featured-image-1544

TÖVBƏ — İşini Allaha həvalə etdi, üsyandan döndü, günahdan itaətə döndü mənasındadır, Allaha döndü, günahdan peşmanlığını bildirdi və s. «Hər kəs tövbə edib yaxşı iş görərsə o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə dönər». (əl-Furqan 71)-(1)
İbn Qeyyim — rahmətullahi aleyhi – deyir ki: «Tövbə Allahın zahirdə və batində sevmədiyi şeylərdən, zahirdə və batində sevdiyi şeylərə dönməkdir»(2)

Ənəs b. Məlik – radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Allah – subhənəhu və təalə — qulunun tövbə etməsi ilə sizdən hər hansı birinizin bu halından daha çox sevinir». Bir kimsə otsuz boş bir quru ərazidə dəvəsi ilə gedirdi. Dəvənin üzərində də o, kimsənin yeyəcək və içəcək şeyləri də vardır. (Başqa rəvayətdə: «Çöllük bir əraziyə çatdıqda ona şirin bir yuxu gəldi. Dəvəsi üzərindən enərək bir ağac tapıb altında mürgüləmək üçün uzandı). Oyandıqda bir də baxdı ki, dəvəsi yeyəcək və içəcək şeylərlə birlikdə yoxdur. Dəvəsini axtarmaq üçün oyana-buyana qaçır. Nəhayət dəvəsini axtarıb tapmaqdan ümüdünü kəsdikdə yatdığı yerə qayıdaraq: «Artıq buradan ölənə qədər ayrılmayacağam!» deyib yan tərəfi üstə uzanaraq yatdı. (Ayıldıqda) Bir də baxdı ki, dəvəsi başı üzərində dayanıb. Dəvəsinin ipindən tutaraq sevincinin şiddətindən: «ALLAHUMMƏ ƏNNƏ ABDİ VƏ ƏNƏ RABBUKƏ — Allahım Sən mənim qulumsan, mən də Sənin Rəbbinəm!» deyə şükr edir. «Sizdən hər hansı biriniz (itmiş dəvəsini) üzərində yemək və içəcəyi ilə birlikdə tapmasından daha çox, Uca Allah tövbə etmiş mömin qulunun tövbəsindən ötrü sevinir»(3)
İbn Qeyyim — rahmətullahi aleyhi – deyir ki: «Hansı bir sevic bu insanın sevincinə bərabər ola bilər? Əgər varlıq aləmində bu sevincdən daha böyük bir sevinc olaydı Peyğəmbər— sallallahu aleyhi və səlləm — miniyini tapan qulunun sevincindən dah çox sevinən Allahın sevincinə onu məsəl olaraq gətirərdi»(4)
«Ey möminlər! Hamılıqla Allaha tövbə edin ki, bəlkə nicat tapasınız». (ən-Nur 31). «Ey iman gətirənlər! Allaha səmimi qəlbdən tövbə edin». (ət-Təhrim ). «Tövbə etməyənlər zalimlərdir». (əl-Hucurat 11). «Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhm edəndir». (əl-Furqan 70). Bu haqda iki görüş vardır: 1. Həqiqətən də Allah Qiyamət günü onların pis əməllərini yaxşı əməllərə çevirəcəkdir. 2. Bu dünyada pis əməllər yaxşı əməllərə çevriləcəkdir. Çirkin əməllər saleh əməllərlə, küfrün yerinə iman, zülmün yerinə ədalət, namazı tərk yerinə namazı qılmaq, yalan doğruluqla, zina iffətlə, xainlik əminliklə və s(5)
. İbn Ömər – radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Allah mömini yaxınlaşdırar. Onun üzərinə örtüyünü qoyar və onu örtər. Ona buyurar: «Filan günahını bilirsənmi? Filan günahını bilirsənmi?» Qul da: «Bəli, ya Rəbbim!» deyər. Bütün günahlarını tək-tək ona söyləyərlər. Qul artıq həlak olduğunu zənn etdiyi təqdirdə Allah ona buyuracaq: «Dünyada ikən səni bu günahlardan saxladım. Bu gün də bu günahlarını sənə bağışlayıram». Sonra ona etdiyi yaxşılıqların yazıldığı kitabı verərlər. Kafir və münafiqə gəlincə: «Bütün insanların eşitdiyi bir şəkildə onlara deyiləcək. Bunlar Rəbbinə qarşı yalan söyləyən kimsələrdir. Bunu da bilin ki, Allahın lənəti zalimlərin üzərinədir» deyiləcəkdir. «Allaha iftira yaxandan daha zalim kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər belə deyərlər: «Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!» Bilin ki, zalimlər Allahın lənətinə gələcəklər. (Hud 18)-(6)
Ənəs – radiyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — in belə buyurduğunu eşitdim: «Allah — subhənəhu və təalə – buyurdu: «Ey Adəm oğlu! Nə qədər ki, sən mənə dua edib məndən bağışlanma diləsən, mən sənin nələr etdiyinə baxmadan səni bağışlayaram. Ey Adəm oğlu! Əğər sənin günahların göylərə qədər çatsa və sonra sən məndən bağışlanma diləsən, mən sənin günahlarını bağışlayaram. Ey Adəm oğlu! Əğər sən mənim hüzuruma yerüzü dolusu qədər günahlarla gəlsən və mənə heç bir şeyi şərik qoşmasan mən də sənə yerüzu qədər bağışlanma verərəm»(7)
TÖVBƏNİN ŞƏRTLƏRİ: 1. ALLAHA SƏMİMİ QƏLBDƏN TÖVBƏ EDİB BAĞIŞLANMA DİLƏMƏK – «Tövbə edib Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz». (əz-Zumər 54). Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Günaha görə tövbə edən o, günahı etməmiş kimidir»(8)
» . Əbu Hureyrə Ənəs – radiyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, əgər siz günah etməsəniz Allah sizi məhv edər və sizin yerinizə elə bir qövm gətirər ki, onlar günah edər və Allahdan bağışlanma diləyərlər, Allah da onları bağışlayar»(9)
«Mərhəmətim hər şeyi ehtiva etmişdir!». (əl-Əraf 156). «(Ya Məhəmməd! Mənim adımdan qullarıma) De ki: Ey mənim (günah törətməkdə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın! Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən O, bağışlayan və rəhm edəndir. Tövbə edib Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz!» (əz-Zumər 53-54) «O, müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər?» (Ali İmran 135). Əbu Hureyrə — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — Uca və Böyük olan Rəbbindən belə buyurdu: «Allahın qullarından biri günah edib sonra da: «Allahım! Mən günah etdim, günahımı bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda! Mən öz qulumu bağışladım!» deyə buyurdu. Sonra o, qul (günah etmədən) Allahın dilədiyi bir müddət qədər yaşayır. Sonra yenə də günah edərək: «Allahım! Mən günah etdim, günahımı bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda! Mən öz qulumu bağışladım!» deyə buyurdu. Sonra o, qul (günah etmədən) Allahın dilədiyi bir müddət qədər yaşayır. Sonra yenə də günah edərək: «Allahım! Mən günah etdim, günahımı bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda!». Üç dəfə: «Mən öz qulumu bağışladım! Artıq istədiyini edə bilər(10)
2. GÜNAHLARA GÖRƏ PEŞMANÇILIQ ÇƏKMƏK – Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Peşmançılıq — tövbədir» . Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Sol kitab sahibi öz qələmini günah etmiş müsəlmandan altı saat müddətinə qaldırar. Əgər o, tövbə edib bağışlanma diləyərsə etdiyi günah yazılmaz. Əksi təqdirdə onu bir günah olaraq qeyd edər»(11)
Əbu Bəkr — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm – buyurdu: «Allah qüsl alıb təmizləndikdən sonra (iki rükət) namaz qılıb Allahdan bağışlanma diləyən hər bir kəsin günahını bağışlayar»(12)
3. GÜNAH ETDİYİN YERDƏN DƏRHAL UZAQLAŞMAQ – Əbu Səid Sad b. Məlik b. Sinan əl-Xudri — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən əvvəlki ümmətlərdə doxsan doqquz insan oldürmüş bir kimsə var idi. Bu kimsə (öldürdükdən) sonra yer üzünün ən alim insanını axtarmağa başlayır. Ona (İsrail oğullarından) bir rahibi göstərirlər. O, rahibin yanına gələrək: «Mən doxsan doqquz insan öldürmüşəm və tövbə etməyin mənə faydası olacaqmı?» deyə soruşdu. Rahib: «Xeyr!» deyə cavab verincə onu da öldürür. Beləcə (öldürdüyü insanların sayını) yüzə çatdırır. Sonra yenə də yer üzünün ən alim insanını axtarmağa başlayır. Ona bir nəfər elmli insanı göstərirlər. Alimin yanına gələrək yüz nəfər öldürdüyünü və tövbə etməyin ona fayda verəcəyi haqqında soruşur. Alim: «Bəli! Tövbə edən insana kim mane ola bilər! Sən filan yerə get! Çünkü orada Allaha ibadət edən bir tayfa vardır. Onlarla birlikdə Allaha ibadət et və bir daha bu məmləkətə qayıtma. Çünkü bura çox pis yerdir! Bu (söhbətdən) sonra adam alimin dediyi yerə yollanır. Lakin yolun yarsına çatdıqda ölüm onu yaxalayır. Bu kimsəyə görə Rəhmət mələkləri ilə əzab mələkləri bir-birləri ilə mübahisəyə başlayırlar. Rəhmət mələkləri: «Bu adam tövbə edərək və qəlbini Allaha yönəldərək gəldi!» deyirlər. Əzab mələkləri: «Bu adam bu günə qədər heç bir xeyir işləməmişdir!» deyirlər. Bu an insan qiyafəsində bir mələk onların yanına gəlir və hər iki tərəf onu öz aralarında hakim təyin edirlər. O, deyir: «Gəldiyi yer ilə gedəcəyi yeri ölçün! Hansı tərəf daha yaxın olarsa ora aiddir!» Mələklər hər iki tərəfi ölçürlər və adamın getdiyi yerə yaxın olduğunu görürlər və Rəhmət mələkləri onun ruhunu alıb gedirlər (aparırlar)». Başqa rəvayətdə: «Uca Allah günahkarların yaşadığı yerə uzaqlaş! Tövbə edib getdiyi yerə yaxınlaş!» deyə vəhy etdi. Və mələklərə: «Hər iki tərəfin məsafəsini ölçün!» deyə buyurdu. Mələklər də hər iki tərəfi ölçdülər. Tövbəkarın gedəcəyi yerə bir qarış yaxın olduğunu gördülər. Bundan ötrü də (Allah) onun günahlarını bağışladı»(13)
4. GÜNAHA BİR DAHA QAYITMAMAQ — Peyğəmbər — sallallahu aleyhi və səlləm – buyurdu: «Bütün Adəm övladı xəta edəndir. Xəta edənlərin ən xeyirlisi Allaha tövbə edənlərdir»(14)
Peyğəmbər — sallallahu aleyhi və səlləm – buyurdu: «Ey insanlar! Allaha tövbə edin. Mən gündə 70 (bir rəvayətdə: 100) dəfə Allahdan bağışlanma diləyirəm» Buxari, Müslim. Əli — radıyallahu anhu — deyir ki: «Bəla ancaq günahla nazil olur və töbvə ilə silinir».
5. TÖVBƏNİ ƏCƏL GƏLMƏMİŞDƏN QABAQ ETMƏK – Günah işləri görməyi davam etdirib yalnız ölüm yatağında mən indi tövbə etdim deyəndən və kafir kimi ölənin tövbəsi qəbul olunmaz». (ən-Nisa 17,18). Əbu Hureyrə — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm – buyurdu: «Allah qulunun tövbəsini gün batdığı yerdən çıxanadək qəbul edir» Müslim. Peyğəmbər — sallallahu aleyhi və səlləm – buyurdu: «Allah qulunun tövbəsini ruh boğazdan çıxanadək qəbul edir»(150
Əbu Hureyrə — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Qəlbim əlində olan Allaha and olsun ki, əgər siz günah etməsəniz Allah sizi məhv edər və sizin yerinizə elə bir tayfa gətirər ki, onlar günah edər sonra da Allahdan bağışlanma diləyərlər. Allah da onları bağıışlayar» «Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə Allah onun yerinə elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, kafir-lərə qarşı sərt olarlar. Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu Allahın lütfüdür onu istədiyinə verər». (əl-Maidə 54).
6. QULUN HAQQINI VERMƏK — Peyğəmbər — sallallahu aleyhi və səlləm – buyurdu: «Kim öz qardaşının haqlarını tapdalayıbsa qoy onun haqqını Qiyamət günü gəlməmişdən qabaq ödəsin. O, gün ki, nə dinar, nə də dirhəm kömək edə biləcəkdir. Qiyamət günü haqları tapdalayanın savablarından alınaraq zülm etdiyi insanlara verilir. Əgər zülm etdiyi qulların haqlarını ödəmədən əvvəl savabları qurtararsa zülm etdiyi qulların günahlarından alınraq ona yüklənər və sonra da Cəhənnəmə atılar»(15)
Əbu Hureyrə – radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah — sallallahu aleyhi və səlləm — buyurdu: «Bilirsinizmi Müflis kimdir?». Səhabələr: «Bizim nəznimizdə müflis kimsə heç bir pulu və ruzisi olmayan bir kimsədir» dedilər. Peyğəmbər: «Mənim ümmətimdə Müflis kimsə Qiyamət günü namazı, orucu, zəkatı ilə gələcəkdir. Lakin onu söymüş, bunua iftira atmış, birinin malını yemiş, qanını tökmüş və döymüşdür. Savablarından alınaraq zülm etdiyi insanlara verilir. Əgər zülm etdiyi qulların haqlarını ödəmədən əvvəl savabları qurtararsa zülm etdiyi ulların günahlarından alınraq ona yüklənər və sonra da Cəhənnəmə atılar»(16)
Ənəs — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — in ətrafında oturmuşduq. Birdən o, gülməyə başladı. Ömər — radıyallahu anhu —: «Atam, anam sənə fəda olsun! Nə üçün güldün?» deyə soruşdu. Peyğəmbər: «Ümmətimdən iki insan Allahın hüzurunda diz çökmüşdülər. Onlardan biri: «Ya Rəbbim! Bu qardaşım mənə haqsızlıq etmişdir. Ondan haqqımı al!» deyər. Allah: «Qardaşının haqqını ödə» deyə buyurar. O: «Ya Rəbbim! Ona verəcək həsənətlərim artıq qalmadı» deyər. Allah: «Onun həsənətləri artıq qalmayıb» deyə buyurar. Adam: «Ya Rəbbim! Günahlarımı ona yüklə!» deyər. Bu sözlərdən sonra Peyğəmbər —sallallahu aleyhi və səlləm — ağladı. Qiyamət günü çox böyük bir gündür. O, gün insanlar günahlarının bir qismini başqalarına yükləmək ehtiyacını duyacaqlar. Sonra sözünə davam edərək Allah: «Başını qaldır Cənnətə bax!» deyə buyurar. Adam başını qaldırıb Cənnətə baxdıqda: «Ya Rəbbim! İnci ilə taclanmış, gümüşdən şəhərlər, qızıldan köşklər görürəm. Bunlar hansı Peyğəmbəri, siddiqin, şəhidindir» deyər. Allah: «Bunlar haqları ödəyənlərindir» deyə buyurar. Adam: «Ya Rəbbim! Buna kim sahib ola bilər» deyər. Allah: «Sən, sahib ola bilərsən» deyə buyurar. Adam: «Nə ilə?» deyər. Allah: «Qardaşını bağışlamaqla» deyə buyurar. Adam: «Ya Rəbbim! Mən onu bağışladım» deyər. Allah Qiyamət günü möminlərin arasını düzəltməklə onları barışdıracaqdır» . Abdurrahman b. Cubeyr, o da Əbu Tufeyldən rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yanına ixtiyar yaşına çatmış bir kişi gəlir (Başqa rəvayətdə: Qaşları gözünün üstünü örtmüş, əsasına söykənərək Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yanında dayanaraq) deyir: «Sən yer üzündə belə bir insan görmüsənmi ki, böyüklü, kiçikli heç bir günahdan yan keçməyərək onları edib (Başqa rəvayətdə: Əgər onun günahlarını yer əhli arasında paylasaydılar hamını həlak edərdi). Mənim üçün tövbə varmı?». Peyğəmbər: «Sən İslamı qəbul etmisənmi?» deyə buyurdu. O: «O, ki qaldı mənə — Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq heç bir ilah yoxdur və sən Allahın Rəsulusan» dedi. Peyğəmbər: «Yaxşı işlər gör və pis işləri də tərk et, Allah da sənin bütün əməllərini xeyirli edər» deyə buyurdu. O: «Oldu! Allahu Əkbər! — deyərək gözdən itənə qədər getdi»(17)

1.Lisanul Arab 1/454.
2.Mədaricus Salikin» 1/306.
3. Buxari, Müslim.
4. «Mədaricus Salikin» 1/297.
5.Mədaricus Salikin 1/303, Camiul Bəyan 9/46, Zədul Məsir 6/107.
6. Buxari, Müslim.
7.Tirmizi. əl-Albani «Səhih əl-Cəmi» 4214; «əl-Mişkət» 4336; «Təxric ət-Tərğib» 2/268-ci hədis.
8.İbn Məcə əl-Albani «Səhihul Cəmi» 3008.
9.Müslim 2749.
10. Bu kəlmələr heç də onu açıqlamır ki, insan istədiyini edə bilər. Xeyr! Bu kəlmələr bizə onu açıqlayır ki, insan günah etdikdən sonra dərhal tövbə edərsə Allah onu bağışlayar.
11. Buxari 7507, Müslim 2758.
12. İmam Əhməd, İbn Məcə əl-Albani «Səhihul Cəmi» 6802
13.Təbərani «əl-Kəbir», Beyhəqi «Şiab əl-İman» əl-Albani «Səhih Silsilə» 1209.
14.Tərğib vət tərhib 1/284.
15.Buxari, Müslim.
16.Tirmizi, İbn Məcə.
17.Əhməd, Tirmizi əl-Albani «Səhihul Cəmi» 6132.

Hazırlayan:
Kamal Hüseyn

Bənzər Məqalələr