını iddia edən qədəriyyəçilərin baxışlarını təkzib edir. İnsanın əməlləri də əsil varlıqlardır və Uca Allah istisnasız bütün varlıqların Hökmdarıdır.
(21) “Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan qorxasınız”.

Bu hökm geniş mənada bütün insanlara aiddir. Onlara ibadət mərasimlərinin hamısını Allaha həsr etmək, Onun hökmlərini yerinə yetirmək, Onun qadağanlarından çəkinmək və Onun bütün ilahi hekayətlərinin doğruluğunu qəbul etmək əmr olunur. Allah insanlara buyurur ki, onları hansı məqsəd üçün yaratmışsa, onu həyata keçirsinlər. Uca Alla buyurur: “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım”(Zariat, 51/56)

Ey insanlar! Siz təkcə bir olan Allaha ibadət etməlisiniz, çünki O, sizə saysız-hesabsız nemətlər bəxş edən Rəbbinizdir. O, sizi yoxluqdan xəlq etmiş və əvvəlki insanların nəsillərini də yaratmışdır. O, sizə gördüyünüz və görə bilmədiyiniz nemətlər vermiş və rahatlıqla yaşadığınız yeri sizin üçün döşəmişdir. Siz ondan, üzərində binalar tikməklə, kənd təsərrüfatı ilə məşğul olmaqla, bir yerdən başqa bir yerə köçməklə və yaxud başqa faydalı fəaliyyətlə məşğul olmaqla xeyir götürürsünüz. Allah göyü evlərinizin damı etmiş və orada Günəşi, Ayı, ulduzları və digər səma cisimlərini yaratmışdır ki, onlarsız sizin yaşayışınız mümkün olmazdı. Əgər Allaha ibadət etməyə başlasanız, hökmən təqva sahibi olarsınız.
Belə bir rəy mövcuddur ki, bu ifadənin mənasına görə, insanlar bir olan Allaha ibadət etməyə başlasalar Allahın qəzəbindən və cəzalarından xilas ola bilərlər, çünki bu halda seçdikləri yol onları belə aqibətdən qoruyar. Başqa bir rəyə görə isə, bu o deməkdir ki, əgər insanlar Allaha ibadət etsələr, onlar möminlərin cərgəsinə düşərlər ki, onların sifətlərindən biri də təqva — Allahdan qorxmaqdır. Hər iki şərh doğrudur və bir-biriləri ilə sıx bağlıdır. Allaha layiqincə ibadət edən hər kəs təqvalı mömindir. Hər bir təqva sahibi olan dindar isə Allahın cəzasından və qəzəbindən mütləq xilas olar. Bu, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) və onun təliminin doğruluğu xeyrinə olan məntiqi dəlildir.

(22) “O, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi. Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın”.

Sənin üzərindəki səmada nə varsa, hamısı göy adlanır. Şərhçilər belə hesab edirdilər ki, göy adı altında buludlar nəzərdə tutulmuşdur. Uca Allahın iradəsi ilə buludlardan tökülən suyun sayəsində taxıl, xurma və digər meyvə ağacları bitir. Siz meyvələri və taxılı yığırsınız və onlar sizin qidalanmağınızı təmin edir, yaşamağınıza kömək olur, sizi sevindirir və məmnun edir. Allahı heç kimə bərabər, tay tutmayın və məxluqları Ona bənzətməyin, çünki əks təqdirdə siz Allaha ibadət etdiyiniz kimi, həmin məxluqlara da səcdə etməyə başlayacaqsınız, onları, Allahı sevdiyiniz kimi sevəcəksiniz. Belə hərəkətə yol vermək olmaz, çünki o məxluqlar sizə oxşardırlar. Onlar yaradılmışlardır, qidalanmağa ehtiyacları var və öz Yaradanının iradəsindən asılıdırlar. Onlar hətta zərrə qədər olsa da nə yerdə, nə də göydə hakimiyyətə malik deyillər və onlar sizə nə xeyir, nə də zərər verməyə qadir deyillər.
Onları bilərəkdən Allaha şərik qoşmayın, axı sizə məlumdur ki, Onun şərikləri yoxdur. O, məxluqlarını təkcə Özü yaradır, onlara ruzi göndərir və Kainatı idarə edir. Təkcə O, kamil sifətlərə malikdir və sitayiş edilməyə layiqdir. Bəs siz niyə Onunla bərabər digər tanrıçalara ibadət edirsiniz? Sizin davranışınız, doğrudan da, qəribə və anlaşılmazdır.
Bu ayədə təkcə Allaha ibadət etmək hökmü və digər “ilahlara” ibadətin qadağan edilməsi öz əksini tapmış, Allaha ibadətin vacibliyinə inandırıcı dəlillər gətirilmiş və uydurulmuş ilahlara ibadətin əbəsliyi və faydasızlığı göstərilmişdir. Orada qeyd olunur ki, Allah Vahid Rəbdir, varlıqları yaradan, ruzi göndərən və Kainatın işlərini idarə edən də Odur. İnsan, saydığımız məsələlərdə, heç kimin Allaha şərik olmadığını qəbul edirsə, o, hökmən etiraf etməlidir ki, Onunla yanaşı kimsə ibadətə layiq ola bilməz. Bu — tövhidin zəruriliyinin xeyrinə olan və müşrikliyin yanlışlığını təsdiq edən ən ağıllı məntiqi dəlildir.

(23) “Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın!”

Ey kafirlər güruhu, Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun) qəbul etməkdə uzun müddət inadkarlıq göstərənlər, onun dəvətini rədd edib onu yalançı sayanlar! Əgər, Bizim qulumuza nazil etdiyimiz vəhyin doğruluğuna dair şübhələr sizə əziyyət verirsə, onda həqiqəti aşkar etmək üçün ədalətli meyardan istifadə edin. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) sizin kimi bir insandır. O, ən gözəl danışanınız və ən çox biləniniz deyil. Anadan olduğu gündən həyatını necə keçirdiyi sizə məlumdur. O, nə oxuya bilir, nə də yaza bilir. O, Kitabı sizə gətirərək, onun Allah tərəfindən nazil edildiyini demişdir, lakin siz ona bildirmişsiniz ki, kitabı o özü tərtib edib Allahın adına çıxmışdır. Dediyiniz sözlər doğrudursa, onda siz də bu Quran ayəsinə bənzər heç olmazsa bir surə yazın və kimi bacarırsınız köməyə çağırın. Siz əziyyət çəkmədən bu savadsız adamı ötüb keçərsiniz, axı siz bəlağət sahibləri olan şairlərsiniz və siz ona güclü nifrət bəsləyirsiniz. Əgər siz Quran ayəsinə bənzər bir surə yaza bilsəniz, onda dedikləriniz doğrudur. Lakin siz bunu edə bilməsəniz, tamamilə köməksiz qalacaqsınız və sizin bu acizliyiniz Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) doğruçuluğunu və onun insanlara gətirdiyi hər şeyin həqiqət olduğunu sübut edən böyük bir əlamət olacaqdır. Bax onda sizin hər biriniz onun ardıyca getməlidir ki, hərarəti çox böyük və dəhşətli olan Cəhənnəm odundan xilas ola bilsin. Cəhənnəm, bu dünyada odunla yandırılan alova bənzəmir. O, Allaha və Onun elçilərinə iman gətirməkdən boyun qaçıran kəslər üçün hazırlanmışdır. Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyinin gerçəkliyinə əmin olduqdan sonra, ona iman gətirməməkdən çəkinin.
Bu və buna bənzər ayələrdə Uca Allah məxluqların Müqəddəs Qurana bənzər bir şey yarada və ya ona qarşı çıxa bilməyəcəklərini kafirlərə sübut edərək onların acizliklərini göstərir. Uca Allah buyurur: “De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün bir yerə toplaşıb, bir-birinə kömək etsələr də ona bənzərini gətirə bilməzlər” (İsra, 17/88).
Məgər torpaqdan yaradılmış məxluq hökmdarların Rəbbinin kəlamına bənzər bir söz deyə bilərmi? Məgər heç bir məziyyəti mükəmməl olmayan zavallı insan tam kamilliyə malik və heç nəyə ehtiyacı olmayan mütləq Yaradanın kəlamına bənzər bir söz söyləyə bilərmi? İnsan, doğrudan da, belə bir şeyə qadir deyil və Müqəddəs Quranı görkəmli şair və yazıçıların əsərləri ilə müqayisə etmək üçün ədəbiyyat sahəsində ən ibtidai biliklərə malik olmaq və onların arasında böyük fərq olduğunu yəqin etmək kifayətdir.
Bu ayədən həmçinin belə bir nəticə çıxarmaq olur ki, azmış insanın düz yola qayıdacağına o halda ümid etmək olar ki, o çaşqınlığa düşmüş, şübhələr içində əziyyət çəkən, haqqı nahaqdan ayıra bilməyən bir vəziyyətdə qalmış olsun. Əgər belə bir insan doğrudan da həqiqəti bilmək istəyirsə, yol onun üçün açılan kimi, o, düz yola gələ bilər. İnadkar kafirlərə gəldikdə isə, onlar həqiqəti bildikləri və onu şüurlu surətdə rədd etdikləri üçün doğru yola qayıtmırlar, çünki onlar, haqq olan din onlara tamamilə aydın olduqdan sonra da belə, ondan üz çevirirlər. Onların bu rəftarı məlumatsız olduqlarına görə deyil və onlar üçün bu vəziyyətdən çıxış yolu qalmamışdır. Eyni sözü şübhə edən kafirlər haqqında da demək olar. Onlar da həqiqəti tapmaq niyyətlərində səmimi deyillər. Əslində, onlar haqqa qarşı laqeyddirlər — onlar heç onu axtarmağa da çalışmırlar və əksər hallarda doğru yola gəlmirlər. Bu ayədə diqqəti, Allahın Öz Elçisini (s. ə. s) Özünün qulu adlandırmasına yönəltmək lazımdır. Bu şərəfli mətndə belə bir ifadənin işlədilməsi ona dəlalət edir ki, Peyğəmbərin (s. ə. s) ən vacib sifətlərindən biri, onun öz vəzifəsini, bir qul kimi, səylə yerinə yetirməsi idi və məhz buna görə də o (s. ə. s), özündən əvvəlki bütün sələflərini və ardıcıllarını ötüb keçdi. Uca Allah Öz Elçisini (s. ə. s) gecə vaxtı Qüdsə apardığını və ona (s. ə. s) Müqəddəs Quranı nazil etdiyini xatırlayarkən eynilə bu cür səciyyələndirmişdir. Uca Allah buyurur:
“Dəlillərimizdən bəzilərini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan Allah pak və müqəddəsdir…” (İsra, 17/1) );
“Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən Allah necə də xeyirxahdır!”

(24) “Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz — onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin”.

Uca Allah buyurur ki, Cəhənnəm kafirlər üçün artıq hazırlanmışdır. Bu və digər oxşar ayələr Sünnə və camaat tərəfdarlarının baxışlarının doğruluğunu təsdiq edir. Mötəzilələrdən fərqli olaraq, onlar doğrudan da hesab edirlər ki, Cənnət və Cəhənnəm artıq mövcuddur və xəlq edilibdir.
Bu ayədən belə bir nəticə də çıxarmaq olar ki, tövhid tərəfdarları, hətta ən ağır günahlar işləsələr belə, Cəhənnəmdə əbədi qalmayacaqlar. Bu müddəa xaricilərin və mötəzilələrin baxışlarına ziddir. Uca Allah buyurur ki, Cəhənnəm kafirlər üçün hazırlanmışdır və əgər Allaha itaətsizlik edən tövhid tərəfdarları orada əbədi qalmalı olsaydılar, onda Cəhənnəmin təkcə kafirlər üçün yaradılmasından bəhs edilməzdi. Buradan belə bir sonuca gəlmək olar ki, günahkarlar ancaq törətdikləri küfr və müxtəlif günahlardan ibarət olan cinayətlərə görə cəzalandırılmağa layiqdirlər.
Uca Allah kafirlərin cəzalandırılması barədə xatırladıqdan sonra xeyirxah əməl sahibləri olan möminlərin mükafatlandırılması haqqında xəbər verir. Uca Allah Öz Kitabında belə hallara tez-tez yer verir. O, qullarını cəzalandırmaqla qorxudur və onları mükafatlandırmaqla isə həvəsləndirir ki, onlar heç vaxt qorxu hissini unutmayaraq, həmişə xoş ümidlərlə yaşasınlar. Uca Allah buyurur:

(25) “İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlar üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə: “Bu ki, əvvəlcə dünyada bizə verilən ruzidir!” — deyəcəklər. Halbuki onlara dünyadakının oxşarı veriləcəkdir. Onlardan ötrü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar”.

Ey Elçi! Ey onun (s.ə.s) işini davam etdirən möminlər! Bütün qəlbi ilə iman gətirənləri və öz vücudu ilə xeyirxah əməllər yerinə yetirərək, imanlarını təsdiq edənləri sevindirin. Onların saleh əməlləri ədalətlidir, çünki onlar qulların vəziyyətini nizamlayır, onların bu dünyada firavan yaşamasını və Axirət həyatında müvəffəqiyyət qazanmasını təmin edir, onları müsibətlərdən və bədbəxtliklərdən xilas edərək, Cənnətdə və Mərhəmətli Allahın yaxınlığında olmağa layiq möminlərə çevirirlər. Buna görə, onları müjdələ ki, onlar Cənnət bağlarına düşəcək, orada son dərəcə gözəl ağaclar, ləzzətli meyvələr, sərin kölgəliklər və gur yarpaqlı budaqlar tapacaqlar. Cənnət bağları bu adla ona görə adlandırılır ki, orada kölgəli yerlər boldur və bu, oranın sakinlərini məmnun edir. Onların altından su, süd, bal və şərab çayları axır və Cənnət sakinləri bu çayların yatağını istədikləri məcraya yönəldə bilirlər. Ən müxtəlif meyvələr yetişən Cənnət ağacları onların vasitəsilə suvarılır. Cənnət sakinlərinə o meyvələrdən verildikdə, onlar deyəcəklər: “Bu meyvələr bizim yediklərimiz kimidir”. Bu o deməkdir ki, bütün Cənnət meyvələri ən əla keyfiyyətə malikdir. Onların hər biri yaraşıqlı və ləzzətlidir, orada dadsız meyvələr görməzsən. Cənnətə daxil olduqda, möminlər bir an da olsun belə həzz almaqdan məhrum olmayacaqlar və onlara təklif ediləcək yeməli şeylər onlara həmişə misli görünməmiş ləzzət bəxş edəcəkdir.
Belə bir rəy mövcuddur ki, bu ayədən çıxarılan nəticəyə görə, Cənnət meyvələri yerdə olanlarla eyni adlar daşıyacaq, amma dadları ilə onlardan fərqlənəcək. Başqa bir şərhə görə isə, onlar rənginə görə yerdəki meyvələrə oxşayacaq, amma onlardan adlarına görə seçiləcəklər. Üçüncü bir rəyə görə isə, onlar öz gözəl keyfiyyətləri ilə bir-birinə oxşayacaq və möminlərə eyni ləzzəti və zövq verəcəklər. Yəqin, sonuncu şərh daha doğrudur.
Uca Allah Cənnətin otaqlarını, ləzzətli yeməklərini, içkilərini və meyvələrini xatırladıqdan sonra, Cənnət zövcələri haqqında xəbər verir və onları ən gözəl tərzdə səciyyələndirir. O, onları təmizlənmiş zövcələr adlandırır, lakin onların təmizlənəcəyi və xilas ediləcəyi qüsurları qeyd etmir. Bu isə o deməkdir ki, onlar tamamilə pak olacaqlar. Onlar təmiz əxlaqa, təmiz əndama, təmiz ağıza və təmiz baxışlara sahib olacaqlar. Onların əxlaqlılığı özünü ərlərinə bəslədikləri vəfalı məhəbbətdə təcəssüm edəcək, ərləri də onları eynilə gözəl xasiyyətlərinə, ərə sədaqətinə, incə davranışına və valehedici nitqinə görə sevəcəklər. Onların bədəni aybaşıdan, doğuşdan sonrakı qanaxmalardan, spermadan, sidikdən, nəcisdən, bəlğəmdən, selikdən və xoşagəlməz iylərdən azad ediləcək, çöhrələri isə gözəl və kamil olacaqdır. Onlar qüsurlardan, çatışmazlıqlardan və eybəcərliklərdən xali olacaqlar. Gözəl və nəcib zövcələr olduqları üçün dilləri və baxışları hər cür çirkinlikdən təmizlənmiş olacaq. Onlar öz gözlərini yad kişilərin baxışlarından və dillərini pis sözlərdən qoruyacaqlar.
Bu gözəl ayədə müjdə veriləcək kəslər, müjdənin özü və onların buna nail olacaqlarının səbəbi xatırlanır. Bu xoş xəbəri — müjdəni gətirənlər Allahın Elçisi (s.ə.s.) və onun yolunu davam etdirən müsəlmanlardır. Xeyirxah işlər görən möminləri bu müjdələrlə sevindirmək lazımdır. Müjdə dedikdə, bu kəramətli ayədə təsvir edilən Cənnət bağları haqqında xəbərlər nəzərdə tutulur. Ona, ancaq haqq dinə iman gətirməklə, əməlisaleh işlər görməklə nail olmaq mümkündür. Bir sözlə, Uca Allah ayədə ən əzəmətli bir müjdəni yada salmışdır ki, bəşəriyyətin ən yaxşı nümayəndəsi onu, yaxşı əməllər edən insanlar üçün gətirmişdir.
Bu ayədən belə bir nəticə də çıxartmaq olar ki, möminlərə müjdə sevinci bəxş etmək və onları əməlisaleh işlər görməyə ruhlandırmaq və bu işlərə və onların faydalı nəticələrinə görə əcr veriləcəyini xatırlatmaq tərifəlayiqdir. Həm də belə xatırlatmalar insanların xeyirxah işlər görməsini asanlaşdırır. Belə ki, insan üçün ən vacib müjdə onun iman gətirməsi və saleh əməllər işlətməsidir.
Bunun ardıyca, bu dünya həyatından ayrılarkən, alınan müjdədir ki, möminlər bundan sonra əbədi səadətə qovuşurlar. Ey Allah, bizə də bu mərhəmətini nəsib et!

(26) “Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan daha üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə demək istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır”.

Allah hətta ağcaqanadı və digər ən kiçik məxluqatı misal gətirəndə belə utanmır, çünki onlar özlüyündə dərin məna kəsb edir və haqqı insanlara izah edirlər. Axı Uca Allah haqqı bildirərkən utanmaz. Allah bu ayəsi ilə olduqca kiçik olan məxluqları haqqında məsəl çəkilməsini faydasız sayıb Allaha etiraz edənlərin sözlərini sanki təkzib edir. Lakin belə məsəllər etiraz etməyə əsas vermir. Əksinə, onlar, Allahın Öz qullarını tərbiyələndirdiyi mərhəmətinin vasitələridir və insanlar onlara qulaq asmalı və onları minnətdarlıqla qəbul etməlidirlər.
Bax buna görə də möminlər başa düşürlər ki, bu məsəllər Rəbbin nazil etdiyi vəhylərdir və onların mənasını dərk etmək və düşünmək lazımdır. Onlar belə məsəllərin mahiyyətini təfsilatı ilə aydınlaşdıra bildikdə, bu onların öz biliklərini və imanını artırır. Onlar məsəlin mahiyyətini aydınlaşdıra bilmədikdə isə, onun Haqdan gəldiyi ilə qane olur, həqiqiliyinə və mənasının düzgünlüyünə inanırlar. Nazil edilmiş məsəldə əks olunmuş həqiqətin hətta bir hissəsi onlar üçün qapalı qaldıqda belə ona imanlarında sadiq qalır, çünki qəti surətdə bilirlər ki, Allah məsəlləri əyləncə üçün gətirmir; onlara böyük məna və hədsiz şəfqət hissi əta edir.
Kafirlərə gəldikdə isə, onlar belə soruşurlar: “Allah bu məsəllə nə demək istəyir?” Onlar hiddətlənir və heyrətə düşürlər ki, bunun da nəticəsində, möminlərin imanı gücləndiyi kimi, onların da küfrü artır. Məhz buna görə Uca Allah buyurur ki, Rəbbiniz Quranda çəkdiyi məsəllərin vasitəsilə bəzi insanları azdırır, digərlərini isə doğru yola yönəldir. Möminlər və kafirlər nazil edilmiş hər yeni vəhyi belə qəbul edirlər. Bununla əlaqədar olaraq Uca Allah buyurur: “Bir surə nazil edildiyi zaman onlardan istehza ilə: “Bu, hansınızın imanını artırdı?” — deyənlər də var. İman gətirənlərə gəldikdə isə, o surə imanını artırır və onlar bir-birlərini müjdələyirlər. Qəlbində xəstəlik olanlara gəlincə, o surə onların murdarlığı üstünə bir murdarlıq da artırır və onlar kafir qalaraq ölürlər”(Tövbə, 9/124-125)

Allahın qulları üçün Quran ayələrinin nazil edilməsindən böyük mərhəmət yoxdur, lakin məhz bu, bəzi adamlar üçün, onların bədbəxtliyini artıraraq, imtahana, məyusluğa və azğınlığa çevrilir, amma başqaları üçün isə onların nemətini artıran böyük rəhmətə və bol hədiyyəyə dönür. Pak və qüsurlardan uzaq olan Allah Öz qulları arasında fərq qoyaraq, Təkbaşına onları doğru yola yönəldir və zəlalətə salır!
Fasiqlik iki cür olur. Birinciyə – fasiqi dindən və imandan çıxaran itaətsizlik aid edilir. Bu və digər oxşar ayələrdə məhz belə fasiqlikdən bəhs edilir. İkinci növ fasiqlik isə insanı iman dairəsindən çıxarmayan fasiqlikdir. Bu, Uca Allahın aşağıdakı kəlamında xatırlanır: “Ey iman gətirənlər! Əgər bir fəsadçı sizə bir xəbər gətirsə, onu araşdırın. Yoxsa bilmədən bir cəmiyyətə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz”(Hucurat, 49/6)

(27) “O kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır!”

Uca Allah fasiqlərin xüsusiyyətlərini təsvir edərək buyurur ki, onlar Allahla əhd bağladıqdan sonra onu pozurlar. Bu, qulların Rəbbi qarşısında və digər məxluqlar qarşısında öz öhdələrinə götürdükləri və çox ciddi tərzdə təsdiq olunmuş bir əhdə aiddir. Lakin fasiqlər ona əhəmiyyət vermirlər. Bundan başqa, Allahın hökmlərini saymazlığa vuraraq, onun qoyduğu qadağanlarının üstündən keçərək, onu hələ bir pozurlar da. Bununla yanaşı onlar başqa insanlarla bağladıqları müqavilələr üzrə öhdəliklərini də yerinə yetirmirlər.
Uca Allah bildirir ki, onlar, Allahın daima saxlanmasına hökm verdiyi münasibətləri kəsirlər, halbuki bunlar dinin bir çox məsələlərinə də aiddir. Allah bizə buyurmuşdur ki, özümüzlə Allah arasında əlaqəni daima qoruyaraq Ona iman gətirək. O, əmr etmişdir ki, bizimlə Allahın Elçisi (s.ə.s.) arasında, ona inanaraq, onu sevərək, ona ehtiramla yanaşaraq və onun qarşısında öz borcumuzu yerinə yetirərərk, əlaqə saxlayaq. O, əmr etmişdir ki, biz öz valideynlərimizlə, qohumlarımızla, dostlarımızla və başqa insanlarla, onların qarşısında olan vəzifələrimizi həyata keçirərək əlaqə saxlayaq.
Möminlər, Allahın qorunmasına hökm verdiyi əlaqələri öz vəzifələrini layiqincə yerinə yetirməklə saxlayırlar. Fasiqlər isə, öz vəzifələrinə laqeyd yanaşaraq, əlaqələrini kəsirlər. Onlar Allahın hökmlərinə itaətsizlik göstərir, günah işlədir və bununla da yer üzündə fitnə-fəsad yayırlar. Belə sifətlərə sahib olan kəslər həm bu dünyada və həm də Axirət həyatında mütləq ziyana düşəcəklər.
Təkcə belə insanlar zərər çəkəcəklər, çünki onların itkisi hərtərəfli olacaqdır. Onların heç bir təşəbbüsü onlara gəlir gətirməyəcəkdir. Belə ki, hər bir xeyirxah addımın zəruri şərti düzgün imandır. Əgər insan belə bir imandan məhrumdursa, onun heç bir əməli xeyirli ola bilməz. Bu cür ziyana ancaq kafirlər düşürlər. Lakin ziyanın başqa bir növü də vardır ki, insan ona təkcə öz kafirliyi üzündən deyil, həm də müxtəlif arzu olunan əməllərə diqqətsizlik göstərməsi və etinasız yanaşmasına görə uğrayır. Zərərin bu növü haqqında Uca Allah belə buyurur: “And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlər istisnadır”(Əsr, 103/1-3)

Belə ziyandan, haqqı rəhbər tutmağa çağıran və səbirli olmağa dəvət edən, xeyirxah işlər görən əməlisaleh insanlardan başqa, heç kim xilas edilməmişdir. Bu zərərin mahiyyəti — insanın qazana biləcəyi xeyirdən məhrum olması ilə bağlıdır.

(28) “Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O, sizi diriltdi? Sonra O, sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz Ona tərəf qaytarılacaqsınız”.

Bu sual həm təəccüb və məzəmmət doğurur, həm də ittiham edir.
Ey insanlar! Siz, sizi heçdən Yaradan, hər cür şeylə Nemətləndirən, əcəliniz çatanda sizi Öldürən və sizə layiq olduqlarınızın artıq qəbirlərinizdəykən Əvəziniverən, Qiyamət günü sizi hökmən Həyataqaytaran və sizin hər bir əməlinizə əvəzini artıqlaması ilə verən Allaha iman gətirməkdən necə boyun qaçırırsınız? Siz Onun hakimiyyəti altındasınız, Onun iradəsindən asılısınız və Onun kainat qanunları ilə yaşayırsınız, sonra isə Onun dininin qanunları üzrə mühakimə ediləcəksiniz. Məgər Rəbbinizə iman gətirməkdən boyun qaçırmaq sizə yaraşırmı? Məgər belə bir imansızlıq həddən artıq avamlıq və böyük bir axmaqlıq deyilmi? Siz, həqiqətən, Rəbbinizdən qorxmalı, Ona həmd etməli, Ona iman gətirməli, Onun verəcəyi cəzalardan ehtiyat etməli və bəxş edəcəyi əcrə ümid bəsləməlisiniz.

—————–
Əbdürrəhman bin Nasir əs-Səədi

MÜQƏDDƏS QURANIN TƏFSİRİ

Tərcüməçi
Fərahim Süleyman oğlu Qurbanov

Bənzər Məqalələr