featured-image-2069

TİCARƏT MƏQSƏDİLƏ SƏFƏRƏ ÇIXMAQ
(əl-Müdarəbə)
Ərəb dilində, “əl-Müdarəbə” sözü yer üzünü gəzib-dolaşmaq mənasındadır. İstilahi mənada isə ticarət məqsədilə səfərə çıxmaqdır.
Uca Allah buyurur: «(Allah) bilir ki, … bəziləri Allahın lütfündən ruzi axtarmaq üçün (ticarət məqsədilə) yer üzünü gəzib dolaşacaqdır…»[1].

Bu, “Qərad” da adlanır. Bu sözün mənası ayırmaq deməkdir. Çünki ticarət sahibi, bu iş üçün öz malından və qazancından bir hissə ayırır.
Bu sözün burada nəzərdə tutulan mənası: Bir nəfərin digər bir nəfərə ticarət etmək üçün nəğd pul verib, əldə olunan gəliri razılaşdıqları qaydada bölmələridir.
Bu əməlin icazəli olması:
İbn əl-Munzir (Allah ona rəhmət etsin) “Əl-İcma” kitabında (səh: 124) deyir: Alimlərin yekdil rəyinə əsasən dinar və dirhəmlə ticarət məqsədilə səfərə çıxmaq icazəlidir.
Həmçinin yekdil rəyə əsasən ticarətçi və mal sahibi, gəlirin üçdə birni, yarısını və ya istənilən miqdarını bölüşə bilərlər. Əsas odur ki, hər kəsin payı təyin edilsin».
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələri də belə edərdilər.
Demək, Zeyd ibn Əsləm atasının belə dediyini rəvayət edir: «Ömər ibn əl-Xəttabın iki oğlu Abdullah və Ubeydullah İraqa gedən qoşunla birlikdə yola çıxmışdılar. Onlar döyüşü bitirdikdən sonra Bəsrənin əmiri Əbu Musa əl-Əşarinin yanına gəlirlər. Əbu Musa onları xoş qarşılayıb, qonaq etdi. Sonra onlara dedi: Mən sizə hər hansı işlə yaxşılıq etmək istərdim! Bir az sonra dedi: Bəli, burada Allahın (əmri ilə xərclənəsi), mal-dövlət mövcuddur. Mən onu möminlərin əmirinə göndərmək istəyirəm. Gəlin mən o mal-dövləti sizə verim, siz də onunla İraqdan ticarət malı alın və malı Mədinədə satıb verdiyim məbləği möminlərin əmirinə çatdırın. Qoy qazancı sizin olsun. Onlar dedilər: Biz belə bir iş görmək istərdik. Onlar deyiləni etdilər. Eyni zamanda Əbu Musa, Ömər ibn əl-Xəttaba (Allah onlardan razı olsun) məktub yazıb onlardan, verdiyi mal-dövləti götürməsini bildirdi. Onlar Mədinəyə gəldilər və qazanc da əldə etdilər. Sonra mal-dövləti Ömərə verəndə o dedi: O, sizə verdiyi borcu, bütün qoşuna veribmi?! Onlar dedilər: Xeyr. Ömər ibn əl-Xəttab (təəccüblə) dedi: Siz möminlərin əmirinin oğlusunuz! Sizə borc verib! Sizə verilən malı və əldə etdiyiniz gəlirin hamısını gətirin verin. Bu zaman Abdullah səsini çıxarmadı. Ubeydullah isə dedi: Ey möminlərin əmiri, belə etmək sənə yaraşmaz! Əgər bu mal-dövlət batsaydı, yaxud azalsaydı məsuliyyəti bizim boynumuzda olardı. Ömər dedi: Malı gətirin, hamısını verin. Abdullah susdu, Ubeydullah isə yenə dilləndi. Bu zaman Ömərin oturub-durduğu adamlardan biri dedi: Ey möminlərin əmiri, bəlkə bu mal-dövlətə ticarət üçün sərf olunan mal-dövlət kimi yanaşasan? Ömər dedi: Yaxşı, etdim. Beləliklə Ömər malın mayasını, gəlirin isə yarısını götürdü (və dövlətin xəzinəsinə qoydu). Ömər ibn əl-Xəttabın oğulları Abdullah və Ubeydullah isə gəlirin yarısını götürdülər»[2].

İşçi öz işinə görə məsuliyyət daşıyır
Ticarət məqsədi ilə səfər etmək, hər mənada icazəlidir. İşçi yalnız iki halda, düşmənçilik münasibəti göstərib və ya ona deyilən əmrlərə müxalif olub — malı tələf etdikdə dəymiş ziyana zamindir.
İbn əl-Munzir deyir: Alimlərin yekdil rəyinə əsasən, əgər mal sahibi işçiyə nisyə mal satmağı qadağan etdiyi halda işçi nisyəyə mal verərsə zəmanəti o özü daşıyır[3].
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabəsi, Həkim ibn Hizam (Allah ondan razı olsun) «pul verib ticarət işi görməsini tapşırdığı adama deyərdi: Mənim malımı (tez xarab olma təhlükəsi olan) yaş (tər) məhsullara sərf etmə, dənizdə daşıma, malımı sel axarında qoyma (mal-dövlətim səninlə olduğu halda belə yerdə dincəlmək üçün dayanma). Əgər sən deyilənlərdən hər hansını edərsənsə, (tələf olan) mala görə məsuliyyəti sən daşıyarsan»[4].
***

[1] əl-Muzzəmmil: 20.
[2] Hədis səhihdir. əl-İrva: 5/ 291. Malik: 479/ 1385. Beyhəqi: 6/ 110.
[3] əl-İcma: səh. 125.
[4] Rəvayətin sənədi səhihdir. əl-İrva: 5/ 293. Darəqutni: 2/ 63/ ? 242. Beyhəqi: 6/ 111.

Bənzər Məqalələr