featured-image-1598

Ərəb dilində nacasət sözü, nəcasə sözünün cəmidir. Nəcasət (murdar), sağlam təbiətli insanların iyrəndiyi, özlərini ondan qoruduğu, paltarına dəydikdə onu yuduğu şeylərdir. Məsələn, nəcis, sidik və s.[1]
Əşyalar əslən təmiz və mübah sayılır. Kim hansısa bir şeyin murdar olduğunu iddia edirsə bunun üçün mütləq sübut gətirməlidir. Əgər subut gətirə bilsə o deyəndir.

Yox əgər bunu edə bilməsə və ya gətirdiyi dəlil qaneedici olmasa o zaman biz “hər şeyin əsası pakdır” prinsipinə əsasən həmin şeyin pak olduğu qənaətində qalmalıyıq[2]. Çünki nəyinsə murdar olmasını demək “təklifi”[3] hökmdür. Yalnız dəlil-sübut əsasında belə bir qərar vermək olar.[4]

Dəlillər əsasında, murdarlığı isbat olunan şeylər

1 , 2: İnsan sidiyi və nəcisi:
Nəcisin mundar olması, Əbu Hureyrənin Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət etdiyi bu hədisə əsaslanır: “Sizlərdən birinizin ayaqqabısı pisliyə (nəcisə) batarsa, torpaq onu təmizlər”[5]
Hədisdə qeyd olunan pislik (ərəb. əl-Əzə) sözü insana narahatçılıq yaradan: ayağın nəcisə və ya başqa mundar bir şeyə batması, yaxud daşa dəyməsi və ya ayağa tikan batması və s. bu kimi şeylərə şamil olunur.[6] Amma sözün hədisdəki mənası, göründüyü kimi nəcis mənasında işlədilmişdir.
Sidiyin murdar olmasına dəlil, Ənəsin rəvayət etdiyi hədisdir. Hədisdə deyilir ki, bir nəfər bədəvi məscidə yüngül subaşına çıxır. Bəziləri qalxıb ona mane olmaq istəyəndə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “İşiniz yoxdur, ona mane olmayın”. Rəvayətçi deyir ki, bədəvi işini bitirdikdən sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir qab su gətizdirib oraya tökdü[7].
3, 4: Məzi və vadi:
Məzi: Kişi və qadınlarda şəhvət hissi başlayarkən ifraz olunan ağ, yapışqan, duru mayedir. Belə ki, bu maye şəhvət və təzyiqlə ifraz olunur, ifrazatdan sonra halsızlıq gəlmir və hətta onun ifraz olunması hiss olunmaya bilər[8].
Bu maye murdar sıyılır və Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) cinsiyyət orqanlarının bu mayedən yuyulub təmizlənməsini əmr etmişdir.
Əli deyir ki, məndən çoxlu məzi ifraz olunurdu. Amma mən Fatiməyə görə bu haqda Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşmağa utanırdım. Ona görə bu haqda soruşmağı Miqdad ibn əl-Əsvədə tapşırdım. O Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu haqda soruşub belə cavab aldı: “Həmin adam cinsiyyət orqanını yusun, sonra dəstəmaz alsın”[9].
Vadi: İşəməkdən sonra ifraz olunan ağ və qatı mayedir[10].
Bu maye də murdar sayılır.
İbn Abbas deyir: “Məni, məzi və vadinin hökmü belədir: Məni ifraz olunduqda qüsl alınır. Məzi və vadi ifraz olunduqda isə cinsiyyət orqanını yu və namaz üçün aldığın dəstəmazı et”[11].
5. Əti yeyilməyən heyvanların ifrazatı:
Abdullah deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) subaşından sonra təmizlənmək üçün mənə “üç ədəd daş gətirməyi” buyurdu. Mən ikisini daş, birini isə eşşək peyini gətirdim. O daşları götürüb, eşşək peyinini tulladı və dedi: “Bu, murdardır”[12].
6. Aybaşı qanı:
Əsma binti Əbu Bəkr deyir ki, bir qadın Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: “Bəzən paltarımıza aybaşı qanı dəyir, biz nə edək?” O dedi: “Həmin yeri qaşıyıb, su ilə ovxaladıqdan sonra yuyub, o paltarda namaz qıla bilərsən”[13].
7. İtin ağız suyu:
Əbu Hureyrə (Allah ondan razı olsun), Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Biriniz, it yalayan qabını təmizləmək istədikdə, onu birincisi torpaq, qalanları isə su ilə yeddi dəfə yusun”[14].
8. Leş:
Leş: Hansısa səbəbdən kəsilmədən ölmüş (heyvan) cəsədə deyilir.
Bu haqda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: “Ölmüş (haram olmuş) heyvanın dərisi aşılanarsa, təmiz olar”[15]
Hədisin ərəbcəsində “İhab” sözü keçir və bu söz ölmüş (haram olmuş) heyvanın dərisi mənasını verir. Ölmüş (haram olmuş) heyvanlardan bunlar istisna edilir:
1. Balıq və çəyirtkə ölüsü. Bunun əsası İbn Ömərin (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət etdiyi hədisdir. Demək hədisdə deyilir ki, “İki növ ölü və iki növ qan bizə halal edilmişdir. İki növ ölü, balıq və çəyirtkə ölüsüdür. İki növ qan isə, qaraciyər və dalaqdır”[16].
2. Cəsədində axar qan olmayan ölü leşlər. Milçək, qarışqa, arı və bu kimi canlılar.
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Əgər kiminsə (yemək və ya su) qabına milçək düşsə onu tam batırsın sonra kənara atsın. Çünki onun bir qanadında dərd, digərində isə ona qarşı dərman vardır”[17].
3. Əslinə baxaraq hər şeyin pak olması baxımından, ölmüş heyvanın sümüyü, buynuzu, dırnağı, tükü, lələyi təmiz sayılır. Həmçinin Buxarinin Müəlləq[18] rəvayəti də buna dəlildir. Orada deyilir ki, İmam Zuhri fil və bu kimi ölmüş heyvanların sümükləri haqqında demişdir: “Sələf alimlərinin bu sümüklərdən hazırlanmış daraqlarla darandıqlarını və (saçlarını) yağlandıqlarını gördüm. Onlar bunda heç bir qüsur görmürdülər”. Həmmad adlı alim isə belə demişdir: “Ölmüş heyvanın lələyini istifadə etmək olar”[19].

Murdar şeyləri təmizləməyin yolu

Bilmək lazımdır ki, bizə nəyinsə murdar və ya murdaredici olduğunu öyrədən şəriət, onlardan təmizlənməyin üsullarını da öyrətmişdir. Bizim üzərimizə düşən vacib məsuliyyət bu göstərişlərə tebe olmaq və lazımi qaydada riayət etməkdir. Əgər şəriətdə nəyinsə təmizlənməsi üçün murdar şeyin rəngi, iyi və dadı itənə qədər yuyulması əmr olunursa, demək onun təmizlənməsi belə olmalıdır. Yaxud nəyinsə təmizlənməsi üçün su tökmək, su çiləmək, qaşımaq, yerə sürtmək yaxud təmiz torpağın üzərində gəzmək deyilibsə, demək təmizlənmə də belə olmalıdır.
Murdar şeylərin təmizlənməsi üçün istifadə olunan əsas maddə sudur. Çünki şəriət sahibi suyu, “Allah, suyu təmizləyici yaratmışdır” — sözləri ilə vəsf etmişdir. Murdar şeylərin təmizlənməsi üçün şəriət, sudan əlavə bir vasitə qeyd etməmişdirsə o zaman su ilə təmizləmək lazımdır. Təmizləyici olduğunu bildiyimiz bir şeyi tərk edib, təmizləyici olmasında şübhə etdiyimiz maddələri istifadə etmək, şəriət qaydalarından kənara çıxmaqdır.[20]
Bu qayda ilə tanışlıqdan sonra, sizə şəriətin murdar və ya murdarlaşmış şeylərin təmizlənməsi qaydalarını xatırladıram:
1. Ölmüş (haram olmuş) heyvan dərisinin aşılanaraq təmizlənməsi:
İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə eşitdiyini deyir: “Ölmüş (haram olmuş) heyvanın dərisi aşılanarsa, təmiz olar”[21].
2. İt yalayan qabın təmizlənməsi:
Əbu Hureyrə (Allah ondan razı olsun), Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Biriniz, it yalayan qabını təmizləmək istədikdə, onu birincisi torpaq, qalanları isə su ilə yeddi dəfə yusun”[22]
3. Aybaşı qanına bulanmış paltarın təmizlənməsi:
Əsma binti Əbu Bəkr (Allah ondan razı olsun) deyir ki, bir qadın Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: “Bəzən paltarımıza aybaşı qanı dəyir, biz nə edək?” O dedi: “Həmin yeri qaşıyıb, su ilə ovxaladıqdan sonra yuyub, o paltarda namaz qıla bilərsən”[23].
Bundan sonra qanın paltarda qalan izinin heç bir zərəri yoxdur.
Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, Xovlə binti Yəsar dedi: Ey Allahın elçisi, mənim yalnız bir libasım var və aybaşı olarkən həmin paltar əynimdə olur. Mən necə edim? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “Təmizləndikdən sonra qan dəymiş yeri yu sonra həmin paltarda namaz qıl.” Qadın: Ey Allahın elçisi, əgər ləkəsi getməsə? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun): “Su ilə yuman kifayətdir, onun ləkəsinin qalması sənə bir zərər verməz”[24].
4. Qadın paltarının yerlə sürünən hissəsinin təmizlənmə qaydası:
İbrahim ibn Əbdürrəhman ibn Ovfin uşaqlarından birisinin anası, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yoldaşı Ummu Sələmədən soruşur: “Mən uzun ətəyli paltar geyinən qadənlardanam. Hərdən, natəmiz yerlərdən keçirəm, mən necə edim? Ummu Sələmə deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Ondan sonra gələn (yəni, paltarın sürtüldüyü pak torpaq) onu təmizləyir”[25].
5. Paltarın, südəmər uşağın sidiyindən təmizlənməsi:
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xidmətçisi Əbu -s- Səmh onun belə dediyini rəvayət edir: “Qız uşağının sidiyi dəymiş paltar yuyulur, oğlan uşağının sidiyi dəymiş paltara isə su çiləmək kifayət edir”[26].
6. Paltarın məzidən təmizlənməsi:
Səhl ibn Huneyf (Allah ondan razı olsun) deyir ki, mən məzidən çox əziyyət çəkir və buna görə çox çimirdim. Sonra bu haqda Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəbər verdikdə o dedi: “Buna görə təkcə dəstəmaz almağın kifayətdir”. Mən dedim: Ey Allahın elçisi, bəs paltarıma dəyənini necə edim? O dedi: “Bir ovuc su alıb batan yerin üzərinə tökməyin kifayətdir”.[27]
7. Ayaqqabının altının təmizlənməsi:
Əbu Səid (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Məscidə gələndə ayaqqabınızı çevirib altına baxın. Əgər orada murdar bir şey görsə ayaqqabını yerə sürtsün, bundan sonra ayaqqabı namaz qılsın”[28].
8. Yerin təmizlənməsi:
Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, bir nəfər bədəvi məscidin içərisinə yüngül subaşına çıxdı. Bəziləri qalxıb ona mane olmaq istəyəndə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “İşiniz yoxdur. O işini bitirdikdən sonra oraya bir qab su tökün. Həqiqətən siz çətinləşdirən yox, asanlaşdıran göndərilmisiniz”[29].
Bu hadisə zamanı Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məscidin dərhal təmizlənməsi üçün oraya su tökülməsini əmr etmişdi. Əgər həmin yer qalıb qurusaydı və nəcisdən əsər-əlamət qalmasaydı həmin yer pak sayılardı. Belə ki, İbn Ömərin (Allah ondan razı olsun) rəvayət edib deyir: Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında itlər məscidə yüngül subaşına çıxır, oralara gəlib gedirdi. Amma oraları təmizləmək üçün, üzərinə heç nə tökmürdülər[30].

________________________________________________________________________
[1] ər-Rovdatun Nədiyyə: 1/ 12.
[2] əs-Seylul Cərrar: 1/ 31.
[3] Ərəb dilində təklif sözü/ yüklənmək mənasını verir. Amma termin olaraq/ şəriət qaydası olaraq hansısa hökmə əməl etməyin zəruri olması anlamına gəlir (tərc.).
[4] ər-Rovdatun Nədiyyə: 1/ 15.
[5] Hədis səhihdir: Səhihi Sünən Əbu Davud: 834. Əbu Davud: 2/ 47/ 381.
[6] Ovnul Məbud: 2/ 44.
[7] Buxari: 10/ 449/ 6025. Müslim: 1/ 236/ 284. Hədisin tərtibatı Müslimin rəvayətinə əsasən verilmişdir.
[8] Müslimin şərhi/ Nəvəvi: 3/ 213.
[9] Buxari: 1/ 230/ 132. Müslim: 1/ 247/ 303. Hədisin tərtibatı Müslimin rəvayətinə əsasən verilmişdir.
[10] Fiqhus Sünnə: 1/ 24.
[11] Rəvayət səhihdir. Səhih Sünəni Əbu Davud: 190. Beyhəqi: 1/ 115.
[12] Hədis səhihdir. Səhihi Sünəni İbn Macə: 253. İbn Xuzeymə: 1/ 39/ 70. Başqa alimlərin rəvayətlərinə əsasən hədisin mətnində “eşşək” sözü qeyd edilmir. Belə rəvayət/ Buxaridə: 1/ 256/ 156. Nəsaidə: 1/ 39. Tirmizi: 1/ 13/ 17. İbn Macə: 1/ 114/ 314.
[13] Buxari: 1/ 410/ 307. Müslim: 1/ 240/ 291. Hədisin tərtibatı Müslimin rəvayətinə əsasən verilmişdir.
[14] Hədis səhihdir: Səhih əl-Cəmi əs-Səğir: 3933. Müslim: 1/ 234/ 279.
[15] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: 511. Müslim: 1/ 277/ 366. Əbu Davud: 11/ 181/ 4105.
[16] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: 210. Müslim: 1/ 255/ 96. Beyhəqi: 1/ 254.
[17] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: 837. Buxari: 10/ 250/ 57/ 82. İbn Macə: 2/ 1159/ 35/ 3505.
[18] Müəlləq: Hədisin bir növüfür. Demək/ rəvayətçi alimin özü ilə özündən əvvəlki rəvayətçilərin arsında olan vasitəçi adamların adını qeyd etmədən birdaşa rəvayət etməsidir. Məsələn/ hicrətin 3-cü əsrində yaşayan Buxari birbaşa rəvayət edib deyir ki/ Aişə belə demişdir. Belə ki/ Aişə hicrətin 1-ci/ Buxari isə 3-cü əsrində yaşamışdığı üçün/ Buxarinin ondan rəvayət eşitməsi qeyri mümkündür. Belə hədislərə müəlləq hədislər deyilir. Əslən belə hədislər öz-özlüyündə zəif sayılır. Amma başqa səhih sənədli rəvayətlərə görə səhih də sayıla bilər (tərc.).
[19] Buxari: 1/ 342.
[20] əs-Seylul Cərrar: 1/ 48/ 42 (ixtisar edilmiş formada). Diqqət! Hafiz ibn Həcər ət-Təlxisul Həbir adlı kitabında (1/ 14)- də/ “Allah/ suyu təmizləyici yaratmışdır” — rəvayəti haqqında deyir: (kitablarda) belə rəvayət tapa bilməmişəm. Əvvəldə Əbu Səidin rəvayət etdiyi hədisdə (bu mənaya yaxın olan) rəvayət qeyd etmişdirk: “Su təmizləyicidir və onu heç nə murdar etmir” (s.s.).
[21] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: 511. Müslim: 1/ 277/ 366. Əbu Davud: 11/ 181/ 4105.
[22] Hədis səhihdir: Səhih əl-Cəmi əs-Səğir: 3933. Müslim: 1/ 234/ 279.
[23] Buxari: 1/ 410/ 307. Müslim: 1/ 240/ 291. Hədisin tərtibatı Müslimin rəvayətinə əsasən verilmişdir.
[24] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: 351. Əbu Davud: 2/ 26/ 361. Beyhəqi: 2/ 408.
[25] Hədis səhihdir. Səhih Sünən ibn Macə: 430. Muvatta: 27/ 44. Əbu Davud: 2/ 44/ 379. Tirmizi: 1/ 95/ 143. İbn Macə: 1/ 177/ 531.
[26] Hədis səhihdir. Səhih Sünəni Nəsai: 293. Əbu Davud: 2/ 36/ 372. Nəsai: 1/ 158.
[27] Hədis həsəndir. Səhih İbn Macə: 409. Əbu Davud: 1/ 358/ 207. Tirmizi: 1/ 76/ 115. İbn Macə: 1/ 169/ 506.
[28] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: 605. Əbu Davud: 2/ 353/ 636.
[29] Buxari: 1/ 323/ 220. Nəsai: 1/ 48 və 49. İrva əl-Ğəlil: 171. Hədisi daha ətraflı bu alimlər rəvayət ediblər: Əbu Davud: 2/ 39/ 376. Tirmizi: 1/ 99/ 147.
[30] Rəvayət səhihdir. Səhih Sünən Əbu Davud: 368. Buxari müəlləq olaraq: 1/ 278/ 174. Əbu Davud: 2/ 42/ 378.

Hazırlayan:
Rahim Muradlı

Bənzər Məqalələr