Basqalarının xoşbəxtliyinə baxaraq onlara bənzəməyə çalışmaq, insanı depressiyaya salan ən böyük amillərdən biridir. Lakin, əslində heç bir şey göründüyü kimi deyil. Xüsusən də sosial şəbəkələrdə.. İnsanların bir-birilə yarışdıqları sosial şəbəkələrdəki paylaşımların şəkil effektləri nə qədər saxtadırsa, görünən emosiya ve xoşbəxtlik görüntülərinin əksəriyyəti də bir o qədər saxtadır. O insanların da sıxıntıları vardır. Həm də, sənin sıxıntı olaraq hesab etdiyin çətinliklərdən qat-qat artıq sıxıntılar.. 

 

Araşdırmalar göstərir ki, sosial şəbəkələrdə özlərini xoşbəxt kimi göstərən insanların əksəriyyəti, əslində heç də sevinc dənizində üzmürlər. Kadrın arxasında nələrin baş verdiyini görə bilməyən izləyici, təbii ki onu da görə bilmir.. Bir çox sosial paylaşımın əslində sadəcə dopamin (beyində ehtiyac duyulan maddə) ehtiyacını ödəməyə xidmət etdiyini və bu “əyləncənin” çox müvəqqəti effekt verdiyini də bilmir.. Bunları bilsə, əsla o kəslərin gözəl kimi görünən həyatlarını həsrətlə arzulamaz, özünün daha real və daha xoşbəxt həyatını yaşamağa fokuslanardı.

 

Çünki xoşbəxtlik, əslində sakitliyi sevir, nümayiş və göstərişi deyil.. Xoşbəxtliyin məkanı qəlbdədir, çölə izhar etməyə ehtiyac belə yoxdur. Göstərişi sevən insan, ən azından gözdəyməyə düçar olmaqdan qorxmalıdır. Buna görə də sadəcə görüntüyə baxaraq, ürəyini sıxma, üzülmə, öz gözəl həyatını və ya ailə yaşamını əksik görmə. Əziz peyğəmbərimiz ﷺ məhz buna görə:

انْظُرُوا إِلَى مَنْ هو أَسفَل مِنْكُمْ وَلا تَنْظُرُوا إِلَى مَنْ هُوَ فَوقَكُم
“Özünüzdən aşağıda (daha çətinlikdə) olanlara baxın, üstün olanlara deyil..” (Buxari və Muslim) – deyə buyurmuşdur.

Çünki, daima “yuxarılara” baxmaq, insanın qəlbini sıxır və şükür etməyi unutdurur.

 

Xoşbəxtliyə gəlincə, bu dunyada daimi formada sevincli olan kəs görülməmişdir. Sıxıntı ilə sevincli günlər arasında mütləq növbələşmə olmalıdır. Çünki bu, Allahın qoyduğu bir dünya nizamıdır:

وَتِلْكَ الْأَيَّامُ نُدَاوِلُهَا بَيْنَ النَّاسِ وَلِيَعْلَمَ اللَّهُ الَّذِينَ آمَنُوا

“..Biz bu günləri insanlar arasında növbə ilə dəyişdiririk. Allah (əsl mənada) iman edənləri (digərlərindən) ayırd etsin deyə..” (Ali-İmran surəsi)

 

Bu dünyada yaşamış, adları xeyirlə anılaraq dillərə dastan olmuş dahi, insanlıq üçün faydalı və müdrik insanların heç biri, bu gün hər bir insanın arzuladığı o lyuks həyatı yaşamayıblar. Hər birinin həyat hekayəsi məlumdur.. Heç biri, heç həqiqi zənginlərin belə yaşamadığı o sosial şəbəkə ulduz və bloqerlərinin “lyuks həyatlarına” bənzər həyat yaşamayıblar, əmin olun :). 

 

Xoşbəxtliyi dünya bər-bəzəyində axtaran və başqalarına bənzəməyə çalışanlar daima məyus olmuşdurlar. Çünki, heç biri o axtardıqları xoşbəxtliyi, o süni həyatda daimi olaraq tapa bilmədilər.. Habelə, qəlbləri daha da sıxılmağa başladı.. Çünki, ifraz olunan dopamin və serotonin maddələrinin beyinə təsir müddəti çox qısadır.


Mövzunu toparlasaq.. Əziz insan, Allahın hikmətinı güvən və qəlbini rahat tut. Heç kimə baxma, əlində olana şükür et, insanların ən zəngin və qəlbi daimi şəkildə ən xoşbəxt olanı – olacaqsan.. 
Çünki, Uca Allah bunu vəd etmişdir:

لَئِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ

“Əgər şükür etsəniz, mütləq sizə (nemətimi) artıracağam..” (İbrahim surəsi)

 

Ayxan Yaquboğlu

Share Button
Tarix: 25.10.2022 | Oxunma sayı: 2. 125 baxış