featured-image-1573

əl-MƏLİK, əl-QUDDUS, əs-SALAM olan; izzət və cəlal sahibi olan ALLAH`a həmd olsun! RƏBB`imə həmd edir, uca nemətləri üçün Ona şükr edirəm. Şəhadət edirəm ki, ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq ilah yoxdur. O, Təkdir və şəriki yoxdur. Ən gözəl isimlər və uca sifətlər Ona məxsusdur. Şəhadət edirəm ki, Peyğəmbərimiz Muhəmməd Onun qulu, Rəsulu və dostudur. ALLAH`ım! Qulun və Rəsulun Muhəmmədə, əhli-beytinə və dəyərli səhabələrinə xeyir-dua və salam et!..

ALLAH`dan layiqincə qorxun. Çünki ALLAH`dan layiqincə qorxmaq, Qiyamət günü üçün hazırlanan ən gözəl azuqədir. Ey ALLAH`ın qulları, bilin ki, nəsihətlərin ən xeyirlisi ALLAH`ın Kitabındakı ayələr və Rəsulullahın (sav) hədisləridir. Quranı Kərimin ayələri, qafilləri oyandırır. Cahilləri elmləndirir. Günahkarları çəkindirir və ALLAH`dan qorxanların ümidini çoxaldır. Uca Quranın ayələri qəlbləri və nəfsləri təmizləyir. Əxlaqı gözəlləşdirir və halları düzəldir. Cəmiyyətin əlaqələrini gücləndirir. Pislik və rəzilliklərə mane olur. Saleh və fəzilətli əməllərə həvəsləndirir.Uca Allahın Kəlamından çoxlu eşitdiyimiz və oxuduğumuz bir ayə var ki, bizə, bu ayənin mənasını olduğu kimi düşünmək və onunla əməl etmək vacibdir. Bu ayə, bütün xeyirləri toplayır və bütün şərr əməllərdən çəkindirir.
Uca Allah belə buyurur:
“Həqiqətən, ALLAH (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (ALLAH) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!”
(ən-Nəhl surəsi, 16/90.)

Uca Allah hər cür xeyri əmr etməsə və hər cür şərdən çəkindirməsəydi, halal və haram açıqlanmasa, haqq və batil bilinməsəydi, şəriətin hökmləri və iman olmasaydı adəmoğlu heyvanlardan daha pis olardı.
Uca Allah belə buyurur:
“…De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (ALLAH`ın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!”
(əz-Zumər surəsi, 39/9.)
“Məgər Biz müsəlmanları kafirlərlə eynimi tutacağıq?!”
(əl-Qaləm surəsi, 68/35.)

“Yoxsa Biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə eyni tutacağıq?! Yaxud ALLAH`dan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?!”
(Sad surəsi, 38/28.)

“Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (ALLAH`ın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (ALLAH`ın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!”
(əl-A`raf surəsi, 7/179.)

“Həqiqətən, ALLAH (Quranda insanlara) ədalətli olmağı buyurur” deməklə Uca Allah , ədaləti fərz olaraq əmr edir. Ədalət, haqdır. ALLAH`ın qarşısında bir vəzifə və məxluqata qarşı bir vəzifədir. Şəriətin əmr etdiyi hər şey; bu əmr fərz olsun, vacib olsun ya da müstəhəb olsun; davranış ya da söz olsun; ədalət və haqdır. Ədalət, hərtərəfli bir seçimdir. ALLAH`ın əmr etdiyi ən uca şey yalnız ALLAH`a ibadət etmək, yəni tövhiddir. Sonra; məxluqatın haqlarını yerinə yetirməkdir.
Uca Allah belə buyurur:

“ALLAH`a ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, ALLAH özünü bəyənənləri, lovğalıq edənləri sevməz!”
(ən-Nisa surəsi, 4/36.)

Əbu Hureyrənin (r.a) Rəsulullahdan (sav) rəvayət etdiyi bu hədisdə, Peyğəmbərin (sav) işarə etdiyi imanın şöbələrinin hamısı bu böyük ayədə təsnif edilmişdir: “İman yetmiş şöbədir. Ən ucası “Lə iləhə illALLAH/ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq ilah yoxdur” sözüdür. Ən balacası isə, yoldan əziyyət verici bir şeyi təmizləməkdir. Həya, imandan bir şöbədir.”
(Muslim.)

Çünki imanın hər şöbəsi ədalət və haqdır. Doğru və fəzilətli bir seçimdir. Yaxşılıq, ayədə əmr edilən ədalətdəndir. Fəqət məqamının mühümlüyü, dünya və axirətdəki ümumi faydası səbəbilə ayrıca zikr edilmişdir. İslamda yaxşılıq, nəfsə yaxşılıq etməyi də əhatə edir.
Əbu Zərdən (r.a) rəvayət edilən bir hədisdə, Rəsulullah (sav) belə buyurur:
“Pisliyini insanlardan uzaqlaşdırmağın; nəfsinə, səndən bir sədəqədir.”
(Muslim)

İslamda yaxşılıq, məxluqata edilən yaxşılığı da içinə alır. Yaxşılıq, xeyir vermək və pisliyi uzaqlaşdırmaqdır.
Uca Allah belə buyurur:
“…Yaxşılıq edin! ALLAH yaxşılıq (ehsan) edənləri sevir.”
(əl-Bəqərə surəsi, 2/195)

“ALLAH din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. ALLAH ədalətli olanları sevər! ALLAH sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!”
(əl-Mumtəhinə surəsi, 60/8-9.)

İslam, heyvanlara belə yaxşılıq etməyi və onlara əziyyət etməməyi əmr edir. Rəsulullah 9sav) belə buyurur:
“Şübhəsiz ALLAH, hər şey üçün ehsanı fərz etmişdir.”
(Muslim)

“Qohumlara (haqqını) verməyi buyurur.” Bu da, yaxşılığın bir hissəsidir. Fəqət, mühümlüyü səbəbilə xüsusiylə zikr edilmişdir. Çünki qohumlara yaxşılıq etmək, başqalarına yaxşılıq etməkdən etməkdən daha üstündür. Qohumlara yardım etmək; onların, müsəlmanın üzərindəki vacib və müstəhəb haqlarını yerinə yetirməkdir. Rəsulullah belə buyurur:
“Kim əcəlinin geciktirilməsini və ruzisinin çoxalmasını istəyirsə qohumluq əlaqələrini qorusun.”
“Həqiqətən, ALLAH zina etməyi (fahiş işləri), pis işlər görməyi və zülm etməyi qadağan edir” sözünə gəldikdə; fahiş işlər, ağlın çirkin gördüyü və şəriətin yasaqladığı, ALLAH`ın qadağan etdiyi və əzabla qorxutduğu hər şeydir. ALLAH`ın yasaqladığı ən böyük şey; duada, yardım diləmədə və buna bənzər ibadətlərdə ALLAH`a şirk qoşmaqdır.
Uca Allah Loğmanın oğluna belə dediyini zikr edir:
“…Oğlum! ALLAH`a şərik qoşma. Doğrudan da, ALLAH`a şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)”
(Loğman surəsi, 31/13.)

Küfrün şöbələri, nifaqın şöbələri və böyük günahların hamısı bu ayədə zikr edilmiş və yasaqlanmışdır.
Əbu Hureyrə (r.a) Rəsulullahın (sav) belə buyurduğunu rəvayət edir:
“Yeddi böyük günahdan çəkinin!” Deyilir ki: “Onlar nələrdir, ey ALLAH`ın Rəsulu?” O belə buyurur: “ALLAH`a şirk qoşmaq, sehr, ALLAH`ın haram etdiyi cana haqsız yerə qıymaq, faiz yemək, yetim malı yemək, düşmənlə qarşılaşıldığı gün (savaş meydanından) geri dönüb qaçmaq və heç bir şeydən xəbəri olmayan iffətli evli mömin qadınlara iftira atmaq.”
(əl-Buxari.)

Fahiş işlər; zina, homoseksualizm, içki içmək və narkotikdən istifadə etmək kimi əməlləri əhatə edir. Küfr söyləmək, yalandan şahidlik etmək, iftira etmək, söyüş söymək və buna bənzər sözləri əhatə edir. Təkəbbür, həsəd, özünü bəyənmək, insanları alçaltmaq və buna bənzər qəlbin əməllərini də əhatə edir. Pis işlər; pozulmamış düzgün fitrətlərin qəbul etmədiyi, ALLAH`ın yasaqladığı şeylərdir. Zülm isə; başqasına haqsız yerə düşmənçilik və haqsızlıq etməkdir. Zülm və düşmənçiliyi; güclü, gücsüzə qarşı etsə günahı daha da böyük olar. Dünyada; zülm etməkdən və qohumluq bağlarını qoparmaqdan, cəzası daha sürətli olan bir günah yoxdur. Bununla birlikdə onun üçün, ALLAH`ın axirətdə hazırladığı əzab da vardır.
UCA ALLAH belə buyurur:
“Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman ALLAH`ın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, ALLAH insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; ALLAH ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!”
(əl-Ənfal surəsi, 8/24.)

RAHMAN və RAHİM olan aləmlərin RƏBB`i ALLAH`a həmd olsun. Ona həmd və şükr edirəm. Ona tövbə edir və Ondan bağışlanma diləyirəm. Şəhadət edirəm ki, ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq ilah yoxdur. Şəhadət edirəm ki, Peyğəmbərimiz Muhəmməd, Onun qulu və Rəsuludur. ALLAH`ım! Qulun və Rəsulun Muhəmmədə, əhli-beytinə və bütün əshabına xeyir-dua və salam elə! Bundan sonra…
Ey ALLAH`ın qulları! ALLAH`dan layiqincə qorxun!
Uca Allah belə buyurur:
“ALLAH`a tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır!”
(əl-Bəqərə surəsi, 2/281.)

Abdullah ibn Məsud (r.a) belə deyir: “Fəzilətli əxlaqı ən çox içində toplayan ayə, ALLAH`ın bu kəlamıdır:
“Həqiqətən, ALLAH (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (ALLAH) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!”
(ən-Nəhl surəsi, 16/90.)

Uca Allah belə buyurur:
“Ey iman gətirənlər! ALLAH`a və Onun Peyğəmbərinə itaət edin, (Quranı, oradakı öyüd-nəsihətləri) eşitdiyiniz halda, ondan üz döndərməyin! Eşitmədikləri (ürəkləri ilə təsdiq etmədikləri) halda (dilləri ilə): “Eşitdik!” deyənlər (münafiqlər) kimi olmayın!”
(əl-Ənfal surəsi, 8/20-21.)

Rəsulullah (sav) bir hədis-i şərifdə belə buyurur:
“Sizə yasaqladığım şeydən çəkinin. Sizə əmr etdiyim şeyi isə gücünüz yetdikcə yerinə yetirin.”
ALLAH`ın qulları!.. İnsanların ən xeyirlisinə xeyir-dua və salam edin. Çünki bunu sizə Uca Allah əmr etmişdir.
O belə buyurur:
“Həqiqətən, ALLAH və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!”
(əl-Əhzab surəsi, 33/56.)

Əli ibn Abdu`r-RAHMAN əl-HUZEYFİ
16/08/2002 Miladi
www.islamevi.az

Bu kitab, DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN 27/09/2006 tarixli ? DK — 377d saylı razılığı ilə nəşr edilmişdir.
Kitabın müəllif hüquqları qorunur.

Bənzər Məqalələr