featured-image-1638

Namaz kimə vacibdir?

Namaz, hər bir həddi-büluğa çatan, ağılı başında olan müsəlmana vacibdir.
Əli (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Üç insandan qələm qaldırılmışdır (etdiklərinin məsuliyyətindən azad olunmuşdur):…

Yatan oyanana qədər, uşaq həddi büluğa çatana qədər, dəli ağıllanana qədər»[1].
Uşağa namaz vacib olmasa da, böyüyü ona namazı əmr etməlidir ki, öyrəşsin.
Amr ibn Şueyb atasından, o da babasından Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Övladlarınızın yeddi yaşı olanda, onlara namaz qılmağı əmr edin. On yaşlarında isə namaz qılmasalar onları vurun, (oğlan və qızların) yataqlarını ayırın»[2].

Namazların vaxtları:
Cabir ibn Abdullah deyir ki, «Cəbrail Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: Dur namazı qıl! Peyğəmbər (s.a.v.) də günəş zenit xəttini keçdikdə (səmanın ortasından günbatana meyl etdikdə) zöhr namazını qıldı. Sonra Əsr namazında yenə gəldi və dedi: Dur namazı qıl! Peyğəmbər (s.a.v.) hər şeyin kölgəsi özü boyda olanda əsr namazını qıldı. Sonra Məğrib namazında gəlib dedi: Dur namazı qıl! Peyğəmbər (s.a.v.) də günəş batanda Məğribi qıldı. Sonra İşa namazında gəldi və dedi: Dur namazı qıl! Peyğəmbər (s.a.v.) İşanı şəfəq itəndə qıldı. Sonra Sübh namazında gəldi və dedi: Dur namazı qıl! Peyğəmbər (s.a.v.) də dan yeri söküləndə Sübhü qıldı.
Sonra səhərisi gün Zöhr vaxtında gəldi və dedi: Dur namazı qıl! Peyğəmbər (s.a.v.) hər şeyin kölgəsi özü boyda olanda Zöhrü qıldı. Sonra Əsr namazında gəldi və dedi: Dur namazı qıl! Peyğəmbər (s.a.v.) hər şeyin kölgəsi iki özü mislində olanda Əsri qıldı. Sonra Məğrib namazında gəldi və vaxtı dəyişmədən, dünənki vaxtda namazı qıldırdı. Sonra gecənin yarısı, yaxud üçdə biri keçdikdən sonra İşa namazında gəldi və Peyğəmbər (s.a.v.) İşa namazını qıldı. Sonra hava işıqlaşdıqda dedi: Dur namazı qıl! Peyğəmbər (s.a.v.) də Sübh namazını qıldı. Sonra Cəbrail dedi: Bu iki vaxtın arasında bir vaxt[3] da mövcuddur»[4].
Tirmizi deyir ki, Məhəmməd ibn İsmail əl-Buxari demişdir ki, namazların vaxtları haqqında rəvayət olunan ən səhih hədis Cabirin hədisidir.
1. Zöhr: Vaxtı, günəş zeniti keçdikdən sonra hər şeyin kölgəsi özü boyda olana qədər davam edir.
2. Əsr: Vaxtı, hər şeyin kölgəsi özü boyda olandan günəş batana qədər davam edir.
3. Məğrib: Vaxtı, günəş batandan şəfəq itənə qədər davam edir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir ki, «Məğribin vaxtı şəfəq itənə qədərdir»[5].
4. İşa: Vaxtı, şəfəq itəndən gecə yarısına qədər davam edir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «İşa namazının vaxtı gecənin yarısına qədərdir»[6].
5. Sübh: Vaxtı, sübh vaxtından (dan yeri söküləndən) günəş çıxana qədər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Sübh namazının vaxtı, sübh vaxtından (dan yeri söküləndən) günəş çıxana qədərdir»[7].

Orta namaz hansı namazdır?
Uca Allah buyurur: «(Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun)»[8].
Əli (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əhzab günü (Xəndək döyüşündə) belə demişdir: «Onlar bizi orta namazdan, əsr namazından yayındırıblar. Allah da onların evlərini və qəbirlərini odla doldursun»[9].

Qeyri isti hava şəraitində Zöhr namazını əvvəl vaxtında qılmaq daha yaxşıdır:
Cabir ibn Səmurə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zöhr namazını günəş zenit xəttini keçdikdə qılardı»[10].

Şiddətli isti olduqda zöhr namazını gecikdirmək yaxşıdır:
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «İsti şiddətləndikdə namazı sərin vaxta saxlayın. Həqiqətən şiddətli isti cəhənnəmin püskürtüsündəndir»[11].

Əsr namazını tezləşdirmək müstəhəbdir:
Ənəs (Allah ondan razı olsun) deyir ki, «Günəş yüksəkdə olanda, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əsr namazını qılardı. Bundan sonra kimsə Əvaliyə[12] gedib-gələr, günəş isə hələ də yüksəkdə olardı»[13].

Əsr namazını öz vaxtında qılmayanın günahı:
İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Əsr namazını gecikdirən insan, öz ailəsini və malını itirmiş kimidir»[14].
Bureydə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim Əsr namazını tərk edərsə əməli puç olar»[15].

Əsr namazını, üfüq saralana qədər gecikdirənin günahı:
Ənəs (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Bu münafiq namazıdır. Oturub günəşi izləyir. Günəş şeytanın buynuzları arasında olarkən durub tez-tələsik, Allahı çox az zikr edərək dörd rükət qılır»[16].

Məğrib namazını tezləşdirməyin yaxşı, gecikdirməyin isə pis hal olması:
Uqbə ibn Amir (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Ümmətim Məğrib namazını ulduzlar görsənən vaxta qədər gecikdirməsələr, xeyir içərisində, yaxud fitrət üzərində olarlar»[17].
Sələmə ibn əl-Əkva (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Məğrib namazını günəş batıb gözdən itəndən sonra qılardı»[18].

Məşəqqət yoxdursa, İşa namazını gecikdirmək yaxşıdır:
Aişə (Allah ondan razı olsun) deyir ki, «bir gecə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) İşa namazını gecənin əksər hissəsi gedənə qədər gecikdirdi. Hətta məscid əhli də yatmışdılar. Sonra çıxıb namazı qıldı və dedi: Əgər ümmətimə çətinlik yaratmasaydım, İşanın vaxtı budur — deyərdim»[19].

İşadan qabaq yatmaq, sonra isə gərək olmadan danışmaq bəyənilmir:
Əbu Bərzə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) İşa namazından əvvəl yatmağı, sonra isə danışmağı xoşlamazdı»[20].
Ənəs (Allah ondan razı olsun) deyir ki, «bir gecə Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) gözləyirdik. Gecə yarı olmağa az qalmışdı. O gəldi, bizə namazı qıldırdı və sonra vəz etdi və dedi: İnsanlar namaz qılıb yatıblar. Amma siz isə namazı gözlədiyiniz vaxtda da namazda sayılırsınız»[21].

Sübh namazını əvvəl vaxtında (ala-qaranlıqda) qılmaq yaxşıdır:
Aişə (Allah ondan razı olsun) deyir ki, «biz mömin xanımlar paltarımıza bürtünüb sübh namazını Peyğəmbərlə (s.a.v.) qılır, namazdan sonra evlərimizə dağılırdıq. Hava qaranlıq olduğundan heç kəs onları tanımırdı»[22].

_________________________________________________________
[1] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 3513. Əbu Davud: 12/ 78/ ? 4380.
[2] Hədis həsəndir. Səhih əl-Cami əs-Səğir: ? 5868. Əbu Davud: 2/ 162/ ? 491. Mətndəki onun rəvayətidir. Əhməd: 2/ 237/ ? 84. Hakim: 1/ 197.
[3] Yəni, hədisdən anlaşılır ki, hər bir namazın əvvəl, orta və son vaxtı mövcuddur. Yalnız məğrib namazı istisnadır. Bu namazın bir vaxtı var. (tərc.)
[4] Hədis səhihdir. əl-İrva: ? 250. Əhməd: 2/ 241/ ? 90. Nəsai: 1/ 263. Tirmizi: 1/ 101/ ? 150. Bu məna ilə.
[5] Hədis həsəndir. əl-İrva: 1/ 268. Müslim: 1/ 427/ ? 612. Mətndəki onun rəvayətidir. Əbu Davud: 2/ 67/ ? 392. Nəsai: 1/ 260.
[6] Ötən məsdər.
[7] Ötən məsdər.
[8] əl-Bəqərə: 187.
[9] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 217. Müslim: 1/ 437/ ? 627.
[10] Hədis səhihdir. əl-İrva: ? 217. Müslim: 1/ 432/ ? 618.
[11] Buxari: 2/ 15/ ? 533. Müslim: 1/ 430/ ? 615. Mətndə onun rəvayəti verilmişdir. Əbu Davud: 2/ 75/ ? 398. Tirmizi: 1/ 105/ ? 157. Nəsai: 1/ 248. İbn Macə: 1/ 222/ ? 677.
[12] Mədinə şəhəri yaxınlığında yer adıdır. (tərc.)
[13] Buxari: 2/ 28/ ? 550. Müslim: 1/ 433/ ? 621. Əbu Davud: 2/ 77/ ? 400. Nəsai: 1/ 252. İbn Macə: 1/ 223/ ? 682.
[14] Buxari: 2/ 30/ ? 552. Müslim: 1/ 435/ ? 626. Əbu Davud: 2/ 84/ ? 410. Tirmizi: 1/ 113/ ? 175. Nəsai: 1/ 238.
[15] Hədis səhihdir. Səhih Sünən ən-Nəsai: ? 497. Buxari: 2/ 31/ ? 553. Nəsai: 1/ 236.
[16] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 399. Müslim: 21/ 434/ ? 622. Mətndə onun rəvayəti verilmişdir. Əbu Davud: 2/ 83/ ? 409. Tirmizi: 1/ 107/ ? 160. Nəsai: 1/ 254.
[17] Hədis həsən səhihdir. Səhih Sünən Əbu Davud: ? 403. Əbu Davud: 2/ 87/ ? 414.
[18] Müslim: 1/ 441/ ? 636. Tirmizi: 1/ 108/ ? 164. Buxari: 2/ 41/ ? 561. Onun rəvayətində «günəş batanda» – sözləri yoxdur.
[19] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 223. Müslim: 1/ 442/ ? 638.
[20] Buxari: 2/ 49/ ? 568. Müslim: 1/ 447/ ? 647. Əbu Davud: 2/ 69/ ? 394. Nəsai: 1/ 246.
[21] Buxari: 2/ 73/ ? 600. Mətndə onun rəvayəti verilmişdir. Müslim: 1/ 443/ ? 640. Nəsai: 1/ 268.
[22] Buxari: 1/ 54/ ? 578. Müslim: 1/ 445/ ? 645. Əbu Davud: 2/ 91/ ? 419. Nəsai: 1/ 271. Tirmizi: 1/ 103\ ? 153. İbn Macə: 1/ 220/ ? 669.

————
Hazırlayan:
Rahim Muradlı

Bənzər Məqalələr